• cümə, 29 Mart, 01:51
  • Baku Bakı 7°C

“Gündəmdə pulla qalmaq istəmirəm”

22.11.13 15:25 2721
“Gündəmdə pulla qalmaq istəmirəm”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Aysel Əlizadə mətbuat nümayəndələrinə uzun müddət öncə vəd etdiyi “Səndən başqa” adlı klipini təqdim etdi. Sənətçinin Türkiyədə hazırlanan klipinin rejissoru Teoman Topçudur.
Klipin təqdimatı zamanı müğənni bundan öncəki “Ulduzlar” klipini də Teoman Topçuya həvalə etdiyini, onun işindən hər zaman məmnun qaldığını bildirdi: “Klipdə mövzu ayrılıq olsa da, heç kimə ayrılıq arzu etmirəm. Təəssüflər olsun ki, hər bir insanın həyatında belə məqamlar olur. Təsadüfdən, bundan öncəki klipim olan “Ulduzlar”da və bu klipin mahnısında da ayrılığı ifadə edən cümlələr əks olunub. Təqdim etdiyim klipin çəkilişləri meşədə gerçəkləşib. Çəkiliş prosesi zamanı maraqlı anlar yaşadıq. Bu klipimi də sevimli rejissor Teoman Topçuya həvalə etdim. Çünki onun işini çox bəyənirəm. Biz birlikdə işləyəndə heç nədən narahat olmuram. Klip çəkilən zaman da mən Teaomana heç bir sual vermirəm. Bilirəm ki, nəticədə o mənim düşündüyümdən də gözəl iş ortaya çıxaracaq”.
Mətbuat nümayəndələrinin klipin maliyyəsi barədə sualına müğənni tam aydınlıq gətirməsə də, bu məbləğə başqa vaxt 2-3 klip ərsəyə gətirə biləcəyini söylədi: “Klipin maliyyəsi barədə heç bir söz demək istəmirəm. Çünki bundan öncəki klip təqdimatında mətbuat nümayəndələrinin maliyyə ilə bağlı sualına cavab verdikdən sonra mətbuatda klipi deyil, daha çox onun məbləğini işıqlandırdılar. Bu da böyük qalmaqala səbəb oldu. Efir vasitəsi ilə kimisi çıxıb dedi ki, həmin pula ev alaram, kimisi isə maşın ala biləcəyini bildirdi. Yəni deməyim odur ki, ötən klip təqdimatından sonra tamaşaçıların qınağına tuş gəldim. Əziyyətimin gündəmdə pulla qalmasını istəmirəm. Çox istərdim ki, klipi izləyənlər daha çox onun keyfiyyətindən və səviyyəsindən bəhs etsinlər. Maliyyənin nə qədər olmasına gəlincə isə, bu, klipin görüntüsündən bəllidir”.
Hər zaman tamaşaçılara səviyyəli iş təqdim etdiyini söyləyən Aysel Əlizadə səhnəyə gəldiyi ilk gündən nümayiş etdirdiyi işlərin öz adına uyğun olduğunu və bahalı kliplər çəkdirdiyini söylədi.
Klipin təqdimatı zamanı müğənninin anası ona bitirdiyi ali təhsil ocağı olan Milli Konservatoriyanın diplomunu verib, qızını həm də ali təhsil aldığı üçün təbrik etdi. İfaçı bu hədiyyənin onun üçün əvəzsiz olduğunu söyləyərək diplomunu uzun müddətdir ki, gözlədiyini bildirdi.
Xatırladaq ki, klipdə təqdim olunan mahnının sözləri Leyliyə, musiqisi isə İlkin Həsənliyə məxsusdur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər