AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Günel İmanova: Kitab oxuyan insan əsla pis yola düşməz

Günel İmanova: Kitab oxuyan insan əsla pis yola düşməz

13 Oktyabr 2014, 15:41 2096
Dünyanın bütün yeniləşən teatrlarının əsas qüvvəsi ənənəvi olaraq gənc aktyor və aktrisalardır ki, bu fakt dəyişməz olaraq qalır. Yaradılan studiyalar, aktyor məktəbləri yaxın və uzaq qonşularımız, eləcə də biz daxil olmaqla bu günki teatr prosesinin əsas istiqamətlərindən biridir. Daha zəif gəncliklə ittiham olunan Azərbaycan teatrında isə bu məsələ hələ daha çox işlənməyə və peşəkarlaşmağa ehtiyac duyur. Milli mədəniyyətimizdə qınaq obyektinə çevrilərək çox aktual olan bu məsələyə gənclərin gözü ilə baxmaq istədik. Həmsöhbətimiz özünü sizə təqdim edəcək.

- Günel İmanova. Qısa olaraq özüm haqqında deyə bilərəm ki, 1995-ci ildə Zaqatalada anadan olmuşam. 2000-ci ildə Bakıya gəlib, 114 saylı orta məktəbə qəbul olmuşam. 2011-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakultəsinə daxil olmuşam. Hal-hazırda 3-cü kurs tələbəsiyəm. Akademik Milli Dram Teatrında çıxış edirəm.

- Gənclərin kompüterə, texnologiyaya maraq göstərdiyi müasir dövrdə maddi cəhətdən o qədər də xoşbəxt olmayan teatrda səni özünə cəlb edən nə oldu?
- Teatr canlı ünsiyyət vasitəsidir. Mən insanlarla qarşılıqlı ünsiyyət qurmağı, onları düşündürməyi sevirəm. Müasir bir gənc olaraq əlbəttə mənim də kompüterə, internetə marağım var. Ancaq bu maraq məni teatrdan, canlı ünsiyyətdən uzaqlaşdırmır, tam əksinə, dünyagörüşümün artmasına kömək edir. Bir gənc olaraq texnologiya sayəsində dünyada gedən proseslərə uyğunlaşmağa çalışıram.

- “Danışan gəlincik” tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə tamaşaçı qarşısına çıxmısan. Ölkənin ana teatrının səhnəsində debüt etmək sənə necə təsir bağışladı?
- Bu məsuliyyəti dərk etmək əslində hələ mənim üçün çox tezdir. İlk öncə Akademik Milli Dram Teatrında işlədiyimi anlaya bilmirdim. Tamaşa oynamaq, səhnəyə çıxmaq, filan… bu çox dəhşətli hiss idi. İlk dəfə səhnəyə çıxanda ağlamışdım. Yadımdadır, “Danışan gəlincik” tamaşasının praqon məşqi idi. Hönkürtüylə ağlamışdım. Hətta evə gedəndə də, ağlamağa davam eliyirdim. Bütün baş verənlər mənə yuxu kimi gəlirdi. Hər bir gəncə belə bir uğur, xoşbəxtlik nəsib olmur.

- Hansı yaş kateqoriyası ilə ünsiyyət daha məsuliyyətlidir, həmyaşıdlarınla yoxsa, təcrübəli böyüklərlə?
- Mən uşaqlar qarşısında özümü daha məsuliyyətli hiss edirəm. Çünki onlar teatra nümunə götürmək üçün gəlirlər. Biz onlara nə versək, onu qəbul edəcəklər. Ona görə də, həmişə uşaqlara nümunə olmağa çalışıram. Həm də uşaq tamaşasında çıxış etməyin öz gözəlliyi var. Tamaşa zamanı uşaqların coşması, hətta özlərinə hakim olmayıb səhnəyə çıxmaq istəmələri olduqca maraqlıdır.

- Hal-hazırda Milli Dram Teatrında Mərahim Fərzəlibəyovun quruluşunda “Mənim Günahım” tamaşasının məşqləri gedir və sən bu tamaşada Ayqız rolunu ifa edəcəksən. Nə deyə bilərsən? Obrazın mahiyyətini necə dərk etmisən?
- Mən gecə-gündüz ancaq bu tamaşa haqqında düşünürəm. Çünki, Ayqız “Mənim günahım” tamaşasının əsas rollarından biri, həm də mənim ilk ciddi rolumdur, deyə bilərəm. Bu tamaşaya qədər mən uşaqlar üçün səhnəyə çıxırdımsa, “Mənim günahım” tamaşasıyla ilk dəfə olaraq gənclər və yaşlılar qarşısında çıxış edəcəm. Ayqız obrazında mənə məxsus bir sıra xüsusiyyətlər də var. Bu səbəbləri nəzərə alaraq, deyə bilərəm ki, mənə olduqca maraqlıdır. Bu tamaşada mən Xalq artistləri Hacı İsmayılov, Məleykə Əsədova, Əməkdar artist Elşən Rüstəmov kimi sənətkarla birgə çıxış edəcəyəm. Onlardan geri qalmamaq üçün əlimdən gələni edirəm, baxmayaraq ki, buna nə təcrübəm, nə də texniki imkanlarım çatmaz. Məleykə xanımla tərəf müqabili olmaq isə mənim həyəcanımı birə-on artırır. Məleykə xanım çox gözəl insandır. Mənə məsləhət verməyi belə unutmur. Tamaşanın rejissoru Mərahim müəllim də, mənə qarşı çox diqqətcildir. Hər zaman səbrlə mizanları izah edir.

- Necə düşünürsən, sən nə zaman məşhur Cülyetta, Ofelya kimi sevgili obrazlarını ifa edə bilərsən?
-Düşünürəm ki, hər bir gənc aktrisanın arzusudur, Şekspir tamaşalarında oynamaq. Cülyetta mənim ən çox sevdiyim rollardan biridir. Çox istəyərdim bu rolda çıxış edim. Ancaq rejissorlar məni hansı rola layiq bilirlərsə, o rolu da layiqincə ifa etmək üçün əlimdən gələni edirəm.

- Rejissorlardan söz salmışkən, rejissorların gənclərlə işləmə prosesini necə qiymətləndirirsən?
-Mən hələ gənclərə məsuliyyətsiz yanaşan rejissora rast gəlməmişəm. Rejissorlarımız gənclərlə iş prosesinə olduqca məsuliyyətlə yanaşırlar. Hər halda narazı olsam, deyərəm ki, sizin üzərimizdə işləməyiniz çox pisdir. Bizi yola verməyin.

İncəsənət Universitetində oxuduğu halda bir dəfə də olsun teatra getməyən gənclər tanıyıram...

- “Durnalar qayıdanda” serialına çəkilirsən. Bu haqda nə deyə bilərsən?
- Daha öncə seriallarda epizod rollarda çəkilmişəm. “Durnalar qayıdanda” serialı mənim baş rol kimi iştirak etdiyim ilk serialdır. Serialın rejissoru Sirac Mustafayevdir. Düşünürəm ki, olduqca maraqlı, baxımlı serial olacaq. Tamaşaçıların reaksiyası mənə çox maraqlıdır.

- Hansı sahədə özünü daha doğma hiss edirsən. Teatrda yoxsa televiziyada?
- Mənim üçün hər ikisi doğmadır. Hər ikisinin öz yeri var. Ancaq belə hesab edirəm ki, teatr olmadan, aktyor baza toplaya və filmlərdə iştirak edə bilməz.

- Bir gənc olaraq gənclərin mədəniyyət və incəsənətə münasibətini necə dəyərləndirirsən?
- Baxır gəncə. Hər gənc eyni deyil. Əksər gənclərin mədəniyyətə və incəsənətə münasibəti olduqca mənfidir. İncəsənət Universitetində oxuduğu halda bir dəfə də olsun teatra getməyən gənclər tanıyıram. Mən özüm bir gənc olaraq ölkədə və dünyada baş verən mədəni hadisələrdən kənarda qalmamağa çalışıram. Çalışıram ki, dünyagörüşümü artırım, heç bir inkişafdan geri qalmayım.

- Mütaliə edirsənmi?
-Əlbəttə. Kitab insanın dostudur. Mütaliəsiz insan məncə tam inkişaf edə bilməz. Bir dəfə mütaliə haqqında teatrımızın aktrisalarından biri dedi ki, “kitab oxuyan insan əsla pis yola düşməz”. Mən bu fikirlə tamamilə raziyam. Mütaliə edən insan həm inkişaf edir, həm də təmiz duyğularla dolur.

Son oxuduğun kitab?
-Son oxuduğum kitab Ceron Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır.
Hələ heç nəyə iddia etmirəm...

- Bir gənc olaraq nələrə iddia edirsən və nələri özün üçün yetərsiz hesab edirsən?
-Mən yetərli heç nə etməmişəm ki, yetərsizi deyim. Hələ heç nəyə iddia etmirəm... Mən ilk addımlarımı atıram. Təbii ki, mənə dayaq duracaq, dəstək olacaq insanlara ehtiyac duyuram. Mən hər kəsin zəhmətini çox yüksək dəyərləndirirəm. Özümün ideallarım var ki, mən bu işi bacaracam - Allahın köməyi ilə.

- Gənclər arasında özünə kimi rəqib görürsən?
-Rəqib demək, düzgün deyil. Hər insanın öz rolu, öz oynama üsulu var. Dublyorlar belə eyni oynamır . Mənim üçün heç kim rəqib deyil...

- Son olaraq nə söyləmək istərdin?
-Mən iştirak etdiyim heç bir rolumdan narazı qalmıram. Hətta səhvlərimdən belə peşman olmuram. İnsana hər şeyi sevdikləri, istəkləri, səhvləri öyrədir. Yolumdan narazi deyiləm. Son olaraq da deyə bilərəm ki, həmişə istəkdiklərinizi edin, cox istiyirsizsə nail olacaqsınız. Və pozitiv olun. Pessimistlik ağır enerji verməkdən başqa bir şey deyil...

Aygün Süleymanova
teatrşünas