AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gültəkin Hacıbəylinin dərdi nədi?

Gültəkin Hacıbəylinin dərdi nədi?

Siyasət
15 Yanvar 2013, 09:06 1767
Hər hansı bir şəxsin siyasi baxışlarında müəyyən dəyişikliklərin olması təbii qarşılanmalıdır. Siyasi proseslərin gedişindən, sosial statusun dəyişməsindən asılı olaraq, belə halların baş verməsi mümkündür. Amma adətən siyasi mövqeyini dəyişən insanlar fəaliyyətlərində keçmişlərini nəzərə alır, riyakar görünməkdən qorxurlar.

Azərbaycanda da siyasi mövqeyində dəyişikliklər olan bir çox şəxslərə rast gəlmək mümkündür.

Bunlardan biri də son günlərdə radikal açıqlamaları ilə gündəmə gəlməyə çalışan sabiq millət vəkili Gültəkin Hacıbəylidir. Bu xanım hazırda ziyalılar klubunda təmsil olunub və tez-tez mətbuata açıqlamalar verməkdə həvəsli görünür.

Açıqlamalarında da özünü radikal müxalifətçi kimi qələmə verir, hakimiyyəti kəskin tənqid edir, xalqı etirazlara çağırır. Azərbaycandakı siyasi proseslər barədə məlumatlı olmayanlar onu İctimai Palatanın Gözəl Bayramlısı ilə dəyişik sala bilərlər.

Amma heç kimə sirr deyil ki, Gültəkin Hacıbəyli heç də köhnə müxalifətçilərdən deyil. O, 2000-ci ildən 2010-cu ilə kimi millət vəkili olub. Parlamentdə Goranboyu təmsil edən bu xanım həm də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvlərindən idi. Tez-tez parlamentdəki çıxışlarında, mətbuata verdiyi müsahibələrdə hakimiyyətin mövqeyini birmənalı şəkildə müdafiə edən fikirlər söyləyib.

Sonuncu parlament seçkilərində məğlub olduqdan sonra isə fəaliyyətini elm sahəsində davam etdirəcəyinə söz verib. Öz açıqlamalarında seçkilərin gedişi, siyasi proseslərlə bağlı tənqidi fikirlər ifadə etməyib.

Amma üstündən təxminən 1 il keçəndən sonra onun hansı elmi nəzərdə tutduğu aydınlaşıb və ziyalı qiyafəsində müxalifət qəzetlərində boy göstərməyə başlayıb. Son vaxtlar mətbuata verdiyi müsahibəsində isə demək olar ki, bütün sərhədləri keçib.

Bu yerdə «Utanmasan oynamağa nə var ki…» atalar misalı düşür.

Çoxları Ziyalılar Forumunda olanların vaxtilə hakimiyyətdə təmsil olunan, sonradan hansısa şəxsi maraqları təmin edilməyəndən müxalifətçiyə çevrilən təmənnalı insanlar olduğunu vurğulayırlar. Belə görünür ki, bu mənada Gültəkin Hacıbəyli də ordakı dostlarından çox fərqlənmir. Adama deyirlər niyə millət vəkili olduğun 10 il ərzində indi qaldırdığın problemləri qaldırıb, hakimiyyəti tənqid etmirdin. Əksinə, həmişə bu mövqedən çıxış edənləri tənqid edir, onların düşmən dəyirmanına su tökdüklərini iddia edirdin. İndi birdən-birə nə baş verdi ki, fikirlərin baş-ayaq çevrildi?

Azərbaycanla Avropa Şurasının Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçiləri arasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar gedən zaman ölkəmizin seçki qanunvericiliyinin tam demokratik olduğunu vurğulayan bu xanım indi əksini söyləyir. Sual ortaya çıxır: Axı 2010-cu ildən sonra Azərbaycanın seçki qanunvericiliyinə ciddi dəyişikliklər edilməyib axı… Belə olan halda Gültəkin xanmı əvvəl demokratik dediyi seçki sisteminə indi niyə qeyri-demokratik desin axı? Bir seçki sisteminin demokratikliyi məgər onun seçkilərdə göstərdiyi nəticə iləmi müəyyənləşir?

Bütün bunlar Gültəkin Hacıbəylinin son vaxtlar verdiyi siyasi bəyanatlarında heç də səmimi olmadığını bir daha ortaya qoyur. Onun ölkənin halına acıması, gələcəyimizlə bağlı əndişələri isə sırf öz şəxsi maraqlarının zərbə altında qalması ilə əlaqədardır.

Sonda onu da qeyd etmək lazımdır ki, əlbəttə ki, Azərbaycan demokratik ölkədir. Burada hər bir kəsin, o cümlədən Gültəkin Hacıbəylinin də öz fikirlərini ifadə etmək azadlığı vardır. Amma yaxşı olardı ki, o və onun kimiləri hər hansı bir siyasi bəyanat verərkən, fikirlərini ifadə edərkən çevrilib arxaya da baxsınlar. Axı aradan keçən 2 il o qədər də böyük müddət deyil.

Fuad Qəhrəmanlı