• çərşənbə axşamı, 19 mart, 11:41
  • Baku Bakı 8°C

Gürcüstanda “majoritar-proporsional” qarşıdurması

15.11.19 16:16 2780
Gürcüstanda “majoritar-proporsional” qarşıdurması
Verilən sözün yerinə yetirilməməsi hakim koalisiyanı parçaladı, müxalifət isə bazar gününə ümumxalq mitinqi təyin etdi

Qonşu Gürcüstanda gərginlik pik həddə çatıb. Parlamentdə keçirilən səsvermədə proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiya düzəlişinin qəbul edilməməməsi insanların küçələrə çıxmasına gətirib çıxarıb.Müxalifət ümid edirdi ki, gələn il keçiriləcək seçkilər onları qane edən qaydada – proporsional sistemdə keçiriləcək. Lakin səsvermə bunun əksini üzə çıxarıb. Dəyişikliyin parlamentdən keçməsi üçün lazım olan minimum 113 səs baryeri aşılmayıb. Və ardınca da parlamentin spikeriArçil Talakvadzedeyib ki, 2020-ci ilin parlament seçkisi də qarışıq sistemlə keçiriləcək. Səsvermənin nəticələri hakim partiya daxilində parçalanmalara gətirib çıxarıb. Belə ki, hakim "Gürcü arzusu”nu vitse-spiker Tamar Çuqoşvili də daxil olmaqla 9 millət vəkili tərk edib. Hətta onlar parlamentdə yeni fraksiya yaradacaqlarını da bəyan ediblər. "Gürcü arzusu” partiyasından istefa verən deputatların sayı yeni fraksiya yaratmağa imkan verir. Maraqlıdır ki, hətta "Gürcü arzusu”nun lideri Bidzina İvanişvili də şəxsən təminat vermişdi ki, Konstitusiyaya düzəlişlər həyata keçiriləcək. Ötən gün İvanişvili majoritar qaydada seçilən deputatlarını düzəlişə səs verməyə çağıraraq, əks təqdirdə bunun ölkədə vəziyyəti miqyaslı şəkildə gərginləşdirəcəyi barədə xəbərdar da etmişdi. Əvəzinsə isə son 7 ildə ilk dəfə deputatlar öz liderlərinin əleyhinə çıxış ediblər. Onun partiyasından majoritar qaydada seçilən deputatlar qanun layihəsinin əleyhinə səs veriblər. Nəticədə paytaxt Tbilisidə və digər şəhərlərdə minlərlə etirazçı ölkə parlamentinin qarşısına toplaşıb parlamentin seçki qanununa dəyişikliyi rədd etməsinə etiraz bildirirlər. Aksiya iştirakçıları İvanişvilinin ünvanına "Get!” şüarı da səsləndiriblər. Noyabrın 15-ə keçən gecə etirazçılar ağladıqları Rustaveli prospektinə taxta lövhələr gətiriblər. Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər.Parlamentin binasının üç giriş qapısını bloklayıb. Aksiya təşkilatçılarından biri olanGiqa Makaraşvilibildirib ki, deputatların parlament binasını tərk etmələrinə imkan verilməyəcək: "Parlament üzvləri böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”. Tbilisi ilə yanaşı, Batumidə də etiraz aksiyası keçirilib. Müxalif "Vahid Milli Birlik Hərəkatı” Partiyası və "Utanc” Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər. Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər. Aksiyada Acarıstan hökumətinin istefası tələb olunub. Aksiyaçılar və polis arasında qarşıdurma baş verib, bir neçə etirazçı saxlanılıb. Analoji etiraz aksiyası Kutaisi şəhərində də keçirilib. Etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.
Vəziyyətdən yararlanmağa çalışan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müxalifətinin ölkədə növbədənkənar seçki keçirilməsi ilə bağlı tələbini dəstəkləyib. Saakaşvili bunu "Pirveli” televiziyasına müsahibəsində deyib. "Gürcüstan müxalifətinin tələblərini alqışlayıram. Bu prosesə aktiv şəkildə qoşulacağam. Gürcüstanı xilas etmək lazımdır. Mənim heç vaxt olmayan qədər ümidim var”, – deyə o bildirib. Saakaşvili öz Feysbuk səhifəsində isə Bidzina İvanişvilini seçiciləri və siyasi partiyaları aldatmaqda ittiham edib: "Gözlənildiyi kimi, İvanişvili hər kəsi aldatdı. Bu rejimin heç bir legitimliyi yoxdur, hər şey bizdən asılıdır. Güc birlikdədir, bizdə hər şey alınacaq. Şübhəsiz, mən gürcü müxalifəti tələbini salamlayıram, bu prosesə fəal qoşulacağam! Biz hamımız dövlət quruluşunu və Gürcüstanın müstəqilliyini xilas etməliyik, ambisiyalarımızı təxirə salmalı və gürcü xalqını dəstəkləməliyik”, - deyə o, birbaşa yayımda qeyd edib. O, əlavə edib ki, aksiyanı ölkənin bütün regionlarına yaymağı və etirazları davam etdirməyi əhəmiyyətli hesab edir.
Yeri gəlmişkən, Gürcüstan parlamentinin seçki qanunvericiliyinə dəyişikliklə bağlı Konstitusiya düzəlişini qəbul etməməsi müxalifətdə bir-birinə zidd olan bütün partiyaları bir araya gətirib. Leyboristlər Partiyasının ofisində toplanan müxaliflərin sırasına "Vahid Milli Hərəkat”, "Avropa Gürcüstanı”, "Demokratik Hərəkat”, "Respublikaçı”lar, "Qirçi” Vətənpərvərlər Alyansı və digər partiyalar da qatılıb. Görüşə İvanişvilinin keçmiş ortağı olan Mamuka Xazaradzenin yeni yaratdığı "Lelo” Partiyası da dəvət edilib. İştirakçılar arasında "Gürcü arzusu”nun təsisçilərindən biri olan deputat Eka Beseliya, deputat David Çiçinadze də yer alıb. Görüşdən sonra çıxış edən "Vahid Milli Hərəkat” Partiyasının sədri Qriqol Vaşadze müxalifətin bütün etiraz variantlarını nəzərdən keçirdiyini bildirib. O, yekun qərar olaraq hökumətdən əsas tələblərinin növbədənkənar seçki keçirilməsi və keçid hökuməti yaradılması olduğunu bildirib.
Gürcüstan mətbuatı yazır ki, B.İvanişvili proporsional seçki sisteminə keçidi dəstəkləyir. Mətbuat "Gürcü arzusu”nun deputatı Dmitri Xundadzenin səsvermədən bir gün öncə İvanişvili ilə görüşdüyünü və oliqarxın ondan səsvermə ilə bağlı mövqeyini dəyişməsini tələb etdiyini, amma Xundadzenin fikrini dəyişmədiyini söyləyib. "Avropa Gürcüstanı” Partiyasının lideri Qiqi Uqulava bildirib ki, İvanişvili xalqa atıb və indi də xalq onu ölkədən çıxarmalıdır. Keçmiş prezident Georgi Marqvelaşvili də etirazçılara qoşulub. Onunla yanaşı Milli Təhlükəsizlik Şurasının keçmiş katibi David Rakviaşvili də mitinqçilərə dəstəyini ifadə edib. Marqvelaşvili aksiya zamanı bildirib ki, parlament qarşısına gürcü demokratiyasını xilas etmək istəyən şəxslər gəlib. Eks-prezident sona qədər aksiya iştirakçıları ilə olacağını da bildirib: "Siyasətə dönmək istəmirəm. Lakin vəziyyət dramatikdir. Diktatura şəraitində yaşamaq istəmirəm”.
Öz növbəsində amerikalı diplomatlar da Konstitusiya islahatlarının baş tutmamasından narazılıqlarını bildiriblər. "Biz müxalifət partiyalarının dəstək vermələrinə baxmayaraq dəyişiklikləri keçmədi. Biz bütün tərəfləri - hökumət, müxalifət partiyalarını, vətəndaş cəmiyyətini sakit və layiqli əməkdaşlığa çağırırıq”, -deyə ABŞ-ın bu ölkədəki səfirliyi bəyan edib. Lakin buna baxmayaraq proseslər başqa ssenari ilə hərəkət edir.
Son məlumatlara görə, müxalifət xalqı noyabrın 17-də ümumxalq mitinqinə çağırıb. Əsas tələb də İvanişvilinin hakimiyyətdən uzaqlaşdırılması, hökumətin, MSK-nın istefası və növbədənkənar seçkilərin keçirilməsi olacaq. "17 noyabr mitinqi qısa zamanda Bidzina İvanişvilinin hakimiyyətini bitirəcək ümumxalq toplantısı olacaq”. Bu bəyanatı Gürcüstan "Vahid Milli Hərəkat” Partiyası yayıb. "Oliqarx Bidzina İvanişvili bir daha ölkənin reputasiyasını, Gürcüstan vətəndaşlarının qürurunu tapdaladı. Məhz buna görə "Vahid Milli Hərəkat” Partiyası digər bütün siyasi partiyalarla İvanişvilinin cinayətkar idarəetməsinə qarşı birləşib”, – deyə bəyanatda bildirilib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər