• çərşənbə axşamı, 19 mart, 15:41
  • Baku Bakı 8°C

Gözəllik insanın daxilinə olmalıdır - Fotolar

11.10.17 09:05 5436
Gözəllik insanın daxilinə olmalıdır - Fotolar
Film sektorunda söz deməyi bacaran əsas ölkələrdən biri də qardaş Türkiyədir. Son illər bu ölkədən beynəlxalq müsabiqələrə təqdim olunan saysız filmlərin şahidi oluruq. Yeni filmlər isə yeni simalar deməkdir. Onlardan biri də son bir neçə ildə birdən-birə sıçrayış edən Gizəm Karacadır. Türk seriallarına böyük maraq göstərən bizim tamaşaçılar da bu aktrisanı bəyənir.

Çox güman ki, yaxın gələcəkdə adını daha çox eşidəcəyimiz Gizəm xanımın kimliyi ilə bağlı qısa bir məlumat vermək istərdik. İstanbul Universitetində Fransız dili və ədəbiyyat müəllimliyi ixtisasına yiyələnən Gizəm Karaca dərslərin çətinliyindən şikayətlənərək gözəllik yarışmasına qatılmağa qərar verir. 2011-ci ildə "Miss Türkiyə” gözəllik yarışmasında 2-ci olur. Yarış bitəndən sonra ona edilən serial təkliflərini dəyərləndirir. Çox keçmir ki, 2012-ci ildə "Eve Düşen Yıldırım”adlı serialda baş rola çəkilir. Modelin aktrisalıq fəaliyyəti məhz buradan başlayır. 2012-ci ildə "Emirin Yolu” adlı digər serialda baş rolu - Güneş Sancaktarı canlandırır. Serial bitdikdən sonra bir müddətlik Amerikaya gedərək, orada New York Film Akademiyasında aktrisalıq təhsili alır. Ondan sonra "Benim Hala Umudum Var” serialı ilə ekranlara dönüş edir. Gözəlliyi ilə qısa bir müddətdə diqqətləri özünə cəlb edən aktrisa 2014-cü ildə "Seni Seviyorum Adamım” adlı filmdəki baş rol obrazına görə daha çox sevilir və tanınır. Daha sonra "Güzel Köylü”adlı serialda Mehmet Ali NuroğluveBerk Cankatilə bərabər baş rola çəkilir. 2017-ci ildə"İçimdəki Fırtına” serialında rol canlandırır. Eyni zamanda, 2017-ci ildə"Kara Sevda” serialında polis rəisi rolu ilə daha çox sevilməyə başlayır.

Türkiyənin sevilən, tanınan modeli, eyni zamanda istedadlı aktrisalarından olan Gizem Karaca "Akşam” saytında müsahibə verib. Müsahibəsində yeni çəkildiyi komediya janrında filmdəki obrazından da danışıb.

- Gizəm xanım, rol aldığınız "Ay lav Yu Tu” filminin çəkilişləri necə keçdi?
- Çəkilişlər çox gözəl keçdi. Kamera arxasında, kulisdə xeyli əyləndik. Bu mənim çəkildiyim ilk komediya filmi idi. Layihənin rejissoru, ssenaristi və baş rol ifaçısı Sermiyan Midyat aktrisalıq və filmdə danışılan şivəylə bağlı mənə böyük dəstək oldu.
- Filmdəki Mardinli Sultan rolunuza necə hazırlaşdınız?
- Filmdən əvvəl orada danışacağım şivə üslubu üzərində işlədim. "Ay lav Yu Tu” filminin ilk bölümündə oynayan xarakterlərlə görüşdüm. Onlar da mənə bu obrazı canlandırmağım üçün çox kömək etdilər. Şivə mənim dilimə rahat oturduqdan sonra çəkiliş arxasında hər şey rahat oldu. Bir də baxdıq ki, artıq bu şivə mənim dilimə yatıb. Bundan başqa, çəkiliş prosesində roluma o qədər öyrəşmişdim ki, bir də onda ayıldım ki, özümdən də o xarakterə nələrisə əlavə edirəm (gülür). Açığı, bu obrazı canlandırmaq mənim üçün o qədər də çətin olmadı. Amma başda çox qorxurdum.
- Rolunuzu canlandırmaq üçün geyindiyiniz köhnə geyimlər sizi bambaşqa bir Gizəm etmişdi. O geyimlərdə özünüzü necə hiss edirdiniz?
- Bu həyəcanverici idi. Tamaşaçılardan daha çox özüm maraqla gözləyirdim ki, filmdə mənim geyimim, obrazım necə alınıb. Hətta o geyimlərdən bir neçəsini xatirə olaraq özüm üçün götürmüşəm.

- Komediya filmində oynamağın çətinlikləri nələrdir?
- Komediya janrında olan filmlər aktyorların özlərini ifadə etmələri üçün lazımi bir yerdir. Burada saxta olmaq mümkün deyil. Komediya filmlərində hökmən tamaşaçını güldürəcəyəm deyə, yüngüllük etməmək gərəkdir. Mən hər zaman dram filmlərində rol aldığım üçün komediyada çəkilmək əvvəlcə mənim üçün çətin idi. Amma nəticədə ən çox zövq aldığım bir janr oldu.
- Sizə gələn rol təkliflərini seçərkən nələrə daha çox diqqət edirsiniz?
- Açığı, ilk başda ssenariyə və filmi çəkən rejissora baxıram. Təklif olunan xarakterin və filmin mənə nə verə biləcəyi də önəmlidir. Mardinli Sultan rolunun mənə fərqli qapılar açacağına inanıram. Özümü fərqli yöndə sınamış oldum.

- Aktyorlar tez-tez sizin kamera arxasında çox rahatsız biri olduğunuzu deyirlər.
- Hər bir işin çətinliyi olduğu kimi, bizim də işin çətinliyi var. Aktrisalıqdan və çalışdığımız bütün komandalardan böyük enerji alıram. Təbii, elə zamanlar olur ki, fasiləsiz çalışırıq, çox yoruluruq. Bəzən də çəkilişlərimiz olduğu üçün özəl günlərimizdə iştirak edə bilmirik. Amma bunları da bizim işin cilvəsi kimi qəbul edirik.
- Məşhurların dünyasında hər zaman bir qısqanclıq müşahidə olunur. Bəs sizdə necə?
- Sosial şəbəkədə mənə yazan insanların mesajlarından onların yaxşı və ya pis insan olduğunu anlaya bilirəm. Ancaq ciddi bir qısqanclıq və ya bir nəfərlə polemikaya girəcək vəziyyətim olmayıb.

- Sizcə, karyeranızı inkişaf etdirmənizdə köməkçi olan və yaxud da sizi tanıdan ən böyük özəlliyiniz nə oldu?
- Mən öyrənməyə çox açığam. Hər zaman nələrisə öyrənirəm. Bundan başqa, özümü inkişaf etdirməyi sevirəm. Bu xüsusiyyətlərim mənim bu sənətdə inkişaf etməyimi və tanınmağımı asanlaşdırdı.

- Sonuncu dəfə "İçimdəki fırtına” serialında rol aldınız. Ancaq reytinqlərdə istənilən nəticəni əldə edə bilmədikdən sonra layihə başa çatdı. Nədir bu serialların reytinqlərdən çəkdiyi?
- Nə siz soruşun, nə mən deyim (gülür). Açığı, reytinq sistemi ilə bağlı heç nə danışa bilmirəm. Ancaq elə hesab edirəm ki, bu məsələdə hər kəs cavabdehdir. Kanal, rejissor, aktrisa, ssenarist... Nəticədə biz böyük bir komandayıq və bir layihə üzərində çalışırıq. Hazırladığımız məhsulu tamaşaçılara təqdim edirik. Tamaşaçıların bunu bəyənib-bəyənməyəcəyini də bizim alnımıza yazılan qismət təyin edir.

- Bir çox məşhurlar boşanmaları ilə gündəmə gəldiyi halda, siz evlilikdən qorxursunuzmu?
- Xeyr, qorxmuram. Əksinə, çox xoşbəxtəm.

- Necə bir ailənin xəyalını qurursunuz?
- Öz ailəm kimi iç-içə gözəl bir ailənin xəyalını qururam. Biz möhkəm bir ailəyik. Anam, atam hamımız bir yerdəyik, hər işimizi birlikdə edirik. İnşallah, mənim də ailəm gələcəkdə belə olar.

- "Eşq üçün hər şeyə varam” - deyənlərdənsinizmi?
- Bəli. Eşq üçün hər şeyə varam.

- Həyat yoldaşınız Kemal Ekmekçi tərəfindən rollarınıza hər hansı müdaxilələr olurmu?
- Xeyr. Mənim sənətimə onun böyük hörməti var. Kemal Ekmekçi heç bir zaman mənim rollarıma və işimə qarışmayıb.

- 2011-ci ildə "Miss Türkiyə” gözəllik yarışmasında Türkiyənin ikinci gözəli oldunuz. Sizin üçün gözəlliyin mənası nədir?
- Mənim üçün gözəlliyin mənası daxili gözəllikdir. İnsanın enerjisi, gülməyi, insanlara qarşı olan münasibəti onun üzünə vurur. Daxili gözəl olan insanın siması da gözəl olur. Gözəllik mənim üçün daxili gözəllikdir.
Tərcümə etdi: Xəyalə Rəis







banner

Oxşar Xəbərlər