• çərşənbə, 24 Aprel, 21:49
  • Baku Bakı 23°C

“Gürcü arzusu”un növbəti qələbəsi

24.10.17 09:00 7146
“Gürcü arzusu”un növbəti qələbəsi
Gözləntilərin əksinə olaraq, "Gürcü arzusu” koalisiyası oktyabrın 21-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinin qalibi olub. Hakim partiya merin birbaşa seçki ilə seçildiyi 5 şəhərdən 4-də mübarizədən qalib çıxıb. Onun namizədləri elə birinci turda Tbilisi, Batumi, Poti və Rustavidə mer kreslosuna sahibləniblər. Tbilisi meri vəzifəsi uğrunda ümumilikdə 13 namizəd mübarizə aparırdı. Seçkinin qalibi İtaliyanın "Milan” klubunun keçmiş oyunçusu Kaxa Kaladze olub. O, səslərin 51,13 faizini toplaya bilib. "Vahid Milli Hərəkat”ın namizədi Zaal Udumaşvili 17,49, müstəqil namizəd Aleko Elisaşvili isə 16,53 faiz səs toplayıblar. Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə "Gürcü arzusu” partiyasının namizədi seçicilərin 48 faizinin dəstəyini ala bilib. Burada ikinci tur olacaq. Mərkəzi Seçki Komissiyası (MSK) 1,6 milyona yaxın seçicinin səsverməyə getdiyini bildirir ki, bu da seçicilərin 45,64 faizi deməkdir. Müxalifət üçün təsəlliverici hal yalnız budur. Eləcə də 64 yerli şuranın 2 min 58 üzvü seçilib.
Yeri gəlmişkən, Kaladzenin namizədliyini "Gürcü arzusu”nun yaradıcısı, ölkənin ən zəngin adamı, keçmiş baş nazir Bidzina İvanişvili də dəstəkləyirdi. İvanişvili 2013-cü ildə siyasətdən getsə də, bir çoxları inanır ki, o, "kulis”dən "Gürcü arzusu”nu idarə etməkdə davam edir. Kaladze turizmi daha da inkişaf etdirməyi, idarəçilikdəki bürokratik əngəlləri aradan qaldırmağı, yeni nəqliyyat şəbəkəsi qurmağı vəd edir. Seçkilərin ən çox dartışılan mövzuları tikintilər, söküntülər, nəqliyyatın ekologiyanı çirkləndirməsi olub. Çirklənmə ən çox Tbilisidə problemdir, çünki son illərdə şəhərdə böyük tikinti layihələri reallaşdırılmaqdadır. Oktyabrın 11-də Tbilisidə polislə müxalifət fəalları arasında toqquşma da olmuşdu. Aksiyaçılar meriyanın İvanişvili ilə əlaqəli tikinti şirkətinə şəhərdə torpaq sahəsi ayırmasına etiraz ediblər. Torpaq sahəsi şəhərin mərkəzindədir. Orada hotel və dayanacaq tikiləcək.
Əksəriyyət əvvəldən hesab edirdi ki, keçirilən bələdiyyə seçkiləri hakimiyyətdə olan "Gürcü arzusu” üçün bir sınaq olacaq. Çünki gələn il prezident seçkiləri olacaq. Bələdiyyə seçkiləri hakim partiyanın xalq arasında populyarlığını nə dərəcədə qoruya bildiyini göstərmiş oldu. "Gürcü arzusu” 2012-ci ildə keçmiş prezident Mixail Saakaşvilinin partiyasını məğlub edərək hakimiyyətə gəlib.
Yeri gəlmişkən, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)oktyabrın 21-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərinə qiymət verib. ATƏT bildirib ki, "namizədlər azad kampaniya apara biliblər”, seçkidə "fundamental azadlıqlara ümumilikdə sayğı göstərilib”. Amma ATƏT "protokolların nəticələrin tamamlanmasında bəzi qanunsuzluq və çətinliklərin” olduğunu daqeyd edib. ATƏT adətən siyasi mövqeyilə seçilən ölkə mediasının "getdikcə azad və fəal” olduğunu, "daha böyük siyasi debatın” inkişafına yardım etdiyini bildirir. Ancaq qurum "bəzi zorakı insidentlərin də baş verdiyini” vurğulayıb. "Seçicilərə təzyiq hallarıyla yanaşı, dövlət resurslarından sui-istifadə halları da qeydə alınıb”, – deyə, bəyanatda deyilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə 22 partiya, 5 siyasi blok və 1 təşəbbüs qrupu iştirak edib. Son aylarda hakim partiyanı inzibati resurslardan öz namizədlərinin xeyrinə istifadə etməkdə, dövlət televiziyasında birtərəfli olaraq onlara dəstək verməkdə suçlayanlar az olmayıb.Lakin MSK-nın rəhbəri Tamar Jvaniya deyib ki, inzibati resurslardan istifadə halları olsa da, belə pozuntuların sayı əvvəlki illərlə müqayisədə azalıb. Seçkini 600-ə yaxın xarici müşahidəçi də izləyib.Ekspertlər Saakaşvili tərəfdarlarının məğlubiyyətini əhalidə ona olan inamım zəifləməsi ilə əlaqələndirirlər. "GHN” analitik agentliyinin rəhbəri David Avalişvili hesab edir ki, "insanlar Saakaşvilinin eyni zamanda həm Gürcüstanda, həm də Ukraynada uğur qazanacağına inanmır və onun populist bəyanatlarından yorulublar”.
Azər
banner

Oxşar Xəbərlər