Gürcü müxalifəti parçalandı
Hakimiyyət mövcud vəziyyətdən yararlanmağa çalışır
Gürcüstanda gələn ayın sonu keçiriləcək parlament seçkiləri
ərəfəsində maraqlı və gərgin proseslər yaşanır. Bir tərəfdən hakimiyyət, digər
tərəfdən müxalifət partiyaları qarşıdakı seçkilərdə daha çox səs qazanmaq üçün
bütün mümkün və qeyri-mümkün vasitələri işə salıb. Hakimiyyət son vaxtlara kimi
seçkilərdə əsas rəqiblərini sıradan çıxarmaq üçün koronavirus pandemiyasından
uğurla istifadə edirdi. Ölkəni pandemiyaya qarşı mübarizədə uğurlu dövlət kimi
nümunə çəkirdilər. Lakin elə ki, ölkə karantin rejimində bir qədər yumşalmağa
getdi, xəstə sayı sürətlə artmağa başladı. Müxalifət də bundan yararlanmağa
çalışır. Ölkənin siyasi qüvvələri arasında konsolidasiya danışıqlarına start verilib.
Lakin bunun perspektivdə uğurlu nəticələnəcəyinə ümid azdır. Məsələn, Gürcüstanın
nüfuzuna görə ikinci siyasi partiyası - "Avropa Gürcüstanı” sabiq prezident
Mixail Saakaşvilinin "Milli Birlik” Partiyası ilə faktiki birləşmə təklifini
rədd edib. Partiyalar arasında danışıqlar majoritar namizədlərin siyahısının
formalaşdırılması, eləcə də, hakim "Gürcü Arzusu” üzərində qələbə qazanılacağı
təqdirdə vəzifələrin bölgüsü üzərində qurulmuşdu. Plana görə, Saakaşvili baş
nazir postunu tutur, "Avropa Gürcüstanı” Partiyasının liderlərindən olan David
Bakradze isə yenidən spiker postuna gəlir. Düzdür, sonradan vəzifə bölgüsü
"Avropa Gürcüstanı” tərəfindən təkzib olundu. Milli Təhlükəsizlik Şurasının
sabiq rəhbəri Qiqi Bokeriya bildirib ki, seçkilərə qədər vəzifələrin
bölüşdürülməsi axmaqlıqdır. "Əvvəlcədən bu ideya qəbuledilməz idi və biz açıq
şəkildə Saakaşviliyə cavab verdik. Yaxşı olardı ki, majoritar namizədlər
məsələsində razılaşma olardı. Yəni, "Avropa Gürcüstanı” və "Milli Birlik” proporsional
sistem üzrə rəqabət aparardılar.
Majoritar hissədə isə öz fəaliyyətlərini kordinə
edərdilər. Lakin "Milli Birlik” bu sxemi pozaraq Gürcüstan regionları üzrə
vahid namizədlər məsələsindən imtina edib. İndi isə öz səhvini vahid siyahının
formalaşdırılması ideyası ilə "yağlamağa” çalışır. Bütövlükdə yeni heç nə
yoxdur”, - deyə Bokeriya bildirib. O, Saakaşvilinin son çıxışlarını tənqid
edərək, onu mövqesizlikdə günahlandırıb. Həqiqətən də, eks-prezident bəyan edib
ki, koalisiyaya, demək koalision hökumətə ehtiyac yoxdur. Bununla da demək
istəyib ki, onun üçün əsas "Milli Hərəkat”ın uğuru, yəni baş nazir postudur.
Lakin üstündən bir gün keçəndən sonra eks-prezident eks-spektri birləşməyə
çağırıb. Xalqı Bidzina İvanişvili ilə onun arasında seçim etməyə dəvət edib.
Eks-prezidentin ziddiyyətli bəyanatları elektoratın narazı hissəsini nəinki
çaş-baş salıb, mahiyyət etibarilə güclü müttəfiqləri də uzaqlaşdırmış olub.
Mahiyyət etibarilə "Milli Birlik”lə bir blokda hazırda o qədər də güclü olmayan
partiyalar qalıb. Qiqa Bokeriya hesab edir ki, Saakaşvilinin təbliğatı
İvanişvili və "Gürcü Arzusu”nun təbliğatı ilə oxşardır. Onun sözlərinə görə,
Saakaşvilinin təbliğatı indiki hakimiyyətə hədiyyədir. Bu təbliğatın əsas xətti
Saakaşvilinin Gürcüstana dönüb müxalifətə yerində rəhbərlik etməyə yönəlib.
Bokeriya əlavə edib ki, İvanişvili və "Gürcü Arzusu” özləri üçün komfortu
saxlamaq, Saakaşvili isə əvvəlki komfortu qaytarmağa çalışır. Əlavə edib ki,
"Avropa Gürcüstanı” və onların seçicisi üçün nə bu, nə də digəri qəbuledilməzdir.
Biz islahatlar, dəyişikliklər, irəliyə doğru getmək istəyirik. Öz
hakimiyyətlərini düşünənlərlə, inkişaf arzu edənlər arasında seçim etmək
istəyənləri maraqlandıran da budur”.
"Avropa Gürcüstanı”nın seçki qərargahının rəhbəri Serqi Kapanadze isə
daha sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, indi onun partiyasının öz
seçiciləri qarşısında üzərinə götürdüyü öhdəliklərə daha ikisi əlavə edilib -
"Gürcü arzusu” ilə əməkdaşlıq etməmək və Saakaşvilinin baş nazir kürsüsündə
əyləşməsinə imkan verməmək.
Müxalif "Qurucu David” hərəkatının lideri Georgi Vaşadze hesab edir
ki, baş nazir olmaq istəyini ortaya qoyan Saakaşvili başını tamamilə itirib.
"Mili Hərəkat” baş nazirliyə namizədini irəli sürməklə müxalifətin bütövlüyünü
parçalayır.
Təhlükəsizlik Şurası sədrinin keçmiş müavini Vano Maçavariani baş
verənləri analiz edərək istisna etməyib ki, ağıllı və hiyləgər siyasətçi olan
Saakaşvili ziddiyyətli bəyanatları ilə həm hakim "Gürcü Arzusu”nu öz tərəfinə
çəkməyə, həm də müxalif elektoratın səsini itirməməyə çalışır. Onun qənaətincə,
eks-prezidentdən müxalifət partiyalarının uzaqlaşması hakimiyyət üçün
problemlər yaradır. Maçavariani bildirib ki, seçkiqabağı ölkədə üç siyasi qütb
formalaşıb – hakim "Gürcü Arzusu” və onu dəstəkləyən psevdomüxalifət,
parlamentdə düşmək istəyən "Milli Hərəkat” və xırda partiyalar və yerdə qalan
müxalifət. Onlar üçün isə nə indiki hakimiyyət, nə də hakimiyyətə qayıtmaq
istəyən "Milli Hərəkat” maraqlıdır.
Mövcud vəziyyəti siyasi ekspert Qiya Xuxaişvili başqa cür dəyərləndirir.
Onun qənaətincə, müxalifət körpülərin dağıdılması ərəfəsindədir. "Bu da gürcü
siyasi elitasının kamil olmadığının göstəricisidir. Əsas polemika müxalifət
partiyaları arasında gedəndə bu, hakimiyyətə özünün seçki kampaniyasını sakit
şəkildə aparmağa imkan verir. Mövcud vəziyyət bu səbəbdən onu tam qane edir.
Müxalifətdaxili rəqabət hər zaman ola bilər – lakin baş verənlər pik həddədir”,
- deyə Xuxaişvili bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də
keçiriləcək. 150 yerlik parlamentə 120 deputat proporsional sistem üzrə, 30 deputat isə majoritar qaydada keçiriləcək.
Partiyalar üçün keçid baryeri bir faizdir.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, qarşıdakı
seçkilərin nəticələri hər iki tərəf üçün sürpriz ola bilər. Hakimiyyət
seçkiqabağı karantin qaydalarını yumşaldıb iqtisadi canlanma yaradıb bundan
mənfəət əldə etmək istəsə də, bu istəyi baş tutmadı. Müxalifət arasında isə ziddiyyət
yaranıb. Bu da qeyri-müəyyən vəziyyət yaradır. Sadəcə onu proqnoz etmək olar
ki, hakimiyyət son anda əvvəllər olduğu kimi, hansısa bir populist addıma gedə
bilər.
Azər NURİYEV