• şənbə, 20 Aprel, 06:29
  • Baku Bakı 14°C

Gürcülər prezidentsiz qala bilər

15.04.17 11:30 789
Gürcülər prezidentsiz qala bilər
Gürcüstanda prezidentlə hökumət arasında gərginlik səngimək bilmir. Bu dəfə narazılıq Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır. Gürcü nəşrlərinin yaydığı məlumata görə, keçmiş hakimiyyət partiyası – Vahid Milli Hərəkat və ondan parçalanan "Avropa Gürcüstanı” hərəkatı Konstitusiya Komissiyasından çıxmaq barədə qərar qəbul ediblər. Onların ardınca "Dövlət xalq üçün” müxalifət partiyası da belə bir addım atıb. Əsas qanuna ediləcək dəyişikliklərlə bağlı gedən müzakirələrin gedişindən qeyri-hökumət təşkilatları da narazıdırlar. Onlar hakim "Gürcü arzusu”nu hakimiyyəti mənimsəməkdə günahlandırırlar. Prezident Georgi Marqvelaşvili də Konstitusiyaya ediləcək dəyişiklikləri sərt tənqid edib. "Xalqı prezidenti seçmək hüququndan məhrum etmək olmaz”, - deyə prezident parlamentdəki çıxışında bildirib. Komissiyanın işində iştirak edən müxalifət və müstəqil ekspertlər hakim partiyanın onların hər hansı bir təklifini nəzərə almamaqda və istədiyi dəyişikliyi keçirmək istəyində günahlandırıb. Dəyişikliklərdə prezidentin səlahiyyətlərinin azaldılması nəzərdə tutur. "Vahid Milli Hərəkat”ın parlament fraksiyasının rəhbəri Roman Qoçiridze bildirib ki, komissiyanın işində iştirak etməyə əsas görmür: "Onlar nə istəyirlər, onu da edirlər. Konstitusiyanı sovet dövrünə qaytarırlar”.
Hakimiyyət isə bu iradları qəbul etmir. "Hər hansı bir düzəliş və dəyişiklik Venesiya Komissiyasının razılığı olmadan həyata keçməyəcək. Bu yaxınlarda ölkədə olan Venesiya Komissiyasının üzvləri isə yeni layihəni bəyəniblər”, - deyə parlamentin spikeri İrakli Kobaxidze bildirib. Konstitusiya islahatları paketi bu günlərdə elan edilib, lakin onun üzərində işlər aprelin sonlarına kimi davam etdiriləcək. Sonra isə sənəd parlamentin müzakirəsinə çıxarılacaq. Əsas dəyişiklik qeyd edildiyi kimi, prezidentlik institutu ilə bağlıdır. Konstitusiya məsələləri üzrə ekspert Vaxtanq Xmaladze bildirib ki, əsas qanuna dəfələrlə dəyişiklik olub. "Mixail Saakaşvili dövründə edilən dəyişiklik konstitusiyanı dövləti idarəetmə vasitəsinə çevirdi. Əvvəl nəzərdə tutulurdu ki, dəyişiklik 2023-cü ildən qüvvəyə minəcək. Lakin "Gürcü arzusu” təklif etdiyi yeni dəyişiklikdə bəyan edib ki, ümumxalq səsverməsini indidən ləğv etmək niyyətindədir və 2018-ci ildə yeni qaydalarla prezident seçilməsini istəyir. Eyni zamanda prezidentlik üçün yaş senzinin 35-dən 40-a artırılması, prezidentlik müddətinin isə 5 ildən 15 ilə kimi artırılması nəzərdə tutulur. Lakin çox böyük ehtimalla, qarşıdakı seçkilər mövcud qaydalara görə keçiriləcək, səbəb də odur ki, müxalifət qəti şəkildə dəyişikliklərə qarşıdır. Hakimiyyət də cəmiyyətdə parçalanma yaranmasın deyə, onunla kompromisə gedənə oxşayır.
Dəyişikliklərə görə, prezidentin səlahiyyətlərindən təhlükəsizlik və müdafiə məsələləri çıxarılır. Eləcə də, Prezident yanında Təhlükəsizlik Şurasının (Milli Təhlükəsizlik Şurası ilə qarışdırmamalı -müəl) funksiyaları azalır. Ən əsası, prezident daha əvvəlki kimi beynəlxalq tədbirlərdə ölkənin ali nümayəndəsi funksiyasından məhrum olur, hakimlərin və Ali Məhkəmənin sədri vəzifəsinə namizədləri irəli sürə bilmir. Hakimiyyət bəyan edir ki, bu dəyişiklik ölkənin parlament üsul-idarəsinə keçidi ilə bağlıdır. Parlamentli dövlətdə isə prezident ümumxalq səsverməsi ilə seçilir. Əleyhdarlar iki fakt ortaya qoyurlar – Gürcüstan güclü demokratik ənənələrə malik dövlət deyil, ona hakimiyyət qanadlarını balanslaşdırmaq üçün müstəqil hakim gərəkdir. Konstitusiya da bu rolu prezidentə verir. Birbaşa seçkilərlə seçilməyən prezident isə parlamentdən asılı olacaq. Yəni onun təsiri altında olacaq. Opponentlər onu da bildirirlər ki, prezident ikipalatalı parlament tərəfindən seçilir. Ölkənin ərazi bütövlüyü təmin olunmadığı halda isə bu, mümkün deyil. Yuxarı palata ərazi vahidlərinin nümayəndələrindən təşkil edilib. Cənubi Osetiya və Abxaziya isə Tbilisinin yuridiksiyasında deyil.
Beləliklə, ölkədə proseslər gərgin mərhələyə daxil olur. Hakimiyyət müxalifətə güzəştə getməyəcəyi halda, ölkəni etiraz aksiyalarının bürüyəcəyi gözlənilir.
Azər
banner

Oxşar Xəbərlər