AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gün ərzində pis işləmişik, yoxsa işimiz çoxdur?

Gün ərzində pis işləmişik, yoxsa işimiz çoxdur?

Gənclik qəzeti
06 Mart 2020, 15:15 3686
 
Mütəxəssislər deyirlər ki, bir işçi davamlı olaraq iş vaxtından çox ofisdə qalırsa, deməli, problem var
 
 
- Mənim əzizim, işi iş vaxtında görmək lazımdır. Ona görə də adı belə qoyulub - iş vaxtı.

- Axı bəzən işi çatdıra bilmirsən. Məgər belə olmur?

- Olur. Demək ki, biz gün ərzində pis işləmişik.

 "Ailə vəziyyətinə görə” filmindən olan bu dialoq bir çox kadrı düşündürə bilər. O kadrları ki, iş saatı bitsə də, onlar hələ də işdə qalırlar.

Düzdür, bəzən şirkətlər və qurumlar işçiləri vaxtından artıq işdə qalmağa məcbur edirlər. Bununla bağlı məsələyə Prezident İlham Əliyev də toxundu, bildirdi ki, bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir: "Daha çox pula qənaət etmək üçün işçiləri 10, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.

Ancaq bəzən işdən çıxma saatı işçinin özündən asılı olur və bu zaman bəzi işçilər gec saatlara qədər işdə qalırlar. Maraqlıdır, bir kadr iş saatından çox işdə qalırsa, işlərini çatdıra bilmirsə, bunun səbəbi nədir?
 

 
İş yükü çoxdur, yoxsa ləng işləyib?

"Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bir müddət öncə "Kaspi”yə müsahibəsində bu mövzuya toxunmuş, bildirmişdi ki, saat 7-dən sonra işdə qalan işçidən şirkətdə izahat tələb edirlər: "Düzdür, sərgilərimiz ərəfəsində biz gec saatlara qədər, həftə sonları da işləyirik. Lakin çox nadir şirkətik ki, işçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq. Niyə işdə qalıb? Səbəbini bilmək istəyirik. İş yükü çoxdur, yoxsa ləng işləyib? Səbəbini araşdırıb işçinin təkliflərini alırıq. Çatdıra bilmədiyini görürüksə, mümkündürsə, müddəti uzada bilərik, yaxud əlavə resurs veririk”.

Rəhbərin üzərinə böyük məsuliyyət düşür

"Superfon" şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri Tural İslamov deyir ki, biznesin və şirkətdaxili proseslərin avtomatlaşdırılması, sistemləşdirilməsi şirkət üçün çox önəmli faktordur. Bu cür şirkətlərdə işçinin iş saatlarından artıq çalışması halları çox az olur: "Hansı şirkətlərdə ki yuxarıda qeyd etdiyim məsələlər öz həllini tapmayıb, həmin şirkətlərdə iş saatlarından artıq işləmək halları yarana bilər. Böyüyən və inkişaf etməkdə olan şirkətlərdə bu kimi hallara rast gəlmək mümkündür. Bu məsələdə birbaşa rəhbərin də üzərinə böyük məsuliyyət düşür. Rəhbər əməkdaşını yaxşı tanımalı, sahib olduğu bilik-bacarığı dəqiq bilməli, tapşırıq və iş yükünü müəyyən edəndə həssas olmalı və qeyd etdiyim məqamları nəzərə almalıdır”. 
 


Bu məsələdə əməkdaşlardan asılı olan məqamlar da var. Tural İslamovun sözlərinə görə, iş gününə düzgün planlama ilə başlamasaq, effektivlik o qədər yüksək olmayacaq: "Vaxtın düzgün planlaması (time management) əməkdaşlara vaxt və enerjilərinə qənaət etməklə yanaşı, həm də iş məhsuldarlığının artması ilə nəticələnəcək. Bu da həm işəgötürəni, həm də işçini məmnun edəcək. Tapşırılan işin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsində işçinin işə olan məsuliyyəti və peşəkarlığı da böyük rol oynayır. Təbii ki, işçilərə iş vaxtı özlərini inkişaf etdirməyə, qabaqcıl təcrübələri öyrənməyə, oxumağa, araşdırma etməyə də şərait yaradılmalıdır. Bu, ümumi olaraq şirkətin böyüməsinə, inkişaf etməsinə və bazar rəqabətliliyinin qorunub saxlanılmasına gətirib çıxaracaq. Bunları nəzərə alaraq, düzgün iş planlaması və proseslərin sistemləşdirilməsinin (ERP sistemlərin tətbiqi və s.) vacibliyini bir daha qeyd etmək olar”.

Tural İslamov deyir ki, bu məsələlər öz həllini taparsa, iş yükü düzgün şəkildə bölüşdürülərsə, əməkdaşların işin yerinə yetirilməsi üçün müəyyən edilmiş saatlardan artıq çalışmağına lüzum qalmaz: "İş saatından sonrakı saatlar işçinin özünə sərf etməli olduğu vaxtdır və hesab edirəm ki, iş və şəxsi vaxt balansı qorunulmalıdır”.

Bir işçi davamlı olaraq işdə çox qalırsa...

AZGRANATA şirkətinin CEO-su və İdarə Heyətinin sədri Anar Bayramov deyir ki, hər bir şirkət rəhbəri işlərin müəyyən olunmuş iş vaxtında görülməsinə çalışmalıdır: "Bu, həm ümumi iş üçün, həm də işçilərin rifahı baxımından önəmlidir. İşçilər özlərini xoşbəxt, rahat hiss etməlidirlər. İşçilər "biz gecə saatları da işləməli deyilik” kimi düşünüb, özlərini basqı, təzyiq altında hiss etməməlidirlər”.

A.Bayramovun sözlərinə görə, şirkətdə elə mühit olmalıdır ki, lazım gəldiyində, işçi şirkətin hədəfləri üçün iş saatından artıq qalmağı problem hesab etməsin: "Şirkət dəyərləri, korporativ mədəniyyəti qanun-qaydanın, müqavilənin, məcəllənin üzərində olmalıdır. Ancaq şirkət çalışmalıdır ki, işçilərlə qanun dilində danışmağa ehtiyac olmasın. Elə mühit yaradılsın ki, şirkətin ağır günü, yaxud vacib hədəfləri olanda, kadr daha çox işləməkdən boyun qaçırmasın. Demirəm ki, işçi davamlı olaraq hər gün işdən sonra qalsın. Ancaq bəzi məqamlarda heç bir qanuna istinad etmədən, şirkət dəyərlərinə istinad edərək, lazım gəlsə çox işləməkdə heç bir problem yoxdur”.

A.Bayramov deyir ki, bir iş yerində hamı işini tez bitirib gedirsə, ancaq bir nəfər ofisdə qalırsa, bu, həmin şəxsin pis işlədiyini deməyə əsas vermir: "Ola bilər ki, həmin şəxs iş vaxtından səmərəli istifadə etməyib. Ancaq bəzən elə aparıcı işçilər olur ki, məcburən belə bir disbalans yaranmış olur. Bəzi hallarda kiminsə üzərində daha çox iş yığılmış olur. Bu, uzun müddət ola bilməz. Əgər davamlı belə olursa, deməli, problem var. Bunu müəyyənləşdirmək, problemi həll etmək lazımdır. Bir işçi davamı olaraq işdə çox qalırsa, burda problem var”.
 


Sosial şəbəkə işə mane olmur

Günümüzdə işçinin işdə çox vaxt keçirməsinin, işlərini vaxtında təhvil verməməsinin səbəblərindən birinin də sosial şəbəkələr olduğu deyilir. İşdəki kompüterlərdə sosial şəbəkəni qadağan edən şirkətlər də var. A.Bayramovun sözlərinə görə, bu, işçinin işi görməsi üçün maneə ola bilməz: "Bizdə çox nadir hallarda ola bilər ki, işçinin iş vaxtından sonra qalmasına ehtiyac yaransın. Ancaq bizdə buna məhdudiyyət də yoxdur və hesab edirik ki, o, işimizə heç bir maneçilik törətmir. Əsas odur ki, işçi ilə münasibətini sən iş vaxtına görə yox, hədəflərə görə qurasan. Məsələn, bir çox işçilər var ki, sən ona basqı yaratsan, "Facebook”a girmə, "Youtube”a girmə” və s. qadağalar qoysan, motivasiyası düşəcək. Sosial şəbəkələrin işin vaxtına mənfi təsiri olduğunu düşünmürəm. Sadəcə elə bir sistem, elə bir rəhbər-işçi münasibəti qurmalısan ki, işçi özü başa düşsün ki, mən iş günü, iş saatları ərzində nə qədər sosial şəbəkədən istifadə edə bilərəm. İşçi iş vaxtında çay içir, amma o bütün gününü çaya sərf etmir. İşi imkan verən qədər içir. Sosial şəbəkədən də istifadə elə. İşlərin imkan verdiyi qədər”.

Çay içmək, kollektivlə söhbət, "yox” deyə bilməmək və s.

Mövzu ilə bağlı fərqli təcrübələri olan iki gənclə də həmsöhbət olduq. Nəzrin mühasib işləyir, deyir ki, iş saatı 6-da bitsə də, o, çox nadir hallarda 8-dən tez işdən çıxır: "Bu rejimlə işləmək mənə xoş deyil. O cəhətdən ki, yolum da uzaqdır, demək olar, bütün günüm işdə və yolda keçir. Səbəbləri ilə bağlı düşünürəm, həll etməyə çalışıram. Özümlə bağlı olan məsələlər də var, nəyisə "5-10 dəqiqə sonra edərəm” deyirəm, bir də baxıram ki, 2-3 saat keçib. Eyni zamanda, işlədiyin adamdan da asılıdır”.

Sahib isə hüquqşünasdır. O, iş vaxtını düzgün planlaşdırmaq məsələsində həssasdır: "Mənim də işdə çox qaldığım məqamlar olur, ancaq bu, həftədə bir, uzağı, iki dəfə ola bilər. O da özümlə bağlı məsələlərdən dolayı elə alınır. Hansısa işim olur, ofisə gec gəlirəm. Məcbur olub, o iş saatını kompensasiya edirəm. Ancaq əvvəllər belə deyildi. Adi çay içməyə, kollektivdə kiminləsə söhbətə, dost-tanışla telefon danışığına çox vaxtım getdiyini görürdüm, yaxud kiminsə "mənim üçün bunu təcili et” xahişinə "yox” deyə bilmirdim və nəticədə iş saatım əlimdən gedirdi. Amma işi təhvil verməliydim. Ona görə, zamanla bu məsələləri tənzimləyərək rejimə sala bildim”.

Aygün Asimqızı