• cümə axşamı, 25 aprel, 19:56
  • Baku Bakı 21°C

Gürcüstan baş nazirinin Yerevan səfəri niyə təxirə düşüb?

06.12.17 10:00 2542
Gürcüstan baş nazirinin Yerevan səfəri niyə təxirə düşüb?
Elə qonşu dövlətlər var ki, onların münasibətlərində sözün əsl mənasında səmimiyyət heç vaxt olmayacaq. Düzdür, qarşılıqlı səfərlər, qardaşlıq barədə ən yüksək səviyyədə bəyanatlar səslənəcək, lakin ziddiyyətlər və gərginlik tarix boyu davam edəcək. Ermənistanla Gürcüstan arasındakı münasibətlər kimi. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində qurulan Ermənistan bəlli olduğu kimi, ilk gündən qonşularına – Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. İlk növbədə Azərbaycan və Gürcüstan hədəfə alınıb. Azərbaycanla bağlı siyasət bəllidir. Havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq. İkinci mənfur niyyəti isə Gürcüstanla bağlıdır. Bu ölkə ərazisində məskunlaşan ermənilər arasında separatizm əhval-ruhiyyəsini qızışdıraraq, onları Gürcüstan hakimiyyətinə qarşı qaldırmaq. Dəfələrlə iki ölkə arasında bununla bağlı gərginliklər yaşanıb. Gürcü tərəfi bu separatçı iddiaları cavabsız qoymayaraq, həmin qüvvələrə qarşı sərt addımlar atıb, həbslər həyata keçirib. Bir müddət məsələ ilə bağlı sakitlik yaransa da, zaman-zaman ermənilər öz mənfur siyasətlərini yeritmək istiqamətində addımlar atıblar. Nisbi sakitlik xüsusən də Bakı-Tbilisi-Qars dəmiryolunun işə salınmasından sonra pozulmağa başlayıb. Bəlli olduğu kimi, dəmir yolu xətti əsasən üç ölkə - Azərbaycan-Gürcüstan-Türkiyənin birgə layihəsi olub, iri infrastruktur şəbəkəsidir. Layihənin işə düşməsi Ermənistanda ciddi narahatlıq doğurub.
Qeyd edilir ki, bu layihə Ermənistanın daha da təcrid olunmasına gətirib çıxaracaq. Gürcüstanda yaşayan ermənilər də Yerevandakı rəhbərlərinin planına uyğun olaraq layihə ilə bağlı rəsmi Tbilisi qarşısında tələblər qoymağa start veriblər. Məsələn, ingilisdilli EURASIANET.ORG portalında dərc edilən materialda Axalkalakidən reportaj təqdim edilib. Burada qeyd edilib ki, yerli ermənilər Bakı-Tbilisi-Qars layihəsindən narazıdırlar. Müəllif yazır ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili vəd etmişdi ki, layihənin işə düşməsi regionda yeni iş yerlərinin açılmasına, bütövlükdə yerli iqtisadiyyatın çiçəklənməsinə və əhalinin rifah halının yüksəlməsinə səbəb olacaq. "Lakin Axalkalaki sakinləri şikayət edirlər ki, onlar layihənin reallaşmasından elə də böyük mənfəət əldə etməyiblər. Xüsusən də erməniləri narahat edən odur ki, türk və Azərbaycan şirkətləri işlərə öz işçilərinin cəlb etməyə üstünlük verirlər. Ermənilər bununla yeni iş yerləri əldə etmək arzusundan məhrum olduqlarını bildiriblər”, - deyə məqalədə vurğulanıb. Separatçı əhvallı erməni sakinlər bu narazılığın kökünü Ermənistan rəhbərliyində axtarsa yaxşı olar. Yəni narazılığın əsas səbəbkarı məhz onlardır - Azərbaycan torpaqlarını işğal etdiyinə görə, blokada vəziyyətinə düşən ermənilər hakimiyyətləri qarşısında bu siyasətdən əl çəkilməsini tələb etməlidir. Nə qədər ki, bu siyasət davam edəcək, erməni xalqı bunun zərərini öz üzərində hiss edəcək.
Gürcüstan-Ermənistan münasibətlərindən söz düşmüşkən, mətbuat iki ölkə arasında münasibətlərdə daha bir maraqlı məqama yer ayırır. Məsələ ondadır ki, neçə gün idi ki, mətbuatda Gürcüstan baş naziri Georgi Marqvelaşvilinin Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Lakin son anda bəlli olub ki, gürcü baş nazir Yerevana getməkdən imtina edib. Gürcüstan hökumətinin informasiya xidmətinin rəhbəri Sofo Mozidze bildirib ki, səfər ləğv olunmayıb, sadəcə vaxtı dəyişdirilib. "Səfər dekabrın 1-nə nəzərdə tutulmuşdu. Lakin gürcü tərəfi səfəri qeyri-müəyyən vaxta kimi təxirə salıb. Ola bilsin, səfər hökumətin yeni tərkibi təsdiq olunduqdan sonra reallaşsın”, - deyə Mosidze bildirib.
Erməni tərəfinin yaydığı məlumatda bildirilirdi ki, Kvirikaşvili Yerevanda erməni həmkarı Karen Karapetyanla birgə mətbuat konfransı keçirib KİV üçün bəyanatla çıxış edəcək. Erməni tərəfinin bu bəyanatından bir neçə saat sonra gürcülər baş nazirin səfərinin təxirə düşdüyü barədə bəyanat yaydılar. Belə olan halda ortaya sual çıxır - məgər gürcü baş nazirin ofisi hökumətin yeni tərkibinin təsdiq olunmadığından xəbərsiz olub? Bu suala cavab verən Mozizde "mən sadəcə əlavə hər hansı bir məlumat verə bilmərəm” deməklə kifayətlənib. "Məndə olan məlumat belədir ki, Gürcüstan baş nazirinin Ermənistana səfəri nə vaxtsa baş tutacaq”, - deyə o bildirib. "Diqqət çəkən məqam ondan ibarətdir ki, dünya praktikasında tərəflərdən birinin səfərə cəmi bir neçə saat qalmış təxirə düşdüyü praktikasına nadir hallarda rast gəlinir”, - deyə "Qraparak” qəzet yazıb.
Erməni KİV-ləri diqqəti son vaxtlar iki ölkə arasında yaşanan mübahisəli məqamlara da yönəldirlər. Birincisi, KİV-də dərc edilən materiallarda xüsusi qeyd edilir ki, Tbilisi Cavaxetiyadan olan erməni politoloq Sergey Minasyanın Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə təyin olunmasına qarşıdır. Eləcə də, avqust ayının sonunda Gürcüstan Müdafiə Nazirliyi bəyan etdi ki, Ermənistan son anda Agile Spirit-2017 təlimlərində iştirak etməkdən boyun qaçırıb. İki gün bundan əvvəl isə bəlli olub ki, erməni nümayəndələri istisna olmaqla QDİƏT ölkələri PA-da keçirilən müzakirələrdə iştirak ediblər. Erməni heyəti bildirib ki, Assambleyanın qəbul etdiyi bəyannamədə münaqişələrlə bağlı bənd onlar tərəfindən qəbul edilə bilməz. Gürcü hökumətinin mətbuat xidməti iki ölkə arasında problemlərin olması barədə suala cavab vermək istəməyib. "Qraparak” yazır ki, baş nazirin səfərinin təxirə salınması bir sıra səbəblərlə əlaqədardır: "Birincisi, Kvirikaşvilinin səfərinin təxirə düşməsi maraqlı bir dövrə düşdü – Ermənistan Aİ ilə saziş imzaladı, ardınca da yeni səfir təyinatı ortaya düşdü”. Qəzet səfərin təxirə düşməsinin arxasında hansısa məqamların olub-olmadığı barədə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın fikirlərini soruşub. Bəlli olub ki, heç səfirin özünün də bu səfərin təxirə düşməsinin səbəbləri barədə məlumatı yoxdur. O bildirib ki, hazırda Ermənistandadır və bura baş naziri qarşılamaq üçün gəlib. Erməni nəşri daha sonda yazır ki, Kvirikaşvilinin üzv olduğu "Gürcü arzusu” parlamentdə səslərin böyük əksəriyyətinə malikdir. Yəni o, hökumətin yeni tərkibinin təsdiqini gözləməyib də səfərə gələ bilərdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər