Hakimiyyətin məcburi köçkün hesabatı

Hakimiyyətin məcburi köçkün hesabatı

Siyasət
19 Oktyabr 2019, 15:07 376
Prezident İlham Əliyev ötən gün yeni formatda daha bir məmuru - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib. Qəbulda səslənən fikirləri dövlətin bu kateqoriya üzrə gördüyü işlərlə bağlı hesabatı kimi də dəyərləndirmək olar.

İlham Əliyevin prezidentlik dönəmində əhalinin sosial güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi çəkiyə malikdir. Xatırladaq ki, İlham Əliyevin 2003-cü ilin prezident seçkisi qabağı məhşur nitqi - "Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmamalıdır” - vədi  ilə başlayıb, 2004-cü ildə " Qaçqınların və məcburi köçkünlərin  yaşayış  şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nın  imzalanması ilə möhkəmlənib,  2007-ci ilin axırında  məsələlərin icrası ilə özünün son nöqtəsinə çatıb. 

Burada  bir neçə məqama diqqət edilməlidir: birincisi, İlham Əliyevin seçki vaxtı verdiyi vəd gerçəkləşib, ikincisi, dövlət proqramı uğurla içra olunub. Bununla da, Dağlıq Qarabağdan məcburi köçkün düşən insanlar uzun illər son dərəcə dözülməz bir şəraitdə- çadırlarda yaşamaqdan xilas olublar.
Təbii ki, bütün bunlar neft gəlirlərinin ölkəyə gəlməsi fonunda baş verib. Neft gəlirləri ölkəyə daxil olmağa başlayan kimi ilk həll olunan məsələlərdən biri kimi məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərçiklərinin ləğvi prosesinə başlanılıb.

Hakimiyyətin məçburi köçkünlərin problemlərinin həllinə hədəflənən siyasəti çadır şəhərçiklərinin ləğvi ilə səngimədi. Sonrakı mərhələdə adıcəkilən proqrama əlavələr edilməsi haqqında sərəncam verildi, müvafiq sənədlərlə işlərin ikinci mərhələsi başlanıldı. Bu gün də hakimiyyət məcburi köçkünlərin daha yaxşı şəraitdə yaşaması üçün işləri davam etdirməkdə, həmin kateqoriyanın sosial durumunun Azərbaycanın məcburi köçkün olamayan vətəndaşının yaxşılaşan rifahı ilə eyni olması üçün işlər görməkdədir.

Məçburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərində hər çür şərait yaradılır, ən yüksək standartlar tətbiq olunur, ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün infrastiktur formalaşır. Azərbaycanın rayonlarında belə infrastuktura malik 100-dən çox şəhərcik salınıb. Ümimilikdə, 300 mindən çox məcburi köçkün mənzillə təmin olunub.

Vurğulanmalı xüsusi fakt ondan ibarətdir ki, Azərbaycan dövləti məcburi köçkünlərin problemlərini öz gücü hesabına çözməkdədir; hər hansı dövlətdən yardım istənilmir. Bu günə qədər köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırılıb. İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur.

Prezidentin son qəbulunda verilən hesabata əsasən, paytaxt Bakı, Abşeron və Sumqayıtla yanaşı,
-         Şirvan rayonunda 685 mənzilli qəsəbə artıq hazırdır, tamamlama işləri yekunlaşır.
-         Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Həmçinin, Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir.
-         Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbədə də tamamlama işləri aparılır. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq.
-         Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir.
-         Ucar rayonunda 250 ailəlik bir qəsəbə də ilin sonuna qədər tamamlanacaq.

Beləliklə, inşa edilən mənzillərin sayı 3700-ə çatacaq.

Gələn ildə də bu proses davam etdiriləcək. Üç variantda sənəd hazırlanıb; birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Və Prezident üçüncü variant üzərində dayanmağı tapşırıb: "Bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir”.

Beləliklə, bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur.
Təbii ki, məcburi köçkünlərə, ümumilikdə Azərbaycan xalqına ən böyük hədiyyə torpaqların işğaldan azad olunmasıdır. Bu gün ən güclü orduya malik Azərbaycanın buna nail olacağı heç kimdə şübhə doğurmur.
 
Elman BABAYEV