Hadrutdan dünyaya verilən mesaj - FOTOLAR
Və ya tarixi ədalətin bərqərar olması
Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 günlük Vətən
müharibəsində düşmənin belini qırdı, onun minlərlə canlı qüvvəsini, yüzlərlə
hərbi texnikasını məhv etdi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları,
Şuşa şəhəri, Hadrut qəsəbəsi və bir çox yaşayış məntəqələri döyüşlər
nəticəsində Ermənistan işğalından azad oldu. Ordumuz qarşısında duruş gətirə
bilməyən, döyüş mövqelərini, yaralı və ölü əsgərlərini, köməksiz mülki
şəxslərini atıb qaçan ermənilər ağ bayraq qaldırdılar. Azərbaycan və Rusiya
prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə 10 noyabr 2020-ci ildə
atəşkəs haqqında üçtərəfli saziş – Birgə Bəyannamə imzalandı. Bu, Ermənistanın
məğlubiyyətinin, Azərbaycanın diktə etdiyi şərtlərin rəsmi İrəvan tərəfindən
təsdiqinin sübutu oldu. Təslimçilik aktına qol çəkən Ermənistan bir müddət
sonra Laçın, Kəlbəcər və Ağdamdan öz qoşunlarını da geri çəkdi. Bununla da
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır icra edilməyən
qətnamələrini Ordusunun gücünə təmin etdi. Ölkəmizin ərazi bütövlüyü bərpa
olundu. Bu, zəfər şanlı tariximizə qızıl hərflərlə yazıldı. Hazırda isə
qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası,
quruculuq işlərinin həyata keçirilməsidir.
Böyük quruculuq işlərinə start verilib
Məhz bu məqsədlə dövlət
başçımız müharibədən sonra azad olunmuş ərazilərə davamlı səfərlər edir,
şəraitlə yerində tanış olur, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı
öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın martın 15-də Füzuli və Xocavənd
rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət daşıyır. Öncə Füzuli-Hadrut
avtomobil yolunun təməlqoyma mərasimində iştirak edən dövlət başçısı bildirib
ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə
başlanılıb. O, Füzulidən Şuşaya Zəfər yolu çəkildiyini, Bərdə-Ağdam yolunun
çəkilişinin yaxın gələcəkdə icra ediləcəyini, Horadizdən Zəngilana qədər yol
çəkiləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Füzuli-Hadrut avtomobil yolu
başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək
Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Daha sonra Hadruta gələn
Prezident İlham Əliyev ötən il oktyabrın 9-da düşməndən azad edilən bu qəsəbədə
dövlət bayrağımızı qaldırıb. Prezident vurğulayıb ki, 44 günlük müharibə
dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən
çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100
faiz ərazisi işğalçılardan azad olunub. Onun sözlərinə görə, Azərbaycan Ordusu
7 rayonu, Şuşa şəhərini, Suqovuşan, Talış qəsəbələrini də işğalçılardan
təmizləyərək tarixi ədaləti bərpa edib. Beləliklə, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edərkən, tarixi nailiyyətlərə imza atıb. Ali Baş Komandan
deyib ki, Silahlı Qüvvələrimiz Azərbaycan xalqının yeni tarixini - şanlı
qəhrəmanlıq tarixini yazıb və azad edilmiş torpaqlarda hazırda quruculuq işləri
aparılır, böyük infrastruktur layihələri icra edilir.
Tarixi irsimizi silməyə çalışıblar
Yeni
Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə ölkə
rəhbərinin səfəri, oradan verdiyi mesajları "Kaspi” qəzetinə şərh edərkən
söyləyib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən
dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər
etməsi, artıq ənənə halını alıb. Millət vəkili qeyd edib ki, ölkə başçısının bu
səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları
torpaqlarımıza yenidən həyat qaytarılacağından, dağıdılmış şəhər, rayon, qəsəbə
və kəndlərin abadlaşacağından xəbər verir. Onun sözlərinə görə, qarşıdakı yaxın
zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan
Qarabağda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə
yeni mərhələ başlayacaq, Prezident İlham Əliyevin vurğuladığı kimi "Böyük
Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq: "Martın 15-də dövlət
başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva
ilə birlikdə düşmən tapdağından azad edilən Füzuli və Xocavənd rayonlarına
səfəri əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və
qürur hissi ilə qarşılanıb. Kənd və şəhərlərimizin, 30 il davam edən işğal
dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi
abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd
edilməsi, təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş
cinayətdir. Bu dağıntılar Birinci Qarabağ müharibəsi dövründə baş verməyib,
ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı mədəni,
tarixi, dini irsimizi dağıdıb, məhv etmək istəyən düşmənin vandal siyasətinin
mahiyyətini dünyaya nümayiş etdirir, qətiyyətlə mövqeyini bildirir”.
Milli birliyimiz ilə azadlığına qovuşan
bölgələrimiz
Millət vəkili deyib ki,
2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin yenidən qurulması ilə başlayan "Böyük Qayıdış” proqramının artıq
növbəti mərhələsini həyata keçirilir: "İşğaldan azad olunmuş ərazilərin yenidən
qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki
yol inkişaf deməkdir, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial
iqtisadi inkişafını təmin etmək mümkün deyil. Ölkə başçısının Qarabağa səfəri
zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin
qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad
olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir.
Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir
standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yoluna birləşəcək. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi tezliklə
icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəng miqyaslı
işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən
müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və
quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir. "Böyük qayıdış
başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət
ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi
dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Yanvarın
14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində ölkə
Prezidentinin bəyan etdiyi bu sözlər artıq reallığa çevrilir. Vətən
müharibəsindən, Azərbaycanın haqq savaşından dörd ay keçməsinə baxmayaraq, 30
ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda böyük quruculuq işləri
başlanılıb. Artıq, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü,
milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar,
infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan
torpaqlarımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır”.
Xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbi
Deputat
Məlahət İbrahimqızı bizimlə söhbətində bildirib ki, Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş
torpaqlarımıza hər səfəri erməni təcavüzkarlarına və onları dəstəkləyən
qüvvələrə "Dəmir yumruq” mesajıdır. Onun sözlərinə görə, 2020-ci ildə
Azərbaycanın şanlı və qəhrəman Ordusu Ali Baş Komandan İlham Əliyevin "irəli”
əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin
gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərib: "Böyük Zəfərimiz ordumuzun
yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Ali Baş Komandan
arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər
Prezidentimiz, Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı
və güzəştə getməyəcəyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə və təşkilatlara
ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu
müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış
yeni səhifələri oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də
işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına, o cümlədən Hadrut
qəsəbəsi və Şuşa şəhərinə səfər ediblər. Qəhrəman əsgər və zabitlərimiz Ali Baş
Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. İlham Əliyevin qətiyyət,
iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın
vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən
şanlı və şərəfli qələbəsini qazanmış oldu. Qələbədən sonra bölgələrə növbəti
səfərini edən Müzəffər Ali Baş Komandan torpaq çərşənbəsini Azərbaycanın
ayrılmaz hissəsi, mədəniyyəti beşiyi olan Şuşada qeyd etməklə öz xalqını bir
daha sevindirmiş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz
xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini
qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və
yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu
dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət
göstərərək Füzuli və Xocavənd rayonlarına səfər etdi və öz zəfər sevincini
xalqla bölüşdü. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” şüarı bu gün
xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və
dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız
qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident, xalqın dəmir yumruq
kimi birləşməsinin əsas səbəbidir”.
Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq
Millət vəkili vurğulayıb
ki, bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə
yaşanan xalq-iqtidar birliyinin təcəssümüdür: "Xalqın dəstəyi dövlətin tükənməz
gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin
səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan
qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi
ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən
keçdi. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad
olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Döyüşlər zamanı
mülki əhaliyə atəş açmayan Azərbaycan Silahlı Qüvvələri məsuliyyətli, eyni
zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur.
Torpaqlarımızı işğaldan azad etməklə, nəinki ərazi
bütövlüyümüzü təmin edirik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz
qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi,
dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış
oluruq. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər
və sivilizasiyalararası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən
öncül ölkələr siyahısındadır. Tarixi abidələrimiz, maddi-mənəvi irsimizin
qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması isə onu göstərir ki,
Ermənistanın siyasəti vandalizmin təzahürüdür. İşğaldan azad olunan rayon və kəndlərimizdə
abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox
ağrılıdır. Müharibə şəraitində belə, sahib olduğu humanizm dəyərlərinə sadiq
qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin
təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla
hər birimiz qürur duyuruq. Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz
rəşadət və şücaəti ilə təkcə işğal altında olan torpaqlarımızı azad etmədi,
eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi
xalqımıza qovuşdurdu. Prezident İlham Əliyev bu səfəri ilə ötən 30 il ərzində
ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin də,
Pənahəli xanın da, Hüseynqulu xanın da, İbrahim xanın da, Molla Pənah Vaqif,
Xurşidbanu Nətavan, Üzeyir Hacıbəyli və digərlərinin ruhunu şad etdi”.
Rufik İSMAYILOV