Gürcüstanı bürüyən yanğınlarla bağlı maraqlı iddialar
Gürcüstanda avqustun sonlarından başlayan yanğınlar səngimir. Ötən
gün isə yanğın Tbilisiyə də gəlib çıxıb – pampaslar (paytaxtın tarixi
məhəlləsində yerləşən yer belə adlanır) yanmağa başlayıb. Yalnız vertolyotların
köməyi ilə yanğını söndürmək mümkün olub. Acarıstanda, Kaxetiyada, yüksək dağ
əraziləri Tuşetidə isə meşələr yanmaqdadır. Həmin yerlərə relyef problemli olduğundan
texnika qaldırmaq mümkün deyil. Faktiki olaraq yanğınsöndürənlər yalın əllərlə
odun öhdəsindən gəlməyə çalışırlar. Ölkənin müxtəlif bölgələrini əhatə edən
təbii fəlakətlə mübarizəyə könüllülərdən başqa müxtəlif qurumların təxminən 2
min əməkdaşı cəlb edilib. Ən kritik anlarda məsələyə ordu birləşmələri və polis
cəlb edilir. Yanğınların söndürülməsi üçün gürcü pravoslav kilsəsi də öz
köməyini əsirgəmir – dualar vasitəsilə. Gürcülər zarafatla qeyd edilər ki, onların
duaları küləyi gücləndirib. Bu da vəziyyəti daha da ağırlaşdırıb.
Yeri gəlmişkən Türkiyə, Belarusla yanaşı, Azərbaycanda da xüsusi
yanğınsöndürmə xidməti Borjomi dərəsində yanğının söndürülməsində köməklik
göstərib. Azərbaycan və Belarus yanğınsöndürənləri artıq geri dönüblər. Türkiyə
tərəfindən isə xahiş edilib ki, bir müddət qalsınlar. Səbəb gürcü tərəfinin
resurslarının kifayət qədər olmamasındadır. Yanğın Borjomi dərəsindəki Dab
kəndi yaxınlığında daha güclüdür. Bütün bu günlər ərzində yüzlərlə
yanğınsöndürən yanğınla mübarizə aparır. Gürcüstan baş naziri Georgi
Kvirikaşvilinin sözlərinə görə, yanğının söndürülməsi üçün 6 helikopter və 1500
canlı qüvvə cəlb edilib. Onun göstərişi ilə Borjomi bələdiyyəsində yanğının
aradan qaldırılması istiqamətində fövqəladə qərargah yaradılıb. Təbii ehtiyatlar
və ətraf mühitin qorunması nazirinin verdiyi məlumata görə, Borjomi dərəsində
yanğın avqustun 20-də başlayıb. Bu, Borjomi dərəsində baş verən ilk yanğın
deyil. 2008-ci ildə Rusiya-Gürcüstan arasında baş verən silahlı münaqişə zamanı
da Borjomi dərəsində yanğın baş vermişdi. Əvvəl yanğının 5 hektarlıq sahəni
bürüdüyü bildirilirdi. Lakin ikinci gün vəziyyət daha da gərginləşib və yanğın daha
böyük əraziyə yayılmağa başlayıb. Yanğın nəticəsində nə qədər sahəyə ziyan
dəyməsi barədə dəqiq məlumatlar yoxdur. Lakin ilkin məlumatlara görə, 10
hektarlıq sahənin ziyan çəkdiyi ehtimal olunur. Hava şəraitinə görə davamlı
olaraq yanğının və tüstünün güclənməsi yerli əhalidə narahatlıq yaradıb. Lakin
ölkə rəhbərliyinin sözlərinə görə, hazırkı mərhələdə yerli sakinlərin həyatı
təhlükədə deyil və onların təxliyə edilməsinə də ehtiyac yoxdur. Baş nazirin
sözlərinə görə, digər ölkələr də, o cümlədən Ukrayna, ABŞ, İsrail, İran və
Avropa ölkələri də öz yardımını təklif edib.
Gürcüstana kömək əlini uzadanlar arasında Rusiya da var. Bu isə
birmənalı qarşılanmayıb. Gürcüstan baş nazirinin sözlərinə görə, Gürcüstan və
Rusiya arasındakı gərgin münasibətlər şəraitində bu təklif müsbət
qiymətləndirilir. Bir qədər əvvəl ölkə rəhbərliyi buna ehtiyac olmadığı üçün
Rusiya tərəfinin təklifinin qəbul edilmədiyini bildirmişdi.
Yanğının aradan qaldırılması istiqamətində yaradılmış fövqəladə
qərargaha daxili işlər naziri Georgi Mqebrişvili başçılıq edir. Rəhbərliyin
məlumatına görə, müxtəlif hökumət orqanlarının daxil olduğu qərargah 24 saat
fəaliyyət göstərir. Baş nazir və qərargah üzvləri fəlakət zonasında, Borjomi
dərəsində qalırlar. Bununla yanaşı, müxalifət nümayəndələri rəhbərliyin
hadisəyə gec reaksiya verməsindən və yanğınla effektsiz mübarizə aparmalarından
danışır.
Odla total mübarizə həm də seçki dövrünə təsadüf edib. Oktyabrda ölkədə
yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək. Müxalif "Vahid Mili Hərəkat”
hakimiyyəti qeyri-effektiv fəaliyyət göstərməkdə, təbii katalikizmlərə hazır
olmamaqda, vəsaitləri boş-boşuna sərf etməkdə günahlandırır. Yanğınların baş
vermə arealları onun Rusiya tərəfindən törədilə bilmə ehtimallarını
gücləndirib. Müxalifətyönlü "Vahid Milli Hərəkat”dan olan deputatların
fikrincə, yanğın söndürüldükdən sonra tədqiqat aparılmalı, yanğının baş vermə
səbəbləri ilə yanaşı, ölkə rəhbərliyinin hadisəyə reaksiyası da
araşdırılmalıdır. Jurnalistlərin yanğının süni şəkildə başlamasının mümkünlüyü
barədə suallarını cavablandıran daxili işlər naziri Georgi Mqebrişvili bildirib
ki, istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. "Mən bir polis
kimi heç bir şeyi istisna etmirəm və biz bütün versiyalar üzərində işləyirik”,
- deyə Mqebrişvili qeyd edib. "Vahid Milli Hərəkat”dan ayrılan "Avropa
Gürcüstanı” hədəf kimi ölkənin qeyri-formal lideri Bidzina İvanişvilini seçib.
Onların qənaətincə, İvanişvilinin 10 ədəddən ibarət vertolyot parkı
fəaliyyətsizdir. Bu qədər texnika olduğu halda, texniki kömək üçün qonşu
dövlətlərə müraciət edilir. İvanişvilinin arxasında durduğu hakim "Gürcü
arzusu” "avropalılara” boş-boş iddialar irəli sürməməyi, əvəzində oliqarxın nə
qədər vertolyotları olduğunu, ən əsası, onların yanğını söndürməyə yararlı
olub-olmadığını araşdırmağa çağırıb. Onlar M.Saakaşvilinin lideri olduğu
partiyaya xatırladıblar ki, əvvəlki hakimiyyət dövründə də yanğınlar baş
verirdi və "Gürcü arzusu”na "Vahid Milli Hərəkat”dan hansısa bir texnika miras
qalmayıb. O ki qaldı təxribatlara – Tbilisi merliyinə namizəd, baş nazirin
müavini Kaxa Kaladze bildirib ki, bu miqyasda və həcmdə yanğın baş verirsə,
təxribat versiyası dərhal ortaya çıxır. Lakin o, əlavə edib ki, bunu təsdiq
edən hər hansı bir fakt mövcud deyil. Yandırılma faktını daxili işlər naziri
Georgi Mqebriaşvili də istisna etməyib. Onun sözlərinə görə, vəziyyət
sabitləşdikdən sonra yanğının baş vermə səbəbləri sırasında bu versiya da
araşdırılacaq. Saakaşvili tərəfdarlarının Rusiya ünvanına səsləndirdikləri
ittihamlar ekspert dairələrində əsas müzakirə mövzusudur. Məsələn, "Arsenali”
hərbi jurnalının baş redaktoru İrakli Aladaşvili yazır ki, meşələri dronlar
vasitəsilə yandıra bilərlər: "Gecələr pilotsuz qurğuları aşkar etmək çətindir,
miniatür kvadrokopterləri isə ümumiyyətlə görmək mümkün deyil”.
Azər NURİYEV