• cümə axşamı, 25 aprel, 19:27
  • Baku Bakı 21°C

Gürcüstan müxalifəti parlamenti boykot edir

24.06.17 10:18 1312
Gürcüstan müxalifəti parlamenti boykot edir
Gürcüstan parlamentində təmsil olunan dörd fraksiyadan üçü ali qanunverici orqanının iclasını boykot edib. Buna səbəb Konstitusiyaya edilən dəyişikliklər olub. "Üsyançı” fraksiyaların qənaətincə, dəyişikliklər hakim "Gürcü arzusu” koalisiyasından başqa heç kimə sərf etmir. Boykota baxmayaraq iclası davam etdirən "Gürcü arzusu”ndan olan deputatlar prezidentin səlahiyyət müddətinin beş ildən altı ilə qədər uzadılması barədə razılıq əldə ediblər. Hakim partiya seçki sistemi ilə bağlı dəyişiklikləri yumşaltmaq qərarına gəlib. Qeyd edək ki, parlament seçkilərində iştirak edən partiyalar üçün seçki barajının 5 faizdən 3-ə endirilməsi də nəzərdə tutulur. Gələn il keçiriləcək prezident seçkilərini isə aşağıdakı qaydada həyata keçirmək qərara alınıb - prezident ümumxalq səsverməsi ilə və yalnız 2022-ci ilə kimi seçiləcək. Bundan sonra prezident deputatlar, yerli idarəetmə orqanlarının rəhbərləri, muxtar respublikaların nümayəndələrindən təşkil olunacaq 300 seçici tərəfindən seçiləcək. 300 seçici kollegiyasının 150-si deputatlar olacaq. Lakin müxalifət "Gürcü arzusu”nun bu jestini şirnikləndirici təklif hesab edib. Müxalifətin əsas tələblərindən biri – majoritar sistemin ləğvi barədə təklif isə yerinə yetirilməmiş qalıb. Halbuki, ölkənin bütün siyasi spektri bunu tələb edirdi. Yeni Konstitusiya layihəsində bu məsələ nəzərdə tutulsa da, sonradan bəlli olmaya səbəblərdən ləğv edilib. 2020-ci ildə keçiriləcək parlament seçkilərinin sırf proporsional qaydada keçirilməsi nəzərdə tutulurdu. Məhz bu bəndin salınmasına görə, Venesiya Komissiyası tərəfindən islahatlar müəllifləri təşəkkür qazanmışdı. Majoritar sistemdən imtina Avropa ekspertləri tərəfindən də pozitiv qiymətləndirilmişdi. Lakin sonradan bəlli olub ki, "Gürcü arzusu”nun daxilində bu məsələ ilə bağlı birlik yoxdur. Bir qrup tamamilə proporsional sistemə keçidi mümkünsüz hesab edib, hətta "Gürcü arzusu”nun liderləri belə, onların inadını qıra bilməyib. Halbuki, ictimai müzakirələr zamanı əksəriyyət bəyan edirdi ki, bu məsələ həllini tapacaq. Lakin son nəticədə məlum olub ki, qarşıdakı parlament seçkiləri də mövcud qarışıq sistemlə keçiriləcək. Və yalnız 2024-cü ildə majoritar sistem tamamilə ləğv ediləcək. Müxalifət iddia edir ki, hakimiyyət 2020-ci ilə keçiriləcək parlament seçkilərində qələbəsini təmin etmək üçün əlindən gələni edir. "Gürcüstan Vətənpərvərlər Alyansı”nın nümayəndəsi İrma İnaişvili bildirib ki, "Gürcü arzusu” hamını aldatmağa və hakimiyyəti tam şəkildə mənimsəməyə çalışır. Mən belə saxta tamaşada iştirak etmək istəmirəm”.
Bir vaxtlar Mixail Saakaşvilinin tərəfində olan "Milli Hərəkat”ın parlament fraksiyasının lideri Roman Qoçiridze isə belə bir sualla çıxış edir: "əgər bu dəyişikliklər bir neçə ildən sonra fəaliyyətə başlayacaqsa, onda onu belə tezliklə qəbul etmək nəyə gərəkdir?”. Müxalifət prezidentin səlahiyyətlərinin daha bir il müddətinə uzadılması təşəbbüsü ilə də razı deyil. Halbuki, prezident Georgi Marqvelaşvili ilə "Gürcü arzusu”nun qarşıdurmasında müxalifət prezidentin tərəfində idi. "Bu təkliflər və yeni ideyalar haradan ortaya çıxdı? Prezident altıillik müddətə öz postunda kimin istəyi ilə qalacaq - heç kimin anlayışı yoxdur. Onlar Venesiya, Berlin, bütün ölkəboyu gəzib hamını inandırmağa çalışıblar ki, ən yaxşı konstitusiya layihəsi təklif edirlər. İndi isə birdən-birə belə bir sənəd ortaya atırlar”, - deyə "Avropa Gürcüstanı”nın liderlərindən olan Nika Meliya bildirib.
Gürcüstan parlamentinin sabiq rəhbəri David Bakradze (o həm də "Avropa Gürcüstanı”nı təmsil edir) bildirib ki, "hakimiyyət partiyası onlara ancaq parlament siyasi mübarizəsinin ikinci metodunu saxlayır - işdən imtina”. Onun sözlərinə görə, iclas zalını tərk edir və parlament çoxluğuna bir partiyanın iştirakı ilə sakit atmosferdə düzəlişləri qəbul etmək imkanı verirlər: "Bu düzəlişləri yalnız və yalnız "Gürcü arzusu” dəstəkləyir”.
Analoji qiymətləndirməni parlamentin daha bir sabiq spikeri – bir vaxtlar "Gürcü arzusu”nda təmsil olunmuş, onun liderləri sırasında olan David Usupaşvili də səsləndirib. O, keçmiş silahdaşlarını faktiki olaraq Konstitusiya düzəlişlərini saxtalaşdırmaqda ittiham edib. "Venesiya Komissiyasına bir sənəd çıxarılmışdı və o da geniş müzakirəyə çıxarıldı. Konkret müzakirəyə isə tamamilə başqa bir sənəd çıxarıldı”, - deyə o bildirib. Keçmiş spiker açıq şəkildə işarə edib ki, yeni Konstitusiya ölkəni qeyri-rəsmi şəkildə idarə edən Bidzina İvanişvilinin iradəsi ilə hazırlanıb. Lakin Usupaşvilinin qənaətincə, hər başlanan işin bir sonu da var: "Həyat öz axarı ilə davam edir. Zviad Qamsaxurdiyanın "Dəyirmi masası”, Eduard Şevardnadenin "Vətəndaşlar İttifaqı”, Mixail Saakaşvilinin və "Vahid Milli Hərəkatı” kimi. Bu hal "Gürcü arzusu”nu da gözləyir”.
Müxalifət nümayəndələri qeyd edirlər ki, əgər hakimiyyət məsələyə yanaşmanı dəyişməsə, parlament seçkilərinə qədər ölkə hamıya yaxşı tanış olan "inqilabi şəraitə” doğru yaxınlaşacaq. Parlamentdən kənar və Koordinasiya Şurasında təmsil olunan müxalifət də hakimiyyəti etiraz aksiyaları ilə hədələyib. "Demokratik hərəkat - Vahid Gürcüstan”ın liderlərindən olan Gerorgi Axvelidiani bununla bağlı bildirib ki, indiki hakimiyyətin dinc, demokratik yolla dəyişmək üçün heç bir şans qalmayıb. O, yaxın vaxtlarda proseslərin radikal ssenari ilə inkişaf edə biləcəyini vurğulayıb.

Azər
banner

Oxşar Xəbərlər