• şənbə, 20 Aprel, 00:08
  • Baku Bakı 15°C

Günərzi mərkəzi - uşaqlara sosial qayğının məkanı

21.11.19 10:30 2436
Günərzi mərkəzi - uşaqlara sosial qayğının məkanı
Bura həm işləyən və imkansız valideynlər, həm də nəzarətsiz qalmaq və sosiallaşmaq problemləri olan uşaqlar üçün ideal yerdir
"Hər bir uşaq təhsil alsın”, "Biz sizin gələcəyinizik”, "Özümüzü tam müdafiə edə bilmirik”, "Uşaqların istismarına son qoyulsun”... Bu cümlələr ilk dəfə məhz onların dilindən səslənərək uşaq hüquqları konvensiyalarına da, ali kürsülərə də yol tapıb. Körpə fidanların kövrək qəlblərinin nidaları ən humanist qərarların onların lehinə verilməsinə yönəlib.

Ölkəmiz də uşaqlara diqqət və qayğı istiqamətində humanist qərarlarını əsirgəmir, həssas qrupların sosial təminatı istiqamətində bütün vacib addımları atır.

Son illərdə uşaqlara qayğı üçün günərzi mərkəzlərinin yaradılması və şəbəkənin genişlənməsi də bu istiqamətdə görülən işlər sırasındadır. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzlərinin yaradılması, şəbəkənin genişləndirilməsi də məhz azyaşlılara dövlət tərəfindən qayğının təzahürüdür. Əsas məqsəd uşaqların de-institusionalizasiya və alternativ qayğı tədbirləri ilə əhatə olunması, onların dövlət uşaq müəssisələrinə düşmək riskinin minimuma endirilməsidir. Bu, həmçinin gün ərzində uşaqların qayğısını çəkmələri səbəbindən işləmək imkanı olmayan valideynlərin əmək fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaq məqsədi daşıyır.

Sosial xidmət layihələrinin genişləndirlməsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr də uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə həyata keçirilir. Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün icra olunan həmin reabilitasiya yönümlü sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib. ƏƏSMN-dən "Kaspi”yə verilən məlumata görə, Sərəncamın icrası çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a çatdırılıb. Həmçinin autizm və daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi vardısa, əlavə 14 belə psixoloji yardım mərkəzi yaradılıb. Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayının 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayının 1-dən 3-ə çatdırılması təmin edilib.

Ahıllar üçün 5 günərzi qayğı mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlər üçün 10 dəstək mərkəzi və s. yaradılıb.

ƏƏSMN yanında DSMF Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Sevinc Quluzadə bizimlə söhbətində qeyd etdi ki, ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə xidmətlər göstərilir. Gələcəkdə də sosial xidmət layihələrinin genişləndirilməsi işlərinin davam etdirilməsi nəzərdə tutulur: "Günərzi qayğı mərkəzlərinə 3-12 yaş arası olan, əsasən sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilərək hərtərəfli qayğı ilə əhatə olunurlar. Gündə 3 dəfə yeməklə və yataqla təmin edilən uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir. Layihə çərçivəsində valideynlərlə hər həftə görüşlər keçirilməklə, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında köməklik göstərilir. Eyni zamanda, günərzi qayğı mərkəzlərində uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişafı üçün müxtəlif dərnəklər fəaliyyət göstərir”.
Yüz eşitməkdənsə....

Sabunçu rayonunda yerləşən Günərzi Mərkəzində olarkən sosial qayğıya ehtiyacı olan azyaşlılar üçün yaradılan şəraitlə yerində tanış olduq.

Mərkəzin üzərində "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərinin xidmətinin göstərilməsi” sözlərini oxuyan ərazi sakinləri bu ünvana tələsiblər. Mərkəz onları "uşağı hara və kimə etibar edim?” qayğısından azad edib.

Bakıxanov qəsəbəsinin ara məhəllələrinin birində yerləşən mərkəzdə uşaqlar üçün hər cür şərait yaradılıb. Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avadanlıq və ləvazimatlarla təmin olunub. Bütün xərclər də dövlət hesabına qarşılanır. "Ailə dünyası, ailələrə hüquqi yardım” İctimai Birliyinin rəhbəri Gülayə Səfərova Bakı Günərzi Mərkəzinin avqust ayından fəaliyyət göstərdiyini deyir. Mərkəz nazirliyin günərzi mərkəzlərinin yaradılması ilə bağlı elan etdiyi tenderdə qalib olaraq yaradılıb. "Bakıxnov qəsəbəsinin imkansız məhəllələrinə gedərək valideynlərlə söhbət apardıq. Həmçinin nazirliyin rayonda yerləşən Fondu ilə əlaqə saxlayıb çətin həyat şəraiti olan ailələrin siyahısını əldə etdik və onlarla görüşdük”.

Övladını mərkəzə gətirmək istəyən ailələr çox olub. Xüsusən tək, köməksiz qadınlar üçün bu mərkəz əsl fürsət imiş: "Qadınlar çox vaxt uğursuz ailə həyatlarından sonra uşaqlarını internat məktəblərə və ya uşaq evlərinə qoyur, hətta bəzən övladlığa vermək istəyirlər. Bu layihənin əhəmiyyəti həm də belə ailələrə dəstək məqsədi daşıyır. İndi valideynlər işə gedərkən övladlarını çəkinmədən mərkəzə etibar edirlər”.

Səhər 8.00-dan axşam 20.00-dək fəaliyyət göstərən mərkəzə 3 yaşından 12 yaşınadək uşaqlar gəlirlər. Direktorun dediyinə görə, onlar gün ərzində burada qidalanır, yatır, dərs oxuyur, oyun oynayırlar: "Uşaqların 12 yaşadək müdafiəyə daha çox ehtiyacı var. Yaxşı olar ki, bu yaşdan sonra valideynləri onları uşaq yaradıcılıq mərkəzlərinə yönəltsinlər”.

Hazırda mərkəzə 3-6 və 6-12 yaş arası iki qrup olmaqla 30 uşaq cəlb olunub. Direktor deyir ki, uşaqların daha çox cəlb olunması üçün məhdudiyyət şəraitlə bağlıdır: "Əslində ailələrin ehtiyacı və tələbat çoxdur. Amma mərkəzin daha çox uşağı cəlb etmək imkanı yoxdur”. G.Səfərova bildirir ki, mərkəzdə, həmçinin ailələrin sosial xidmətlərə çıxışını təmin etməyə yardım göstərməyə çalışırlar. Mərkəzdə sağlamlıq imkanları məhdud olan 7 uşaq da var. Onlar autuzm xəstəsi, əqli cəhətdən yaşıdlarından geri qalan, kəkələyən uşaqlardır: "Bu uşaqlar digər sağlam uşaqlarla bir yerdə adaptasiya prosesi keçirlər. Onlar burada dərs oxuyur, saymağı, oxumağı öyrəniblər. Psixoloq onlarla ciddi məşğul olur. O uşaqlar artıq sosiallaşıblar”.

Qeyd edək ki, günərzi mərkəzlərinin fəaliyyəti hələ ki layihə olaraq həyata keçirilir. "Mərkəzin daimi olmasını çox istərdik” - deyir direktor: "Müəyyən müddətdən sonra layihə bitir. Amma biz bu mərkəzi öz hesabımıza saxlamağa çalışırıq. Uşaqların yarımçıq qalmasını istəmirik. Mənim rəhbərlik etdiyim təşkilat mərkəzin işini yarımçıq saxlamağa imkan vermir. İH-nə və digər instansiyalara gedib "bu uşaqları və müəllim kollektivini itirməyək” deyə xahişlər edirəm. Burda cavan kadrlar çalışır. Psixoloq, sosial işçilər, pedaqoq daxil olmaqla, ümumilikdə 16 işçimiz var. Onlar hamısı buradan əməkhaqqı alaraq dolanışıqlarını təmin edirlər”.

Küçədə və ya evdə tək olmaqdansa...

Valideyn İradə Hüseynova iki uşağını mərkəzə gətirdiyini deyir. Özü də mərkəzdə psixoloq kimi çalışır. Uşağı autizm xəstəliyindən əziyyət çəkir: "Bu cür uşaqların sosiallaşması çox vacibdir. Ev şəraitində bu mümkün deyil. Düzdür, uşaqlar reabilitasiyaya gedir, psixoloqlar onlarla məşğul olurlar, amma bu, lazımi effekti vermir. Məktəblər bu cür uşaqları qəbul etmir. Amma bu tip mərkəzlərdə onlar sağlam yaşıdları ilə bir arada olur, sosiallaşır və artıq özlərini idarə etməyi bacarırlar. Problemli uşaqlar üçün bu cür mərkəzlərin olması çox vacibdir. Valideyn Rəfiqə Əliyeva da mərkəzin yaranmasını sevinclə qarşılayıb: "İşə getdiyim üçün uşağı etibar etməyə yer tapmırdım. Özümlə aparıb-gətirmək isə mümkün deyildi. İmkansız olduğumdan, uşağı bağçaya və ya dayə yanına qoya bilmirdim. Bu mərkəzin açılması xəbəri məni çox sevindirdi. Həm də uşağım özünə qapanırdı, əsəbi və aqressiv idi, ünsiyyət zəifliyi vardı. Burada uşaqlarla qaynayıb-qarışıb. Müəllimlər onunla çox məşğul oldular. Oğlum indi xeyli sosiallaşıb. Özüm də onun mərkəzdə, müəllimlərin və uşaqların əhatəsində olmasına görə çox rahatam”.

Sosioloq Nigar Şahhüseynova hesab edir ki, mərkəzdə uşaqlara qayğı göstərilirsə və onların sosiallaşması, həyati bacarıqlara yiyələnməsi baş verirsə, evdə tək, valideynlərin nəzarətindən uzaq qalmaqdansa, bu cür mərkəzlərə cəlb olunmaları məsləhətdir: "Uşaqlar gün ərzində küçədə və ya evdə tək olmaqdansa, bu cür kollektivdə olmaları daha məqsədə uyğundur”.

Günərzi qayğı mərkəzində uşaqlara dərs keçilir. Onlar kiçik masaların arxasında yazı-pozu, davranış qaydalarını həvəslə öyrənirlər. Gələn qonaqları da uşaq marağı ilə qarşılayır, söylədikləri şeirlərdə "bizi müdafiə edin” deyirlər. Onların bu müdafiəyə ehtiyacı var. Dövlət isə təmənnasız bu qayğını boynuna götürüb. Ancaq nəzərə alsaq ki ölkə üzrə sosial qayğıya ehtiyacı olan bu cür uşaqlar çoxdur, onda belə mərkəzlərin sayının artırılması və bütün ölkə üzrə fəaliyyətinin daha geniş təmin edilməsi məsələsi gündəmə gəlir. Bu həm iş-gücə tələsən valideynləri uşaqlarının baxımsız qalması problemindən azad edər, həm ailələrə dəstək olar, həm də azyaşlıların valideyn nəzarətindən kənarda qalmamasını təmin edər. Xüsusən dövlətin sosial həssas təbəqələrə diqqətinin olduğu və buna iqtisadi imkanının çatdığı bir vaxtda sosial qayğını əsirgəməmək mümkündür.
Təranə Məhərrəmova

Məqalə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqəyə verilir

banner

Oxşar Xəbərlər