Gürcü pravoslav kiləsində gərginlik səngiyir

Gürcü pravoslav kiləsində gərginlik səngiyir

Siyasət
06 Noyabr 2019, 17:55 1355
İvanişvili katolikosla görüşdü
 
Neçə müddətdir ki, gürcü cəmiyyəti pravoslav kilsəsi daxilində yaşanan gərginlikləri müzakirə edir. Əsas müzakirə də odur ki, hakimiyyət bütün gürcülərin patriarxı İkinci İlyanı devirməyə çalışır. Şayiə, söz-söhbətlər o qədər güclənib ki, "Gürcü arzusu”nun lideri Bidzina İvanişvili bütün gürcülərin katolikosu İkinci İlya ilə sonuncunun iqamətgahında görüşüb. Xanımı və qızı ilə İkinci İlyanın yanına gələn İvanişvili bildirib ki, tək kilsəyə qarşı deyil, bütövlükdə gürcü hökumətinə qarşı hücumlar artıb.
Məsələ ondadır ki, ictimaiyyət arasında belə bir fikir geniş yayılıb ki, katolikosu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar və buna müəyyən əsas verən din xadimlərinin bəyanatları var. Hər şey ondan başlayıb ki, nüfuzlu yepiskop Yakob Bodbiyski gürcü telekanallarından birinə verdiyi müsahibədə bildirib ki, gürcü pravoslav kilsəsinin rəhbərini vəzifədən uzaqlaşdırmaq planı işə salınıb. Din xadimi bildirib ki, iki il bundan əvvəl o vaxtkı baş nazir Georgi Kvirikaşvili, indiki baş nazir Georgi Qaxariya və daxili işlər naziri Vaxtanq Qomelauri, eləcə də mitropolit Petre Çkondinski onun vasitəsilə İkinci İlyanı devirməyə cəhd göstəriblər. Eyni zamanda patriarxın aradan götürülməsi planı da olub. Lakin onun iki il bundan əvvəl baş verən hadisə barədə niyə məhz indi danışdığı aydın deyil. Belə bir fikir var ki, din xadimi spirtli içkinin təsiri altında olub. Bu təsir altında da efirdə belə bir fikir səsləndirib.
Buna baxmayaraq, Yakobun bəyanatına reaksiya dərhal olub. G.Kvirikaşvili qəti şəkildə ittihamları rədd edərək bildirib ki, İkinci İlyaya qarşı heç bir zaman çıxmaq istəməyib. Mitropolit Petre Çkondinski isə ona məsləhət görüb ki, din xadimi Georgi Mameladzenin taleyi ilə yaxından maraqlansın. Xatırladaq ki, Georgi Mameladze hazırda qətldə ittiham maddəsi ilə həbsxanada cəza çəkir. Onu yüksək rütbəli gürcü din xadiminin qətlində ittiham edirlər. Mitropolit Petre Çkondinski hesab edir ki, "zəhərlənmə məsələsi” saxtalaşdırılıb, Mamaladzeni isə günahsız yerə ittiham ediblər. Onu gürcü pravoslav kilsəsi daxilində intriqalar yaratmaqda ittiham ediblər. İkinci İlya Yakobun çıxışından dərhal sonra onu katolikosun köməkçisi, eləcə də gürcü pravoslav kilsəsinin maliyyə işlərinə cavabdeh vəzifəsindən azad edib. Yepiskop növbəti dəfə teleefirə çıxıb və əvvəlki qalmaqallı fikirlərini təkzib edib. Bildirib ki, ağır emosional vəziyyətdə olub, eləcə də uzun illərdir ağır qəsd planlarına qarşı mübarizə aparıb.
Həbsxanada olan Mamaladze də özünü göstərib. Bildirib ki, onu azad etməsələr, bütün ölkəyə səs salacaq çox ciddi kompromatlar açıqlayacaq. Bu şəxsi 2107-ci ilin 10 fevralında, Tbilisi aeroportunda həbs ediblər. O zaman din xadimi Almaniyada müalicə alan İkinci İlyaya baş çəkməyə getdiyini bildirib. Onun üzərində axtarış aparılarkən cibindən sianid (çox güclü təsirə malik zəhər) aşkarlanıb. Dərhal da bildirib ki, bu zəhər İkinci İlya deyil, gürcü pravoslav kilsəsinin başqa bir nüfuzlu nümayəndəsi üçün nəzərdə tutulubmuş. Sonra isə İkinci İlyanın referenti Şoren Tetruaşvilinin adını çəkib. Bu şəxs həqiqətən də kilsədə ciddi nüfuza malikdir. Uzunmüddətli həbs cəzasına layiq görülən bu şəxs barəsində səslənən ittihamlar bir qədər şübhəli görünür.
"Sianid” qalmaqalı ilə paralel, gürcü pravoslav kilsəsinin rəhbərliyində ciddi fikir ayrılıqları yaranıb. Kilsə iyerarxiyasında qarşıdurmalar haqqında çoxdandır ki, danışırlar. Mühafizəkar qanadla liberallar arasında qarşıdurma yaşanır. Liberallar hesab edirlər ki, islahatlar aparılmalı və gürcü pravoslav kilsəsi yenilənməlidir. Onların da qeyri-formal lideri mitropolit Petredir. Bu şəxsin əvvəlki prezident Mixail Saakaşvili ilə sıx münasibətləri olduğu bildirilir. İlahiyyatçılar kilsə daxilində vəziyyətin gərginləşməsini İkinci İlyanın səhhətindəki ciddi problem və onu kimin əvəz edəcəyi ilə izah edirlər. İkinci İlya bir müddət əvvəl qəfildən bəyan edib ki, onun yerini Senaki və Çxoroçku mitropoliti Şio Mudjiri tutacaq. Bu günlərdə isə İkinci İlya Müqəddəs Sinodun toplantısını çağırıb. İlahiyyatçılar ehtimal edirdilər ki, iclasda ciddi bir şey baş verməyəcək. Lakin iclasın yekunu sensasion oldu. Mitropolit Petre din xadimi rütbəsindən məhrum edildi. O, bu həftənin əvvəlində kilsələrdən birinə çəkilib. Bildirib ki, katolikosun addımı ədalətsizdir və əlavə edib ki, Sinodun iclasında gürcü kilsəsində güclənən homoseksuallıqdan danışıb. Buna görə vəzifəsindən uzaqlaşdırılıb.
Gürcüstan hakimiyyətinin mövqeyinə gəldikdə, onlar danışıqsız və tam şəkildə patriarxın tərəfində durublar. İndi isə ortodoksal mühafizəkar qanadın liderlərindən olan yepiskop Yakob dünyəvi hakimiyyəti və mitropolit Petreni qəsddə ittiham edib. Nəticədə bütün vəzifələrdən (yepiskop dərəcəsindən başqa) azad edilib. İkinci İlyanın əsas rəqibi olan mitropolit Petrenin mövqeyi hazırda çox zəifləyib. Belə ki, İkinci İlyaya qarşı hücuma keçməsi onun uduzması ilə nəticələndi. Sinodun iclasında din xadimləri prezidentə müraciət edərək Georgi Mameladzeni də əfv etməyə çağırıblar. Dünyəvi hakimiyyət də İkinci İlyanı müdafiə edib. Onların rəqibləri – "Vahid Milli Hərəkat” və Mixail Saakaşvili isə İvanişvilinin üzərinə hücuma keçiblər. Bildiriblər ki, hakimiyyət İkinci İlyanı aradan götürməyə çalışır. Onun yerinə isə Rusiyanın Gürcüstanda nüfuzunun artmasına çalışan şəxsi gətirmək istəyir.
Ümumiyyətlə hazırda mövcud məsələ elədir ki, gürcü kilsəsi çox güclü mövqeyə malikdir, hətta elektoral məsələlərə müdaxilə də edə bilir. Və onun sözü çox vaxt əsas olur. Məsələn, marixuananın ölkədə leqallaşdırılmazı barədə qanun layihəsi daxil olan zaman kilsə sərt mövqedən çıxış etdi. Nəticədə hökumət geri çəkilməyə məcbur oldu. Salome Zurabişvilinin prezident seçkilərinin həlledici ikinci turunda da namizədliyini kilsə müdafiə etmişdi. Bu da onu deməyə əsas verir ki, kilsə ölkədə çox güclü nüfuzlu institutlardan biri olaraq qalır. Hakimiyyət bir tərəfdən kilsə ilə xoş münasibətlər saxlamağa çalışır, digər tərəfdən isə ola bilsin, onun zəifləməsində maraqlıdır. Lakin bunu hələ ki həyata keçirməyə çalışmaz. Çünki qarşıdan parlament seçkiləri gəlir. Kilsənin dəstəyi isə ona gərəkli ola bilər. Özü də ilk dəfə olaraq seçkilər proporsional əsasda keçiriləcək. O ki qaldı müxalifətə, ona istənilən bir qalmaqal gərəkdir.
Ekspertlərin gəldiyi qənaət budur ki, İvanişvilinin katolikos ilə görüşü cəmiyyətə mesaj kimi qəbul olunmalıdır – yəni, gərginlik və problem aradan qalxıb və hər şey nəzarətdədir.
 
Azər NURİYEV