Gündüz çıraqla axtarılan mütəxəssislər
Bu
yaxınlarda Müdafiə naziri Zakir Həsənov çıxışında ordu sahəsində informasiya
texnologiyaları mütəxəssislərinə böyük ehtiyac olduğunu qeyd edib. İnformasiya
texnologiyaları mütəxəssislərinə təkcə orduda yox, əksər sahələrdə ehtiyac
duyulur. Bir müddət əvvəl İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı UNEC2B əmək
bazarı platformasının təqdimat mərasimindəki çıxışında bildirmişdi ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı
üçün əmək bazarında 150-200 min İT mütəxəssisi olmalıdır, amma hazırkı bazarda
say 1.5 minə yaxındır. Qeyd edək ki, bu sahədə olan mütəxəssis çatışmazlığı
nəzərəçarpacaq dərəcədə böyükdür. Ölkəmizdə bir çox universitetlərdə informasiya
texnologiyalarını tədris edən fakültələrin olmasını baxmayaraq, əmək bazarında
istənilən nəticə əldə olunmur. Görəsən, problem nədədir?
Təhsil eksperti Kamran Əsədov bu
sahə üzrə tədrisi həyata keçirən müəllimlərin günün tələblərinə cavab verən
informasiya yeniliklərindən xəbərsiz olduğunu qeyd etdi: "İlk növbədə onu qeyd
edim ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsində 164 mindən çox tələbə
təhsil alır ki, onların da məhz 40%-ə qədəri texnologiya üzrədir. Yəni burada söhbət
sırf kompüter mütəxəssislərindən yox, eyni zamanda informasiya texnologiyalarının
tətbiqini əhatə edən bütün sahələrdən gedir. Amma təəssüflər olsun ki, bu gün
ölkənin informasiya texnologiyaları üzrə kadr hazırlığını həyata keçirən
universitetlərin məzunlarının yalnız 42%-i əmək bazarında işlə təmin olunur. Bu
ona görədir ki, universitetlərdə, xüsusilə də informasiya texnologiyaları
sahəsində kadr hazırlayan təhsil müəssisələrində müasir tələblərə cavab verən
avadanlıqlar yoxdur. Bu ixtisas üzrə tədrisi həyata keçirən müəllimlər günün
tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsizdirlər. Ona görə də,
hesab edirəm ki, aiddiyatı dövlət qurumları mütləq şəkildə kadr hazırlığı
həyata keçirən təhsil ocaqlarında yoxlamalar aparmalı, keçirilən dərsin müasir
əmək bazarına cavab verib-vermədiyini dəqiqləşdirməlidirlər. Təəssüf ki,
proqramlaşdırma sahəsi üzrə mütəxəssis bizdə yox səviyyəsindədir. Bunun səbəbi
isə universitetlərin maddi-texniki bazasının lazımı səviyyədə qurulmamağıdır. Keyfiyyətli
kadr hazırlığı olmadığına görə, bazarda boşluq var”.
"Multimedia” İnformasiya
Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzdüşünür
ki, bu sahədə universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır: "2014-cü
ildə olan devalvasiyadan sonra İT şirkətlərinin bir çoxunda ixtisarlar getdi. Həmin
mütəxəssislərin çoxu xaricə köçdü və bu da İT sahəsinə ciddi zərbə vurdu. Yeni
kadrların hazırlığına gəlincə isə universitetlərimizdə bu istiqamətdə müəyyən
işlər görülür. Amma hələlik onların məzunları bazarın tələbatını ödəyəcək
potensiala, təcrübəyə sahib deyillər. Buradakı problemlərdən biri də
tədrisdədir. Belə ki, məzunların əksəriyyəti mütəxəssis kimi yetişmək, əmək
bazarında özünə yer tapmaq üçün məcburən universitetdən əlavə kursa gedir. Ona
görə də, düşünürəm ki, universitetlərdə tədrisin səviyyəsini yüksəltmək
lazımdır”.
O.Gündüz
bildirdi ki, bazardakı boşluğu aradan qaldırmaq üçün xaricdə bu sahədə təhsil
alan gənclərimizi də müəyyən şərtlərlə ölkəyə dəvət etmək olar: "Yeri gəlmişkən
onu da qeyd edim ki, ümumiyyətlə, bizdə
bu məsələnin kökündən həll edilməsində ciddi problem var. Bu da Təhsil
Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında olan fikir ayrılığından irəli
gəlir. Məsələ informatika fənninin tədrisinə olan münasibətdir. Tutaq ki,
abituriyent universiteti İT sahəsi üzrə oxumaq istəyir. Amma 11 il orta
məktəbdə keçdiyi informatika fənnindən yox, kimyadan imtahan verir. Ona görə də
qəbul qaydalarına dəyişiklik edilməlidir. Yəni bu ixtisasa yiyələnmək
istəyənlər kimya yerinə informatikadan imtahan verməlidirlər”.
İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri Rasim Mahmudov qeyd etdi ki,
istənilən sahədə çalışan insan universitet təhsili ilə kifayətlənməyib, özünü
təkmilləşdirmək, həmin sahədə mütəxəssis olmaq üçün kurslara getməlidir: "İT
sahəsində kadr problemi bütün dünyada müşahidə edilən haldır. Çünki bu sahə çox
dinamik inkişaf edir. Bu da həmin sahədə mütəxəssis çatışmazlığına səbəb olur.
Hər an, hər dəqiqə təhsil sistemi dəyişir. İnsanın bir sahədə mütəxəssis kimi
yetişməsi üçün sadəcə, 4 il universitetdə aldığı təhsil kifayət etmir. Xüsusilə
də informasiya təhlükəsizliyi sahəsində olan biri, daim özünü inkişaf
etdirməlidir. Texnika, texnologiya sahəsi o qədər sürətlə dəyişir, inkişaf edir
ki, bununla ayaqlaşmaq üçün əlavə təkmilləşdirmə kurslarına getmək vacibdir. Onu
da qeyd edim ki, hazırda əmək bazarında bu sahədə böyük rəqabət var. Hansı
qurum daha çox maaş təklif edirsə, mütəxəssis oranı seçir. Ona görə də,
mütəxəssis yetişdirərkən əmək bazarının tələbləri nəzərə alınmalıdır”.
İT sahəsi üzrə ekspert Tural
Mustafayev bazarda həqiqətən mütəxəssis boşluğu olduğunu bildirdi:
"Düzdür, hazırda bir çox universitetlərdə kompüter mühəndisliyi ixtisası tədris
edilir. Amma həmin fakültələrdən məzun olan gənclərin İT sahəsində peşəkar
mütəxəssis olmaları üçün uzun müddət və geniş təcrübə lazımdır. Bazarda boşluğun
olması hardasa anlaşılandır. Çünki son 5 ildə ölkəmizdə fəaliyyət göstərən İT
mütəxəssislərinin Avropaya, Amerikaya köçü baş verir. Bu məsələdə də onlara
verilən maaşın miqdarı, avropalılarla işləmək, Avropa təcrübəsi qazanmaq istəyi
böyük rol oynayır. Xüsusilə də Estoniyada İT mütəxəssisləri üçün yaradılan
şərait daha çox cəlbedici olur. Yəni əsas boşluq bu məsələlərdən irəli gəlir.
Təhsil məsələsinə gəlincə isə məncə, bütün universitetlərdə tam qənaətbəxş
olmasa da, bəzilərində müəyyən qədər də olsa, İT sahəsi ilə bağlı təhsil
verilir”.
Ekspert
bazarda əsasən hansı sahələrdə boşluqlar olmasından da danışdı: "Hazırda riyazi
elmlərlə məşğul olan qurumlar var ki, onların fəaliyyətini proqramlaşdırmaq
üçün İT mütəxəssisi tapmaq qeyri mümkündür. Superkompüterlərlə işləyən, bəzi
əməliyyat sistemlərinin yazılması ilə bağlı mütəxəssislər də çətin tapılır. Həmçinin
elektron tibb sahəsi ilə məşğul olan mütəxəssislər demək olar ki, bazarda yox
səviyyəsindədir”.
İT eksperti Qafar Əhmədov hazırda
bazarın boş olmasının normal hal olduğunu qeyd etdi və bunun səbəblərini açıqladı:
"Çünki bir çox qurumlar işə götürdükləri İT mütəxəssisindən "Microsoft” və ya
başqa sertifikatları tələb edir. Məsələ burasındadır ki, bizim ölkədə o
sertifikatları verən hər hansı bir qurum yoxdur. Onlar tələb edirlər ki, biz
gedib xaricdə sertifikat alaq və gəlib burada işləyək. Şəxsən mən burada
işləmək üçün bir neçə banka müraciət etmişəm. Amma verdikləri maaş qane
etmədiyi üçün onlarla çalışmamışam. Çünki onlar ucuz işçi axtarırlar, bu da
bizə sərf eləmir. Bəziləri də, bayaq qeyd etdiyim kimi, elə sertifikatlar
istəyirlər ki, həmin sertifikatları alanlar bu məvaciblə onsuz da Azərbaycanda
işləməz. Yəni qıcasa olaraq, bu gün bazardakı boşluğun əsas səbəbi İT mütəxəssisinə
istənilən maaşın verilməməyi və tələb olunan sertifikatı alanların da burada
işləmək istəməməyidir. Bəzi qurumlar bunu bilməlidirlər ki, onların, cərəyana qoşulan
bütün işlərinə nəzarət edən birisinin 1000 manatdan aşağı maaş alması vaxt
itkisidir”.
Həmsöhbətim
qeyd etdi ki, bazardakı boşluğun bir digər səbəbi isə ölkəmizdə informasiya
texnologiyaları sahəsində mütəxəssis hazırlayan, onları professional səviyyədə
öyrədən bir qurumun olmamağıdır. Universitet təhsili bu sahədə mütəxəssis
olmağa kifayət etmir.
Günel Azadə