• çərşənbə, 24 Aprel, 02:27
  • Baku Bakı 14°C

Gürcüstanın Neft və Qaz Korporasiyasının səhmlərinin alışında SOCAR-ın əsas rəqibi "Qazprom"dur

12.12.16 14:33 969
Gürcüstanın Neft və Qaz Korporasiyasının səhmlərinin alışında SOCAR-ın əsas rəqibi "Qazprom"dur
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Neft və Qaz Korporasiyasının səhmlərinin 25%-nin satışa çıxarılacağını elan etməsi Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub. Ermənistanın narahatlığına səbəb olan odur ki, Gürcüstandan Ermənistana qaz nəql edən magistral kəmərin sahibi olan korporasiyanın səhmlərinin potensial alıcı qismində SOCAR və "Qazprom" şirkətləri çıxış edir. Məhz SOCAR-ın alışa maraq göstərməsi rəsmi Yerevanı narahat edir. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazır.
Ermənistanın narahatlığını dərinləşdirən məqamlardan biri də odur ki, qonşu ölkənin vətəndaş cəmiyyəti Gürcüstanın dövlət şirkətinin səhmlərinin Rusiya nəhənginə satılmasının yolverilməz olduğuna işarə edir. Belə olan halda, potensial alıcı qismində yalnız SOCAR çıxış edə bilər, "Qazprom"un iştirakı isə formallıqdan başqa bir şey deyil.
"Yanvar ayında Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Millerlə Ermənistana tranzit olunan qaza görə tariflərin artırılması və əlavə həcmdə qazın alışına dair danışıqlar aparması cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. Nəticədə, hökumət işğalçı tərəflə işbirliyi etməkdə günahlandırıldı. Məntiqi sonluq kimi, Gürcüstan Azərbaycandan əlavə həcmdə qaz almağa başladı", - deyə qəzet xatırladır.
Hakim "Gürcü arzusu" partiyasının üzvü Revaz Arveladze isə deyir ki, korporasiyanın səhmlərinin 25%-nin "Qazprom"a satılması cəmiyyətin narazılığına səbəb olmayacaq: "Hökumət səhmləri daha əlverişli təklif verən şirkətə satacaq. Digər tərəfdən, biz magistral qaz kəmərini satışa çıxarmırıq. Unutmayın ki, 2005-ci ildə Saakaşvili bu kəməri "Qazprom"a satmaq istəyirdi, lakin ciddi narazılıqlar və ABŞ-ın məsələyə qarışması nəticəsində əqdi bağlamaq mümkün olmadı".
Ekspert Giya Xuxaşvili isə bildirir ki, hansısa şirkət tərəfindən korporasiyanın səhmlərinin 25%-nin alınması ona şirkətin fəaliyyətinə nəzarət etməyi imkan vermir: "SOCAR beynəlxalq səviyyədə tanınan şirkətdir və öz reputasiyasına böyük önəm verir. Söhbət beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərən şirkətdən gedir. Ermənistan mətbuatının təşvişini anlayıram, lakin onları əmin etmək istəyirəm ki, səhmlərin satışı Ermənistana qaz nəqlinə təsir etməyəcək".
banner

Oxşar Xəbərlər