AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Gözümü açıb bağladım, bir də baxdım ki, əllini keçmişəm“

“Gözümü açıb bağladım, bir də baxdım ki, əllini keçmişəm“

Müsahibə
18 Aprel 2013, 08:49 2863
...Mən həmişə millətimlə qürur duymuşam. Və elə bilirəm ki, bu, ölənə qədər də davam edəcək. Ona görə yox ki, insan aid olduğu milləti qeyd-şərtsiz sevməlidir, təbii, bu da var, amma ağlım kəsəndən məndə bu sevgini, millətimə heyranlığı formalaşdıran dəyərlər, o dəyərləri daşıdığı mövqedən asılı olmayaraq qoruyub-saxlayan insanları gördükcə bu qürur daha da çoxalır, artır
.
Bir müsahibə zamanı kiçik bir uşağın ölməyindən bəhs edərkən gözləri yaşaran bir siyasinin sahib olduğu insanlığı hansı kəlmələrlə ifadə etmək olar?

"...sizinlə üzbəüz oturmağım lazımdır, bir millət vəkili məmur stolunda müsahibə verməz" düşüncəsi onu millətin vəkili edən duyğularınmı, ya vəkilliyin verdiyi üstünlüyünmü təzahürüdür?

Sərtliyi ilə tanınan bir məmurun gözəl şeirlər müəllifi olduğunu biləndə dəyər verdiyim bir xanım onun haqqında belə demişdi "...əslində o adamın ürəyinin kənarında bir yemişan kolu var. Qoxusu dünyasını sarıb."

Kaş ki, "millət vəkili" ilə "millətin vəkili" arasındakı o incə və dərin fərqi"Qaragilə"nin həzin sədalarıyla taleyinə yazan birinin mənəvi dünyasındakı zənginliyi bir müsahibəmizdə ifadə edə bilək...

Müsahibim Azərbaycan Qızıl Aypara cəmiyyətinin prezidenti, millət vəkili, bəstəkar, yazar Novruz Aslandır.

- Novruz bəy, Azərbaycan xalqının xoşbəxt tərəflərindən biri də onun mənəvi aləminin zənginliyindədir ki, bu, sizdə özünü çox gözəl göstərir. Bu cür düşünməyimə səbəb bəstəçisi olduğunuz “Qaragilə” mahnısıdır. Necə düşünürsüz, bir dövlətin rəsmisi olmaqla yanaşı bu qədər həssas bir adam olmaq çətin deyilmi?

- Bu həssaslığı mənə Yaradan verib və hesab edirəm ki, hər bir insan ona Tanrının verdiyi bu hissi qorumalıdır. Fikrimi belə ifadə edim, bu cür olmaq həm çətindir, həm də rahat. Bilirsiz, dünyada bioloji varlıqların çox olmasına baxmayaraq duyğular ancaq insana məxsusdur. İnsan bununla fəxr etməlidir. Əgər o bütün yarananlardan fərqini bir an durub düşünsə görər ki, dünyaya gəlişi səbəbsiz deyil. Bu duyğular da eləcə. Sadəcə onu öz içində axtarıb tapmalıdır. İnsan natamam şəkildə gəlir dünyaya. Fikir verin, biri incəsənətə meyillidir, o biri fizikdir, biri yaxşı sənətkardır o biri başqa bir sahədə uğurlar qazanıb. Amma ümumilikdə hamı eyni məqsədə xidmət edir. Ölkəsini, vətənini, millətini, dünyasını inkişaf elətdirir. Hətta kişi və qadın arasındakı münasibətlər də natamam şəkildədir. Təsadüfi deyil ki, hər kəs öz yarını axtarır. Uşaq doğulanda onun taleyindəki “yar”ısı onun taleyinə yazılır. “Yar”, bədənimin yarısı, bu ifadə heç də təsadüfi deyil. Musiqi dinləyəndə gözəl səsli xanəndənin yerinə elə bilirik ki, biz oxuyuruq. Əslində də belədir. Sadəcə bizim hisslərin o cür gözəl ifadəsi məhz ona bəxş olunub. Ya da əksinə, məndə olan yazarlıq istedadı onda yoxdur. Ona görə də mən hesab edirəm ki, insan fəlsəfi cəhətdən natamamdır və hər zaman, hər an öz axtarışında davam edir.

“Qaragilə” mahnısına gəlincə, elə bilirəm, çox uğurlu bir layihə oldu. Həm bizim xalq mahnısına ithaf olunması, həm gözəl ifa, gözəl aranjiman alındı, hə də deyə bilərəm ki, onun sözlərinin müəllifi Sona xanım Vəliyeva xalq mahnımız olan “Qaragilə”yə fəlsəfi cəhətdən yeni bir yanaşma ortaya qoydu.

Mən hətta bu barədə fikirləşirəm ki, elmi araşdırmalar da aparım. Bilirsiz, efir məkanında mövcudluq var. Musiqi yaradanda mən artıq onu o yaranmış formalardan birləşdirib yaradıram. O deyirlər ki, vəhy gəldi. Hardan gəldi? Bəzən hansısa bir bəstəkarın musiqisi sənə o qədər yaxın, əziz gəlir ki, oturub mən bunu niyə yazmamışam deyə düşünürsən. Nəyə görə? Çünki efir məkanında o mövcudluq artıq var. Bu məkan hər bir sahədə doludur, onu tapmaq lazımdır. Düşünürəm ki, bu yazarlarda da belədir. Sizə bir faktdan bəhs edim, “bir daha insan haqqında” adlı bir kitabımı təxminən bir ay ərzində ərsəyə gətirdim. Durmadan, özümdən xəbərim olmadan, maşında, evdə, işdə, harda imkan oldu yazırdım və mənə elə gəlirdi ki, yazıb çatdıra bilməyəcəm. Beynimə gələn fikirlərə sadəcə vasitəçiydim. O fikirlər hardan gəlmişdi bunu mən bilmədim. İndi də həmin kitabı oxuyanda özümün yazdığıma təəccüb edirəm. Sanki kimsə mənə diktə edirdi ki, sən bunu yazmalısan. O psixoloji durumdan normala dönəndə yazılanlar özümdə belə təəccüb doğurdu. Hesab edirəm ki, bizim kosmik dünyamız bir çox görmədiyimiz varlıqlara doludur. Gözəgörünməz və gözəgörünən dünya var. Düşünün, biz şüaları görmürük, amma burdan bir pultu basıb televizoru işə salırıq.

Bu o deməkdir ki, Yaradan tərəfindən verilən istedad ona imkan verəcək ki, sən özünü kosmik məkana kökləyib o dalğaları tuta biləcəksən və bu sayədə də yeni əsərlər yaradacaqsan. Mən hesab edirəm ki, heç bir yenilik yoxdur. Artıq Yaradan tərəfindən bizə həyat bəxş ediləndə bütün varlıqlar da verilib və biz ondan istifadə etməliyik. Bu, mənim subyektiv fikrimdir.

- Sizə elə gəlmirmi ki, bütün bunları eləyən insanın içindıki “mən”dir? Və bəzən elə situasiyalar olur ki, o “mən”i bu dünyanın qarğaşasından qorumaq çətin olur. Bu, necə alınırmı sizdə?

- Sualınız mürəkkəbdir. Buna cavab vermək elə də asan deyil. Hər bir insan özünü qorumağı bacarmalıdır amma bu bəzən mümkün olmur. Sənin istəyindən asılı olmayan hadisələr baş verir. Həyata keçməyini çox istədiyin bir arzunu nə qədər gerçəkləşdirməyə çalışsan da bunun alınmama ehtimalı da yüksəkdir. Daxilindəki MƏNi qorumaq cəhdləri də eləcə. Heç də bundan məyus olmaq lazım deyil. Reallıqlarla barışmaq lazımdır. Həyatda insanın bir çox kredoları var və bunlar müxtəlif olur. Kiminsə kredosu yaxşılıq etməkdir, kiminsə kredosu elmə qurşanmaqdır və s. Mənim üçünsə ən düzgünü səhv etməməkdir. Həyat çox qısadır. Gözümü açıb bağladım, bir də baxdım ki, əllini keçmişəm. Kim zəmanət verə bilər ki, bir də gözümü açıb bağlayanda görməyəcəm ki, həyat bitib. Çalışmaq lazımdır ki, səhv etməyəsən. Təbii ki, səhvsiz insan yoxdur amma bunu göz görə-görə eləmək, bilərək eləmək artıq fərqli anlayışdır. Öz MƏN ini qorumaqla, səhv etməməyin böyük bir fəlsəfəsi var: sən bununla həm özünü, həm ətrafındakıları həm də əzizlərini qorumuş olursan.

- Türkiyə, Azərbaycan münasibətləri sizin ampluadan baxınca necə görünür?

- Biz həmişə bu birliyin, bu mehribançılığın həsrətində olmuşuq. Uzun illər bir-birimizdən ayrı düşmüşdük. Qadağalar qoyulmuşdu, şükürlər olsun ki, bu gün birik, problemlərimizi də, xoş günlərimizi də bir yerdə həyata keçiririk. Bu böyük bir uğurdur və bunu qorumaq lazımdır. Çoxları “Türkün türkdən başqa dostu yoxdur” fikrini tənqid edir amma mən hər iki dövlətin, istər Türkiyə, istər Azərbaycan prizmasından baxıram və bir daha əmin oluram ki, bu doğrudan da belədir. Siyasi prosesləri də, geosiyasi məsələləri də nəzərə alaraq görürəm ki, elə bizdən başqası yoxdur. Bizim ürəyimiz onlar üçün yanır, onların ürəyi də bizim üçün. Şükürlər olsun ki, bu hisslər bizdə var.

- Novruz bəy, bir az könüllülük məqamına toxunaq...

- Bu barədə fikirlərimi söyləyim. Mən bütün postsovet məkanında və bizim regionda təmsil olunan Azərbaycan Qızıl Aypara cəmiyyətinin prezidenti kimi yeganə adamam ki, məvacib almıram. Milli cəmiyyətlərin prezidentləri bu əməkhaqqını alır. 1994-cü ildən bu cəmiyyətin könüllüsüyəm və bu günə kimi də könüllülük prinsiplərinə sadiq olaraq ictimai əsaslarla öz fəaliyyətimi həyata keçirirəm. Düşünürəm ki, bu çox nümunəvi hərəkətdir və bir çox beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu o demək deyil ki, mən varlıyam və bu pula ehtiyacım yoxdur, xeyr, əslində bu da mənim bir ianəm, bu da mənim münasibətimdir. Eyni zamanda millət vəkili olaraq dövlətdən məvacib aldığıma görə düşünürəm ki, burdan ikinci məvacib almağım düzgün çıxmaz.

- Novruz bəy, başqa ölkələrdə elə yaxın Türkiyə təcrübəsində insanların “Qızıl Aypara” və “Qızıl Xaç” kimi cəmiyyətlərə xüsusi maraqları var və bu sayədə o dərnəklərin işi elə də çətin deyil. Azərbaycanda isə bu təfəkkür hələ formalaşmayıb...

- Əfsuslar olsun. Mən sizinlə tamamilə razıyam. Düzgün qeyd etdiz ki, bir sıra ictimai təşkilatların, xüsusilə Qızıl Aypara və Qızıl Xaç cəmiyyətlərinin əsas maliyyə mənbəyi insanların ianəsidir. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə, İranda, Avropa ölkələri insanlarının psixologiyasında ənənəvi olaraq bu düşüncə özünə yer edib, necə deyərlər, bu, onların qanına işləyib. Ölkənin vətəndaşı bilir ki, hansısa bir hadisə baş versə onlar mütləq yardım etməlidilər. Mən demirəm ki, Azərbaycan xalqında, Azərbaycan insanında bu düşüncə yoxdur. Var.

- Maraqlı məqam da burdadır. Axı, bizim xalq sözügedən millətlərin insanlarından daha yardımsevərdir. Buna rəğmən bu təfəkkürün hələ də formalaşmaması təəccüblü deyilmi?

- Konkret olaraq burda vətəndaşın mövqeyi yox, cəmiyyətlərin də mövqeyi çox vacibdir. Qızıl Aypara cəmiyyəti öz imicinin yüksəlməsində daima maraqlı olmalıdır. Özünü ictimaiyyətə o şəkildə çatdırmalıdır ki, insanlar onun şəffaflığına, onun keyfiyyətinə inansınlar. Hər vətəndaş inanmalıdır ki, onun o qutuya atdığı cüzi məbləğ belə məhz onun mənzilinə çatacaq. Bizim gördüyümüz işlər beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası tərəfindən çox yüksək qiymətləndirilib. Misal göstərim: Somaliyə yardım kompaniyası elədik, Türkiyə Van zəlzələsində “Sən tək deyilsən” kompaniyası keçirdik. İranda baş verən zəlzələ nəticəsində, indi də Suriya qaçqınları üçün yardım kompaniyası keçiririk. Bilirsiz, Azərbaycan Qızıl Aypara cəmiyyətinin tarixində heç vaxt olmayıb ki, xaricə maddi yardım edilsin. MDB məkanında yeganə ölkəyik ki, artıq biz bunu edib tariximizə yazdıq. Bununla qürur duyuruq.

Türkiyəyə yardım kompaniyasında Türkiyəyə göndərdiyimiz qırx min dollar Türkiyə Qızıl Ayının gündəlik xərcidir amma bizim üçün o çox böyük və qiymətsiz bir məbləğ idi. Hesab edirəm ki, Azərbaycan inkişaf etdikcə bu məbləğ qırx milyon və daha çox olacaq. Təkcə yaxın ölkələrə deyil, digər ölkələrə də humanitar layihələr həyata keçirəcəyik. Bizim işimiz təkcə özümüzə deyil, insanlığa xidmət etməkdir. Azərbaycan Qızıl Aypara cəmiyyəti donor cəmiyyətə çevrildi. Artıq dördüncü ölkədir ki, yardım kompaniyası həyata keçirdik. Bunu bizim vətəndaşlarımız elədi. Bu kompaniyaya millət vəkilləri qoşuldu, şirkətlərimiz qoşuldu. Bu da o deməkdir ki, proses başlayıb və davam edəcək. Artıq inam var. Bizim internet saytımıza baxsanız siz görərsiniz ki, biz bu kompaniyaları çox yüksək və şəffaf şəkildə həyata keçiririk. Saytda hər ianə edənin adı, soyadı, ianə elədiyi məbləği və hara sərf olunması hamısı qeyd olunub. Bu, dünyada ilk şəffaflıq nümunəsidir. İanə edən hər kəs bir neçə saat sonra bu hesabatı saytda görə bilər ki, buna bütün dünya baxır.
(sayta baxıram. İlk ianə edən Novruz Aslanov – 500 m)

Biz məbləğə baxmırıq. Bizim üçün min manat da verənlə, bir manat ianə edən də böyük adamdır. O, öz ürəyini göstərir. İran kompaniyasında bizim xadiməmiz vardı, 5 manat yardım elədi. Onun məvacibi cəmi 150 manatdır amma bu onun ürəyindən keçib və edir. Türkiyə kompaniyasında mən elə hadisələrin şahidi oldum ki, adlarını anonim yazdıraraq 5 min manat ianə edənlər vardı. Adlarını bildirmədən bankdan hesaba köçürüblər. Bu qürurvericidir.

İranda da bu cəmiyyət çox inkişaf edib mən orda olanda bunun şahidi oldum. Anbarlarda çox böyük məbləğdə ehtiyatlar vardı və mən soruşdum ki, fövqəladə hal olanda bunları necə istifadə edirsiz? Sualıma yaxşı bir cavab aldım, dedilər ki, hadisə baş verəndə biz əhalidən o qədər yardım alırıq ki, bu ehtiyatlara ehtiyac qalmır. Hər kəs mənəvi olaraq yardım etməyə öyrəşib. Biz bunu öyrətməliyik vətəndaşlarımıza. Hər kəsin qəlbində, ürəyində bu hisslər var amma bunu icra edə bilirikmi və bunun üçün bizə şərait yaradılıbmı? Diqqət etsək görərik ki, qismən də olsa yaradılıb. Əgər istəsələr onlayn sistemi ilə ianə edilə bilər, vəsaiti keçirib, mədaxil məxaric qəbzi ala bilərlər. 2000-ci ildən bəridir ki, cəmiyyət açıq mühasibatlıq prinsipi ilə şləyir. Hər bir Azərbaycan vətəndaşı bizim mühasibətlığın işləmlərini istədiyi vaxt görə bilər.

- Bu şəffaflıqda hardasa sizin yaradıcı insan olmağınızın da böyük rolu var, elə deyilmi?

- Tamamilə doğrudur. Hər bir insanın öz dünyası var. Bu həyat onun həyatıdır. Bunu kitabımda da qeyd eləmişəm. Sənin dünyan prinsipi nədən ibarətdir? Siz mənim deyəndə demək ki, bu sizin dünyanız olur. Ətrafınızda olan bütün bu insanlar sizin həyatınızda bəlkə də bir subyekt kimi cərəyan edir. Sizin gözləriniz bağlananda bizi görməyəcəksiniz. Biz sizi görəcəyik. Ona görə də bu sizin dünyanızdır. Sizin dünyanız olduğuna görə də hər bir insan öz dünyasının mərkəzidir. Bax bu insan və onun ətrafında milyardlarla insan və onun ətrafında baş verən hadisələr.

- Sənətçi insanların dünyaları tamamən duyğudan ibarət olur. Siyasət isə ağıl işidir və təməli milli mənfəətdir. Bir yaradıcı insan olaraq siyasətlə çatışdığınız olurmu?

- Mənim bu günlərdə “Humanitar diplomatiya” adlı yeni bir kitabım işıq üzü gördü, həm ingilis, həm də rus dilində. Bu, diplomatiya və siyasətin humanitar sahədə istifadə olunması deməkdir. Bəzən deyirlər ki, siyasət çox çirkin bir işdir. Ermənistanla Azərbaycanın müqayisəsində bu belədir, amma Azərbaycan üçün yox. Ermənistan öz məkrli və işğalçılıq siyasətlərini dünyaya sübut eləmək üçün dəridən-qabıqdan çıxır, bunun üçün yalan-böhtana əl atırlar. Bizə baxın, biz müdafiə olunuruq, torpaqlarımız işğal olunub, dolayısı ilə də siyasətimiz bu istiqamətdədir. İndi görün, iki siyasətin fərqini. Bizim əməlimiz, addımlarımız humanitar sahədədir, onların isə siyasətləri Ermənistanın bir dənizdən o biri dənizə böyük bir dövlətə çevrilməsi olub. Tarix boyu heç kimin torpaqlarında gözümüz olmayıb. Biz işğalçılıqdan uzaq olmuşuq.

Bəli, mənim üçün çox çətin olur. Çünki, yalana nifrət edən biriyəm. Bir anlıq düşünəndə ki, siyasətçi yalançı olmalıdır, siyasətçi hiyləgər olmalıdır, hansısa sahədə çevik olmalıdır, mən bunu ancaq bir şərtlə qəbul edirəm, ancaq düşmənimə qarşı yalançı ola bilərəm, mən onu aldatmalıyam, mən ona qalib gəlməliyəm. Düşmənlə münasibətdə hər cür siyasət ola bilər amma öz ətrafına, dostlarına, ələlxüsus da millətinə qarşı o çirkli siyasəti edə bilmərəm. Bu, mənim əqidəmdir. Siyasi şəxs olmaq asan məsələ deyil. Məndən soruşanda ki, millət vəkili olmaq çətindirmi? Cavab verdim ki, əlbəttə çətindir. Baxın, mən hər cümə axşamı seçicilərimlə görüşə gedirəm. Onlarla müraciət olur, hansısa bir müraciət sənin gücün, iqtidarın çərçivəsindədirsə sən özünü yaxşı hiss edirsən, xeyr əksinə, o zaman düşünə-düşünə qalırsan.

Tutaq ki, bir uşağın əməliyyatına 300 min dollar pul lazımdır, sən öz maaşını verə bilərsən, amma geridə qalan 299 min manatı hardan tapasan? Axı, sən fövqəl biri deyilsən (millət vəkili olmaq fövqəl olmaq demək deyil). Sən çox şeyləri həll edə bilmirsən.

Bu yaxınlarda bir hadisə oldu. İsmayıllı rayonundan bizə bir ailə müracət etmişdi, dörd yaşlı uşağının ürəyində əməliyyat keçirilməli idi. Qızıl Aypara cəmiyyəti olaraq mən öz vəsaitimdən, İsmayıllıdan bir iş adamı böyük bir məbləğ ayırdıq və müalicə üçün ailə İrana getdi Amma o uşaq orda tələf oldu. Söhbət o pulda deyildi amma hadisə bizə çox pis təsir elədi.

- “Qızıl Aypara”nın missiyasına şəhid ailələri daxildirmi?

- Fərqi yoxdur, o insan ki, həssasdır, onun ehtiyacı var, istər şəhid ailəsi olsun, istər qaçqın, istərsə də adi bir vətəndaş o bizim qayğımızın əhatəsindədir. Əgər o bizə müracət edirsə biz bacardığımızı edirik ki, ona yardımçı olaq. Hər bir vətəndaş bizə yaxındır, amma qaçqınlar, məcburi köçkünlər, əlillər xüsusilə bu kateqoriyadan olan insanlar bizə daha yaxındılar.

- Azərbaycanda qanundan qaynaqlanan statuslu və statussuz şəhid ailələri və bu ailələrin yaşadıqları çox böyük sıxıntılar var. Onun övladı bəlkə də çox böyük bir qəhrəmandır atəşkəs dövründə həlak olub, statusu yoxdur deyə dövlətin ona ayırdığı imtiyazlardan yararlana bilmir və bərbad bir vəziyyətdədir. Onların durumundan da heç kimin xəbəri yoxdur. Həm bir millət vəkili həm də "Qızıl Aypara" sədri olaraq sizdən soruşmaq istəyirəm ki, o ailələr nə eləməli, kimə üz tutmalıdırlar?

- Onu qeyd edim ki, bizim dövlətimiz qanunvericilik sahəsində, həm də ki, onun icrasında çox böyük işlər görüb. Bilirsiz ki, bütün şəhid ailələri dövlət tərəfindən maksimum qayğıyla əhatə olunub. O ki, qaldı status məsələsinə, burda da müvafiq bölümlər var. Hansı şəraitdə o dünyasını dəyişib? Döyüş şəraitindəmi, ehtiyatsızlıq nəticəsindəmi, atəşkəs pozulandamı? Mütləq analiz getməlidir. Mən hesab edirəm ki, burda bir ayrı baxış var. Baxın, mənim dörd övladım var. 85 yaşında Anam, 73 yaşında qaynanam və həyat yoldaşım biz hamımız bir yerdə yaşayırıq. Bütün övladlarım, anam və həyat yoldaşım hamısı bilir ki, sabah müharibə baş versə mən öz deputat mandatımı yerə qoyub müharibəyə gedəcəyəm. Bunu sizin üçün bəyan etmirəm, bunu 11 yaşlı oğlum və üç qız övladım bilir. Anam mənə sual verdi ki, “sən nə üçün belə edirsən? Axı, sənin uşaqların var”. Onlar mənim sözümün ciddiliyinə əmindilər, çünki məni onlar böyüdüb. Cavab verdim ki, bəli, mən bax bu uşaqlara görə müharibəyə getməliyəm. Çünki Qarabağ problemi mənim problemimdir, mənim oğlum gələcəkdə ermənilərlə müharibədə şəhid olmamalıdır. Mən bu problemi oğlumun üzərinə atmamalıyam. Şəhid olmalıyamsa mən özüm olmalıyam. O yükü oğlumun üzərinə atmamaq üçün getməliyəm. Bunu bütün Azərbaycan vətəndaşları anlamalıdır. Şəhidliyə qalanda elə insanların arasında, xalqı üçün şəhid olmaq artıq böyük bir statusdur.

- Bu halda nə ehtiyac var bu ayrı-seçkiliyə?

- Gəlin açıq danışaq da, silahı götürüb ehtiyatsızlığı ucbatından özünə atəş açanla gedib səngərdə vuruşa-vuruşa snayper gülləsi dəyib şəhid olan eynidirmi?

- Bəs bunun əksini düşünsək?

- Həssas məsələdir. Bu adi hadisə deyil, barmaqarası baxmaq da olmaz. Müvafiq qanunlar, müvafiq imtiyazlar da var. Axı, ucdantutma da etmək olmaz. Mənə elə gəlir ki, qanunvericilik sahəsində ictimaiyyət daha aktiv tədbirlər həyata keçirməlidir ki, bu problemləri aradan götürək. Mənim seçicilərimdən də bu cür iradlar gəlir, millət vəkili olaraq da anlayırıq. Özümüzə aid olan hissədə bacardığımızı edirik və edəcəyik. Vətənin qorunmasında hər bir Azərbaycan vətəndaşı iştirak etməlidir və bu bir borcdur.

- Sizin dini kitablarınız mənim diqqətimi çəkir. Siz dindarsızmı? Belə bir ifadəniz də var ki, ”mən Allahla təkbətək qalanda namaz qılıram”...

- Yaradanıma inanan bir adamam amma dindar deyiləm. Dindar olmaq fikrində də deyiləm. Amma mən özümü və təbii ki, Allahımı tanıyan bir insanam. Diqqət etdiyiniz, başım üzərindəki kitablar-Tövrat, İncil, Qurani-Kərimdir. Hər üç kitab müəyyən dövrlərdə Yaradanımız təfərindən nazil olunub. Hər bir insan imkan dairəsində bu kitabları, oxuyub təhlil etməli və düzgün nəticələr çıxarmalıdır. Bu kitabların açıq və gizli tərəfləri var. 1400-1600 il bundan əvvəlki insanla indiki insanın düşüncəsi eyni olmadığından təqdim olunan kitablar da eyni deyil. Ordakı olan ifadələr onların şüurlarına hesablanıb. Naşı insanlar gülərək deyir ki, Adəmin qabırğasından da Həvva düzəltmək olar? Artıq XXI əsrdə “Aveçka Dolya” adlı qoyunun klounlaşması həyata keçiriləndə insanlar gördülər ki, insanın qabırğasından da, saçının bir telindən də insan yaratmaq olar. Zaman keçəndən sonra biz anladıq ki, bizim müqəddəs kitablarımızda yazılanlar həqiqətdir. Orda yazılan hər bir fikrin elmi əsasları var...

- Novruz bəy, yorduq sizi. Qəzetimizin oxucularına demək istədikləriniz...

- Həyatımda birinci dəfədir ki, bu qədər müsahibə verdim. Təşəkkür edirəm mehriban ünsiyyətə görə. İnşallah, bu maraqlı söhbət oxucu üçün də maraqlı olacaq. “Kaspi” qəzeti uzun illərdən bəri Azərbaycan ictimaiyyətində öz yerini tutmuş, tarixi ənənəsi olan bir qəzetdir. Hesab edirəm ki, bu ənənəni qoruyub saxlamaq və inkişaf etdirmək onun kollektivi və rəhbərliyindən çox asılıdır. Fürsətdən istifadə edib təşəkkür edirəm ki, bu adı qorumusuz. Uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Vaxt ayırdız. Əminəm ki, o qəzeti oxuyanda və orda öz müsahibəmi də görəndə sevincim ikiqat olacaq. Və mən inanıram ki, bizim söylədiyimiz fikirlər oxucu tərəfindən də düzgün qəbul olunacaq.

Nigar İsfəndiyarqızı