• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Hacı Murad

29.04.19 13:30 3568
Hacı Murad
Hacı Murad cəld bir şəkildə dükanın səkisindən aşağı sıçrayıb, tünd boz qəbasının arxalığını çırpdı, gümüş kəmərini bərkitdi. Xına qoyulmuş saqqalına bir sığal çəkərək, şagirdi Həsəni çağırdı. Birlikdə dükanı bağladıqdan sonra geniş cibindən çıxartdığı dörd qranı (bir riyala bərabər İran gümüş pulu – red.) Həsənə verib təşəkkür etdi. Sonra da iri addımlarla, fit çala-çala gəlib-getməkdə olan adamların arasında görünməz oldu. Hacı qoltuğuna vurduğu sarı əbanı çiyninin üstünə atdı, ətrafa bir göz gəzdirib sallana-sallana yola düşdü. Hər addım atdıqca təzə ayaqqabıları cırt-cırt səs edirdi. Yol boyu dükançıların çoxu onu salamlayır, xoş sözlər söyləyərək, "Hacı, salam”, "Hacı, əhvalın necədir?”, "Hacı, xidmətinə gəlmirik?” və s. deyirdilər. Hacının qulağı bu cür sözlərlə dolmuşdu. O, "Hacı” kəlməsinə xüsusi bir əhəmiyyət verərək özü ilə qürur duyur, böyüklərə xas bir təbəssümlə salamlara qarşılıq verirdi.
Bu kəlmə onun üçün bir ləqəb hökmü daşıyırdı. Belə ki, Məkkəyə getmədiyini özü də bilirdi. Ancaq o, uşaq olduğu vaxt atası öləndə anası atasının vəsiyyətinə uyğun olaraq, evlərini və bütün mal-mülklərini satdı, pulu qızıla çevirib Kərbəlaya köç etdilər. Bir-iki ildən sonra isə pullar xərcləndi və dilənçi kökünə düşdülər. Fəqət Hacı min bir zəhmətlə özünü Həmədandakı əmisinə çatdırmışdı. İş elə gətirdi ki, əmisi öldü və başqa bir varisi olmadığına görə onun bütün var-dövləti Hacıya çatdı. Əmisi bazarda hacı kimi tanındığı üçün dükanla birlikdə bu ləqəb də ona irsən yetmişdi. Bu şəhərdə onun heç bir qohum-əqrəbası yox idi. İki-üç dəfə Kərbəlada dilənçi kökündə yaşayan ana və bacısının halı ilə maraqlansa da, onlardan heç bir xəbər-ətərə rast gəlməmişdi.
Hacının arvad aldığı iki il olsa da, qadın sarıdan bəxti gətirməmişdi. Bir müddət idi ki, o və arvadı arasında durmadan dava-dalaş olurdu. Arvadının ona dediyi acı və tikanlı sözlərdən başqa hər şeyə dözməyi bacaran Hacı qadından hirsini çıxmaq üçün əksər hallarda onu döyməyə alışmışdı. Hərdən də özü bu işdən peşman olurdu, amma istənilən halda tez bir-birinin üzündən öpüb barışırdılar. Hacını daha çox bədxasiyyət edən şey hələ də uşağının olmaması idi. Dostları ona dəfələrlə başqa bir arvad almağı tövsiyə etmişdilər. Amma Hacı axmaq deyildi və bilirdi ki, başqa bir arvad almaq onun bədbəxtliyini daha da artıracaq. Buna görə də, öyüdləri bir qulağından alıb, o biri qulağından verirdi. Arvadı o vaxt hələ gənc və gözəl idi. Həm də neçə ildən sonra bir-birlərinə öyrəşərək, pis-yaxşı birtəhər həyat sürürdülər. Hacının özü də hələ cavan idi və Tanrı istəsəydi, onlara uşaq verərdi. Məhz bu səbəbdən Hacı arvadını boşamağa meyl göstərmirdi. Amma bu arvadını döymək adəti də ondan əl çəkmirdi. Arvadı da daha betər tərslik edirdi. Xüsusilə, dünənki gecədən bəri araları bərk dəymişdi.
Hacı ağzına atdığı qarpız tumunun qabığını iki bölüb qabağına tüpürə-tüpürə bazarın darvazasından bayıra çıxdı. Yazın təzə havasını aldı. Yadına düşdü ki, hələ evə getməlidir. Yenə də əvvəl çəkişmə: birini o desin, ikisini arvadı cavab qaytarsın, sonu da kötəklənmə ilə bitsin. Sonra şam edə-edə hirsli-hirsli bir-birlərinə baxsınlar, ondan sonra da yatsınlar. Həm də cümə axşamı olduğundan arvadının bu gecə səbzi-plov hazırlayacağını bilirdi. Xatirindən bu fikirlər keçirdi. Bir o yana, bir bu yana baxaraq, arvadının sözlərini xatırladı: "Get, get, yalançı hacı! Sən hacısan? Bəs niyə ananla bacın Kərbəlada dilənçilikdən tələf oldular? Mənə deyən gərəkdir ki, sərraf Məşhədi Hüseyn mənim üçün elçiliyə gələndə ona arvad olmadım, gəlib sən qabiliyyətsizə arvad oldum! Yalançı hacı!” Bir neçə dəfə dodağını dişlədi və ona elə gəldi ki, əgər bu məqamda arvadını görsəydi, onun qarnını cırmaq istəyərdi.
Bu vaxt o, Beynünnəhreyn prospektinə çatmışdı. Çayın kənarında boy atmış səfalı söyüd ağaclarına nəzər saldı. Sabah cümə olduğu üçün sübhdən bir neçə yaxın dostu götürüb, musiqi və dəm-dəsgahla birgə Muradbəy dərəsinə getmək və bütün günü orada keçirməyin gözəl olacağını düşündü. Ən azından həm özünə, həm də arvadına pis keçməməsi üçün evdə qalmazdı.
Evlərinə tərəf gedən küçəyə yaxınlaşdı. Birdən ona elə gəldi ki, arvadı yanından ötüb-keçdi və ona heç fikir də vermədi. Bəli, bu, onun arvadı idi. Hacı da əksər kişilər kimi arvadı çadranın arxasından tanımazdı. Lakin onun arvadının elə bir xüsusi əlaməti var idi ki, Hacı min nəfər qadının arasında asanlıqla öz arvadını tapardı. Bu, onun arvadı idi. Çadrasının ağ haşiyəsindən tanıdı. Şübhəyə yer yox idi. Amma necə olmuşdu ki, Hacının icazəsi olmadan, günün bu vaxtında evdən bayıra çıxmışdı? Hər hansı bir işə görə dükana da gəlməmişdi. Görəsən, haraya gedibmiş? Hacı sürətini artırıb gördü ki, bəli, öz arvadıdır. İndi ev tərəfə də getmir. Qəfil əsəbiləşdi. Özünü saxlaya bilmirdi. Onu tutub boğmaq istəyirdi. Qeyri-ixtiyari bağırdı:
– Şəhrəbanu!
Qadın üzünü çevirdi və sanki qorxmuş kimi sürətini daha da artırdı. Elə bil, onu qətiyyən tanımırdı. Hacını od tutmuşdu. İndi arvadının onun icazəsi olmadan evdən bayıra çıxması bir yana, çağıranda da məhəl qoymur! Qeyrət damarı coşdu və dübarə çığırdı:
– Ehey, səninləyəm! Günün bu vaxtı haradaydın?! Dayan, sənə deyirəm!
Qadın dayandı və uca səslə dedi:
– Nə işinə qalıb?! Sənə nə?! Dilənçi səfeh! Ağzının danışığını bil, camaatın arvadı ilə nə işin var?! İndicə payını verərəm. Ay camaat, dadıma çatın! Görün bu sərxoş səfeh mənim canımdan nə istəyir?! Şəhərin qanunsuz olduğunu sanırsan?! Elə indicə səni ajana (polis – red.) təhvil verərəm... Cənab ajan...
Evlərin qapısı tək-tək açılırdı. Ətrafdakı camaat onların dövrəsinə toplaşdı və kütlə durmadan artmaqda idi. Hacının rəngi qızarmış, alnındakı və boynundakı damarlar qabarmışdı. İndi bu, bütün bazarda tanınır, camaat da iki yığın dayanıb, qadın da üzünü bərk-bərk tutaraq qışqırır:
– Cənab ajan!..
Hacının gözü qaraldı. Geri getdi. İrəli gəlib çadranın üstündən qadına möhkəm bir sillə vurdu. O deyirdi:
– Əbəs yerə... əbəs yerə səsini dəyişdirmə, mən səni görən kimi tanıdım. Sabah... günü sabah səni boşayıram. İndi də mənim üçün ayağın küçəyə açılıb?! Bunca illik hörmətimi havaya sovurmaq istəyirsən?! Həyasız arvad! İndi qoy camaatın qarşısında deyim. Camaat, şahid olun, bu arvadı sabah boşayıram. Neçə vaxt idi ki, şübhələnirdim. Hey özümü saxlayır, dişimi sıxırdım. Amma indi artıq bıçaq sümüyə dirənib. Ay camaat, şahid olun, mənim arvadım nanəcib olub. Sabah... ay camaat, sabah...
Qadın üzünü camaata tutdu:
– Biqeyrətlər! Siz heç nə demirsiniz?! Siz bu avara səfehin küçənin ortasında camaatın arvadına sataşmasına icazə verirsiniz?! Əgər sərraf Məşədi Hüseyn burada olsaydı, hamınızı başa salardı. Ömrümdən bircə gün qalmış olsa belə, səndən elə bir qisas alaram ki, itə atsalar, it də yeməz! Kimsə yoxdur ki, bu səfehdən soruşsun, atam, kimsən, nəçisən?! Axı kimdir ki, özünü adam yerinə qoyur?! Get... Get... Öz adamını tanı. İndi sənin atanı elə yandırım ki, gəl görəsən! Cənab ajan...
İki-üç nəfər araya girib Hacını kənara çəkdi. Bu arada bir ajan başı göründü və camaat geri çəkildi. Hacı ağa və çadrasında ağ haşiyə olan qadın iki-üç nəfər şahid və araya girənlərlə birlikdə nəzmiyyəyə (İrandakı polis idarələrinin ümumi adı) tərəf yol aldılar. Yol boyu hərə öz sözlərini ajan üçün təkrarladı. Camaat da işin sonunun nə ilə bitəcəyini görmək üçün sıraya düzülərək, onların arxasınca düşmüşdü. Qan-tər içində ajanla yan-yana camaatın önündən keçən Hacı indi həm də şübhələnmişdi. Diqqətlə baxıb, qadının toqqalı ayaqqabısının və corablarının öz arvadındakından fərqli olduğunu gördü. Qadının ajana verdiyi ifadələr tamamilə doğruydu. O, tanıdığı sərraf Məşhədi Hüseynin arvadı idi. Yanıldığını anladı. Ancaq gec başa düşmüşdü. İndi nə olacağını bilmirdi. Nəzmiyyəyə çatanda camaat bayırda qaldı. Ajan Hacı ilə qadını masa arxasında iki nəfər ajan zabitinin əyləşdiyi bir otağa saldı və əlini alnına apararaq, baş vermiş hadisəni məruzə etdi. Sonra da kənara çəkildi və gedib, otağın aşağı başında dayandı. Rəis üzünü Hacıya tutdu:
– Adınız nədir?
– Cənab, biz nökərçiliklə böyümüşük. Kiçiyinizik. Bəndənizin adı Hacı Muraddır, bütün bazar məni tanıyır.
– Nəçisiniz?
– Düyüsatan. Mənim bazarda dükanım var. Nə əmriniz olsa, qulluğunuzdayam.
– Düzdürmü ki, Siz bu xanıma qarşı hörmətsizlik edib, onu küçədə vurmusunuz?
– Nə söyləyim axı? Mən bəndəniz elə bilirdi ki, öz arvadıdır.
– Hansı əsasla?
– Çadrasının haşiyəsi ağdır.
– Çox qəribədir! Məgər öz arvadınızın səsini tanımırsınız?
Hacı bir ah çəkdi:
– Axı siz ki bilmirsiniz, mənim arvadım nə bəladır! Arvadım bütün canlıların səsini çıxardır. Hamamdan gəldiyi vaxt orada gördüyü bütün qadınların səsi ilə danışıb hamısının ağzını əyir. Elə bildim ki, öz səsini dəyişdirib məni aldatmaq istəyir.
Qadın:
– Bu nə cəfəngiyatdır, cənab ajan?! Siz ki şahidsiniz, küçənin içində o qədər adamın qabağında mənə sillə vurdu. İndi isə birdən-birə özünü tülkülüyə qoydu! Bu nə cəfəngiyatdır! Şəhərin özbaşına olduğunu zənn edir. Əgər Məşədi Hüseyn bilsə, payını verər. Onun arvadıyla?! Cənab rəis.
Rəis:
– Yaxşı, xanım, daha sizinlə işimiz yoxdur. Siz çıxın, biz Hacı ağa ilə haqq-hesabı çürüdək.
Hacı:
– Vallah, qələt elədim, mən bilmirdim, bir səhvdir eləmişəm. Axı mənim camaat qarşısında hörmətim var.
Rəis ajanın əlinə nə isə yazıb verdi. Hacını başqa stolun qarşısına apardılar. Titrəyən əli ilə əsginasları saydı, cərimə olaraq stolun üstünə qoydu. Sonra onu ajanın müşayiəti ilə nəzmiyyənin qapısı önünə apardılar. Cərgə ilə dayanmış adamlar bir-birlərinin qulağına pıçıldaşırdılar. Hacının sarı əbasını kürəyindən götürdülər və əlində qamçı bir nəfər gələrək, onun yanında dayandı. Xəcalətdən başını aşağı salan Hacıya camaatın qarşısında əlli qamçı vurdular, ancaq qaşını belə çatmadı. Bitdikdən sonra cibindən böyük bir ipək dəsmal çıxartdı, alnındakı təri sildi, sarı əbasını götürüb çiyninə saldı. Əbanın ucu yerlə sürünüb gedirdi. Başıaşağı evə yollandı. Ayaqqabısından çıxan cırt-cırt səsini boğmaq üçün ayağını yerə daha asta basmağa çalışırdı.
İki gündən sonra Hacı arvadını boşadı!

Sadiq Hidayət
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri

banner

Oxşar Xəbərlər