• çərşənbə axşamı, 19 mart, 15:04
  • Baku Bakı 8°C

Halal turizm modeli – bu sahənin inkişafında yeni addım

26.04.17 11:00 1750
Halal turizm modeli – bu sahənin inkişafında yeni addım
Ölkəmizdə multikultural dəyərləri özündə ehtiva edən halal turizm modeli yaradılması turizmin inkişafında yeni səhifə açmağa hesablanıb. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyi nəzərə alınaraq, eləcə də may ayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları əvvəli halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində atılan bu addımla yeni modelin tətbiqinə imkanlar açılıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev mətbuata açılamasında bildirib ki, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartı halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi”ni əhatə edir. Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.
Ölkəmizə daha çox İran və ərəb ölkələrindən turistlərin gəldiyini nəzərə alsaq, halal turizm modelinin yaradılması qaçılmazdır. Ekspertlər də turizmin bu növünün yaradılmasını təqdirəlayiq hesab edirlər.
25 faiz artım
Bizdə halal turizm məsələsinin ilyarımdır ki, gündəmdə olduğunu bildirən Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov bununla bağlı müəyyən təkliflərin də yarandığını deyir. Belə ki, standartların hazırlanması bu istiqamətdə atılan mühüm addımdır: "Bu cür innovativ yanaşmalar turizm sektorunda həmişə mövcudddur və bu gün də çox aktualdır. Bu baxımdan, halal turizm modelinin yaranması zərurətdir. Xüsusilə Azərbaycanın turizm bazarına İslam ölkələrindən, ərəb ölkələrindən və İrandan çoxlu sayda turistlərin daxil olduğunu, İslam Oyunları ərəfəsində olduğumuzu, ölkəmizdə "İslam Həmrəyliyi İli”nin qeyd olunduğunu nəzərə alsaq, bu, zamanında atılan bir addımdır. Azərbaycanda böyük bir turizm potensialı var, həm yerli əhali, həm də xaricdən gələn qonaqlar ölkəmizin dini abidələrini – həm İslamaqədərki, həm də İslam dövrünü özündə əks etdirən abidələri ziyarət edir, öz inanclarını ifadə edirlər. Bu mənada, halal turizm məhsullarının yaradılması çox aktualdır. Bu gün dünyada turizm seqmentində çox vacib rolu halal turizm konsepsiyasından faydalanan turistlər tutur. Azərbaycan da turizm məhsullarını maksimum dərəcədə çeşidləndirməyə çalışır. Həm məzmun, həm də formaca müxtəlif çeşidli – əhaliyə, yaşa, fərdlərə xitab etməklə rəngarəng bir forma yaratmaq üçün halal turizm modeli bizim üçün maraqlıdır. Sevinirəm ki, müvafiq dövlət orqanları da bu işə öz dəstəklərini verirlər”.
E.Alanov hesab edir ki, otellərin hamısında olmasa da, restoranların bir qismində turizm məhsulları öz konsepsiyasına görə çeşidlənə bilər: "Biz ənənəvi müsəlman ölkəsiyik. Bu, bizim üçün maraqlı bir xətdir. Xüsusən o mənada ki, Şərq ölkələrindən – İslam dinli əhalinin çox yaşadığı yerlərdən turist cəlb edən bir ölkə kimi bu model vacibdir”. E.Aslanov halal turizm modelinin yaradılması ilə ölkəmizə turist axınının kütləviləşəcəyi fikrini tam təsdiq etməsə də, ölkəmizin turizm məkanı kimi cəlbediciliyinin ildən-ilə artdığını istisna etmir: «İldən-ilə ölkəmizə daha çox turist gəlməyə başlayır. Biz bunu son 2-3 ilin statistikasında görürük. Keçən ilin birinci rübü ilə bu ilin birinci rübünü müqayisə edəndə, 25 faiz artım böyük bir nailiyyətdir. Ərəb ölkələrindən, İrandan - bizim ənənəvi turist cəlb edə biləcəyimiz ölkələrdən olan turistlər Azərbaycanın müasir, tolerant bir İslam ölkəsi olduğunu görməklə bərabər, həmçinin öz yaşam tərzləri qismində halal yaşam konsepsiyasına əsaslanırlar. Biz istəməzdik ki, halal turizm məhsullarına həvəs göstərən turistlər ölkəmizə gəlməsinlər. Ona görə də bu turist qrupuna da xitab etmək və onları məmnun etmək üçün bu konteksdən yanaşmaq çox vacibdir. Hazırda əsas turist ölkələri – Qərb ölkələri, qonşu Türkiyə kimi ölkələr halal turizm məhsullarını sürətlə genişləndirməyə çalışırlar ki, Ərəb yarımadasından, Afrikanın şimalından, Uzaq Şərqi Asiyanın müsəlman ölkələrindən turist cəlb edə bilsinlər. Yəni bazar bu istiqamətdə genişləndiyindən, həmin ölkələr bu addımı atırlar”.
Hər zövqə uyğun marşrut
AzərbaycanTurizm Assosiasiyasısədrinin müşaviriMüzəffər Ağakərimov halal turizm modelinin yaradılmasının İslam Oyunlarında iştirak edəcək qonaqlar üçün müsbət şərait yaradacağı fikrindədir. Bununla bərabər, bu addım gələcəkdə İslam ölkələrindən Azərbaycana gələcək turistlərin sayının artırılmasına səbəb ola bilər. Ekspert bildirir ki, halal turizm üçün İslam qaydaları ilə restoranlarda qida təqdim olunması, mehmanxanalarda namaz otağı və İslam qaydalarına uyğun digər şəraitin yaradılması mühüm amildir. Bu baxımdan, Standartlaşdırma İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası bu sahədə də mühüm işlər görüb: "Ekspertlər də halal standartların İslam ölkələrindən gələn turistlərə təqdim olunması üçün bütün şəraitin yaradılmasına təminat verir. Bu model, heç şübhəsiz, İslam ölkələrindən gələn turistlərin sayının artımında müsbət rol oynaya bilər. Biz modeli təkmilləşdirmək üçün dünya ölkələrinin təcrübəsindən istifadə etməliyik. Həm də öz təkliflərimizi və layihələrimizi verməliyik. Azərbaycan tolerant ölkə olmaqla bərabər, həmçinin müsəlman ölkəsidir. İslam Həmrəyliyi Oyunları da bu modelin yaradılmasına təkan verib. Bu baxımdan, belə bir modelin yaradılması ümumilikdə turizmin inkişafı üçün müsbət haldır”.
Ekspertin fikrincə, ölkəmizdə keçirilən şoppinq festivalı kimi tədbirlər də turizmin inkişafı istiqamətində atılan mühüm addımdır: "Turizmin inkişafı üçün hansı addım xeyirdirsə və kütləvi turizm üçün şərait yaradırsa, həmin layihələrin dəstəklənməsi müsbət haldır. Halal turizm modeli də turizmin bir növüdür ki, müəyyən ölkələri cəlb edə bilər. Yüksək səviyyəli peşəkarlar hansı ölkədən turistlər qəbul edilirsə, o ölkənin əhalisinin istək və arzularını, niyyətlərini nəzərə alaraq ona uyğun marşrutlar təklif etməlidirlər. Hər bir ölkədən gələn turistlər eyni səviyyəli olmur. Məsələn, Pribaltika ölkələrindən gələn turistlər bizim mədəniyyətimizə və tariximizə daha çox önəm verir və ekskursiyalarda iştirak edirlər. Digər ölkələrdən gələn qonaqlar milli mətbəximizə və koloritimizə, adət-ənənələrimizə, sənət nümunələrimizə daha çox diqqət yetirirlər. Onlar ölkəmizdən gedəndə sənətkarlarımızın hazırladığı suvenirləri almağa üstünlük verirlər. Ona görə turistləri daha çox cəlb etmək üçün hər bir ölkənin mentalitetini və psixologiyasını nəzərə alıb onlar üçün marşrutlar və proqramlar təşkil etmək lazımdır. Turizm şirkətləri bu məqamlara diqqət verib qastronomik, şərab turizmi, çimərlik turizmi və s. üzrə proqramlar təşkil etməlidirlər”.
M.Ağakərimovun fikrincə, halal standartların tətbiqi həm İslam Həmrəyliyi Oyunları zamanı özünü göstərəcək, həm də ölkəmizə digər ölkələrdən gəlmək istəyən turistlərin maraqlarını təmin edəcək: "O cümlədən ölkəmizə ilk dəfə gələn turistlər hər bir turistin zövqünə uyğun turizm növünün təşkil olunduğunu görəcəklər. Biz həm Qərb, həm də Şərqdən gələn insanların arzularına uyğun marşrutlar təklif etmək iqtidarındayıq”.
Ekspertlər, həmçinin bildirirlər ki, halal turizmin yaradılması ümumi turizm sektorunda irəliyə atılmış addım olsa da, xidmət sferasının təkmilləşməsi də qarşıda duran prioritetlərdəndir. O mənada ki, xidmət mədəniyyəti də inkişafa dəstək olmalıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər