• cümə, 19 Aprel, 17:04
  • Baku Bakı 25°C

Göz Bankı gözə nur verə bilər?

24.01.17 13:00 1619
Göz Bankı gözə nur verə bilər?
Azərbaycanda gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruri hesab edilir. Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloqu Xəlil Hüseynov Trend-ə bildirib ki, hazırda Azərbaycanda qarşıya qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsidir. Gözün buynuz qişasının transplantasiyası sahəsində boşluq olduğunu hesab edən baş oftalmoloq qeyd edib ki, 2003-cü ildən 2011-ci ilə qədər ölkədə bu əməliyyatlar keçirilib. Ancaq 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədi ilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilmədi: "Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı yoxdur. Ona görə də biz Azərbaycanda Göz Bankının açılacağını gözləyirik. Bu, spesipik bir bankdır. Orada göz xüsusi olaraq, transplantalogiya üçün hazırlanır".

X.Hüseynovun sözlərinə görə, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi olmasa da, İslam Respublikası olan İranda bu təcrübə artıq çoxdan tətbiq edilir. Baş oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən insanların yaxınları ölmüş şəxsin orqanlarından transplantalogiya məqsədilə istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar.

X.Hüseynov bildirib ki, əvvəllər bütün buynuz qişası digər insana köçürüldüyü halda, artıq indi bir buynuz qişa 2 nəfər üçün istifadə edilə bilər: "Əgər biz hər buynuz qişanı 2 nəfərin arasında bölüşdürə bilsək, bu, çox önəmli məsələ olar. Çünki buynuz qişanı tapmaq asan deyil".

Gözün buynuz qişasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyən həkim bildirib ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda həmin həkimlərin nəzarəti altında ola bilmirlər.

Azərbaycanda gözdən şikayət edən xəstələr arasında daha çox "qara su" və "mirvari suyu" xəstəliklərinə, uşaqlar arasında isə çəpgözlük hallarına rast gəlindiyini açıqlayan X.Hüseynov qeyd edib ki, insanlar uzun müddət kitab oxuduqda, televizora, telefona baxdıqda gözlərdə qırpmalar azalır, buxarlanma zəifləyir və nəticədə gözdə quruluq yaranır. Bu isə gözün sağlamlıq durumunun pisləşməsinə gətirib çıxarır: "Göz xəstəliklərindən azad olmaq istəyən insanlar vaxtaşırı olaraq gözlərini müayinə etdirməlidirlər. Ehtiyac duyulan əməliyyat da vaxtında aparılmalıdır, çünki əks halda, fəsadlar daha da ciddiləşir. Bunları nəzərə alaraq, xəstələr üçün xüsusi kampaniya keçiririk. Biz eynəkdən azad olmaq istəyən insanlar üçün əməliyyatları martın sonuna kimi 50 faiz endirimlə edəcəyik".

Hazırda ölkəmizdə bu problemdən əziyyət çəkən kifayət qədər insan var. Bir çoxları isə məcburiyyət qarşısında qalıb əməliyyat üçün xarici ölkələrə üz tutmalı olurlar. Bunun da kifayət qədər maddi vəsait tələb etdiyi heç kimə sirr deyil. Bəs görəsən ölkəmizdə belə bir bankın yaradılması nə dərəcədə realdır? Hazırda bu sahədə vəziyyət nə yerdədir, hansı boşluqlar və perspektivlər var? Mövzu ilə bağlı suallarımızı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müvaini Musa Quliyevə ünvanladıq. Millət vəkilinin sözlərinə görə, indi göz bankının yaradılması bir o qədər də real deyil: "Ol bilsin ki, gələcəkdə belə bir bankın yaradılması mümkün olsun. İlk növbədə göz bankının yaradılması üçün meyitdən orqan götürülməsi işi təşkil olunmalıdır. Heç şübhəsiz ki, ya həmin insan sağlığında, ya da onun qohumları şəxs dünyasını dəyişəndən sonra yazılı şəkildə buna razılıq verməlidir. Hesab edirəm ki, bunun üçün müvafiq qurum yaradılmalıdır. Götürülən buynuz qişanın saxlanılması ilə bağlı iş aparılmalıdır. Bütövlükdə isə hesab edirəm ki, meyitdən orqanın götürülməsi işi təşkil olunandan sonra bu işi də təşkil etmək olar. Amma ayrıca göz bankının yaradılmasını real hesab etmirəm”. Bu sahədəki çatışmazlıqlardan bəhs edən millət vəkili bildirdi ki, əslində ciddi boşluqlar yoxdur: "Milli Məclisdə komitənin iclasında artıq bu məsələ müzakirə olunub. İlk olaraq buynuz qişaya ehtiyacı olan insanların görmə problemini həll etmək üçün yaxın ölkələrdən buynuz qişanın gətirilməsi işini təşkil etmək olar. Bunun üçün yaxın zamanda işçi qrupunun yaradılması nəzərdə tutulur. Həmin işçi qrupu hüquqi prosedurların həyata keçirilməsi ilə məşğul olacaq. Qanunvericilikdə bu sahədə müvafiq dəyişikliklər aparılmalıdır. Problem öyrənildikdən sonra qərar qəbul olunacaq. Yaxın vaxtlarda yəqin ki, bu barədə ətraflı məlumat veriləcək”.

Musa Quliyev bildirdi ki, bunun üçün iş sistemli şəkildə təşkil edilməlidir: "Bu əməliyyat yalnız o halda həyata keçirilə bilər. Digər ölkələrdən buynuz qişanı alıb gətirmək mümkündür. Amma bütövlükdə orqan köçürülməsi işi ölkəmizdə tətbiq olunmadığına görə, buynuz qişanın götürülməsi və bankının yaradılması bir o qədər də inandırıcı görünmür. Amma hüquqi cəhətdən bu sahədə heç bir problem yoxdur. Qanun buna icazə verir. Sadəcə, işin təşkilati mexanizmləri hazırlanmalıdır. Bunun üçün həmçinin, klinikalar müəyyənləşdirilməlidir. Kimlər bunu edə bilər, yaxud buynuz qişa kimlərdən götürülə bilər. Daha sonra buynuz qişa harada və hansı şəraitdə saxlanılacaq kimi məsələlər həllini tapmalıdır. Həmçinin, bu sahədə lazım olan texnoloji avadanlıqlar da mühüm əhəmiyyət kəsb edir. Ona görə də işin təşkilati tərəfi həll olunmalıdır. Hazırda Səhiyyə Nazirliyində və Nazirlər Kabinetində bu sahədə çalışmalar gedir”.

Millət vəkili əməliyyat sonrası hansısa fəsadların olub-olmayacağı haqda da bəhs etdi: " İstənilən əməliyyatdan sonra ağırlaşma ola bilər. Lakin bütövlükdə 90 faiz xəstələrdə bu əməliyyatdan sonra görmə problemi demək olar ki, tam aradan qaldırılır. Bu kimi əməliyyatlar dünyanın bir çox yerində həyata keçirilir. Əməliyyatdan sonra xəstələrin görmə problemi öz həllini tapır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər