• şənbə, 20 Aprel, 00:02
  • Baku Bakı 15°C

Gözəl kostyum

28.06.16 11:39 2751
Gözəl kostyum
Bir vaxtlar balaca bir oğlan vardı bu dünyada, anası ona gözəl bir kostyum tikmişdi. Kostyum yaşıl və qızılı rəngdəydi, o qədər gözəl, incə idi ki, mən onu təsəvvür etməkdə çox acizəm. Kostyumun döş cibində narıncı rəngli gözəl dəsmal da qoyulmuşdu. Təptəzə düymələr ulduz kimi par-par yanırdı. Oğlan kostyumuyla fəxr edirdi, ilk dəfə onu geyinəndə neçə saat bədənnüma qabağında dayanıb özünə tamaşa etmişdi. Güzgüdə özünə elə heyran olmuşdu ki, az qala dəli olsun.
Oğlan hər yerə kosyumunu geyinib getmək, onu hamıya göstərmək istəyirdi. O bu vaxtacan getdiyi bütün yerləri xəyalına gətirirdi. Düşünürdü ki, parıldayan kostyumunu geyinib o yerlərə getsə, görəsən, adamlar ona necə baxar, yaxud o özünü necə hiss edər. O çox istəyirdi ki, kostyumunu geyinib otun üstüylə, çəmənlikdə ora-bura qaçsın. Oğlan bir şey istəyirdi! Kostyumunu geyinmək! Amma anası ona bircə bunu deyirdi: "Yox, olmaz!”
Anası ona deyirdi ki, kostyumunu səliqəli saxlamalıdır, çünki onun bir daha belə kostyumu olmayacaqdı. Anası deyirdi ki, o kostyumu yalnız və yalnız müəyyən mərasimlərdə geyinə bilər. "Bu, sənin toy kostyumundur” - anası ona belə deyirdi, sonra da salfetkayla kostyumun düymələrini silirdi ki, parlaqlığı itməsin. Oğlan belə şeylərə nifrət edirdi. Ancaq əlindən nə gəlirdi ki? Nəhayət, oğlan anasıyla razılaşdı. O tez-tez kostyumunu götürüb onun qırış yerlərini hamarlayır, sonra yenidən yerinə qoyurdu. Adama elə gəlirdi ki, oğlan daha kostyumu unudub, onu geyinmək haqda fikirləşmir. Yox, belə deyildi, oğlan bütün günü kostyumu nə zaman geyinəcəyini fikirləşir, hansısa mərasim olacağı günü səbirsizliklə gözləyirdi. O fikirləşirdi ki, görəsən, o nə vaxt bu kostyumu geyinib ürəyi istədiyi kimi çəmənikdə qaçacaq, kostyumun çirklənməsini, bulaşmasını vecinə almadan hər yerə gedə biləcək.
Bir gün gecə o yatanda yenə də kostyumunu yuxuda gördü. Gördü ki, kostyumun düymələrindən birinin işıltısı azalıb. Oğlan hətta yuxuda belə buna çox məyus oldu. Yuxuda o bu solmuş düyməni salfetkaya çoxlu-çoxlu sürtdü, amma faydası olmadı. Oğlan yuxudan ayıldı, fikirləşdi ki, görəsən o kostyumunu geyinib bir mərasimə gedəndə adamlar kostyumun işıltısı itmiş bu bu düyməsini görsələr o özünü necə hiss edər? Həmin yuxudan sonra o kostyumunu geyinib anasıyla bir mərasimə gedəndə kostyumunun bütün düymələrini yoxladı, bilmək istəyirdi ki, düymələr həmişəki kimi işıldayır, yoxsa yox.
Oğlan kostyumu çox nadır hallarda geyərdi, birbaşa kilsəyə gedib ordan da evə qayıdardı. Anası da yanında. Əgər hava buludlu olsaydı anası ona kostyumu geyinməyə icazə verməzdi. Çox isti havada da ona icazə verməzdi kostyumu geyinməyə. Anası istəmirdi ki, kostyum rəngini itirsin. Adətən, belə marasimlərdən sonra oğlan kostyumunun düymələrini çoxlu-çoxlu sürtür, onu səliqəli şəkildə öz yerinə qoyardı.
Oğlan anasının dediklərinə riayət edirdi. Amma bir aylı gecədə oğlan anasının qadağalarını tamam unutdu. Bir aylı gecədə o yuxudan ayıldı, pəncərəsinə düşən ay işığını gördü. Oğlana elə gəldi ki, həmin gecə ay işığı həmişəki kimi deyil, elə gecə də fərqli gecədir. Bir müddət oğlan yatağından durmayıb fikirləşdi, anasının ona qoyduğu qadağaları yadına saldı. Birdən o qalxıb çarpayısında oturdu. Ürəyi tir-tir əsirdi, başdan ayağa titrəyirdi. Çünki o qərarını vermişdi. O artıq çox yaxşı bilirdi ki, az sonra o kostyumunu geyinəcək. Nə baş verəcəyini ağlına gətirmək istəmirdi. O çox qorxurdu, çox, lap çox qorxurdu, amma bununla belə sevinirdi, çox sevinirdi.
Oğlan çarpayıdan düşüb pəncərəyə yaxınlaşdı, ay işığına boyanmış bağa baxdı. Nə edəcəyini yadına salanda yenə də titrədi. Bağdan cırcıramaların səsi gəlirdi. Oğlan yavaşca yataq otağından çıxdı. Yatanları oyadacağından qorxurdu. Qaranlıqda kostyumunu qoyduğu dolaba yaxınlaşdı, paltarların arasından kostyumunu tapıb götürdü. Düymələrin üstündəki salfetkaları kənara atdı. Kostyumun düymələri par-par yanırdı - anası ona ilk dəfə göstərdiyi kimi. İndi oğlana elə gəlirdi ki, anasının bu kostyumu tikdiyi vaxtdan neçə illər keçib. Kostyumun bircə düyməsi də işıltısını itirməmişdi. Kostyumu geyinəndə sevincdən ağladı, amma için-için. Qorxdu ki, səsini eşidərlər. Kostyumunu geyinib yenidən pəncərənin qabağına getdi. Bir neçə dəqiq sakitcə durdu. Kostyumu ay işığında par-par yanrdı. Düymələri ulduz kimi işıldayırdı. Sonra oğlan ayağını pəncərəaltına qoyub ehtiyatla bağa düşdü. Bağdakı cığırla gedəndə o bacardığı qədər səs salmamağa çalışırdı. Ayağını yerə yavaşca basırdı ki, yarpaqlar xışıldamasın.
Uzaqdan görünən kilsəyə baxdı. O gündüz olduğu kimi ağappaq idi.
Amma bağ fərqli idi. Gündüz göründüyü kimi deyildi. Ay işığı çəpərlərin üstünə düşmüşdü, hətta hörümçək torları da aydın görünürdü. Ağ, tünd qırmızı güllər ay işığında bərq vururdu. Bağın dərinliyindən bülbüllərin səsi eşidilirdi.
Oğlana elə gəlirdi ki, qaranlıq deyil, sadəcə, dünya sirli bir kölgəyə bürünüb, yarpaqların üstündəki şeh damcıları da ləl-cəvahiratdır. Göy üzü ulduzlarla doluydu.
Balaca oğlan sevndiyindən nə qışqırdı, nə də mahnı oxudu. O bir an heyranlıqla ətrafa boylanıb sakitcə dayandı. Sonra isə qəribə səs çıxarıb qışqırdı, qollarını qaldırb qaçmağa başladı. O elə qaçırdı ki, sanki bütün bu gözəlliyi qucaqlamaq istəyirdi.
O bağdakı cığırla qaçmırdı, əksnə, tərəvəz əkilmiş ləklərin üstüylə qaçırdı. Ayağı şehli otlarda islana-islana qaçırdı. Əməköməcinin ağ gülləri ayağına dəyə-dəyə qaçırdı. Bəzi yerlərdə otlar dizinə çatırdı.
Qarşısına kol çıxanda kolu yana eləyib içindən keçdi. Onun gözəl kostyumu kola ilişdi, ancaq o buna əhəmiyyət vermədi.
O heç nəyi vecinə almırdı, bilirdi ki, o həmişə bu günü arzulayıb
"Nə yaxşı ki, kostyumumu geyindin. Şadam ki, geyindim” – oğlan öz-özünə deyirdi.
Kolluğu keçəndən sonra gölməçə gördü. Gündüzlər burda ördəklər üzərdi. Amma gecə, ay işığında bu gölməçə gümüş kimi bərq vururdu. Qurbağalar qur-qur quruldayırdı. Oğlan fikirləşmədən gölməçəyə girdi, su dizinə çatırdı. Hərdən əyilib əlini suya salırdı. O gölməçəni keçib sahilə çıxdı. Kostyumu su çiçəklərinə bulaşmışdı. Üstündən gümüş rəngli su damcılayırdı. Gölməçənin sahilində soyüd altında dayanıb dincini alandan sonra yola çıxdı. Yol tozluydu, amma oğlana görə yol ağ duman idi. O tozu vecinə almırdı. Yolda gedəndə başı üstə bir kəpənək də uçurdu. "Balaca kəpənək. Əziz kəpənək! Bu gün dünyanın ən gözəl gecəsdir! Əziz kəpənək, necə bilirsən mənim kostyumum dünyada ən gözəl kostyumdur, elə deyil? Sənin qanadlarındakı naxış kimi gözəldir, elə deyil?”
Kəpənək oğlanın başı üstə fırlandı, fırlandı, nəhayət, ona daha da yaxın gəldi və onun məxmər qanadları oğlanın dodaqlarına toxundu.
Səhər açılanda balaca oğlanın cəsədini tapdılar yolda. Yıxılanda başı daşa dəymiş, boynu qırılmışdı. Gözəl kostyumu qana bulaşmış, ləkə-ləkəydi. Gölməçədən keçərkən islanan kostyumu toza bulaşmışdı. Amma oğlanın üzünə baxanda bilmək olardı ki, o ölərkən özünü necə xoşbəxt hiss edirmiş.
İngiliscədən tərcümə etdi: Sevil Gültən
banner

Oxşar Xəbərlər