AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Göydən yağan fəlakət

Göydən yağan fəlakət

Cəmiyyət
03 Aprel 2021, 14:00 550
Dolu insan sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına da ciddi ziyan vurur

Dolu, qeyri-adi təbiət hadisəsidir. Xoşbəxtlikdən, göydən düşən buz parçaları nadir hallarda yağır. Əgər bu belə olmasa idi, insanlıq üçün qarşısıalınmaz fəlakətlərə səbəb olardı. Ağır dolu daşları sağlamlığa, əmlaka zərər verir, kənd təsərrüfatında məhsulun korlanmasına səbəb olur. Bəs dolu nədir və hansı hallarda baş verir?
Dolu buz qabığı ilə örtülmüş qar yığıntılarıdır. Bəzən qar dənələri dolu daşlarının buzlu səthində donur və qəribə bir formaya çevrilir. Əksər hallarda dolu daşları qar-buz toplarına bənzəyir.

Dolu böyük şaquli qalınlığa malik buludlardan düşür. Onların zirvələri 10 km-dən çox yüksəkliyə çata bilər. Həmin buludlarda güclü cərəyanlar müşahidə olunur. Bu buludlar nəm damlacıqlarını çox aşağı temperaturlara (-20, -40 dərəcə) qədər qaldıra bilir, burada su damlaları donur, buz və buz kristallarına
çevrilir. Buluddakı dolu daşlarının yerləşmə vaxtından və yer səthinə gedən yolun uzunluğundan asılı olaraq, ölçüləri millimetrdən bir neçə santimetrə qədər ola bilər.
 
Dolu ən çox göy gurultulu leysan yağışları zamanı müşahidə olunur. Statistik məlumatlar göstərir ki, orta hesabla mülayim enliklərdə dolu göy gurultulu leysanla müqayisədə 8-10 dəfə az müşahidə olunur. Bununla birlikdə, bəzi coğrafi bölgələrdə dolu düşmə tezliyi yüksəkdir. ABŞ-da ildə altı dəfə, Fransada, Şimali Qafqazda və Gürcüstanda isə üç-dörd dəfə dolu müşahidə olunan ərazilər var.
 
Dolu ilə bağlı ən maraqlı hadisə 1970-ci ildə Kanzas ştatında baş verib. Ştata qeyri-adi dolu düşüb. Şahidlər 40 santimetr diametrli və təxminən 800 qram ağırlığında nəhəng bir topun yerə düşdüyünü deyirlər. Göydən gələn "qonaq” hər tərəfdən iti tikanlarla örtülüb.
Ən böyük dolu 1981-ci ilin yazında Çin sakinləri tərəfindən müşahidə edilib. Bəzi buz obyektləri təxminən 7 kiloqram ağırlığında olub. Təbii fəlakətdə beş nəfər ölüb, bir çox bina dağılıb.
 
1961-ci ildə Hindistanda 3 kq ağırlığında dolu hətta fili öldürüb. 1939-cu ildə isə Şimali Qafqazın Nalçik şəhərində toyuq yumurtası boyda dolu düşərək, təxminən 2000 qoyunu öldürüb.
 
Dolunun insan üçün təhlükəsi nədir?
 
Dolunun bu günə kimi qeydə alınan ən kiçik çəkisi 0,4 kiloqram, ən böyüyü isə 1 kiloqramdan yuxarıdır. Bir çox insanda başgicəllənməsinə, huşun itirilməsinə və bədənin müxtəlif yerlərinin qırıqlarına səbəb olan dolu yağışlarından güclü travmalar nəticəsində ölənlər da var.
Dolunu planetimizdəki ən təhlükəli hadisələrdən biri hesab etmək üçün ən vacib səbəblər bunlardır:
1. Böyük ölçü və intensivliklə düşən dolu insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yarada bilər (müxtəlif növ yaralanma, sınıqlar, travmalar və s.)
2. Kənd təsərrüfatına böyük ziyan vurur (müxtəlif bitki və ağaclar ölür).
3. Dolu elektrik xətlərinə zərər verə bilər və bu da naqillərə böyük zərbə vurur (məftillər yoldan qopur, bu da müxtəlif
fövqəladə vəziyyətlərə və elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər).
4. Dolu müxtəlif nəqliyyat vasitələrinə ziyan vurur və bu da öz növbəsində insanların yaralanmasına səbəb olur. (yüksək sürətlə düşən dolu avtomobil şüşələrini qıra, nəqliyyat vasitələrinin damlarını əzə bilər)
5. Dolu qatarların relslərini da doldura bilər ki, bu da bir çox hallarda böyük fövqəladə vəziyyətlərə gətirib çıxarır. Çox miqdarda dolu düşəndə, qatarların təkərlərinin altına düşərək nəqliyyatın hərəkətini yavaşladır və hətta bəzən texniki nasazlıqlara səbəb ola bilər.

Azərbaycanın "dolu”su
 
Ölkəmizin bölgələrində xüsusi ilə yaz və yay aylarında yağan dolu aqrar sahəyə ciddi zərər vurur. Mütəxəssislərin sözlərinə görə, bu fəsildə yağan dolu bəzi məhsulların qıtlığı və bahalaşacağı ilə nəticələnə bilər.
Aqrar sahə üzrə ekspert Nicat Nəsirli deyir ki, dolu kənd təsərrüfatına 70 faizdən çox ziyan vuran təbii faktorlardan biridir: "Nəzərə alsaq ki, Azərbaycanda ənənəvi olaraq taxılçılıq və meyvəçilik geniş yayılıb. Dolu xüsusən bu iki sahə üzrə ciddi təhlükə yaradır. Dolu yağması nəticəsində taxıl yatır və bitkinin boy verməsi mümkün olmur. Taxıl bir daha özünü qaldıra bilmir, nəticə kombaynlar da taxılı çox aşağıdan biçə bilmir”.

Ekspert deyir ki, dolunun ikinci zərbə vurduğu istiqamət meyvəçilikdir : "Azərbaycan iqliminə görə bu, ağacların çiçəkdən çıxıb bar vermə dövrünə qədəm qoyanda baş verir. Bu, təxminən aprel ayının ortaları, may ayının əvvəllərinə təsadüf edir. Hər il biz hər iki sahə üzrə dolunun müxtəlif bölgələrdə böyük ziyanlar vurduğunu müşahidə edirik. Eyni zamanda, ənənəvi əkinçilik sahələrindən biri də kartofçuluqdur. Dolu bu sahə üçün daha təhlükəli bir amil sayılır. Çünki, kartof kökümeyvəlilər cinsinə daxil olan bitkidir. Onun meyvəsi kökündə olur, amma onu əsas olaraq fizioloji inkişaf etdirən yaşıl kütləsidir. Yaşıl kütləni dolu vuraraq yatırdır və nəticədə onun meyvələrində inkişaf dayanır. Bu mənada Azərbaycan kənd təsərrüfatı üçün bir çox risklərin olduğu coğrafi iqlim qurşağında yerləşir və buraya doluya bərabər digər risklər də daxildir”.

Uzun illərdir təsərrüfatla məşğul olan Qəhrəman Əliyev də deyir ki, dolu nəticəsində ağacdakı meyvələr vaxtsız tökülür: "Dolu yağışları məhsulu məhv edir. Xüsusi ilə Quba zonasında yağan dolu və yağış meyvələri yerə tökür. Ən çox meyvə bağlarına, üzümlüklərə, əkin sahələrinə zərər yetirir, bəzən də ev quşlarını, xırdabuynuzlu heyvanları, arı ailələrini öldürür, iri dolu dənələri evlərin dam örtüyünü yararsız hala salır”.

Fermer Arif Sarıyevin də məhsulları dolunun qurbanı olub: "Dolu təsərrüfatlarımıza ciddi ziyan vurur. Bir dəfə güclü yağan dolu yağışları meyvə ağacların hamısını məhv etmişdi. Ən çox meyvə gətirən ərik, qoz ağaclarımız, bostanımızda pomidor, kartof, soğan əkmişdik, hamısı tələf oldu”.
Azərbaycanda ən çox dolu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Kiçik Qafqazda Qazax, Tovuz, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonlarının ərazilərində müşahidə olunur. Ölkə ərazisində dolu yağma halları, əsasən, may-iyun və sentyabrın sonu - oktyabr aylarında müşahidə edilir.
Məlumat üçün bildirək ki, Azərbaycanda doluvurmaya qarşı mübarizə işlərinə 1926-cı ildən başlanılıb. Doludan müdafiə üçün raket üsulu tətbiq edilib. İlk illər bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının olmamağı nəticəsində bəzən insan tələfatı ilə nəticələnən bu metodun fəaliyyəti uzun illər dayandırılsa da, sonrakı illərdə doluya qarşı artilleriya üsulundan istifadə edilib. Artilleriya qurğuları vasitəsi ilə reagent birbaşa dolu yaradan buludların mərkəzinə daxil edilir. Digər üsul raket üsulu olub— raketlər vasitəsi ilə buludun soyumuş hissələri reagentlərlə aşılanır.

Nəhayət, üçüncü üsul qarışıq üsul olub artilleriya mərmiləri vasitəsi ilə buludun isti hissəsinə hidroskopik maddə, buludun soyumuş hissəsinə isə kristal reagent daxil edilir, yəni əvvəlki iki metodla buludun isti hissəsi aşılanır.
Respublikada ilk dəfə olaraq doluya qarşı mübarizə ekspedisiyası 1967-ci ildə Dağlıq Qarabağda, 1968-ci ildə Şamaxıda yaradılıb.
 
Aygün ƏZİZ