• cümə axşamı, 28 mart, 21:26
  • Baku Bakı 13°C

Hamı “Qarabağ“a inanır: “İnter“ yalnız kağız üzərində favoritdir“

01.10.14 17:37 1825
Hamı “Qarabağ“a inanır: “İnter“ yalnız kağız üzərində favoritdir“
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" oktyabrın 2-də tarixi oyuna çıxacaq. "Köhlən atlar" məşhur "Cüzeppe Meatsa" stadionunda İtaliya "İnter"inin qonağı olacaqlar. Rəqibin ad-sanı "Qarabağ"ı qorxutmur. Qurban Qurbanovun komandası Milana ən azından, layiqli oyun göstərmək üçün gedib. Elə futbol ictimaiyyətinin də "Qarabağ"a inamı böyükdür. Lent.az-a açıqlama verən məşqçilərimiz Ağdam klubunun şanslarını dəyərləndiriblər.
Ağasəlim Mircavadov:
"Qarabağ" Milanda öz oyununu göstərə bilsə, yaxşı nəticə ilə dönəcək. Sağ olsunlar, bizi çox sevindirirlər. Hər klubun öz strategiyası, taktikası var. Klubda qələbə psixologiyası yaranmalıdır. Düzdür, "İnter" güclü rəqibdir. Amma 2 il öncə "Neftçi" onlarla səfərdə 2:2 hesablı heç-heçə edib. Niyə də "Qarabağ" həmin nəticəni təkrarlamasın? "Sent-Etyen" Bakıda başını itirmişdi, rəqib futbolçular bilmirdilər ki, hara qaçsınlar. Əfsus ki, "Qarabağ"ın heyətlə bağlı problemləri var. Çumbinyo və Rəşad Sadıqov bu oyunda iştirak edə bilməyəcəklər. Komanda hücumlarını adətən Çumbinyonun üzərində qururdu. Rəşad isə müdafiəyə nəzarət etmək, futbolçuları sakitləşdirmək mənasında çox vacib oyunçudur. Böyük ehtimalla, Rəşadın yerində Admir Teli oynayacaq. O da təcrübəli futbolçudur, millidə çıxış edib. Məncə, "Qarabağ" üçün əsas problem Çumbinyonun yoxluğudur. Qurban müəllim yəqin onun mövqeyinə elə bir oyunçu qoyar ki, hücuma olmasa da, orta xəttə kömək etsin. Yarımmüdafiədə pressinq tətbiq etmək lazımdır. İtaliya klubları adətən hücumları yarımmüdafiədən qururlar. "Qarabağ" çalışmalıdır ki, buna imkan verməsin".
Vaqif Sadıqov:
"Bizi çox maraqlı oyun gözləyir. Bir tərəfdə qrupun favoriti "İnter", digər tərəfdə isə debütant "Qarabağ". İnanın, "Qarabağ" artıq Avropada səs salıb. "İnter" yalnız kağız üzərində favoritdir. İstəyimiz odur ki, komandamız Avropadakı uğurlu çıxışını davam etdirsin. Mən onlara inanıram. "Qarabağ" artıq Avropa klubları ilə müqayisə olunur. "İnter"dən çəkinmir və bu, sevindirici haldır. "Qarabağ"ın öz dəsti-xətti var. Mən komandamızdan ən azı məzmunlu oyun gözləyirəm. "Qarabağ" "İnter"dən çəkinmədiyini meydanda sübut etməlidir".
Vladislav Qədirov:
"Çətin oyun olacaq. "İnter"i hər kəs tanıyır. Düzdür, "Qarabağ" da yaxşı komandadır. Mən onların "Neftçi" ilə oyunlarına baxdım. Hiss olunur ki, komanda hazırda yaxşı vəziyyətdədir. Futbolçuların əksəriyyəti ideal formadadır. İnanıram ki, "Qarabağ" səfərdən heç-heçə ilə qayıdacaq. Çumbinyo və Rəşad Sadıqov bu matçda iştirak etməyəcəklər. Amma bunu o qədər də böyütmək lazım deyil. Çünki həmin futbolçular "Neftçi" ilə görüşdə də oynamadılar. Buna rəğmən, "Qarabağ" qələbə qazanmağı bacardı. Bu onu göstərir ki, Qurban Qurbanovun komandasında əvəzedilməz futbolçu yoxdur. Baş məşqçi kimə şans verəcəksə, o da özünü doğrultmağa çalışacaq".
Kamal Quliyev:
"Qarabağ"ı ağır oyun gözləyir. "İnter"in çempionat oyununda biabırçı məğlubiyyətə məruz qalması heç yaxşı olmadı. Bu, "Qarabağ"a problem yarada bilər. Əvvəl "İnter" bu oyuna o qədər də ciddi yanaşmırdı. Hər halda, bu mənim şəxsi fikrimdir. Reallıq budur ki, bu cür nəhəng komandalar digər rəqiblərə yuxarıdan aşağı baxırlar. Ancaq çempionat görüşündə ağır məğlubiyyət alması "İnter"i silkələyəcək. Daha onlar "Qarabağ"la oyuna ciddi yanaşırlar. Toparlanmaları bizə mənfi təsir edə bilər. Buna görə də, "Qarabağ" olduqca diqqətli oynamalıdır. Hamı bilir ki, "İnter"in futbolçuları ustalıq səviyyəsi baxımından daha yaxşıdırlar. Lakin bu futboldur və əzmkarlığın, ağıllı oyunun hesabına istənilən komandanı büdrətmək olar. Bir də ki, 2 il əvvəl "Neftçi" səfərdə "İnter"dən 1 xal alıb. Deməli, futbolda hər şey mümkündür və "Qarabağ" da sürprizə imza ata bilər. Məni "Qarabağ"ın oyunu narahat etmir. Bilirəm ki, onlar yenə öz oyunlarını göstərməyə çalışacaqlar. Məni narahat edən əsas məqam "İnter"in son oyunda ağır məğlubiyyətə düçar olmasıdır. Hirslərini bizdən çıxmaq istəyəcəklər. Ümid edirəm ki, "Qarabağ" İtaliyadan yaxşı nəticə ilə qayıdacaq".
banner

Oxşar Xəbərlər