• cümə, 29 Mart, 11:08
  • Baku Bakı 5°C

Gürcüstan sabitliyi seçəcək, yoxsa...

06.11.20 18:45 3036
Gürcüstan sabitliyi seçəcək, yoxsa...
Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət aksiyalara başlayır
Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçirilib. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 1-də açıqladığı ilkin nəticələrə görə, hakim Gürcü Arzusu Partiyası (GAP) 49,32, Vahid Milli Hərəkat Partiyası (VMHP) 25,94, Avropalı Gürcüstan Partiyası (AGP) 3,77 faiz səs əldə edib. Bundan başqa, "Vətənpərvərlər Alyansı” 3,26, "Lelo” partiyası 3,16, "Aqmaşenebeli strategiyası” 3,1, "Qirçi” 2,87, "Vətəndaş-Eliko Elisaşvili” 1,34, Leyboristlər partiyası 1,03 faiz səs qazanıb. MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür. Lakin Gürcüstan müxalifəti bu seçkini legitim saymayaraq mandatdan imtina edib. Müxalifət seçkinin nəticəsinin ləğvini və təkrar seçki keçirilməsini istəyir. Bununla bağlı qəbul edilən bəyanata "Vahid Milli Hərəkat-Güc birlikdədir” bloku, "Avropalı Gürcüstan”, "Lelo”, "Aqmaşenebeli strategiyası”, "Vətənpərvərlər Alyansı”, "Vətəndaşlar-Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb.


Qeyd edək ki, budəfəki seçkidə, ümumilikdə 66 siyasi partiyadan çoxsaylı namizəd iştirak edib. Onlar arasında 15 azərbaycanlı da yer alıb. Seçkinin nəticələrinə görə, cəmi 3 soydaşımız qalib gələ bilib. Onlar GAP-dan Zaur Darğallı və Savalan Mirzəyev, VMHP-dən Abdulla İsmayılovdur. İndiyə kimi Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat - müxalifyönlü VMHP təmsilçisi Azər Süleymanov bu dəfə mandat ala bilməyib. Eks deputatlar - GAP üzvləri Ruslan Hacıyev və Mahir Dərziyev isə bu dəfə namizədliklərini irəli sürməyiblər.

Gürcüstanda keçirilən parlament seçkisi, müxalifətin boykot taktikası, nəticələrin ləğv edilərək təkrar seçki keçirilmə ehtimalı, bunun əksi olacağı təqdirdə müxalifətin atacağı addımlar barədə "Kaspi” qəzetinə açıqlama verən VMHP üzvü, sabiq deputat A.Süleymanov bildirib ki, son parlament seçkisinin nəticəsini Gürcüstan müxalifəti tanımır. Onun sözlərinə görə, buna səbəb həddindən artıq qayda pozuntusunun olmasıdır: "Reallıqda bu seçkini müxalifət partiyaları udmuşdu. Amma "Gürcü Arzusu” Partiyası zorakılıqla özünə səs faizi yazdı. Müxalifət partiyalarının səsi, ümumilikdə 57 faiz idi. Bu isə o demək idi ki, yeni hökumət müxalifət tərəfindən koalision şəkildə qurulacaqdı. Məhz buna görə də Bidzina İvanaşvilinin hakim "Gürcü Arzusu” Partiyası total saxtakarlığa əl atdı, özlərinin səs faizini artırdı. Düzdür, hələlik seçkinin nəticəsi məlum deyil, amma gedişat onu göstərir ki, onlar zorla olsa belə, hakimiyyəti üçüncü dəfə də əllərində saxlamaq istəyirlər. Təbii olaraq, Gürcüstan müxalifəti buna etiraz edir, aksiyalar keçirir. Parlamentə təmsil olunmaq hüququ qazanan bütün müxalifət partiyaları mandatdan imtina edib, seçkinin nəticəsini tanımamaq barədə birgə bəyanat imzalayıblar”.
A.Süleymanov deyib ki, boykot taktikası seçilməsinə səbəb seçkinin saxtalaşdırılması və müxalifətin bunu qəbul etməməsidir: "Bizim əlimizdə konkret sənədlər var ki, onun altında məntəqə komissiya üzvlərinin də imzası var. Həmin sənədlərə görə, məntəqədə gün ərzində 60-70- seçici ancaq səsvermədə iştirak edib. Ancaq MSK-nın açıqlamasına görə, həmin məntəqələrdə 200-300 seçicinin iştirak etdiyi göstərilir. MSK-nın bununla bağlı təqdim etdiyi sənədlərdə, bizim həmin məntəqələrdəki nümayəndələrimizin, komissiya üzvlərimizin imzası yoxdur. Bu isə o deməkdir ki, qeyd olunan sənədlər sonradan tərtib olunub, ölkə üzrə total saxtakarlığa yol verilib. Baş Prokurorluğa, polisə bu kimi faktlarla bağlı on minlərlə şikayət daxil olub, aktlar tərtib edilib və sair. Bu kimi çoxsaylı səbəblərə görə, müxalifət seçkinin nəticəsini tanımır, boykot edir. Noyabrın 8-də bütün Gürcüstan müxalifəti, ümumən ölkə vətəndaşları paytaxt Tbilisiyə toplaşaraq etiraz edəcək. Nəyin bahasına olursa olsun, səsimizi qoruyacağıq. Dövlət, hakimiyyət məcburdur ki, vətəndaşların haqlı narazılığını qəbul etsin, səslərini eşitsin. Əminik ki, hökumət təkrar seçki keçirmək qərarı verəcək. Belə bir proses 2003-cü ildə də yaşanmışdı. Həmin il noyabrın 23-də Gürcüstan prezidenti Eduard Şevardnadze vətəndaşların basqısı və haqlı tələbi qarşısında məcbur olub yenidən seçkiyə getdi. Məhz o seçkinin nəticəsinə uyğun olaraq da Gürcüstanın bərpası, inkişafı başladı. 2012-ci ildə Mixeil Saakaşvili açıq şəkildə seçkini uduzduğunu bəyan etdi və müxalifətə keçdi. İndi eyni qərarı Bidzina İvanaşvili verməlidir. Bunu xalq tələb edir. Əminəm ki, bu, belə də olacaq”.

Deputat mandatı qazanan Zaur DarğallıGürcüstanda parlament seçkilərinin olduqca ədalətli, şəffaf keçdiyini vurğulayıb. O, bununla bağlı bir sıra müstəqil müşahidəçilərin, xarici nümayəndə heyyətlərinin və MSK-nın öz yekun fikirlərini ifadə etdiyini vurğulayıb: "Ciddi qanun pozuntuları müşahidə edilmədi. Gürcü Arzusu Partiyasının inamlı qələbəsi xalqın seçimi sayəsində oldu. Bizim komandanın fəaliyyətinin müsbət nəticəsi elə hər seçkilər zamanı xalqın verdiyi etimadla ölçülür, xalq bizə inanır biz isə o inamı doğrulduruq.Lakin müxtəlifət hər zaman ənənəvi addımlara – boykot kimi taktikalara əl ataraq məğlubiyyətlə razılaşmır. Seçki öncəsi təbliğat-təşviqat kampaniyası zamanı da onlar təxribatlara əl ataraq xalq arasında fikir ayrılığı yaratmaq istədilər. Ancaq xalq nəyin doğru olduğunu seçki günü sübut etdi. Bu günə kimi atdıqları hər bir təxribatyönlü addımlar kimi, bu boykot taktikası da heç bir nəticə verməyəcək. Kimsə Gürcüstan xalqının xalqın iradəsinə mane ola bilməz. Seçkilərin ləğvi üçün bu gün heç bir səbəb yoxdur. Amma bu da reallıqdır ki, hər bir demokratik ölkədə insanlar və siyasi partiyalar toplaşıb etiraz edə bilərlər və bu normaldır. Bizim üçün əsas xalqın səsi və seçimidir. O seçimi isə xalq 31 oktyabrda edib”.

GAP üzvü, sabiq deputat Mahir Dərziyev oktyabrın 31-də Gürcüstanda parlament seçkisinin baş tutduğunu dilə gətirib. O vurğulayıb ki, Gürcüstanın Avropadakı tərəfdaşları, yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkinin azad, demokratik, rəqabətqabiliyyətli formada keçdiyini bəyan ediblər: "Düzdür, ayrı-ayrı qanun, texniki və prosedur pozuntuları qeydə alınıb, amma həmin xırda pozuntular, ümumən seçkinin nəticəsinə təsir edəcək səviyyədə olmayıb. Bunu beynəlxalq müşahidəçilər qeyd ediblər. Avroatlantik məkandakı tərəfdaşlarımız, ABŞ Dövlət Departamenti, ATƏT və digər beynəlxalq qurumlar Gürcüstanda parlament seçkisinin baş tutduğunu, legitimliyini bəyan ediblər. Seçkinin nəticəsinə görə, "Gürcü Arzusu” Partiyası parlamentdə 76 deputat mandatı qazanıb. Bu imkan verir ki, "Gürcü Arzusu” hər hansı koalisiyasız hökumət qura bilsin. Yəni parlament seçkisinin nəticəsi olaraq "Gürcü Arzusu” təkbaşına hökumət qurmaq imkanına sahib olub. Bu seçki bir neçə məqamlara görə xüsusilə əlamətdar idi. Gürcüstan tarixində ilk dəfə olaraq proporsionala yaxın bir üsulla seçki keçirilib. 150 deputat mandatından 120-si proporsional, 30-u isə majoritar yolla seçilirdi. Digər vacib məqam budur ki, bundan əvvəlki iqtidarlar – həm Eduard Şevardnadze, həm də Mixeil Saakaşvili iki parlament seçkisi müddətindən artıq hakimiyyəti əldə saxlaya bilməyib. Ancaq "Gürcü Arzusu” son seçkinin nəticəsinə uyğun olaraq üçüncü dəfə də hakimiyyətdə qala biləcək”.

Seçkinin nəticəsinin ləğv edilməsi və yeni seçkinin keçirilməsi ehtimalına münasibət bildirən GAP üzvü deyib ki, bu, real deyil: "Məsələyə hüquqi aspektdən yanaşsaq, görərik ki, seçki baş tutub. Yalnız 14 majoritar dairədə ikinci turun keçirilməsi nəzərdə tutulur. Qanuna uyğun olaraq, ikinci tur noyabrın 21-də baş tutacaq. Bu baxımdan seçkinin nəticəsinin ləğvi və yenidən keçirilməsi üçün hüquqi əsas yoxdur. Müxalifətin, yəni seçkini uduzan tərəfin narazılığını da hardasa anlamaq olar. Lakin indiki halda müxalifətin narazılığının kökündə ayrı bir məqam da var. Belə ki, 2024-cü ilə qədər Gürcüstanda baş tutacaq seçkilər mövcud qanunlara uyğun şəkildə keçirilməlidir. 2024-cü ildə Gürcüstan Konstitusiyasının mövcud redaksiyası qüvvəyə minir. Həmin vaxtdan etibarən seçkilər tam proporsional qayda ilə keçiriləcək. Əgər indi keçirilən seçkinin nəticəsi ləğv olunub yenidən parlament seçkisi keçiriləcəyi təqdirdə, müxalifət yeni seçkinin tam proporsional qayda ilə baş tutmasını tələb edəcək. Bu isə hakim partiya tərəfindən qəbul edilən deyil. Başqa bir məqam ondan ibarətdir ki, hakimiyyətin mənbəyi xalqdır və xalqın mütləq əksəriyyəti hazırda müxalifətin tələbini dəstəkləmir. Ona görə də, düşünürəm ki, seçkinin ikinci turu da yekunlaşandan sonra parlament öz iclasına toplaşacaq, səlahiyyəti tanınacaq, yeni hökumət təsdiqlənəcək və sair addımlar atılacaq. Bunlar realdır. Lakin bir qədər əvvəl qeyd elədiyim kimi, yeni seçkinin təyin olunması real deyil”.

M.Dərziyev bildirib ki, seçkidən əvvəl ölkədə keçirilən rəy sorğularının nəticəsi "Gürcü Arzusu”nun xalq tərəfindən dəstəkləndiyini növbəti dəfə nümayiş etdirib: "Rəy sorğularının nəticəsinə görə "Gürcü Arzusu” üstün mövqedə idi. Bununla yanaşı, pandemiyanın qarşısının alınmasında da hökumət böyük uğurlar əldə etmişdi. Bu baxımdan, əgər seçkilər 2-3 ay bundan əvvəl keçirilsəydi "Gürcü Arzusu”nun üstün səs faizi daha çox olardı. Elə o vaxtlardan məlum idi ki, müxalifət qarşıdan gələn seçkilərdə ciddi dəstək ala bilməyəcək. Eyni zamanda müxalifətin tutduğu xətti təhlil edib parlament seçkisi və ondan sonrakı dövrdə özünü necə aparacağını əvvəlcədən təsəvvür etmək mümkün idi. Onların hərəkətlərini izlədikcə, məntiqi nəticəyə gəlmək çox asan olurdu. Müxalifət uduzacağını bilirdi. Ona görə də ölkədə vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa çalışır, ümumiyyətlə, destruktiv fəaliyyətlə məşğul olur. Bununla onlar yeni parlament seçkisinin təyin olunmasına nail olmaq istəyirlər. Onlar hələ seçki başlamazdan öncə bəyanat vermişdilər ki, seçki saxtalaşdırılacaq. Seçki günü çox fəal şəkildə proses getdi, hamı rahatlıqla iştirak etdi səsvermədə. Seçkinin sabahı günündən başlayaraq prosesin legitimliyini şübhə altına salmaq məqsədilə bəyanatlar səsləndirdilər. Son olaraq da parlamentdə təmsil olunmaqdan, mandatlarından imtina ediblər. Hesab edirəm ki, müxalifətin boykot taktikası çarəsizlikdən irəli gələn addımdır. Məğlubiyyətdən çıxış yolunu bunda görürlər”.

GAP üzvü söyləyib ki, Gürcüstan müxalifətini tutduğu yoldan çəkindirmək üçün müttəfiq, tərəfdaş ölkələr, həmçinin beynəlxalq təşkilatlar onlara öz fikirlərini çatdırıblar: "Tərəfdaşlarımız müxalifəti bu addımlardan çəkindirməyə çalışdılar. Bu gün müxalifətin parlamentə daxil olmaması beynəlxalq ictimaiyyət qarşısında onların özlərini pis duruma salır. Müxalifət legitim parlamentin işində iştirak etmir. Bununla onlar yüz minlərlə seçicisinin etimadını yerə vururlar. Yəni onları dəstəkləyən seçicilərin nümayəndəsi olmaq istəmir, parlamentdə seçicilərini təmsil etməkdən imtina edirlər. Bu taktikanın effekt verməsi ciddi sual altındadır. Düzdür, "Gürcü Arzusu” mənəvi-psixoloji baxımdan heç də xoş olmayan bir vəziyyətlə üzləşir. Təkpartiyalı parlament göz qabağına gəlir. Bu, həm ölkənin milli maraqları, həm də "Gürcü Arzusu” Partiyasının maraqları baxımından yaxşı vəziyyət deyil. Ancaq bu da bir reallıqdır ki, ötən 8 il ərzində Gürcü Arzusu hakimiyyəti təkbaşına üzərinə götürməyə qadir olduğunu öz fəaliyyəti ilə tam təsdiqləyib. Sabiq deputat kimi öz müşahidələrim əsasında deyə bilərəm ki, ötən 8 il ərzində müxalifətin bütün üzvlərinin parlamentin işində iştirak etdiyini görməmişəm. Bu, xüsusilə Vahid Milli Hərəkata aiddir. Hər fürsətdə parlamentin işini əngəlləməyə çalışır, boykot edirdilər. Demokratik parlamentarizmin mövcud xüsusiyyətlərindən onlar çox-çox sui-istifadə edirdilər. Ötən 8 ildə ölkənin idarə olunmasından kənarda qalan, özü-özünü bütün proseslərdən təcrid edən müxalifətin boykot taktikasının bundan sonra hansısa effekt verəcəyinə də şübhə edirəm. Gürcüstan xalqının radikal müxalifətin arxasınca getməyəcəyinə, onların səsləndirdiyi şüarlara dəstək verməyəcəyinə qəti əminəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər