• cümə, 29 Mart, 00:39
  • Baku Bakı 7°C

Hamburqda Ermənistanın Azərbaycana təcavüzündən danışılıb

29.06.15 17:02 1358
Hamburqda Ermənistanın Azərbaycana təcavüzündən danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin xarici ölkələrin ictimaiyyətinə çatdırılması məqsədi ilə bir sıra uğurlu layihələr həyata keçirir. Belə layihələrdən biri Humanitar Araşdırmalar İctimai Birliyi və Almaniyadakı Hamburq Türk Birliyinin 27-28 iyun tarixlərində Hamburq şəhərində birgə təşkil etdikləri konfrans olub. “Ermənistanın Azərbaycana təcavüzünün Avropa təhlükəsizliyinə təsiri” adlı konfransı Hamburq əyaləti parlamentinin üzvü, Hamburq Türk Birliyinin sədri Nebahat Güclü açıb. Sonra Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, dosent Nurlana Mustafayeva layihə haqqında məlumat vermiş və “Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi şəraitdə Azərbaycan – Türkiyə qardaşlığının və birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda məruzə edib. Millət vəkili, professor Musa Qasımlı “Ermənistanın Azərbaycana qarşı təcavüzü və nəticələri” mövzusunda geniş məruzə ilə çıxış edib. Tarixçi alim bildirib ki, Ermənistanın təcavüzünün davam etməsinə və ağır nəticələrinə baxmayaraq, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri böyük bir inkişaf yolu keçib. İşğalçı Ermənistan isə iflas səviyyəsindədir. Professor M.Qasımlı vurğulayıb ki, işğalçı Ermənistan uydurma erməni soyqırımını tanıtma iddialarını artırmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktını unutdurmağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid törətdiyindən ölkələr terroru himayə edən və işğalçı dövlət olan Ermənistanın siyasətini pisləməlidirlər.
Daha sonra Almaniya Federativ Respublikası bundestaqının keçmiş deputatı, professor Hakkı Keskin “Ermənistan, beynəlxalq qərarlar və Qafqazda sülh” mövzusunda məruzə edib. O, Xocalıda törədilən soyqırımdan danışaraq Ermənistanın təcavüzünün davam etməsini Avropa təhlükəsizliyinə təhdid kimi qiymətləndirib, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinin və işğalçı ölkəyə təzyiqlər edilməsinin vacibliyini vurğulayıb.
Dr. Ali Söylemezoğlu “Son hadisələrin işığında “erməni soyqırımı” iddiaları: bizim münasibətimiz necə olmalıdır?” mövzusunda məruzə edib.
Konfrans iştirakçılarına Ermənistanın təcavüzü və nəticələrinə, qədim və müasir Azərbaycan tarixinə dair Heydər Əliyev Fondunun Azərbaycan, alman, ingilis və türk dillərində nəşr etdirdiyi kitab, broşüra və xəritələr paylanılıb. Məruzələr ətrafında geniş müzakirələr keçirilmiş və suallara cavablar verilib. Çıxış edənlər konfransın faydalı olduğunu qeyd ediblər.
Konfransın sonunda görkəmli ssenarist və rejissor Serkan Koçun uydurma erməni soyqırımından bəhs edən sənədli filmi nümayiş etdirilib.
T.Məhərrəmova
banner

Oxşar Xəbərlər