• cümə axşamı, 18 aprel, 23:47
  • Baku Bakı 21°C

Gürcüstan seçkilərin ikinci raunduna hazırlaşır

19.10.16 12:38 1044
Gürcüstan seçkilərin ikinci raunduna hazırlaşır
Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat” (VMH) daxili fikir ayrılıqlarına baxmayaraq, parlament seçkilərinin ikinci turunda iştirak etmək istədiyini bəyan edib.İlkin məlumatlara görə, ikinci tur 50 majoritar dairədə keçirilməlidir.Yaradıcısı və lideri ölkənin keçmiş prezidenti Mixail Saakaşvili olan "Vahid Milli Hərəkat” 2012-ci ilədək hakimiyyətdə olub. Partiya hesab edir ki, parlament seçkilərinin birinci turu hədə-qorxu şəraitində keçib və ədalətli olmayıb.

Ancaq iki həftəlik məsləhətləşmədən sonra partiya deputat mandatlarından imtina etməmək qərarına gəlib. "Qeyri-bərabər şərtlərə, saxtalaşdırma və təzyiqlərə, ikinci turun da çox gərgin mübarizə şəraitində keçəcəyinə baxmayaraq, biz bu sınağı qəbul edirik: partiya ikinci turda təmsil olunacaq, parlamentə daxil olacaq və parlament fəaliyyətində iştirak edəcək”, - deyə VMH-nin proporsional siyahısında birinci olan deputat David Bakradze bildirib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası səslərin 48,67 faizini toplayaraq proporsional sistemdə qəti qələbə qazanıb. Hakim partiyanın namizədləri bundan başqa 23 birmandatlı dairədə də qalibdirlər. Ancaq qalan 50-sində namizədlərin heç biri səslərin yarıdan çoxunu yığa bilmədiyinə görə ikinci tur keçiriləcək. İkinci turun keçiriləcəyi birmandatlı dairələrin əksəriyyətində hakim partiyadan olan namizədlərin rəqibləri VMH-nin namizədləri olacaq. MSK artıq bildirib ki, ikinci turun vaxtı birinci turun nəticələrinin tam yekunlaşdırılmasından sonra, ancaq noyabrın 2-dən gec olmayaraq təyin ediləcək. Gürcüstan parlamentinə birmandatlı sistemlə 73, proporsional sistemlə isə 77 deputat seçilir. Sonuncular beş faizlik həddi keçən "seçki subyektlərinin”, birlik və hərəkatların siyahılarından seçilir. MSK-nın ilkin məlumatına görə, hakim partiya və VMH-dən (o, səslərin 27 faizindən bir qədər artığını toplaya bilib) başqa daha bir qrup 5 faizlik baryeri keçməyə nail olub. Bu, 5,01 faiz səs yığmış "David Tarxan-Mouravi, İrma İnaşvili - Gürcüstan Vətənpərvərləri Alyansı, Birləşmiş müxalifət” seçki blokudur. Seçki yarışının qalan 22 iştirakçısı, o cümlədən 2012-ci il seçkisində "Gürcü arzusu” koalisiyasının tərkibində qalib gəlmiş partiyalar mandatsız qalıblar.

Qaliblərdən başqa hər kəs birinci turun nəticələrindən narazı qalıb. Keçmiş prezident, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili seçkiyə qədər VMH-nin qalib gələcəyini deyirdi. Oktyabrın 10-da o bildirib ki, partiyanın ikinci turda iştirak etməsində heç bir məna görmür: "Əlbəttə, bu barədə qərarı hər bir namizəd fərdi qaydada verməlidir. Ancaq mən ikinci turda iştirak etməkdə məna görmürəm. Bunu etməklə ən kobud pozuntularla keçmiş seçkiləri faktiki olaraq legitimləşdirmiş oluruq”. Buna baxmayaraq, VMH-nin bəzi liderləri açıq şəkildə ikinci turda mübarizədən imtina etmək fikrinə qarşı çıxıblar. Ancaq ikinci turda iştirakdan imtina edənlər də olub. Keçmiş müdafiə naziri, "Azad demokratlar”ın lideri İrakli Alasaniya müvəqqəti olaraq siyasəti tərk etdiyini bildirib. Alasaniyanın partiyası proporsional sistemlə səslərin 4,63 faizini toplayıb və parlamentə keçə bilməyib.

Hakim partiya isə seçkilərin beynəlxalq müşahidəçilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirildiyini vurğulayır. "Gürcü arzusu”nun icraçı katibi İrakli Kobaxidze hesab edir ki, VMH seçkiləri udacağı barədə bəyanatlarının qurbanı olub. O deyir ki, partiyanın bunun üçün kifayət qədər resursu yoxdur: "Onlar dəqiq bilirlər ki, ikinci turda bircə dairədə belə qalib gəlməyəcəklər. Ona görə də onlar üçün qərar qəbul etmək çox çətin idi”. Ancaq Kobaxidze seçki ərəfəsində də VMH-nin nəinki seçkilərdə qalib gəlməyəcəyini, hətta ölkənin siyasi həyatında mühüm amil kimi qalmayacağını iddia edirdi. O deyirdi ki, bu, Gürcüstanda demokratiyanın qələbəsi olacaq. Beynəlxalq əlaqələr üzrə mütəxəssis Georgi Qobronidze deyir ki, müşahidəçilər və cəmiyyətin əksər hissəsi seçkiləri legitim saydığına görə, VMH özünün ikinci turda iştirakdan imtina qərarını izah etməyə çətinlik çəkərdi: "Bununla yanaşı, seçkilərin nəticələri əsas müxalifət partiyası üçün o qədər də acınacaqlı olmadı”. Hakim partiyanın proqnozlarına rəğmən, VMH nəinki siyasi oyundan çıxmayıb, hətta seçkinin nəticələri partiyaya dəstəyin artdığını göstərir. Yeri gəlmişkən, qeyd edək ki, ikinci tura qatılan namizədlər arasında soydaşlarımız da var.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər