• cümə axşamı, 25 aprel, 04:16
  • Baku Bakı 19°C

Gürcü patriarxına qarşı planlaşdırılan qəsdin qarşısı alınıb

15.02.17 09:00 645
Gürcü patriarxına qarşı planlaşdırılan qəsdin qarşısı alınıb
Qonşu Gürcüstanda rəsmilərin də qeyd etdiyi kimi, ölkədəki vəziyyəti nəzarətdən çıxara biləcək milli faciənin qarşısı alınıb. Söhbət patriarx II İliyaya qarşı baş tutmayan sui-qəsd cəhdindən gedir. Baş prokurorluq ölkənin 84 yaşlı patriarxına qarşı sui-qəsdin qarşısının alındığı və II İliyanı zəhərləməyi planlaşdıran baş keşişlərdən birinin həbs olunduğu barədə bəyanat yayıb. Gürcüstanın baş prokuroru İrakli Şotadze bildirib ki, fevralın 2-də adı gizli saxlanılan ölkə vətəndaşı Gürcüstan Baş Prokurorluğuna müraciət edərək keşiş Georgi Mamaladzenin ondan insan həyatı üçün təhlükəli olan sianid maddəsi tapmasını istədiyini bildirib. Bundan sonra prokurorluq faktı araşdırmağa başlayıb. İstintaqın gedişi zamanı müəyyən edilib ki, Georgi Mamaladze həqiqətən həmin şəxsdən qısa müddətdə zəhərli maddəni tapmasını istəyib, qarşılığında ona pul ödəməyə hazır olub.
Baş prokurorun sözlərinə görə, G.Mamaladze sianidi əldə etdikdən sonra hazırda patriarxın müalicə aldığı Almaniyaya getməyi planlaşdırıb. Baş prokuror "Gürcü Patriarxlığının Mülkiyyət Vəqfinin rəhbəri, baş keşiş Georgi Mamaladze fevralın 10-da Tbilisi hava limanında Berlinə uçan təyyarəyə minərkən həbs olunub” deyib. Baş prokuror Xüsusi Dövlət Mühafizəsi Xidmətinin başçısı Anzor Çubinidzenin Gürcüstan patriarxının təhlükəsizliyini təmin etmək üçün Berlinə ezam olunduğunu yazıb. II İliya Gürcü Kilsəsinə 1977-ci ildən başçılıq edib və ölkənin sosial-siyasi həyatında mühüm rol oynayır. Bütün rəy sorğuları onun Gürcüstanda ən çox hörmət edilən fiqur olduğunu göstərir. Onun Gürcüstanda hər bir ailədə doğulan ikinci uşağı şəxsən xaç suyuna salması əhalisi azalmaqda olan ölkənin demoqrafik vəziyyətini dirçəldib. Bu da xəbər verilir ki, patriarxın fevralın 13-də keçirilən cərrahiyyə əməliyyatı uğurlu olub. Patriarxın həyatına sui-qəsd cəhdi barədə xəbəri ilk dəfə "Rustavi-2” telekanalı yaymışdı.
Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bəyan edib ki, Berlindəki klinikalardan birində müalicə alan patriarxa baş çəkəcək. Onun sözlərinə görə, ölkə böyük bir fəlakətdən qurtulmağa müyəssər olub və hüquq- mühafizə orqanları kilsəyə qarşı xain hücumun qarşını alıblar. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını operativ və effektiv işə görə təşəkkür edib. "İnsident barədə xəbər aldıqdan sonra işi tam nəzarətə aldım və mütəmadi olaraq bununla bağlı məlumat alır. Qeyri-müəyyən vəziyyəti nəzarətə alaraq öz şəxsi mühafizəmin üzvlərini, mühafizənin rəisi ilə birlikdə Berlinə göndərdim”. Baş prokuror əlavə edib ki, intensiv araşdırma aparılır və bu səbəbdən də təfərrüatlar barədə sonra məlumat veriləcək. Onun fikrincə, Mamaladzenin sui-qəsddə əlinin olması barədə təkzibolunmaz faktlar var: "Audio və video yazılar var və məhkəməyə təqdim edilib. Hazırda şahidlərin dindirilməsini davam etdiririk”. Baş nazir sonda bildirib ki, Münhendə keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək. Və orada katalikosa da baş çəkəcək.
O ki qaldı həbs edilən keşiş Gerorgi Mamaladzeyə, o, özünü müqəssir saymır. Axtarış zamanı onun üzərindən sianid aşkar olunub. Evində axtarış zamanı isə əldəqayırma silah, partlayıcı vasitə aşkarlanıb. Gürcü pravoslav kilsəsi daxilində ixtilafların və ziddiyyətlərin olması çoxdan bəlli idi. Teoloqlar bildirirdilər ki, dini idarədə ultrasağ qanadla yüksək rütbəli din xadimləri arasında ziddiyyətlər güclənib. Moizələr zamanı narazılıq keşişlərin bir-birinin ünvanına sərt ittihamlar səsləndirməsinə, hətta dava-dalaşa kimi gedib çıxırdı. Sonuncu insident zamanı din xadimlərindən biri patriarxın mühafizə xidmətinin rəhbəri Oxaneşvilini döymüşdü. Ardınca bəyan etmişdi ki, bu qurumu ləğv edəcək. Lakin İkinci İliya buna imkan verməmişdi. "Xronika+” qəzetinin redaktoru Eliso Kiladze prokurorluqdan tələb edib ki, Mamaledzeyə qarşı irəli sürülən ittiham rəsmən dərc edilməlidir. Onun sözlərinə görə, ittiham aktında ümumiyyətlə, patriarxın adı keçmir: "Hesab edirəm ki, patriarxın katib-referentinin zəhərlənməsi nəzərdə tutulmuşdu”. Həbsdə olan din xadimi ilə görüşən ombudsman Uça Nanuaşvili isə bildirib ki, Mamaladze özünü günahkar bilmir və onda sianid maddəsi olmayıb. İnsan haqları üzrə müvəkkil əlavə edib ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əlavə məlumat verməsinə ehtiyac var.
Ombudsman bildirib ki, Mamaldze təhlükəsizlik təminatı tələb edir. "Gürcüstanda çox ağır bir cinayətin qarşısı alınıb. Düşünürəm ki, bu, bizim ölkəmizin nüfuzuna ciddi zərbə vuracaq bir cinayət olacaqdı”. Bu sözləri isə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze söyləyib. O deyib ki, hazırlanmış planın həyata keçirilməsi təkcə kilsəyə və ya pravoslav icmaya deyil, bütövlükdə Gürcüstanın nüfuzuna, ölkədə sülhə və sabitliyə zərbə olardı: "İstintaqın nəticələrini gözləmək lazımdır. Yaxın günlərdə hər şey tam açıqlanacaq, cinayətin bütün iştirakçıları bəlli olacaq və onlar öz cəzalarını alacaqlar. "Hesab edirəm ki, bu, yaxşı düşünülmüş bir plan olub və onun həyata keçirilməsi nəzərdə tutulubmuş. Bu, nəinki kilsəyə, həm də bütün Gürcüstana, onun bütün institutlarına, müvafiq xidmətlərinə, dünyaya və ölkədə sabitliyə vurulacaq bir zərbə idi”.
Ədliyyə naziri Tei Çululianin sözlərinə görə, bu cinayətin həyata keçirilməsi ölkədə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilərdi. "Bu, hər birimiz üçün milli faciə ola bilərdi” - deyə nazir bildirib.
Prezident Georgi Marqvelaşvili isə prokurorluqdan məsələ ilə bağlı izahat gözlədiyini bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər