Halal mülkiyyətinə həsrət qalanlar - Fotolar
Qaçqın və məcburi köçkün problemi bu gün müasir
dünyanı narahat edən əsas məsələlərdən biridir. BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının yaydığı məlumata görə, son 20 ildə dünyada qaçqın və məcburi
köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə çatıb. Cəmi bir il ərzində
dünya üzrə qaçqınların sayı 2,3 milyon nəfər artıb. Ermənistanın azərbaycanlılara
qarşı soyqırımı və deportasiya siyasəti, Dağlıq Qarabağ və ətraf rayonlarımızı
işğal etməsi səbəbindən Azərbaycanda da 1 milyon 200 mindən çox qaçqın, məcburi
köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var. Həmin məcburi köçkünlərin
mənzil probleminin həlli məqsədilə indiyə qədər Azərbaycanın müxtəlif bölgələrində
100-ə yaxın müasir yaşayış kompleksi salınıb, həmçinin paytaxt Bakı və ətraf ərazilərdə
yeni yaşayış binaları inşa edilib, 250 mindən artıq köçkün yeni mənzillə təmin
olunub. Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər bu məsələ
ilə bağlı 60-a yaxın fərman və sərəncam imzalanıb.
Bütün bunlara rəğmən, hələ də mənzillə təmin
olunmayan məcburi köçkün ailələri var. Təbii ki, onların hamısı bir sıra
fundamental hüquqlardan, o cümlədən mülkiyyət hüququndan məhrum olublar. Yəni,
vaxtilə yaşadıqları torpaq, ərazi, ev işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən
zəbt olunub. Qaçqın və məcburi köçkünə çevrilən həmin azərbaycanlılar Azərbaycanın
62 şəhər və rayonunda məskunlaşıblar.
Təəssüflə qeyd edilməlidir ki, bəzi
hallarda bu məskunlaşma bir azərbaycanlı tərəfindən digər azərbaycanlının
mülkiyyət hüququnun pozulması ilə müşayiət olunub. Keçmiş hərbçi, ehtiyatda olan kapitan Rafail Abdulla oğlu Abdullayevdə belə hüquq pozuntusu ilə üzləşən vətəndaşlarımızdan biridir. O, Bakı şəhəri
Xətai rayonu Naximov küçəsi ev 6B mənzil 25 ünvanında daimi qeydiyyatdadır.
Sözügedən ünvandakı mənzilin qanuni sahibi – mülkiyyətçisidir. Lakin indiyə qədər
mülkiyyətində olan mənzilə köçə, oranın əsl sahibi ola bilmir. Bunun da başlıca
səbəbi həmin mənzilin Laçından olan məcburi köçkün Yəhya Əmralıyevin ailəsi tərəfindən
zəbt edilməsi, indiyə qədər də boşaldılmamasıdır.
R.Abdullayev bununla bağlı qəzetimizə müraciətində
bildirib ki, o, 1981-ci ildən Bakı şəhərində yaşayıb, kommunal təsərrüfat
birliyində əmək fəaliyyəti ilə məşğul olub. 1983-1985-ci illərdə əvvəlcə
Ukraynada, ardınca Çexoslavakiyada həqiqi hərbi xidmətdə olub. 1985-1989-cu illərdə
indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində fiziki tərbiyə - bədən tərbiyəsi
müəllimi ixtisası üzrə ali təhsil alıb. 1989-1992-ci illərdə 14 nömrəli Texniki
Peşə Məktəbində ixtisası üzrə müəllim işləyib. R.Abdullayev 1992-ci ildə Əzim Əzimzadə
adına Rəssamlıq Texnikumuna leytenant rütbəsində hərbi rəhbər təyin olunub.
Qısa müddət sonra ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağırılıb və
Naxçıvanski adına hərbi məktəbdə taqım komandiri təyin olunub.
Müsahibimiz Naxçıvanski adına hərbi məktəbdə xidmətə
cəlb olunduğu tarixdən etibarən Müdafiə Nazirliyində mənzil növbəsinə dayanıb və
1994-cü ilin oktyabr ayında ona Bakı şəhəri Xətai rayonu Naximov küçəsi ev 6B mənzil
25-in orderi təqdim olunub. İkiotaqlı mənzil almasının sevincini yaşayan
R.Abdullayev qanuni mülkiyyətinə baş çəkən zaman evin məcburi köçkün ailəsi tərəfindən
zəbt olunduğunu görüb. O, bununla əlaqədar Hərbi Prokurorluğa rəsmi müraciət
edib. Prokurorluq evin boşaldılmasına dair qərar çıxarıb və hərbi qulluqçunun
mülkiyyət hüququnun təmin edilməsi üçün qərarı Xətai Rayon Məhkəməsinə göndərib.
Lakin sözügedən qərar icra olunmayıb.
Nəticədə
hərbi qulluqçu, ehtiyatda olan kapitanın mülkiyyət hüququ pozulub və o, 4 nəfərlik
ailəsi ilə birlikdə indiyə qədər kirayələrdə yaşamağa məhkum edilib. Ötən illər
ərzində Laçından olan məcburi köçkün Yahya Əmralıyev vəfat edib, onun
övladlarının hər biri həddi-buluğa çataraq ayrılıb, özlərinə ayrı-ayrı
ünvanlarda ev alıb, mənzil sahibi olublar. R.Abdullayevə məxsus Xətai rayonu
Naximov küçəsi ev 6B mənzil 25-də hal-hazırda Laçından olan məcburi köçkün Y.Əmralıyevin
həyat yoldaşı və boşanmış qızı yaşayır. Həmin şəxslər mənzilin hüquqi sahibinə
açıq-aşkar bildiriblər ki, Laçın rayonu işğaldan azad edilməyincə yaşadıqları mənzili
tərk etməyəcəklər.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan torpaqları işğala məruz qaldığı bir zamanda R.Abdullayev yüzlərlə gəncin
peşəkar hərbçi kimi yetişməsinə töhfə verib. O, 1992-2004-ci illər ərzində
zabit rütbəsində qüsursuz xidmət edib. Buna görə R.Abdullayev Müdafiə Nazirliyi
tərəfindən "Qüsursuz xidmətə görə” III dərəcəli medalına, Silahlı Qüvvələrin 10
və 90 illiyi medallarına, çoxsaylı fəxri fərmanlara layiq görülüb. Belə bir
nümunəvi həyat yaşamış, enerjisini, bilik və bacarığını peşəkar hərbçilərin
hazırlanmasına həsr etmiş, son nəticədə Azərbaycanın ərazi bütövlüyünün
qorunmasına xidmət etmiş hərbçinin – ehtiyatda olan kapitanın mülkiyyət hüququ
indiyə qədər təmin edilməyib. Belə bir situasiyada haqlı suallar yaranır ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkünə çevrilən
və bundan irəli gələrək ayrı-ayrı vətəndaşların qanuni mülkiyyətini – mənzilini
zəbt edən məcburi köçkünlər həmin yaşayış sahəsini nə zaman tərk edəcəklər?
R.Abdullayevin mülkiyyət hüququ nə zaman təmin olunacaq?
Bu suallara cavab tapmaq üçün ilk növbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Beynəlxalq əlaqələr,
informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevsorğumuza cavab olaraq, təmsil olunduğu qurumun rəhbərinin bir neçə
gün bundan öncə mediaya verdiyi müsahibəni xatırlatdı. Bildirdi ki, mülkiyyət
hüququ pozulan, ona aid mənzildə məcburi köçkün məskunlaşan vətəndaş ilk növbədə
ərizə ilə komitəyə müraciət etməlidir. Həmin ərizə əsasında dövlət qurumunda
müvafiq sənədləşmə, qeydiyyat işləri aparılacaq. Komitə sədrinin müsahibəsində
səsləndirdiyi fikirlərə istinad edən İ.Mirzəyev onu da vurğuladı ki, bu məsələ
ilə bağlı indiyə qədər araşdırma aparılıb və say təxminən bəllidir, hətta bu
barədə məhkəmə qərarları da var. Onun sözlərinə görə, başqasının mənzilində məskunlaşmış
məcburi köçkünlərlə bağlı gələcəkdə konkret işlər görüləcək, onlar da gələcəkdə
yeni mənzillərə köçürüləcəklər.
Dövlət Komitəsinin açıqlamasından da bəlli olur ki,
başqasının evini zəbt edən məcburi köçkünlərin alternativ yaşayış yeri ilə təmin
olunması, zəbt olunan mənzillərin boşaldılması, R.Abdullayev kimi mülkiyyət
hüququ pozulan vətəndaşların hüquqlarının qorunması istiqamətində konkret nə
vaxt addımlar atılacağı bilinmir. Bu səbəbdən mövzu barədə tanınmış vəkillərin
də mövqeyini öyrənmək qərarına gəldik. Onlara belə bir sualla müraciət etdik:
Mülkiyyət hüququ pozulmuş R.Abdullayev və onun kimi digər vətəndaşlarımız
hazırkı durumda nə etməli, hansı hüquqi addımlar atmalıdırlar?
Vəkillər
Kollegiyasının üzvü, tanınmış vəkil Akif Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, bir çox ölkələrdə
bu cür problemlər var və onun nə zaman həllini tapacağı qeyri-müəyyəndir. Vəkil
dedi ki, Avropa Məhkəməsinin qərarları əsasında az da olsa bəzi mənzil mülkiyyətçiləri
əmlaklarına sahib ola biliblər: "Hesab edirəm ki, bu iş hökumət səviyyəsində və
təxirə salınmadan həll edilməli, illərlə öz mənzillərində yaşaya bilməyən vətəndaşların
mülkiyyət hüquqları bərpa edilməlidir. Çünki 30 il az vaxt deyil. Məcburi
köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi sadə vətəndaşların üzərinə
qoyulmamalıdır. Rafail Abdullayev və onun kimi vətəndaşların vəziyyətinə gəlincə,
həmin vətəndaşlar əvvəlcə mənzilin yerləşdiyi rayon məhkəməsində mənzildən
çıxarılma tələbi ilə bağlı iddia qaldırmalıdırlar. Bu iş üzrə məhkəmə aktı
qanuni qüvvəyə minəndən sonra onun icrasına nail olunmalı, əgər icra mümkün
olmadıqda, tez bir vaxtda Avropa Məhkəməsinə müraciət edərək məhkəmə qərarının
icra edilməməsindən şikayət etməlidirlər. Ağdamdan olan bir nəfər məcburi
köçkünün zəbt etdiyi mənzili 3 il bundan öncə Avropa Məhkəməsinin qərarı ilə
boşaltdırmışıq. Hazırda da mənim icraatımda iki belə iş var və qərar icra
edilmir. Mənim icraatımda olan belə işlə bağlı mülkiyyətçilər son 2 ildə 5 dəfə "Qaçqınkom"a şikayət göndəriblər ki, kömək edin mənzilimi boşaltsınlar. Təəssüf ki, Dövlət Komitəsi heç bir məktuba reaksiya verməyib”.
Hüquqşünas
Sahib Məmmədov da
qəzetimizə açıqlamasında bildirdi ki, 90-cı illərin əvvəllərində bəzi məcburi
köçkünlər tərəfindən başqasının mənzilinin zəbt edilməsi halları olub və belə
hallarda mənzili zəbt olunan, mülkiyyət hüququ pozulan vətəndaş ilk növbədə həmin
mənzili öz adına özəlləşdirməlidir: "Beləliklə, həmin vətəndaş faktiki olaraq mənzilin
tam hüquqlu sahibinə çevrilir. Rafail Abdulla oğlu Abdullayev də order əsasında
qeyd olunan mənzilin sahibidir. Lakin o, sözügedən mənzili Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmayıb. Vətəndaş ilk növbədə bu
qeydiyyatın həyata keçirilməsinə çalışmalıdır. Yəni, order əsasında ona
verilmiş mənzili öz adına özəlləşdirməlidir. Reyestr Xidməti hər hansı halı,
tutalım ki, mənzili zəbt etmiş məcburi köçkünün Xidmət əməkdaşları tərəfindən mənzilə
baxış keçirməsinə icazə verməməsini əsas gətirib özəlləşdirmə prosesini həyata
keçirməkdən imtina edə bilməz. Reyestr Xidməti mütləq əmlakı reyestrə daxil
etməlidir. Əgər bu baş verməyibsə, imtina məktubu əsasında bununla əlaqədar da
məhkəməyə müraciət edilməli, Reyestr Xidmətini Məhkəməyə verməlidir. Mənzil
Reyestr Xidmətində Rafail Abdullayevin adına qeydiyyata alındıqdan sonra vətəndaş
təkrar məhkəməyə müraciət edərək, sözügedən mənzilin boşaldılmasına dair qərar
çıxarılmasına nail olmalıdır. Əgər vətəndaş birinci məhkəmə instansiyasında,
ardınca Apellyasiya, Ali, Konstitusiya Məhkəmələrində mülkiyyət hüququnu təmin
edə bilmirsə, o zaman Avropa İnsan Hüquqları Məhkəməsinə qədər mübarizəsini
davam etdirməlidir”.
S.Məmmədov onu da əlavə etdi ki, mənzilin boşaldılmasına dair Məhkəmənin qüvvəyə minmiş qərarı olduqda,dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi həmin məhkəmə
qərarını icra etməli, mənzilin boşaldılmasını təmin etməlidir. Hüquqşünasın fikrincə,
əks halda bu, ölkə Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının 1
saylı protokolunun 1-ci maddəsinə zidd olacaq: "Çünki, mülkiyyət hüququ
toxunulmazdır, qanunvericilikdə nəzərdə tutulmuş zəruri hal istisna olmaqla,
heç bir halda bu hüququn məhdudlaşdırılmasına yol verilmir. Kimlərinsə, o cümlədən
qaçqın və ya məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili tutması
qanunvericilikdə nəzərdə tutulmuş zəruri hal deyil. Dövlət qaçqın və məcburi
köçkünün mənzil problemini həll etmək öhdəliyini heç bir halda hansısa vətəndaşın,
mülkiyyətçinin hesabına yerinə yetirməli deyil. Dövlət – indiki halda dövləti təmsil
edən müvafiq rəsmi qurum ya zəbt olunmuş mənzili onun əsl sahibindən real bazar
qiymətinə almalı və orada məskunlaşana bağışlamalı, ya da mülkiyyətçiyə yeni mənzil
verməli, yaxud məcburi köçkün ailəsinə sözügedən mənzildən çıxarıb başqa yerdə
yerləşdirməli idi. Bunun alternativi yoxdur”.
Rufik
İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul -
Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar
keçirdiyi müsabiqəyə təqdim olunur