• çərşənbə axşamı, 19 mart, 12:54
  • Baku Bakı 8°C

“Günəş” və “Heydərçilər”

14.12.16 15:00 78842
“Günəş” və “Heydərçilər”
Məktəbin "Günəş” xor dərnəyinin dərsində qonaq olarkən 6 "a” sinif şagirdlərinin "Uşaq himni”nin sədalarını eşitdik. Musiqi müəllimi Zərifə Süleymanova şagirdləri başına cəm edərək hər kəsin ritmlə bərabər oxumasını tövsiyə edirdi.

Uşaqlarla dərsini yekunlaşdıran Zərifə Süleymanova müxtəlif siniflərdə xor dərsi keçirildiyini dedi. Bundan əlavə, məktəbdə "Heydərçilər” xor qrupu da fəaliyyət göstərir ki, o kollektiv də ancaq 2-ci sinfin əlaçı şagirdlərindən ibarətdir: "Bütün məktəblərə mahnının sözlərini payladılar. Çıxış üçün vaxt verdilər. Biz də bu uşaqları hazırladıq. Münsiflər bizə qulaq asdılar və "Heydərçilər”i bəyəndilər. Ondan sonra biz davamlı olaraq nazirliklə işləyirik. Ümumiyyətlə, mənim dərs dediyim siniflərin özü elə bir xor dərnəyidir”.
Xor dərnəyinin ötən ildən başladığını deyən musiqi müəlliməsi dərnəyin üzvlərinin 6-7 və 8-ci siniflərin şagirdlərindən ibarət olduğunu bildirdi: "Tədbirlərdən asılı olaraq biz ikinci sinfin şagirdlərini dərnəyə dəvət edirik. Onların səsləri gözəl olduğuna görə, bu uşaqlardan istifadə etmişik. Onlar tədbirlərimizdə mahnılar ifa edirlər. Bizim xorumuzda müxtəlif janra aid mahnılar var”. Hazırda Yeni il şənliyinə hazırlaşdıqlarını deyən müəllimə dərnəkdə 20 uşağın çalışdığını dedi: "Dərsdən sonra bizim əlavə günlərimiz var. Həftənin 1-3-5-ci günləri uşaqlar dərsdən sonra gəlir. Onların səslərini əvvəlcədən yoxlayıb, dərnəyə cəlb etmişik. Bu dərnəyə heç kəsi məcburi dəvət etməmişik”.

VI "a” sinif şagirdi Ruqiyyə Məmmədli musiqini sevdiyini deyir. Bir ildən artıqdır ki, xorda fəaliyyət göstərir: "İngilis mahnılarını çox xoşlayıram. Tədbirlərdə ingilis dilində mahnılar oxuyuram. Səsim olsa da, müğənni olmaq istəmirəm. Çünki özümü bu sənətdə görmürəm”.

VI”a” sinif şagirdi Sara Vəzirli də xalq mahnılarını, xüsusən də "Sarı gəlin”i çox sevdiyini bildirir: "Biz xoru bu ildən keçirik. Burada maraqlı mahnılar oxuyuruq. Xorda günümüz xoş keçir. Bəzən dərslərdə yorulanda xora gəlirik, bütün yorğunluğumuz keçir. Müəllimimiz də bu işdə bizə çox böyük dəstək olur. O bizi həvəsdən salmır”.

Esmiraldo Abramova isə üç aydır ki, bu dərnəkdə iştirak etdiyini deyir: "Biz burada Azərbaycan mahnıları öyrənirik. Müxtəlif tədbirlərə hazırlıq görürük. Belə ki, məktəbimizdə keçirilən "20 Yanvar”, Xocalı il bağlı tarixi günlərdə, Yeni il kimi tədbirlərdə çıxışlarımız olur. Biz həmçinin uşaq evlərinə də gedirik. Bu xor heç də bizim dərslərimizə mane olmur. Müğənni olmaq istəməsək də hobbi kimi xor dərnəyinə gəlirik”.

Nihat Qurbanlı isə 7 yaşından dərnəyə qatıldığını deyir: "Mən xalq mahnılarını və türk mahnılarını çox sevirəm. Dərnəkdə hərbi, dostluq və uşaq mahnılarına daha çox üstünlük verilir. Bu da bizim xoşumuza gəlir. Dərnəyə sevərək gəlirik”.

"Günəş” Xor dərnəyinin dərsindən sonra zala daxil olan "Heydərçilər” xorunun üzvlərinin hazırladıqları "Biz gənc Heydərçilərik” mahnısı da marağımıza səbəb oldu. Əsas odur ki, dərnək üzvləri istedadlı olmaqla bərabər, həvəslidirlər. Onları birləşdirən isə musiqiyə olan sevgiləridir.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər