"Günümüzə ağlamaqdansa, özümüzə gün ağlayaq" - Gör-götür
Elşən Bədirxanov: "Zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət
deyil, qaçmaq lazımdır”
Pozitiv
insandır. Düşünür ki, zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət deyil,
qaçmaq lazımdır. Ona görə, bu dövrə uyğun biliklərə və dəyişikliklərə meyilli olan insanlar inkişaf edəcək,
olmayanları isə ayrı-ayrı fərdlər yox, zaman süpürüb səhnədən kənara atacaq. Bu
səbəbdən yaşından asılı olmayaraq, hər kəsə öz üzərində çalışmağı tövsiyə edir.
Müsahibimiz Rabitəbank ASC-də İdarə Heyəti sədrinin
müavini, Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının üzvü Elşən
Bədirxanovdur.
- Tarix üzrə təhsil almısınız. Universiteti
bitirdikdən sonra 93-cü ildən bank sahəsində işləməyə başlamısınız. O dövrə
səyahət edək. Bankla yolunuz necə kəsişib?
-
Məktəbi bitirəndə qərara gəldim ki, tarixçi olum. O zamanlar test sistemi
mövcud deyildi və yeganə universitet olan Bakı Dövlət Universitetinin tarix
fakültəsinə daxil olmaq olduqca çətin idi. Çünki bu fakültəni bitirənlər üçün
geniş karyera imkanları açılırdı. Sonradan məlum oldu ki, oraya qəbul olan
tələbələr qabaqcadan bəlli imiş. Hətta müəllimlərdən biri atama demişdi ki,
"oğlun bu fakültəyə daxil ola bilməyəcək, uşağı sındırma”. Atam bunu mənə
demədi və cəhd etdik. 3 imtahan olmalı idi. Qəbul olunmaq üçün bunların ən azı
ikisindən "5”
almaq lazım idi. İlk imtahanda sualların hamısını cavablandırdım və gördüm ki,
"4”
yazıblar. Məyus oldum. Dedim niyə "4”? Cavab verdilər ki, "4” yaxşı qiymətdir. İkinci
imtahanda gözüm imtahan qəbul edənlərin əlində idi. Qiymət yazanda dedim neçə yazırsınız? Dedilər
"4”. Etiraz
etdim. Dedilər ki, "4” çox yaxşı qiymətdir. Dedim yox, mən "5” istəyirəm. Yazmadılar.
Apelyasiya tələb etdim. Universitetin
hörmətli professorları sual-cavab etdilər. Yaqub Mahmudovun və
Fuad Qasımzadənin "5”
almağımda rolu çox oldu. Beləliklə, mən tarix fakültəsinə daxil oldum. Yekun
dövlət imtahanını mərhum Ziya Bünyadov qəbul etdi. Hər zaman fəxrlə qeyd edirəm
ki, Ziya Bünyadov məni öz yanına, aspiranturaya dəvət etmişdi. Amma o zaman
vəziyyət mürəkkəb idi, Qarabağ müharibəsi zamanı qardaşım ağır yaralanmışdı və
ailəmizin iqtisadi durumu da yaxşı deyildi. Ona görə də, necə deyərlər, mədə
elmə qalib gəldi və kommersiya sahəsinə üstünlük verdim.
- Deməli, sizi bank sahəsinə o zamankı maddi
durumunuz gətirdi...
- Bəli.
Təsəvvür edin ki, 1993-cü ilin əvvəli idi. Ölkədə Sovet İttifaqı dağılandan
sonra gərgin proseslər gedirdi. Elmə diqqət aşağı idi və burada rasional çıxış
yolu tapmaq lazım idi. Müxtəlif kommersiya təşkilatlarında işləyəndən sonra
təsadüfən məlumat aldım ki, bankların birində vakansiya var. Mənim də bu sahədə
təcrübəm yox idi. Nəinki mənim, o zaman bank sahəsində təcrübəsi olan adamlar
demək olar ki, yox idi. Özümü sınadım və işə qəbul olundum. Yarım ildən sonra
elə alındı ki, rəhbərim başqa işə keçdi və məni şöbə rəhbərinin vəzifələrini
icra edən təyin etdilər. Bu, əslində səciyyəvi vəziyyət deyil. Reallıq odur ki,
bank sahəsində peşəkarlar yox dərəcəsində idi və çalışqan bacarıqlı hər bir
gəncin irəliləməyə şansı vardı. O şans mənə də qismət oldu və ondan da
yararlana bildim. Az müddət sonra şöbə rəhbəri kimi "Rabitəbank”dan təklif
aldım. Qısa zamanda tamamilə sıfırdan bir çox sahələrin qurulması mənə həvalə
olundu. 2003-cü ildə "Bank of Baku”da İdarə Heyəti sədrinin müavini kimi
çalışdım. Yarım ildən sonra banka rəhbərlik mənə həvalə olundu. Sonradan bir
sıra digər maliyyə qurumlarında da rəhbər vəzifələrdə çalışdım və nəhayət "Rabitəbank”dan ayrıldıqdan 15 il sonra
yenidən bu banka qayıtdım. Hazırda insan resursları və keyfiyyətə nəzarət
sahələrini kurasiya edirəm.
- Maraqlıdır, tarixçi olmaq üçün mübarizə
aparmısınız, amma bank sahəsində uğurlarınız olub. Heç düşünürsünüzmü ki, kaş
əvvəldən bu sahəyə gedərdim, yaxud tarixlə də ciddi məşğul olardım...
- Tarixə
marağım müxtəlif sahələrdə köməyimə çatıb. Tarixçilik mənə analitik düşünmə və
təhlil etmə məqamlarını, oxuma vərdişlərini formalaşdırıb. Amma bank sahəsi
mənə o qədər maraqlı gəldi ki, yenidən elmə qayıtmaq barədə, açığını desəm,
düşünmədim. Məni tanıyan insanlar da bildirirlər ki, məntiqi düşüncə tərzim
iqtisadi sahəyə daha çox uyğun gəlir.
- Hazırda aparıcı banklarda yüksək vəzifələr tutan
vaxtilə bir çox gənc istedadların aşkarlanmasında böyük rolunuz olub. Bu barədə
nə deyə bilərsiniz?
- Çox şadam ki, mənə belə bir şans nəsib olub. Rəhbərlik etdiyim
bankların birində imkanım var idi ki, hər bir işə qəbul edilən əməkdaşla şəxsən
görüşüm. Oxşar dəyərləri paylaşan və inkişafa meyilli insanların müəyyən
edilməsi üçün bu çox önəmli idi. Fəxr edirəm ki, o dövrdə seçdiyimiz insanlar
müxtəlif banklarda kifayət qədər böyük uğurlara sahib olublar və hazırda
aparıcı banklarda rəhbər mövqelərdədirlər. Onların uğurlarına çox sevinirəm.
- Elşən müəllim, iş üçün müsahibəyə gələn insanda
daha çox hansı nüansa diqqət edirsiniz ki, məhz sizin seçdiyiniz insanlar indi
rəhbərdirlər?
- Əsaslarını deyim. Bilik önəmlidir, amma heç də yeganə meyar deyil.
Fikrimcə, bir sıra hallarda bilikdən daha əhəmiyyətli meyar inkişafa meyillilik
və öyrənmə qabiliyyətidir. Bunlarla yanaşı, pozitiv düşüncə və komandada
işləmək bacarığı da olduqca önəmli keyfiyyətlərdir.
- "Uğura inan, öz biznesinə başla!” kitabının
müəllifisiniz. Niyə məhz bu mövzu?
- Bu,
mənim həyatımda maraqlı bir səhifədir. 2015-ci ilin əvvəllərində ilk
devalvasiyadan sonra cəmiyyət çaşqınlıq içində idi. Uzun illər iqtisadi
sabitlikdən sonra bu vəziyyət insanlara ciddi bir şok yaşatdı. Bunun təsiri
daha çox gənclərə oldu. Öz gələcəyini görməyən ümidsiz gənclər cəmiyyət üçün
kifayət qədər böyük bir riskdir. Bu halda insanlar radikalizmə meyilli olurlar.
Düşündüm ki, bu vəziyyətdə mən nə edə bilərəm? Çıxış yolu kimi gənclərin xırda
biznesə sövq edilməsini gördüm. Söhbət çox kiçik fərdi sahibkarlıqdan gedir ki,
gənclər öz vərdişlərini inkişaf etdirsinlər, az da olsa qazanc əldə etmək
imkanları olsun. Bu məqsədlə çox araşdırma apardım. Hətta mikrobiznes inkubatoru layihəsini
yaratdım. Bu biliklər itməsin deyə, qərarlaşdım ki, onları yığcam şəkildə
toplayım və "Uğura inan, öz biznesini yarat!” kitabını yazım. Bu kitab
Azərbaycan Banklar Assosiasiyası və Asan Könüllülər təşkilatının dəstəyi ilə
çap olundu.
- İstədiyinizə nail ola bildinizmi?
-
Şübhəsiz ki, yalnız kitabla belə böyük hədəfə çatmaq mümkün deyil. Amma əlimdən
gələni etdim. Bu sahədə hətta ASAN-da gənclərə 1 aylıq təlim də keçdim. Pafoslu
səslənməsin, düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı inkişafa xırda
töhfəsini versə, nəticəsi möhtəşəm olar.
- Çıxışlarınızda daim şəxsi inkişafın vacibliyini
vurğulayırsınız. Özünüz şəxsi inkişafınıza vaxt ayıra bilirsinizmi?
- Çox maraqlı dövrdə yaşayırıq. Dəyişikliklər dövrüdür. Yeni biliklər
eksponensial qaydada artır. Zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət
deyil, qaçmaq lazımdır. Bu dövrə uyğun biliklərə və dəyişikliklərə meyilli olan
insanlar inkişaf edəcək, olmayanları isə ayrı-ayrı fərdlər yox, zaman süpürüb
səhnədən kənara atacaq. Buna görə də həmişə tövsiyəm odur ki, yaşından asılı
olmayaraq, bütün insanlar öz üzərlərində çalışsınlar. Özüm də bir neçə
istiqamət üzrə şəxsi inkişafıma diqqət yetirirəm. Xüsusən, son illər çox kitab
oxuyuram. Ötən il ərzinə 48 kitab oxumuşam. İnternetdə daim öz sahəm və digər
sahələr üzrə yenilikləri izləyirəm. Məni maraqlandıran mövzular üzrə müxtəlif
təlimlərdə, konfranslarda, vorkshoplarda imkan daxilində iştirak edirəm. Eyni
zamanda, biliklərin beynə daha yaxşı həkk olunması vasitələrindən biri də
insanın özünün təlim verməsidir. Azərbaycan Bank Tədris Mərkəzinin
təlimçisiyəm, müxtəlif tədbirlərdə çıxış edirəm. Təhsilimi də çalışıram unutmayım. Bu il EMBA proqramına qatılmağı
planlaşdırmışam. Şəxsi inkişaf üçün imkanlar kifayət qədər çoxdur.
- Adətən vəzifəli insanları kabinetdən kənarda az
təsəvvür edirik. Sizi daim bankın işçiləri arasında, onlarla intellektual və
digər yarışma və tədbirlərdə, motivasiya verərkən görürük...
-
Rəhbərlə əməkdaşlar arasında baryerlər azalır. Bu, çox müsbət haldır. Dövr
sürətlə dəyişir. Bu, zamanının tələbidir. Bizim bankda da bütün rəhbərlərin
qapısı əməkdaşlar üçün açıqdır. Hər bir əməkdaş rəhbərlə görüşüb fikirlərini
bölüşə bilər.
Konfutsi
deyib ki, əgər sevimli işinizlə məşğulsunuzsa, ömrünüzdə bir gün belə,
işləməyəcəksiniz. Sadaladığınız fəaliyyət mənim üçün bir növ istirahətdir,
digər tərəfdən isə əməkdaşları motivasiya etmək rəhbər kimi mənim borcumdur.
Eyni zamanda, insan resursları sahəsinin kuratoru kimi əməkdaşlarla əlaqədə çox
oluram. Amma, bir daha təkrarlayım, əsas odur ki, özüm bundan zövq alıram.
- Tennis, şahmat və digər intellektual yarışlarda
bank çempionu, futbol, alpinistlik, marafon...
Maraqlarınız çox genişdir. Bunlar tələbatdır yoxsa zərurət?
-
Yenilikləri xoşlayıram. Bütün sadaladıqlarınızla uşaqlıqdan məşğul olmamışam,
marağım sonradan yaranıb. Belə hobbilər insan həyatına rəng qatır. Düzdü, bəzən
asan olmur. 2005-ci ildə hazırlıqsız Heydər Əliyev zirvəsinə qalxdım. Çətin
oldu, amma yaddaşımda həyatımın yaddaqalan səhifələrindən biri kimi qaldı.
Marafon barəsində də qısa danışım. Təsəvvür edin, 48 yaşıma qədər qaçmamışam.
Nəfəsim qaçmağa çatmırdı. Bir gün eşitdim ki, İdarə Heyətimizin sədri Bakı
Marafonunda iştirak edib. Təbrik etdim və düşündüm ki, görəsən mən bunu edə
bilərəmmi? Bildim ağır olacaq, amma cəhd etdim. 1 illik hazırlıqdan sonra Bakı
Marafonunun iştirakçısı oldum və məsafəni sona kimi qət etdim. Ən mürəkkəb yol
da ilk addımdan başlayır.
- "Çətin vəziyyətə düşəndə yumor hissim köməyimə
çatır” demisiniz. Adətən çətin vəziyyətdə insan mənfiyə köklənir. Bunun sirri
nədir?
-
Ümumilikdə deyim ki, yumor hissi olduqca faydalı keyfiyyətdir. Hamıda yoxdur.
Bilmirəm bunu inkişaf etdirmək mümkündür ya yox. Amma kimdə ki var, ona böyük
bir fayda verir. İlk olaraq ona görə ki, digər insanlarla kommunikasiya daha
rahat olur. Komanda fəaliyyətində yumor hissi kommunikasiyanı olduqca
rahatlaşdırır. Digər tərəfdən, yumor hissinə sahib olan insan çətin vəziyyətdə
özünü ruhlandıra bilir, ya da ruhlandırmaq şansları daha çox olur. Bir qədər
özünə və ya vəziyyətə sarkastik və yumorla yanaşırsan, uğursuzluqlardan çıxmaq
üçün daha çox güc tapırsan. Yumor hissi intellektin bir göstəricisidir.
Müsahibədə də yumor hissinə sahib olan insanların daha çox şansı olur. Amma,
zarafat da yerində olmalıdır. Hərdən olur ki, yumor hissi səni çətin vəziyyətə sala
bilir. Bir dəfə toyda mənə söz vermişdilər ki, təbrikimi bildirim. Mən də öz
aləmimdə zarafat etməyi düşündüm və bəyə müraciət edərək dedim ki, sən toydan
sonra əsl xoşbəxtliyin nədən ibarət olmasını anlayacaqsan. Amma artıq gec
olacaq. Baxdım ki, zalda reaksiya yoxdur, hamı ciddi qəbul etdi. Vəziyyətdən
birtəhər çıxdım.
- Pozitiv düşüncə, uğur təfəkkürü... Elşən müəllim,
bu, çıxışlarınızdan birinin mövzusudur. Pozitiv düşüncənin karyerada
ümumiyyətlə, insan həyatında rolu nədən ibarətdir?
- Hesab
edirəm ki, pozitiv düşüncə insanın inkişaf etməsi, həyatda nailiyətlər əldə
etməsi üçün bəlkə də ən vacib keyfiyyətdir. Bəzən düşünürlər ki, həmişə
gülümsəyən insan pozitiv insandır. Bu, heç də belə deyil. Yəni, pozitivliyin
daha dərin meyarları var. Əsaslarını qeyd edim. Birincisi, ruhdan düşməməkdir.
Yəni, çətin vəziyyətlə, problemlərlə qarşılaşanda ruhdan düşmürsən. Əlbəttə,
biz robot deyilik, qısa müddətdə ola bilər ki, bədbinliyə qapılasan. Amma
pozitiv insan bir müddət sonra özündə güc tapıb yolunu davam etməyi bacarır.
Digər məqam məsuliyyəti üzərinə götürməkdir. Problemləri başqalarında görüb
hərəkət etməyən insan neqativ düşüncəli insandır. Psixologiyada maraqlı bir
fenomen var – atribusiyanın fundamental səhvi. Biz öz uğursuzluqlarımızı ətraf
mühitlə bağlayırıq. Özümüzdə səhv görmürük. Başqalarının uğursuzluqlarını isə
onların öz şəxsi keyfiyyətləri ilə əlaqələndiririk. Pozitiv insan məsuliyyəti
üzərinə götürür. Müsahibə zamanı da situativ suallar verəndə açıq aydın görünür
ki, kimlər məsələnin kökünü özündə görür, kimlər isə başqa amillərdə. Özündə
görürsə, deməli, inkişaf edəcək. Özündə görmürsə, yalnız ətrafda görürsə, onda
düzəlmə şansı aşağıdır. Kitabım çap olunandan sonra çox pozitiv rəylər aldım.
Amma neqativ məqamlar da olurdu. "Burada inkişaf etmək mümkün deyil” kimi
fikirlər gəldi. Birinə cavab yazdım ki, problemlər mövcuddur. Amma problemə
fokuslanıb, hərəkət etməmək sizə nə verəcək? Biz günümüzə ağlamaqdansa, özümüzə
gün ağlayaq. İnsanların fəlsəfəsi bu istiqamətdə olmalıdır.
Digər
məqam. Pozitiv insan problemə deyil, çıxış yollarına fokuslanır. Pozitiv
insanın beyni "bunu nəyə görə həll etmək mümkün deyil”ə deyil, "necə edək ki,
bunu həyata keçirək” fikrinə fokuslanır. Bundan başqa, pozitiv insan "uğur
hamıya çatar” fəlsəfəsilə yaşayır və buna görə də digər insanların uğurlarına
sevinir, başqalarını ruhlandırır.
- Belə bir deyim var ki, uğur həmişə uğurlu insanın
başına gəlir. Yaxud pul həmişə varlıya qismət olur. Siz necə düşünürsünüz?
Uğurlu insanlar həqiqətən şanslı insanlardırmı?
- Təhlillər
göstərir ki, milyonçuların əksəriyyəti sərvətlərini sıfırdan qazanıb. Deyirlər
ki, pul pul gətirir. Düşünməliyik ki, bəs nə üçün məhz o insanlarda pul
oldu? Deməli, müəyyən keyfiyyətlərə
sahibdirlər. Əvvəlcədən qeyd edim ki, mən burada yalnız öz zəhmətilə, qanuni
yolla zəngin olmuş şəxsləri nəzərdə tuturam. Digər yolla sərvətlərini qazanmış
şəxslər isə bizə nümunə olmalı deyil. Bəzi insanlar hesab edirlər ki,
insanların taleyi, gələcəyi valideynlərinə, genlərinə bağlıdır. Bəziləri
insanın keyfiyyətlərini ətraf mühitlə əlaqələndirir. İlahi qüvvələrlə
bağlayanlar da az deyil. Hətta davranış iqtisadiyyatı klassiklərindən biri,
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman hesab edir ki, uğurda
əsas faktor təsadüfdür. Yəqin ki, hər birinin rolu var. "Rabitəbank”da TED
formatında klubumuz var - RClub. Burada hər bir əməkdaş istədiyi mövzuda çıxış
edə bilər. Vaxtaşırı kənar spikerləri də dəvət edirik. Bu yaxınlarda xalq
artistimiz Rasim Balayev qonağımız oldu və uğurun açarı barədə suala üç amillə
cavab verdi: istedad, zəhmət, bəxt. İnsan özü təsir edə biləcək məqama
fokuslanmalıdır. İstedad bir vergidir, bəxt, təsadüfə təsir imkanlarımız azdır,
bizə qalır yalnız düzgün istiqamətdə zəhmət. Hər bir insana şans verilir.
Əlişir Nəvainin maraqlı ifadəsi var. Deyir ki, Allah hər bir canlının ruzisini verir, amma onu gəlib yuvasına qoymur. Əminəm ki,
şanslarını görüb, əzmkarlıqla zəhmət çəkən insanların uğur qazanmaq şansları
digərindən qat-qat yüksəkdir.
Aygün
ƏZİZ