Hadinin çiyninə qonmuş mələk
Azərbaycan romantizminin ən böyük adlarından biri
heç şübhəsiz ki, Məhəmməd Hadi Şirvanidir.
Orxan Fikrətoğlu
Hadi
Xaqaninin dilini, Nəsiminin ruhunu, Seyyid Yəhya Bakuvinin təkkə tənhalığını,
adaşı Fizulinin incə dərdini, Seyid Əzim Şirvaninin dərdli incəliyini əsrlərdən
saf külçə kimi keçirə bilib, işığı sönmüş qüssəli şerlərində təsbeh kimi
şaqqıldadardı. Hadinin nə ömrü, nə də ölümü tarixə bəlli deyil. O, ancaq şeirləri
ilə var və şeirlərində qalıb. Onu biz yenidən yazmağa cəhd etməliyik. Hadi ilk və
bəlkə də, son Azərbaycan şairidir ki, həyatının özü artıq bitkin süjeti, poetik
ritmi olan kədərli şeirdir. Oxu, tanı və anla. Hadinin şeiri ilə bərabər həyatı
və taleyi də ədəbiyyatdır. Onun "Vücudnaməsi” nakam Azərbaycanın bütün zamanlar
üçün yazılmış ömürlüyüdür. Hələ də formalaşan millətinin tanıtımıdır. Məhəmməd
Hadini mənə atam sevdirib. Onu Hadinin min bir zülmlə yazdığı gözəl və dərin şeirlərini
ehtiyac ucbatından satması çox acıdardı Həmişə bu əhvalatı mənə fərqli əlavələrlə
danışdıqdan sonra gözləri dolardı. Bir böyük şairin şeirlərini bir tikə çörəyə
görə nadanlara satması sovet ideolojisi çərçivəsində boğulan və daim çörək
problemi ilə üzləşən atam üçün də həmişə diri idi. Tale baxmından Hadi atamın
"dastanı” və "qəhrəmanı” idi. Atam özünü daha çox ağrılı şair taleyi
paralelliyində Hadi ilə eyni sahildə görərdi. Hadi kədərli ürəyi ilə həm də
qazavat adamı olmuşdu yəni savaşan qazi idi.
Ölümü təsdiqlənməyib deyə Hadi bu
gün də mənim üçün mələk qədər göyə bağlı saflıqdır. O, üç vizual məqamda mənim
üçün bu gün də çox maraqlıdır. Şeirlərini satdığı şəkilin məqamında. Qafqaz
İslam ordusu tərkibində döyüşən şəhidlərimizi yasinlə torpağa tapşırdığı şəkildə
bir də son gününün yəni ölümünün sirriliyi anında. O, elə bil ölməyib. Siz ürəyi
yuxa, bütün ağrılara o cümlədən zorlu ölümə qarşı olan bir işıq şairin, şəhid əsgərlərimizi
necə və hansı ağrılı ürəklə basdırmasını təsəvvür edə bilirsizmi? Mən heç cür təsəvvür
edə bilmirəm. Hadi isə bu işi real müstəvidə edirmiş. Elə təkcə bu fakta görə əminəm
ki, Hadi ölməyib. Qeyb olub. Məsih kimi göyə çəkilib. Və heç kim məni bu gün
inandıra bilməz ki, o fiziki olaraq yoxdur. Atamın kabinetində bir şəkil vardı.
Uşaq vaxtı o şəklə baxmağı çox sevərdim. Divardan babamın sürgündə çəkilmiş iri
portretinin altından asılmış bu böyüdülmüş ağ-qara şəkildə iki kişi çiyin çiyinə
oturub harasa irəli baxırdılar. İkisinin də dabanı yeyilmiş bir o qədər də təmiz
olmayan ayaqqabıları vardı. Uzağa baxan işıqlı baxışları da təxminən eyniydi. Onlardan
birinin gözləri xırda və adamın canına qədər nüfuz edən, digərinin gözləri isə
iri və qüssəli idi. Bir də kişilərdən nisbətən kökünün əyninə geyindiyi uzun
alman pencəyinin sağ çiyini yamaqlı idi. İlk dəfə altı yaşım olanda atamdan bu
iki kişinin kim olduğunu soruşdum. Atam Sabirlə Hadidi dedi. Və mən hələ o
zamandan, yəni altı yaşından Hadi ilə Sabiri babam qədər sevdim. Onları qohumum
bildim. Şirvan şer məktəbi polifonikdir. Bir dilli və bir mənalı deyil. Xaqaninin
dili hara, Sabirin dili hara? Altı yaşından şəkildə gördüyüm bu iki böyük
kişinin ancaq şəkildə eyni yöndə olmaları reallığı isə heç də onların başqa
başqa dərddən yazmasından xəbər vermir. Hadi ilə Sabir eyni dildə danışır. Onlar
başqa başqa dil ilə əslində, eyni dərddən yazır. Sadəcə birinin ovqatı Bayatı
Türkdür, digərinin ovqatı Heyratıdır.
Əslində, Hadinin "Fəxriyyə”si ilə Sabirin
"Fəxriyyə”sinin yanaşma fərqliliyi olsa da, mahiyyət baxımından eynidir.
Sabirin yazdığı gözüylə gördüyü və yaxşı tanıdığı milləti idi. Hadinin yazdığı
isə düşündüyü, uydurduğu və ya görmək istədiyi milləti idi. Sabirin şeiri üst
qatında gülüş, alt qatında kədərdirsə, Hadinin yazdığı üst qatında xəyal, alt
qatında ağıldır. Hadi xəyallar və yarımtonlar şairidir. Onun nəfəsi dekadens
poeziyasıdır. İspan poeziyasında mövcud olan qəbiristanlıq şeiri nümunələri
kimi, Hadinin şeirlərindən də sənə üşütmə gəlir. O ruhlar şairidir. Yer adamı
deyil. Onun çəkdiyi dərd dərin qatda gizlənmiş zahiri məndir. O, üzdən yazmır.
Adamın üzünə söz demir. Onun dialoqu ürəklədir. Əgər Sabir bizim fizioloji mənimizi
müəyyən edibsə, Hadi bizim ruhani mənimizi aşkar edib. Əgər Sabir karikatur Azərbaycanlı
portretini rəssam qədər incə dəqiqliklə yarada bilibsə, bizə gülüb və bizi
düşündürübsə, Hadi bizim sakral qüssəmizi sufi ruhlu nakamlığında gizlədib.
Bizim üstümüzü örtüb. O, bizi dünyadan gizlədib. O, gülməli olduğu bizlərə gülə
bilməyib. Çox gülməli olduğumuzdan ağlayıb. Atamın kabinetindəki o şəkil hələ də
gözümün qabağndadır. İndi o şəkli mən öz kabinetimdən asmışam. Və hərdən mənə
elə gəlir ki, Hadinin sağ çiynidəki yamaq, yamaq deyilmiş. Onun çiyninə qonmuş
mələk imiş. Biz onu yamaq kimi görürükmüş. Necə ki, çox zadı yamaq kimi
görürük...
Orxan Fikrətoğlu