• cümə, 29 Mart, 10:48
  • Baku Bakı 5°C

Gözəl nənə - Fotolar

28.10.17 12:30 4425
Gözəl nənə - Fotolar
Latın Amerikasının «sabun köpüyü» seriallarının qəhrəmanı Meksikada imkanlı ailədə doğulub. O hələ 16 yaşında «Caballero» kişi jurnalının üst qabığında çılpaq şəkli ilə mühafizəkar valideynlərini şoka salıb. «Anam və qardaşım dəhşət içində idilər» - Veroniko Kastro xatırlayır: «Utanmırsan?» - hər ikisi hirslənmişdi. O, "daha heç vaxt çılpaq kamera qarşısına çıxmayacağam” – deyə valideynlərinə söz versə də, bu sözünü 60 yaşında – oğlu Mişelin filmində tamamilə çılpaq çəkilərkən pozdu. Veronika gəncliyindən bəri uğur naminə hər şeyə hazır idi. Maraqıdır ki, riskləri Veronikaya yalnız şöhrət gətirirdi.

Bir çox "ulduz” aktyorlardan fərqli olaraq, o, karyerasına erkən başlayıb. Ancaq təhsilini də unutmayıb. Universitetdə politologiya üzrə təhsil alaraq diplomat ixtisasına yiyələnib. İxtisası üzrə işləməyərək aktrisa karyerasını seçib və səhv etməyib. Ona dünya şöhrətini isə «Varlılar da ağlayır» serialındakı rolu gətirib. Bu, "sabun köpüyü” təkcə Qərbdə deyil, Sovet İttifaqına daxil olan bütün ölkələrdə ekranlara çıxıb. Serialın ilk epizodları efirə çıxandan sonra "Ostankino”nun rəhbərliyi serialın uğurlarından şübhələnir və nümayişi saxlatdırır. Ancaq tezliklə televiziyaya daxil olan yüzlərlə tamaşaçı məktubu serialı yenidən efirə qaytarır. Bu, meksikalı aktrisanın o illər üçün qeyri-adi uğuru idi. Sonrakı illər Kastro "sabun köpüyü” seriallarının kraliçası kimi «İolanda Luxan» və «Yabanı qızılgül» seriallarında çəkiləndə, artıq dünyanın ən məşhur qadınlarından biri idi. Onu dünyanın dörd bir bucağında tanıyırdılar. Aktrisanın filmoqrafiyasında 17 serial və 23 bədii film var. Müğənni kimi 20-dən çox diski işıq üzü görüb. Aktrisa özünün çəkildiyi «Varlılar da ağlayır»dakı Marianna və «Yabanı qızılgül»dəki Roza kimi dünyada tanınmasından heç də narazı deyil.

90-ci illərin sonlarında Amerika kütləvi mədəniyyəti Latın Amerikası televiziyasının sərhədlərini sıxışdıranda, artıq tamaşaçılar sentimental seriallardan cana doymuşdular. Onlar bahalı Hollivud "boyevik”lərini istəyirdilər. "Sabun köpüyü” seriallarının ulduzlarının karyeraları sona çatsa da, Veronika Kastro öz şöhrətini qoruya bildi. O özünü musiqidə, kinoda və teatrda sınadı. Nəhayət, televiziyada şəxsi şousunun məşhur aparıcısına çevrildi. Hazırda Kastronu mütəmadi teleaparıcı kimi görmək olar.
Nikah bizlik deyil

Keçən il Meksikada Veronika Kastro haqqında bir-birini təkzib edən iki xəbər yayıldı. Bəziləri iddia edirdilər ki, aktrisa ciddi agciyər xəstəliyindən Amerikanın Hyuston xəstəxanasında vəfat edib. Başqa bir xəbərdə isə Veronikanın ilk dəfə nikaha girməsi haqqında məlumatlar yer almışdı. Kastronun yeni sevgilisi isə guya 3 ildir ki, görüşdüyü uruqvaylı biznesmen idi.

"Nənə ölmədi, nənə axşam qonaqlığına getdi” – deyə Veronika zarafat edir: "Mən Hyustona şəhərin ispandilli sakinləri qarşısında çıxış etməyə getdim. Həqiqətən məni heç bir əməliyyat etməyiblər. Mən əvvəlki kimi, yeganə zərərli vərdişim olan siqaret çəkməkdən imtina edə bilmirəm. Çox da çəkmirəm və özümü əla hiss edirəm. Nəhayət, həkimlər bir neçə il bundan əvvəl «Böyük qardaş» realiti şousunun final çəkilişləri zamanı zədələdiyim onurğamı da sakit buraxıblar. Mənim bel sümüyüm (aktrisa çəkilişlər zamanı filin üstündən düşüb) artıq ağrımır”.

Aktrisa həyatı haqqında heç nəyi gizlətmir. Veronika boynuna alıb ki, böyük pulları o öz səsinə görə qazanıb. Kastro 26 disk buraxdırıb, mütəmadi konsertlər verib və sifarişçilər üçün oxuyub. Veronika gözəlliyini saxlamaqda ona işinin peşəkarı olan cərrahın kömək etdiyini gizlətmir. Kastro deyir ki, gözəl əhval-ruhiyyədə qalmasına və kökəlməməsinə onun genləri və ən başlıcası, düzgün həyat tərzi keçirməsi kömək edir.

Aktrisa istədiyi vaxt cavan sevgililəri dəyişir. Hərçənd Veronikanın şəxsi həyatı aktyorluq karyerası kimi uğurlu olmayıb. Aktrisa heç vaxt ailə qurmayıb. Mətbuat onun meksikalı milyonçularla macəraları haqda yazsa da, Veronika həmişə belə xəbərləri inkar edib: «Ailə xoşbəxtliyinin nə olduğunu bilmirəm. Mən hədsiz dərəcədə iki kişini sevmişəm – uşaqlarımın atalarını. Ancaq bunlar sonu kədərlə bitən seriallar idi. Həyatımda kişilər var – düzdür, ancaq nə vaxtsa ərə getməklə bağlı təklif almağım isə cəfəngiyatdır. Mənim ailəmin tarixçəsinə baxın. Onda başa düşərsiniz ki, nikah bizlik deyil. Qardaşıma və böyük oğluma da nikah yaxşı heç nə gətirməyib. Oğlum Kristian ikinci arvadından qalmaqalla ayrıldı. O vaxtdan bəri iki uşağı aralarında bölə bilmirlər. «Mən daha evlənməyəcəyəm. Ailə həyatı mənimçün əzablı idi. Boşanma isə məni sarsıtdı. Heç kəs məni yenidən bu cəhənnəmə düşməyə məcbur edə bilməz» - deyə oğlum qəzəblənir. Əlbəttə, mən nəvələrimlə telefonla danışdığıma görə kədərlənirəm, ancaq oğlumu geri qaytardığıma görə xoşbəxtəm” - deyir aktrisa.

Kastro anası və qulluqçuları ilə gözəl malikanədə yaşayır. Bir neçə il bundan əvvəl aktrisanın anası liftə minərkən lift sınıb-dağıldığına görə, hazırda əlil arabasında gəzir. Anası reanimasiyada yatarkən Veronika Kastro iki həftə onun yatağının yanından ayrılmayıb: «Mənim oğullarımı anam tərbiyə edib. Mən həm də onların atasını əvəz etdiyimdən pul qazanmalı idim. Özümü yalnız evə gələrkən ana sayırdım. Çünki yaxşı yaşamağımız üçün pul qazanmalı idim”. Aktrisanın oğlanları varlı, ehtiyacsız böyük kişilərdir: böyük oğlu Kristian populyar müğənni və bəstəkardır, kiçik oğlu Mişel rejissor və prodüserdir. Kastro Mişelin çəkdiyi filmdə baş qəhrəmanın anası – depressiv alkoqolik qadın rolunu oynayıb. Veronika bir neçə il böyük oğlu ilə küsülü olduğundan əlaqə saxlamayıb. Çünki onun seçdiyi qadın anasının xoşuna gəlmirdi. Veronika oğlu ilə küsülü olduğundan nənə olmasını mətbuatdan öyrənib. Hazırda Kristian boşanıb və buna görə də anası tez-tez ailəvi naharlar təşkil edir.

Nəvəsinin olması ilə bağlı xəbər isə onun üçün əsil sürpriz olub. Rafaella adlı balaca qızın anası inad edib ki, Kristian onun qızının atasıdır. Buna görə Kristian atalıq testindən keçməli olub. Məlum olub ki, doğrudan da Rafaella onun qızıdır. İndi Rafaella tez-tez sosial şəbəkələrdə nənəsinin qonağı olur. Veronika nəvəsinin müvəffəqiyyətlərini və şəkillərini sosial şəbəkədə bölüşür.

Deyilənə görə, Veronika gəlini xoşuna gəlmədiyindən kiçik oğlunun da ailəsini dağıdıb. Mətbuatda bəzən Veronikanın öz var-dövlətini bölmək istəmədiyi üçün oğullarını qanadı altında saxlaması ilə bağlı xəbərlər də yazılır: "Veronika ömür boyu topladığı sərvətinə kimsəni ortaq etmək istəmir. Ona görə təkcə oğullarını yanında saxlamağa çalışır və buna nail olur”.

Keçmişə önəm verən nəsillər

Veronika Kastro 81 yaşlı Roxelio Qerra ilə dostluq edir («Varlılar da ağlayır» filminin qəhrəmanı Luis Alberto). Onlar tez-tez zəngləşirlər və yaradıcılıq gecələrində birlikdə iştirak edirlər. Əlbəttə, bu da mətbuatın gözündən yayınmır...

65 yaşlı aktrisanın zahiri görkəminə həmkarları indi də həsəd aparır. Veronika gününün çox hissəsini idman zalında keçirir. «Həftənin 5 günü güc toplayıram. Masaj prosedurları ilə maraqlanıram. Piyada gəzməyi xoşlayıram. Yeməyimə diqqətlə yanaşıram. Mənim vücudum gəncliyimdə xatırladığınız obrazımdan heç də pis görünmür» - deyə aktrisa bildirir. Aktrisanın idman məşğuliyyəti və dietası öz nəticəsini verib. O, «Playboy» jurnalının üz qabığında yaşlı vaxtında çəkilən modellərdən biri olub. Düzdür, aktrisa plastik cərrahların xidmətindən istifadə etdiyini gizlətmir. Hətta deyilənə görə, onlardan biri ilə macəra da yaşayıb. İndi aktrisa gücünü biznesdə də sınayır. Kosmetika salonları, dükanlarına nəzarət edir. Aktrisa həyatını dolğun yaşayır, tədbirlərdə oxuyur, teatr tamaşalarında (dramatik və opera) oynayır və nəvəsi ilə mütəmadi kübar tədbirlərdə iştirak edir, sosial şəbəkələrdə pərəstişkarları ilə ünsiyyətdə olur. Dediyinə görə, Rusiyadan olan pərəstişkarları hələ də ona hədiyyə olaraq yaylıqlar, "valenka”lar, suvenirlər göndərirlər. 25 ildən çox vaxt keçsə də, rusiyalı tamaşaçılar «Varlılar da ağlayır» serialından onun Mariannasını və «Yabanı qızılgül»dəki Roza Qarsiyasını unutmayıblar. Aktrisa vətəni Meksikada bir çox filmlərə çəkilsə də, rusiyalılar onu bu iki filmə görə tanıyırlar. "Nəsillər var ki, keçmişə daha çox önəm verirlər. Onlar artıq tarixə qarışan filmləri, əsərləri, sənət nümunələrini sevirlər. Müasir dövrün çağırışları onların ruhunu poza bilmir. Onlar keçmişdən qopmaq istəmirlər. Mənim pərəstişkarlarım da elədir. Onlar çəkildiyim serialları unutmurlar. Məni yaşadan, mənə ruh verən həm də tamaşaçılar tərəfindən sevilməyimdir. Onlarla məni bağlayan bağlar qırılmayıb. Uzaq Meksikaya əli çatmayanlar sosial şəbəkələrdən məni izləyirlər. Axı Meksikada belə bir məşhur söz var: "İspan dilini bilirsinizsə, sosial şəbəkələrdə Veronika Kastroya yaza bilərsiniz. Gec də olsa, o sizə cavab yazacaq”.
Aktrisa facebook-dakı səhifəsinə özü nəzarət edir. Müxtəlif rollardakı şəkillərini qoyur, şəxsi mülahizələrini və xatirələrini bölüşür. Yaşının çox olmasına baxmayaraq, dağ xizəklərində sürüşməyi sevir. "Mən xöşbəxt aktrisayam” - Veronika Kastronun müsahibələrində tez-tez işlətdiyi bu cümlə onun bütün həyatının güzgüsüdür.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər