AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstanda əhali arasında təbii artım azalıb

Gürcüstanda əhali arasında təbii artım azalıb

Təfsilat
04 Aprel 2020, 15:52 228
Gürcüstanda 2019-cu ildə əhali arasında təbii artım azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, 2019-cu ildə ölkədə 1637 nəfər artım qeydə alınıb. Hesabat dövründə əhalinin təbii artımı 2018-ci illə müqayisədə 64,5 faiz azalıb.
Ötən il ərzində Gürcüstanda 48300 uşaq dünyaya gəlib, bu da 2018-ci illə müqayisədə 5,6 faiz azdır.
Ötən il ölkədə 46700 nəfər dünyasını dəyişib.
Təbii artım üzrə ən yaxşı göstərici paytaxt Tbilisidə qeydə alınıb - 16 min nəfər.
Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsi doğuş sayına görə, 5900 nəfərlə ikinci, Acarıstan Muxtar Respublikası isə 5700 nəfərlə üçüncü yerdədir.
Ən aşağı göstərici Mtsxeta-Mtianetidə (946 uşaq), Raça-Leçxumi və Kvemo-Svanetidə (284 nəfər) qeydə alınıb.
Keçən il ölkədə 23300 nikah qeydə alınıb ki, bu da 2018-ci illə müqayisədə 0,4 faiz çoxdur.
Keçən il boşanmaların sayı 2018-ci illə müqayisədə 8,9 faiz artaraq 11200 fakt təşkil edib.
Maraqlıdır ki, ölkədə 25 yaşa qədər olan qadınlar arasında dünyaya uşaq gətirmək istəyənlərin sayı azalıb.
Yaşı 40-a yaxın və daha çox olan qadınlar arasında isə ana olmaq istəyənlərin sayı artıb.
Keçən il Gürcüstanda yaşı 50-dən yuxarı olan 106 qadın, yaşı 15-dən aşağı olan 15 qadın dünyaya uşaq gətirib.