AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Güman edirəm ki, bundan sonra sürücülər qanuna ciddi yanaşacaqlar»

«Güman edirəm ki, bundan sonra sürücülər qanuna ciddi yanaşacaqlar»

Müsahibə
15 Fevral 2013, 09:40 2865
Fevral ayının 12-də Prezident İlham Əliyev Bakı biznes-mərkəzində keçirdiyi 2009-2013-cü illər üzrə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişaf proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda avtomobillərin şüşələrindən plyonka və pərdələrin yığışdırılmasına dair göstəriş verdi. Azərbaycan Prezidenti İlham Əliyev lazım gələrsə qanunvericiliyə dəyişikliklər olunmasını və avtomobillərin şüşələrinin tonlaşdırılmasına qarşı mübarizə məqsədilə daha sərt tədbirlərin tətbiq olunmasını tələb etdi. Bununla əlaqədar olaraq, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tonlaşdırılmış şüşəli maşınların aşkarlanması və cəzalandırılması məqsədilə reydlər keçirirlər. Bu barədə bizə müsahibəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verdi.

- Vaqif müəllim, Bakı şəhərində DYP tərəfindən keçirilən reydlər haqqında bizə bir az ətraflı danışardınız.
- İlin əvvəlindən bu günə kimi Bakı şəhəri üzrə təhlükəsizliyi təmin edərkən 1145 sürücü pərdə və plyonkalı avtomobil idarə etdiyi üçün tərəfimizdən saxlanılıb və məsuliyyətə cəlb edilib, lakin, buna baxmayaraq, son vaxtlar, yenə də pərdə və plyonkalı avtomobillərin çoxalmasının şahidi oluruq. Bu məqsədlə, İdarənin bölmə və şöbə əməkdaşlarından ibarət qrup xüsusi reydlərə başlayıb ki, təkcə iki gün ərzində paytaxtın müxtəlif yerlərində keçirdiyimiz tədbir zamanı 100-dən çox nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb, müvəqqəti mühafizə olunan dayanacaqlara qoyulub. Bu gün də biz reydləri davam etdiririk, məqsədimiz Yol Hərəkəti Haqqında Qanunun tələblərini icrası ilə əlaqədar nəzarəti gücləndirməklə bu tələblərin yerinə yetirilməsini təmin etməkdir. Reydlər Azneft meydanında və Statistika üzrə Dövlət Komitəsinin qarşısında, Neftçilər, Atatürk və Təbriz prospektlərində, D.Hacıbəyli, R.Behbudov və A.Bakıxanov küçələrində və həmçinin digər istiqamətlərdə davam etdirilir.
Fürsətdən istifadə edib, avtomobil sahiblərinin və bütün sürücülərin nəzərinə çatdırmaq istəyirik ki, istirmar edilən nəqliyyat vasitələrinin şüşələrinin görünüşünün pərdələrlə, plyonkalarla və digər qurğularla məhdudlaşdırılması və istismar edilməsi yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb olunacaqlar. Qanunla qadağan olunmuş plyonka və pərdəli avtomobilləri idarə edən sürücülər bilməlidirlər ki, pərdə və plyonkalar maşının istismarını mümkünsüz edən nasazlıqlardır və bu vəziyyətdə avtomobilin idarə olunması qadağandır. Yerindəcə nasazlığın aradan qaldırılması mümkün olmadıqda, bu cür nəqliyyat vasitələri mühafizə olunan dayanacaqlara yerləşdiriləcək, avtomobilin sürücüsü isə, İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) əsasən, 50 manat həcmində cərimə olunacaq. Mühafizə olunan dayanacaqdan nəqliyyat vasitələrinin götürülməsi yalnız avtomobildəki nasazlıqların aradan qaldırılması və sürücünün inzibati qaydada cəzalandırılması şərti ilə mümkündür. Əgər sürücülər yol verilən dərəcədə tündləşdirilmiş plyonkalardan və ya digər qeyri-sənaye istehsallı şüşələrdən istifadə ediblərsə, həmin nəqliyyat vasitələrinin sürücülərinə məsləhət görürük ki, bu nasazlığı tez bir zamanda aradan qaldırsınlar. Əks halda, belə sürücülər məsuliyyətə cəlb olunacaqlar.

- Reydlər zamanı saxlanılan sürücülər arasında narazı olanların sayı çoxdurmu? Onlara qarşı hansı tədbirlər görülür?
- Qanunla tələb edildiyi formada cəzalandırırıq. Əgər sürücü könüllü olaraq yerindəcə pərdə və plyonkanı sökürsə, biz protokol tərtib edib, onu məsuliyyətə cəlb edib, sərbəst buraxırıq. Tabe olmayanların, əlbəttə ki, avtomobili mühafizə olunan xüsusi cərimə dayanacaqlara aparılır. Sözsüz ki, narazılıq edənlər də var, amma Qanun qarşısında hamı bərabərdir. Bizə olan münasibətlərə adekvat cavab verməyi bacarırıq. Düşünürəm ki, pərdə və plyonkalarla bağlı yetərincə təsirli təbliğat tədbirləri aparmışıq və əldə göstəricilərimiz də var. Bu, müzakirə olunmadan həyata keçirilməlidir. Ən nəhayət, cənab İlham Əliyevin sonuncu çıxışından sonra, hesab edirəm ki, istənilən halda bütün sürücülər bunu könüllü yerinə yetirməlidirlər və inanıram ki, yerinə yetirəcəklər. Hər halda insanlar artıq bu Qanundan xəbərdardırlar və gördüyünüz kimi, artıq pərdə və plyonkalı avtomobillərin sayı xeyli azalıb, bu da yaxşı faktdır.

- Vaqif müəllim, paytaxtımızın küçələrində tez-tez sərxoş sürücülərlə də rastlaşmaq olar. Onlarla əlaqədar reydlər tez-tez keçirilirmi?
- Bəli, xüsusilə də gecə, hava qaraldıqdan sonra reydlərin keçirilməsinə üstünlük verilir. Bir daha məlumat üçün bildirirəm ki, Bakı şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən hazırlanmış tədbirlər planının tələblərinə uyğun bölmə və şöbə əməkdaşlarının iştirak etdiyi işçi qrupun köməkliyi ilə gecəyarısı nəzarət gücləndirilib və reydlər davam etdirilir.

- Vaqif müəllim, statistikaya əsasən bu il avtomobili sərxoş vəziyyətdə idarə edən neçə nəfər sürücü cərimə olunub?
- Yanvarın 1-dən fevralın 10–na qədər Bakı şəhər üzrə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda yaradılmış işçi qrupun keçirdiyi reydlər nəticəsində 200-220-dən artıq sərxoş halda avtomobili idarə edən sürücü aşkarlanıb və məsuliyyətə cəlb edilib. Məlumat üçün qeyd edək ki, hal-hazırki Qanunvericiliyin tələblərinə əsasən, spirtli içki qəbul edib avtomobili idarə edən sürücülər Yol Polisləri tərəfindən sənədləşdirilir, tədbir görülməsi üçün aidiyyatı orqanlara göndərilir, qərarlar isə məhkəmələr tərəfindən qəbul edilir.

- Sərxoş sürücülər hansı məbləğdə cərimə olunurlar?
- Qeyd edək ki, sərxoş sürücülər bir neçə variantda məsuliyyətə cəlb edilir, xüsusi olaraq isə vurğulamalıyıq ki, sərxoş vəziyyətdə avtomobilinin idarə edilməsi ağırlaşdırıcı hal kimi hesab edilir, digər tərəfdən təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil saxlanılarsa, məlum olur ki, sürücü sərxoşdur, bu halda 300 AzN məbləğində cərimə olunur və yaxud 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum etmə məsələsinə məhkəmə tərəfindən baxılır. Yol Nəqliyyat Hadisələrinin törədilməsinə görə, yəni sürücü əməli cərimə balı ilə qiymətləndirilən xətalar törədirsə, deyək ki, işıqforun qırmızı işığında keçir, qəza şəraiti yaradır və s., sürücü saxlanılan zaman onun sərxoşluğu aşkar edilirsə, artıq 500 AzN məbləğində cərimə olunur və 1 ildən 2 ilə qədər sürücülük hüququndan məhrum edilməsi məsələsinə baxılır.

- Sükan arxasında olan sürücülər üçün icazə verilən alkoqolun minimal miqdarı nə qədərdir?
- Hər halda, müxtəlif kateqoriyalara və dərəcələrə görə təyin edilir. Belə ki, qalıq, yüngül, ağır və orta dərəcədə. Bu da tibbi müayinədə göstərilən dərəcələrdir.

- Avtomobili sərxoş halda idarə olunmasından əlavə, qanında narkotik və ya digər maddələr aşkar olunmuş sürücülərə də rast gəlinirmi? Bəs onlara qarşı hansı cəzalar tətbiq olunur?
- Bəli, spirtli içki və digər güclü təsir göstərən narkotik vasitələrin qəbulunda şübhəli bilinən sürücülər Səhiyyə Nazirliyinin xüsusi ekspertiza bölmələrindən keçirilir. Sözsüz ki, bu zaman qandan analiz götürdükdə, onun narkotik vasitələrdən istifadə edib-etmədiyi aşkar edilir. Misal üçün, son 40 gün ərzində avtobus sürücülərindən 1 nəfərin narkotik vasitədən istifadə etdiyi aşkar edilib və ona qarşı qanunvericiliyə uyğun müvafiq cəza tədbirləri görülüb.

- Vaqif müəllim, sonda sürücülərin yol mədəniyyəti barədə bir daha soruşmaq istərdim. Bu barədə təbliğat tez-tez və çox yüksək səviyyədə aparılır.
- Şübhəsiz ki, hər bir sürücü «Yol hərəkəti haqqında» Qanunun tələbini düzgün yerinə yetirirsə, bu, ilk növbədə, yol mədəniyyətini nümayiş etdirir, «Yol hərəkəti haqqında» Qanuna hörmət əlamətini bildirir, üçüncüsü isə özünün və digərlərinin təhlükəsizliyini təmin etməklə, həm özünün, həm hərəkətin təhlükəsizliyini təmin edən yol polisinin işini asanlaşdırır və belə olduqda tıxacdan, yol-qəza hadisəsindən heç danışmağa dəyməz. Məhz belə halda, yol-qəza hadisələrinin sayını aşağı salmaq mümkündür. Qanunlara riayət etməklə mədəniyyətin yüksəldilməsi ən vacib şərtdir.

İskəndər Quliyev