• şənbə, 20 Aprel, 09:19
  • Baku Bakı 14°C

Gürcüstanda qarşılıqlı ittiham savaşı

16.03.20 18:13 1531
Gürcüstanda qarşılıqlı ittiham savaşı
İqtidar və müxalifət bir-birilərini yalan danışmaqda günahlandırır

Gürcüstan müxalifəti hakimiyyətdən bu günlərdə əldə olunan razılaşmanın bütün bəndlərinə əməl etməyi tələb edir. Söhbət bütün siyasi məhbusların – Tbilisinin keçmiş meri Qiqi Uqulava, sabiq müdafiə naziri İrakli Okruaşvili, ən iri müxalifət telekanalı "Mtavari arxi”nin rəhbəri Georgi Rurua və fəal Besika Tamlianinin azad edilməsindən gedir. Hakimiyyət də öz növbəsində müxalifəti yalançılıqda ittiham edib. Bildirib ki, ölkədə siyasi məhbus olmadığından kimisə azad etməyə lüzum yoxdur.
Formal cəhətdən hakimiyyət düz deyir. Uqulava Ali Məhkəmənin qərarı ilə üç illik həbs cəzasına məhkum edilib. O, Tbilisi meri işləyərkən çoxmilyonluq dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur. O ki qaldı Okruaşviliyə, keçmiş nazir dövlət çevrilişi cəhdi çağırışlarına görə həbs edilib. Rurua isə odlu silah gəzdirmək və saxlamaq maddələri üzrə ittiham olunaraq həbsxanaya salınıb. Tamlianinin də barəsində qanunazidd hərəkətlərə görə həbs qərarı çıxarılıb. Lakin müxalifət hesab edir ki, onlar hamısı etirazları dəstəklədiklərinə və çıxışlar səsləndirdiklərinə görə cəzalanıblar. Okruaşvili və Tamliani "Qavrilov gecəsi” kimi gürcü tarixinə düşən hadisələr zamanı həbs ediliblər. Onlar həmin gün Rusiya Dövət Dumasının deputatı Qavrilovun Tbilisi parlamentində çıxış etməsinə etiraz ediblər. Ötən ilin yazında baş verən hadisələr zamanı çoxsaylı etiraz aksiyaları keçirilmişdi. Hətta parlamentin ələ keçirilməsinə cəhdlər də olmuşdu. Hadisələrdən az sonra Rurua və Uqulava həbs edildilər.
Müxalifət iddia edir ki, hakimiyyət bu həbsləri həyata keçirməklə müxalif hərəkatı zəiflətməyə çalışır. Seçki sistemi ilə bağlı razılıq əldə olunduqdan sonra müxalifət etiraz aksiyalarını dayandırdı. Müxalifət hesab edir ki, əgər onlar aksiyaları dayandırıblarsa, hakimiyyət də repressiyaları dayandırmalı və həbs olunanları azad etməlidir.
Müxalif "Avropa Gürcüstanı” partiyasının liderlərindən olan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Qiqa Bokeriya hesab edir ki, hakimiyyət onların həbsdə olan tərəfdarlarını dərhal azad etməli, cinayət işlərini qapatmalıdır. Hakimiyyət bunu əmin-amanlıq, sakitçilik, asayişin bərpa olunması, gərginliyin azalması naminə etməlidir. Seçki kampaniyasının normal atmosferdə başlaması naminə bu addımı atmalıdır. Gürcü mediası bu qənaətdədir ki, əsas çətinlik Uqulava ilə bağlıdır. Belə ki, onun barəsində artıq Ali Məhkəmənin qərarı var. Konstitusiyaya görə, o, azadlığa yalnız prezidentin əfv sərəncamı ilə çıxa bilər. Özünü günahkar saymayan və hakimiyyət əleyhinə iri yürüşlərin təşəbbüskarı kimi tanınan Tbilisinin keçmiş meri isə artıq əfv barədə prezident Salome Zurabişviliyə müraciət edib. Hələ ki prezidentin reaksiyası məlum deyil. O da bəllidir ki, Uqulavanın müdafiəsinə Avropa Parlamentinin bir qrup deputatı qoşulub. Onlar kollektiv şəkildə Tbilisinin keçmiş merinin azad edilməsi ilə bağlı Zurabişviliyə müraciət ünvanlayıblar.
Hakimiyyət isə, qeyd etdiyimiz kimi, opponentlərini spekulyasiya və şantajda ittiham edir. "Gürcü arzusu”nun liderlərinin sözlərinə görə, müxalifətlə razılaşma yalnız seçki sisteminin dəyişdirilməsi ilə bağlı olub. Və o da yerinə yetiriləcək: parlament seçkiləri bu ilin payızında qarışıq proporsional və majoritar sistem üzrə keçiriləcək.
Rusiya mediası isə yazır ki, Gürcüstan hakimiyyət orqanlarının etiraz aksiyalarından ehtiyat etmələrinə əsas yoxdur. Bu, nə bu gün, nə də sabah gözlənilir. Ölkədə, ümumiyyətlə dünyada koronavirus təhlükəsi üzündən vəziyyət mürəkkəbdir. İctimai tədbirlərin hamısı ləğv edilib, hər yer bağlanıb. 24 saatlıq iş rejiminə keçən hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq edib. Virusun ölkə iqtisadiyyatına ziyanını minimuma endirmək üçün xüsusi plan hazırlanıb. Nazirlər Kabinetinin təşəbbüsü ilə hazırlanan təşəbbüsü ölkənin bütün iri bankları, turizmlə bağlı biznes dairələri dəstəkləyib. Onların hamısı vergilərdən azad edilib, bankların borcları restruktizə olunub. Bu müddət ərzində onların ödəyəcəkləri faizlər də ləğv olunub. Əhali də hökumətin atdığı addımları dəstəkləyib. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, belə mürəkkəb dövrdə müxalifətin əhalini etirazlara səsləməsi axmaqlıq olardı.
Xatırladaq ki, bu günlərdə hakim və müxalif partiyaların liderləri seçki islahatlarının keçirilməsinə dair razılaşma əldə ediblər. ABŞ-ın Tbilisidəki səfirliyi bildirib ki, saziş "bu il keçiriləcək parlament seçkilərindən əvvəl Gürcüstanda siyasi mühitin qütbsüzləşdirilməsi və normallaşdırılması yolunda həlledici addımdır”. Bundan əvvəl müxalifət partiyaları mövcud seçki sisteminin hakim "Gürcü arzusu” partiyası üçün daha sərfəli olduğunu bildirirdilər. 2020-ci il seçkisinin proporsional əsasla keçirilməsi müxalifətin 2019-cu ilin iyulunda paytaxt Tbilisidə keçirdiyi izdihamlı mitinqin əsas tələbi idi. İmzalanmış anlaşma memorandumunda deyilir ki, iki tərəf parlamentin 120 deputatının proporsional sistemlə, 30 deputatın isə majoritar sistemlə seçilməsi barədə razılığa gəlib. Seçkinin majoritar sistemlə keçirildiyi dairələrdə səslərin 50 faizindən çoxunu qazanan namizəd və ya partiya mandatı əldə etmiş olacaq. Bu da qeyd olunur ki, proporsional seçkidə keçərlilik limiti 1 faiz olaraq müəyyən ediləcək. Bu isə o deməkdir ki, ölkə boyunca səslərin qırx faizindən azını yığmış heç bir partiya parlamentdə çoxluğa malik olmayacaq. Hazırkı seçki sisteminə görə, parlamentin 150 mandatından 73-ü rayon dairələrində ən çox səs toplamış namizədlərə verilirdi. Qalan mandatlar isə ölkə miqyasında qalib partiyanın mandat sayına proporsional paylanırdı. Bu isə əsası milyarderBidzina İvanişvilitərəfindən qoyulmuş "Gürcü arzusu” Partiyasının ümumi seçici səsinin yarısından azını toplmasına baxmayaraq, mandatların 76 faizini əldə etməsi ilə nəticələnib. Birləşmiş Ştatlar və Avropa İttifaqı Gürcüstan hökumətini, siyasi partiyaları və cəmiyyəti "sakit və qarşılıqlı hörmətli dialoqa” çağırıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər