• cümə axşamı, 28 mart, 17:47
  • Baku Bakı 16°C

“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi fəallığı yüksək səviyyədədir”

12.10.16 13:04 2263
“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi fəallığı yüksək səviyyədədir”
Oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən aydın olub ki, seçici səslərinin 48,61 faizini "Gürcü arzusu”, 27,04 faizini "Vahid Milli Hərəkat” Partiyası toplayıb. Gürcüstanda ötən şənbə keçirilən parlament seçkiləri, seçicilərin, o cümlədən azərbaycanlıların fəallıq səviyyəsi, hakim koalisiyanın bu günə qədər həyata keçirdiyi və bundan sonra davam etdirəcəyi islahatlar, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Gürcüstan Parlamentində yenidən iqtidarı təmsil edəcək azərbaycanlı deputat Mahir Dərziyev cavablandırır.
- Mahir müəllim, oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib və artıq MSK tərəfindən nəticələr də açıqlanıb. Siz ümumilikdə budəfəki seçki prosesini necə qiymətləndirirsiniz?
- Sadəcə mən deyil, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar, yerli və xarici müşahidəçilər Gürcüstanda keçirilən növbəti parlament seçkilərini demokratik, şəffaf, azad, rəqabətli şəraitdə keçirilən seçki kimi qiymətləndirirlər. Təbii olaraq bir sıra xırda pozuntular da qeydə alındı. Bu seçki pozuntuları da qeyd olundu, qanun çərçivəsində müvafiq tədbirlər görüldü. Amma həmin xırda pozuntular ümumilikdə seçkinin dəyərinə, nəticələrinə təsir göstərəcək səviyyədə deyildi. Tam inamla deyə bilərik ki, Gürcüstanda tam azad, demokratik, şəffaf şəkildə, namizədlərin rəqabət apara bildiyi bir seçki kampaniyası həyata keçirildi. Seçki başa çatandan sonra elan edilən ilkin nəticələr də reallıqla uyğunluq təşkil edir. Seçki prosesində hər hansı saxtalaşdırma, ümumən seçkinin ruhuna ciddi təsir edə biləcək hər hansı hadisə baş vermədi.
- Budəfəki seçki prosesində Gürcüstan əhalisi, o cümlədən azərbaycanlıların seçki fəallığı hansı səviyyədə oldu?
- Azərbaycanlıların ictimai-siyasi fəallığının artması bizim ən böyük nailiyyətlərimizdən biridir. Yəni, əvvəlki hakimiyyətlərin dövründə azərbaycanlıların səsi iqtidarın torbasından çıxıb. Həmin vaxtlar demək olar ki, seçkilər formal xarakter daşıyıb. Hətta nə iqtidar, nə də müxalifət partiyalarından yerlərdə azərbaycanlılardan deputatlığa namizədlər irəli sürülməyib. Bu kimi bir çox faktları sadalamaq olar. Amma "Gürcü arzusu”nun, o cümlədən biz deputatların da fəaliyyəti nəticəsində, xüsusən də Mixail Saakaşvili hakimiyyətinə qarşı davam edən müxalifət hərəkatı dövründə ardıcıl olaraq 2-3 il mitinqlər, çıxışlar dalğası oldu, azərbaycanlıların da siyasi proseslərdə fəallığı artdı. Hazırda da Azərbaycan icmasının ictimai-siyasi fəallığı yüksək səviyyədədir. Bu fəallıq parlamentə namizədliyi irəli sürülənlərin siyahısına baxanda özünü göstərir. Müxtəlif partiyalarda təmsil olunan 30-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülmüşdü. İstisnasız demək olar ki, həm müxalifətdən, həm də iqtidardan deputatlığa namizədliyi irəli sürülən azərbaycanlılar var idi. Əlamətdar hadisələrdən biri də bu idi ki, partiyaların yerli təşkilatlarında rəhbərlərin çoxunu da azərbaycanlılar təşkil edirdi. Ümumiləşdirsək, tam əminliklə deyə bilərik ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar özlərinin Konstitusiyada təsbit olunmuş seçmək və seçilmək hüquqlarından fəal şəkildə yararlanırlar. Bu faktın özü ictimai-siyasi fəallığın ən yüksək göstəricisidir. Artıq Gürcüstanda azərbaycanlı seçici faktorunu hesaba almayan hər hansı partiyanı ciddi siyasi təşkilat kimi qəbul etmək mümkün deyil.
- Siz Gürcüstandakı azərbaycanlıların ictimai-siyasi fəallığını, həmçinin 30-a yaxın azərbaycanlının deputatlığa namizədliyinin irəli sürüldüyünü vurğuladınız. Belə fəallıq müqabilində neçə azərbaycanlı parlamentdə təmsil oluna bilmək hüququ qazanıb?
- Bu il Gürcüstanda parlament seçkiləri əvvəlkilərdən fərqli şəkildə keçirildi. Gürcüstan Konstitusiyasına görə, ölkə ərazisində 150 deputat yerinə proporsional və majoritar yolla seçkilər keçirilməlidir. Ana qanuna görə, 77 deputat proporsional şəkildə partiya siyahısı ilə, 73 deputat majoritar dairələrdən seçilir. Majoritar dairələr əvvəllər yerli dairələrin, bələdiyyələrin sərhədlərinə uyğun formalaşdırılmışdı. Lakin sonradan Gürcüstan Konstitusiyası bunu Ana qanunun təhrif olunması kimi qiymətləndirdi. Misal üçün, Gürcüstanın dağ rayonunda elə dairə mövcuddur ki, 10 min seçicisi var. Marneuli rayonunun isə 100 mindən artıq seçicisi var. Buna baxmayaraq, hər iki rayonun hərəsindən yalnız bir deputat seçilirdi. İndi isə yaşayış məntəqələrindəki 45-50 min seçiciyə görə bir dairə formalaşdırılıb. Ona görə də Marneuli rayonunda iki seçki dairəsi var artıq. Həmin dairənin birindən "Gürcü arzusu” koalisiyasının namizədi Ruslan Hacıyev majoritar yolla deputat seçilib. Onun rəqibi Azər Süleymanov majoritar seçkidə məğlub olsa da, təmsil olunduğu partiyanın siyahısına uyğun olaraq deputat seçilib. Digər dairədə "Vahid Milli Hərəkat”Partiyasının nümayəndəsi Əhməd İmanquliyevin namizədliyi irəli sürülmüşdü. Orada seçkilər ikinci tura keçirildi. Gürcüstan qanunvericiliyinə görə, deputatlığa namizəd birinci turda ümumi səslərin 50+1 faizini toplaya bilərsə, o, seçilmiş hesab olunur. Əgər namizəd 50 faizdən az səs toplayarsa ikinci tur təyin olunur. İkinci tura ən yaxşı nəticə göstərmiş, ən çox səs toplamış iki namizəd buraxılır. Onların da arasından da ən çox səs toplayanı deputat seçilir. Bu gün real olaraq Qardabanidən Savalan Mirzəyev, Marneulidən Azər Süleymanov və Ruslan Hacıyev, "Gürcü arzusu”nun təqdim etdiyi partiya siyahısında 20-ci yerdə olan şəxs kimi mən Gürcüstan parlamentinə deputat seçilmişik.
- Hər bir seçki dönəmində hakim partiyanın, koalisiyanın namizədləri bir növ xalqa, seçicilərə hesabat verir, arxada qalan illərdə görülən işlərdən və gələcək planlardan söhbət açırlar. Deyə bilərsinizmi, hakim "Gürcü arzusu” koalisiyası bundan əvvəlki parlament seçkilərindən indiyə qədər ötən müddətdə hansı işlərə imza atıb?
- Parlament seçkiləri öncəsi "Gürcü arzusu” koalisiyası tərəfindən təşkil edilən seçki kampaniyasında fəal iştirak etdim. Bu, bir növ mənim həm də hesabatım oldu. Əgər ötən 4 ildə "Gürcü arzusu” iqtidarının gördüyü işləri sadalasam söhbətimiz uzun çəkər. Ancaq qısaca olaraq bir neçə məqamı qeyd etmək istəyirəm. Biz Gürcüstanda pulsuz tibbi sığorta məsələsini reallaşdıra bildik. Artıq Gürcüstanda insanlara pulsuz tibbi xidmət göstərilir. Bu, hətta bir çox qabaqcıl ölkələrin həsəd apara biləcəyi bir nailiyyətdir. İstisnasız olaraq bütün Gürcüstan vətəndaşlarının pulsuz tibbi xidmət hüququ var. Bu işlərin tərkib hissəsi olaraq bir məqama diqqət çəkmək istəyirəm. Gürcüstanda "Hepatit C” xəstəliyinə qarşı kampaniya aparılır. İlkin mərhələdə bu virusa yoluxmuş 25 min insanın bu xəstəlikdən təmizlənməsi prosesi gedir. Ortalama olaraq bir hepatit xəstəsinin müalicəsi bugünkü qiymətlərlə 100 min dollar civarındadır. Gürcüstanda isə bu, pulsuz həyata keçirilir. Bununla yanaşı, təhsil məsələsi də bizim hökumətin hər zaman prioriteti olub. Ötən 4 ildə çoxsaylı yeni məktəblərin istifadəyə verilməsi, təhsildə müəyyən islahatların həyata keçirilməsi, müəllimlərin maaşının bir neçə dəfə artırılması ilə bərabər, orta məktəblərdə təhsil alan bütün şagirdlər pulsuz dərsliklərlə təmin olundu. Gürcüstanda bütün uşaq bağçaları pulsuzdur. Bizim hakimiyyətimizə qədər ali məktəblərdə yalnız ödənişli təhsil var idi. İndi isə 25 ixtisas üzrə ödənişsiz ali təhsil almaq mümkündür. Bu cür ödənişsiz ixtisasların sayı günbəgün artmaqdadır. Bizim hakimiyyətdə olduğumuz müddətdə həyata keçirdiyimiz tədbirlərdən biri də kənd təsərrüfatı sahəsində insanlara ucuz – aşağı faizlərlə kreditlərin verilməsi oldu. İstisnasız olaraq hər bir Gürcüstan vətəndaşı 1 milyona yaxın vəsaiti illik minimum 2, maksimum 6 faiz olmaqla kredit kimi əldə edə, öz fermer təsərrüfatını və sairi inkişaf etdirə bilər. Burada məsələ belədir ki, bank krediti 10-15 faizlə verir. Sadəcə sənədləşməyə uyğun olaraq həmin kreditin 2-6 faizini təsərrüfat sahibi, qalan faizini isə dövlətin yaratdığı fond banka ödəyir. Burada qarşıya qoyulan məqsəd kəndli-fermer təsərrüfatını, ümumilikdə kənd təsərrüfatını inkişaf etdirməkdir. Biz bu layihənin çox böyük səmərəsini görürük. Misal üçün, Marneulidə 1 milyondan artıq kredit götürən adam tanıyıram ki, artıq o, özünə böyük istixana kompleksi, özəl təsərrüfat yaradıb. Xarici siyasətdə isə Avropa İttifaqı ilə Assosiativ Saziş imzalandı, Rusiya ilə Saakaşvili hakimiyyəti dövründə pozulmuş münasibətlər qismən normallaşdırıldı, viza rejimi sadələşdirildi, Rusiya bazarlarına gürcü məhsullarının çıxışı bərpa olundu, qonşu Azərbaycanla münasibətlərimiz daha yüksək səviyyədə inkişaf etdirildi və sair. Bütün bunlar bizim hakimiyyətin gördüyü işlərdir.
- Hazırda Gürcüstan azərbaycanlılarını qayğılandıran hansı problemlər var?
- Bizim Azərbaycan icmasının özünün spesifik problemləri var. Bu sırada ilk növbədə təhsil problemini diqqətə çatdırmaq istərdim. Əgər biz rəsmi dövlət dilini bilməklə bərabər, rəqabət qabiliyyətli, yüksək peşəkarlığı, təhsili olan mütəxəssislər, vətəndaşlar yetişdirməsək, Gürcüstan cəmiyyətində öz layiqli yerimizi tuta bilməyəcəyik. Sadəcə, Gürcüstanın ali məktəblərində minlərlə azərbaycanlının təhsil alması ilə kifayətlənmək olmaz. İstərdik ki, Gürcüstan vətəndaşı olan azərbaycanlı tələbələrimizi Avropanın, Amerikanın qabaqcıl ali təhsil müəssisələrinə də göndərə bilək. Biz Azərbaycanla tələbə mübadiləsinin aparılmasını da arzulayardıq. Çünki hazırda məktəblərimizdə müəllim çatışmazlığı var. İstərdik ki, Azərbaycanın ali təhsil müəssisələrində bizim məktəblər üçün də müəllim kadrları hazırlansın. Bundan başqa, azərbaycanlıların yaşadığı aqrar rayonlardakı meliorasiya problemləri, torpaq məsələləri də diqqətimdə saxlanılacaq. Eyni zamanda istərdim ki, Azərbaycanla humanitar, mədəni əlaqələrimiz də inkişaf etsin. Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələr yüksək səviyyədə olsa da, mədəni əlaqələr bundan zəifdir. Nə üçün Azərbaycandan muğam ifaçıları, incəsənət nümayəndələri, teatrlar Gürcüstan azərbaycanlılarının görüşünə gəlməsin? Biz onları da gözləyirik. Düşünürəm ki, bu istiqamətdə də bəzi tədbirlər həyata keçirmək gərəkdir.
- Mahir müəllim, Gürcüstan müxalifətində təmsil olunan bəzi azərbaycanlılar tərəfindən Sizin guya Azərbaycan məktəblərinin bağlanması təşəbbüsünü irəli sürdüyünüz, həmçinin parlamentdə təmsil olunsanız da gürcü dilini bilmədiyiniz, məhz bu səbəbdən də problemləri dilə gətirmədiyiniz qeyd olunur. Bu deyilənlərə münasibətiniz necədir?
- Gürcüstan azərbaycanlılarının böyük əksəriyyətinin rəsmi dövlət dilini – gürcü dilini bilməməsi bizim icmaya müəyyən problemlər yaradır. Təbii ki, bu da gürcü cəmiyyətinə inteqrasiya, karyera qurmaq, hətta elementar ehtiyacları həll etmək yolunda müəyyən maneəyə çevrilir. Gürcüstanın Təhsil qanununda qeyd edilir ki, ölkədə təhsilin dili gürcü dilidir. Eyni zamanda, bu qanun bütün milli azlıqların öz ana dilində təhsil almaq hüququnu da tanıyır. Bu hüquq isə milli azlıqların öz ana dili və ədəbiyyatını öyrənməkdən ibarətdir. Bu səbəbdən mən təklif edirəm ki, bizim məktəblərdə təbiət fənləri bloku, misal üçün riyaziyyat, kimya və biologiya gürcü dilində keçirilsin, eyni zamanda, Azərbaycan dili və ədəbiyyatı da yüksək səviyyədə tədris olunsun. Yəni, bizim uşaqlar öz ana dili və ədəbiyyatını da yüksək səviyyədə öyrənsinlər. Lakin hələlik dövlət bu işin, məsuliyyətin altına girmir, həmin fənlərin Azərbaycan dilində tədrisinə göz yumur. Əgər gürcü dilində tədris olunsaydı, bu, bizə çox böyük dvidentlər gətirərdi. Təsəvvür edin, bu gün biz azərbaycanlıların övladlarının ali məktəblərdəki təhsil haqlarını SOCAR şirkəti ödəyir. Amma gürcü dilində orta məktəbdə təhsil almaqla gələcəkdə insanlarımız həm cəmiyyətə daha yaxşı inteqrasiya olunar, həm də ali təhsil müəssisələrində pulsuz təhsil almaq hüququndan yararlana bilər, daha rəqabətqabiliyyətli olarlar. O ki, qaldı mənim gürcü dilini bilməməyimə, demək istərdim ki, belə bir iddianı mediada gündəmə gətirənlərin Azərbaycan dilini bilmə səviyyəsindən qat-qat artıq dərəcədə gürcü dilini bilirəm, parlamentdə də qanun və hüquqlar çərçivəsində lazımi tədbirləri görürəm.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər