• cümə axşamı, 28 mart, 15:35
  • Baku Bakı 16°C

Gülnaz Bayramova: “İnsanlar məndən qorxurlar” - Fotolar

20.06.19 09:00 11410
Gülnaz Bayramova: “İnsanlar məndən qorxurlar” - Fotolar
Onun hələ 19 yaşı var. Yaşının az olmasına baxmayaraq, arzuları, istəkləri böyükdür, tükənməzdir. Azərbaycanın ən peşəkar qrim ustası olmağı hədəfləyən Gülnaz Bayramovadır müsahibim. Başına gələn bir hadisə nəticəsində, onu xoşbəxt edən peşəsini tapıb. O gündən etibarən öz sənət yolunu seçib. Bir gün ailəsi ilə zarafat etmək üçün üzünə qrimlə yara izi çəkib, onlara başının betona dəydiyini deyib. Ailə üzvləri bundan təşvişə düşüb və həyəcan keçiriblər. Məsələnin ciddiləşdiyini gördükdə isə Gülnaz sifətindəki yaranın əslində bir qrim olduğunu, ailəsi ilə zarafat etdiyini deyib. Etdiyi zarafat sosial şəbəkədə də ciddi qəbul olunub. Gülnaz sifətində elə yaradıcı qrim edib ki, hər kəs onun əsil yara olduğuna inanıb. O gün güzgüyə baxıb və "niyə də olmasın” deyərək qrim sənətinin sirlərinə yiyələnmək qərarına gəlib. Çünki özünü bu işdə xoşbəxt hiss edib. Memarlıq və İnşaat Kollecinin 3-cü kursunda təhsil alan müsahibim, zarafat etdiyi həmin gündən etibarən, sosial şəbəkələrdə keçirilən qrim dərslərinə qatılıb. Ödənişli dərslər vasitəsi ilə bu sənətin sirlərini öyrənib.
- Niyə daha çox yara, çapıq qrimləri edirsiniz? Bu, sizin ruh halınızla bağlıdır?
- Əslində real həyatda qan görəndə həyəcan keçirirəm. Hər nə qədər əl işlərim bunu deməyə əsas verməsə də… Ancaq qan izlərini, çapıqları, yara izlərini hazırlayanda, bilirəm ki, bu, qrimdir, qorxulu heç nə yoxdur. Qorxulu filmləri izləyir, "Youtube”dan həmin filmlərdə qrimlərin hazırlanması proseslərinə baxıram. Əvvəlcə hadisəni təsəvvürümdə canlandırıram, sonra onu yaratmağa çalışıram.
- Qrim vəsaitləri çox baha olur, onları necə əldə edirsiniz?
- Hazırladığım qrim vəsaitlərini Amerikadan internet vasitəsi ilə sifariş edirəm. Azərbaycanda da həmin məhsullar olsa da, Amerikadan aldığım məhsullardan ikiqat bahadır. Ona görə, burdan məhsul almaq tələbə bir qrimçi kimi mənə sərf etmir.
- 19 yaşlı bir gəncin öz istiqamətini seçməsi həqiqətən gözəl bir haldır. İlk maaşınız nə qədər olub?
- Bu sənətdə ilk maaşımı reklam çəkilişindən almışam - 100 manat olub. İlk dəfə idi ki, sevdiyim sənətdən pul qazanırdım. Əvvəllər başqa sahədən pul qazanırdım. Amerikadan kosmetika, sifariş verib onları burada sataraq gəlir əldə edirdim. Bu biznesdən də kifayət qədər pul qazanmaq mümkündür. Ancaq bu işə başlayandan sonra artıq bizneslə məşğul olmuram. Çünki bir əldə iki qarpız tutmağı xoşlamıram. Hazırda reklam, serial, film çəkilişlərinə gedirəm, açılışlarda iştirak edirəm. Qazancım pis deyil.

- Bizim filmlərimizdə qrim sahəsi bir qədər zəifdir. Tamaşaçı qəhrəmanın yaralandığı prosesdə onun bədənindən ketçup və ya mürəbbə axdığını açıq şəkildə hiss edir.
- Bəli, mən də seriallara baxanda onu hiss edirəm. Daha çox ketçupdan istifadə edirlər, çünki qan maddəsi çox bahadır. Qan maddəsinin 30 milli qramına 30 dollar ödəyirəm. Serial çəkən təşkilatçıların isə qrimə bu pulu verməyə ürəkləri gəlmir, xəsislik edirlər. Bir də ki, bizdə qorxulu filmlər çəkilmir. Bir qoxulu filmimiz var o da Elvin Abdullanın rejissorluq etdiyi "Xənnas”dır ki, orda da qrimdən istifadə edilməyib. Sadəcə, qəhrəmanların əllərinə qan çəkməklə kifayətləniblər. Çox istəyərdim Azərbaycanda qorxulu film çəkilsin və mən də orada qrimçi olaraq iştirak edim. Çünki mən bu sahədə çox yaxşıyam. Ola bilər ki, rejissor filmi möhtəşəm çəksin. Ancaq aktyorun qrimi o qədər bəsit olur ki, tamaşaçı o qədər də inanmır. Ona görə də, həmin səhnə uğurlu alınmır.
- Sizin işlərinizlə tanış olduqda, modelinizin ancaq özünüz olduğunuzu görürük. Nə üçün təcrübələrinizi öz üzərinizdə sınayırsınız?
- Çünki təcrübələrimi, üzərində sınamağa heç kimi tapmıram. İnsanlar məndən qorxurlar (gülürük). Əlimin altında heç kim oturmaq istəmir. Rəfiqələrim üzərində bir az işləmişəm. Əslində öz üzərində işləmək başqasının üzərində işləməkdən daha çətindir. Misal üçün gözümün altından göz çəkəndə məcburam ki, gözümün birini bağlayım. Tək gözlə də o biri gözümün altındakı nahiyəni görmürəm və çox çətinliklə işləyirəm. Üzümdə çapıq yarası hazırlamağa çalışıramsa, bir gözümlə işləməli oluram. Öz üzərimdə 1 saata işlədiyim qrimi başqasının üzərində 5 dəqiqəyə hazırlayıram.
- Bəlkə gənclərdən ibarət qrim partisi edəsiniz?
- Əslində bir dəfə etmək istədim. 10 rəfiqəmin yalnız üçü razı oldu ki, onların üzərində qrim edim. Hətta qrup yoldaşımın anası mənə yazmışdı ki, qızımı bu günə salma, evə gələndə onu tanımıram.


- Aktyorları qrim etdikdən sonra onların üstündən iki gün iy çəkilmir. Bəs öz üzərinizdə qrim etdikdə, bu, sizdə hər hansı allergiya, qoxu yaratmır?
- Həmin məhsulların xüsusi maddələri var ki, onlar nə iy verir, nə də ondan pis qoxu gəlir. Əgər qrimdən qoxu gəlirsə, ya da dəriyə vurduqdan sonra hər hansı allergiya yaradırsa, bu o deməkdir ki, keyfiyyətli qrim məhsulu deyil. Məsələn, qan maddəsinin tərkibində nanə yağı, meyvə siropu var. Həmin maddə ağız bölgəsinə dəyəndə bu, əks-təsir göstərmir. Məhsulun üzərində istifadə qaydaları yazılır. Hətta onu ağız nahiyəsinə vurmaq mümkün olur. Əgər qrim əks-təsir göstərirsə, demək, o məhsulun vaxtı keçib. Qrim məhsulları qətiyyən allergiya vermir. Mən aldığım məhsullardan dünyaca məşhur qrimçilər istifadə edir.
- Teatr aktyorları şikayət edirlər ki, səhnə qrimini sildikdən sonra dəriləri tez qırışır. Dərilərində qırışların sayı günü-gündən çoxalır.
- Bu fikirlərin heç biri ilə razı deyiləm. Qrim, aktyorun üzündə o qədər də çox qalmır ki, onun dərisində hər hansı problem yaratsın… Əgər qrim məhsulları keyfiyyətlidirsə, sifətdə heç bir qırış yaratmır. Ola bilər ki, qırışın səbəbləri təbii üsullardandır. Mənim hazırladığım qrim məhsulu xəmir kimi bir maddədir, onu dərinin üzərinə tətbiq edirsən və insan bədənində ikinci bir dəri qatı rolunu oynayır. Əməliyyat ikinci dəri qatının üzərində gedir. İnsan dərisinə toxunan o dəri maddəsi olur. Onun da ki, dəriyə heç bir ziyanı yoxdur. Ola bilsin ki, teatrlarda köhnə məhsullardan istifadə edirlər, yaxud da istifadə edilən məhsullar çox ucuz olur. Məhsulun gözə dəyməmək şərti ilə dəri nahiyəsinə ziyanı yoxdur.
- Aktyoru hər hansı bir qəhrəmana çevirə bilərsinizmi?
- Əslində mən bunu təcrübədən keçirməmişəm. İnsana saqqal, bığ kimi dəyişikliklər etmək mənim diqqətimi o qədər də çəkmir. Qan, yara, çapıq kimi qrimlər, xüsusi effektlərin hazırlanması prosesinə daha çox maraq göstərirəm. Ancaq çox istəyərəm ki, gələcəkdə özümü qrimin başqa sahəsi üzrə inkişaf etdirim. Hələ yolun başındayam, inanıram ki, içimdəki istək sayəsində onların da öhdəsindən gələcəyəm.
- Maraqlısı da budur ki, siz bu sahədə heç bir təhsil almayıbsınız.
- Əgər istedadın varsa, hər şey etmək mümkündür. Yetər ki, içində o həvəs olsun. Mən qarşıma məqsəd qoydum. Yeni başlayanda "Youtube”dan məşhur filmlərin qrimçilərinin müsahibələrini izləyirdim. Bu sənətin sirlərini heç kimdən öyrənməmişəm. İnternetin yetişdirdiyi tələbələrdənəm. Müəllimim internet olub. Əslində insan kiminsə əlinə baxanda daha tez öyrənir. Mən bundan məhrum olmuşam. Görürdüm ki, bu, mənə kifayət etmir. Online dərslər ödənişli olsa da, qoşulurdum və arzularımın arxasınca getməyə çalışırdım. Orada insanın hər hansı bədən üzvünü - ayağını, əlini, burnunu, dişini, silikondan qrimlər düzəltməyi öyrəndim. Əslində bu proses çox çətindir, ancaq bir az səbirli olub hazırlaya bilərəm. Bu gün sevdiyim işlə məşğulam. İşlərimi sosial şəbəkədə paylaşanda mənə həddən ziyadə şərhlər gəlir. Bəzən yazırlar ki, siz mazaxistsiniz?
- Düz deyirlər?
- Az əvvəl də qeyd etdiyim ki, qandan qorxuram. Ancaq mən bunu hazırlayanda bilirəm ki, qrimdir. Əgər mənim barmağımdan azca da olsa qan axsa, vahimələnirəm, səsim ətrafı götürür.

- Heç özünüzə sual veribsiniz ki, nə üçün yalnız bu tip qrimlər diqqətinizi çəkir?
- Anam deyir ki, harda fərqli nə varsa, o, sənin diqqətini çəkir. Ancaq bu işi daha yaxşı bacarıram. Düşünürəm ki, həyatda bundan yaxşı iş bacarmaram.
- Gündəlik həyatda makiyajdan istifadə etmirsiniz.
- Makiyajdan çox istifadə etmirəm, çünki bu gün hamı – bilən də, bilməyən də makiyaj edir. Çox nadir hallarda qohum-əqrəbamı makiyaj edirəm. Hər kəsin etdiyi şeyi təkrarlamağı xoşlamıram. Məhz ona görə, qrim sahəsini seçdim. Çünki Azərbaycanda bu sahə ilə məşğul olan az insan var. Fərqli bir işdir, bunu hər kəs bacarmır. Fərqli şeyləri təcrübədən keçirməyi xoşlayıram.
- Adətən, makiyaj ustaları özlərini inkişaf etdirdikdən sonra qrim sahəsinə keçirlər. Ancaq siz onlardan olmadınız.
- Mən makiyajı öyrəndim, ancaq özümü bu sahədə görmədim. Düzdür, bu gün gəlirli sahələrdən biri də makiyaj ustasıdır. Ancaq özümü orada görmürəm. Reklam çəkilişində, serialda ton qrimləri lazım olduqda bunu edirəm. Ancaq ən çox qrimi sevirəm.
- Ailə üzvlərinizi qarşınıza qoyub qrim edibsiniz?
- Onlar məni qrim edib qanıma bələyərlər (gülürük). Atam bəzən baxıb deyir ki, yenə başlayırsan qanla, yara ilə işləməyə. Bu insanların ürəyini az ağzına gətir. Əvvəllər buna hobbi kimi baxırdılar, hesab edirdilər ki, keçici bir şeydir. Ancaq indi görürlər ki, bu sənətin arxasınca gedirəm, heç nə demirlər, dəstək olurlar.
- Memarlıqla qrimin ortaq nöqtəsi varmı?
- Əslində dizaynla qrimin ortaq nöqtəsi var. Çünki dizaynda rəsm qabiliyyəti, ideya, bacarıq olmalıdır. Qrimin müxtəlif tonları var ki, yaranı hazırlayanda həqiqəti əks etdirməlidir. Rəsmdə də elədir.
- 80 yaşlı bir aktyoru 20 yaşlı gənc kimi göstərmək mümkündürmü?
- Açığını desəm, qocaltmağı bacarıram, gəncləşdirməyi yox. Onu Allah da edə bilmir.
- Hər hansı bir filmə dəvət alanda ssenarini oxuyursunuz?
- Əlbəttə, adicə reklam çəkilişinə gedəndə belə, rejissordan ssenari tələb edirəm. Əgər ssenarini oxumasam, orada məndən nəyin tələb olunduğun bilmərəm. Beyində canlandırmalısan ki, sənə çəkiliş prosesində nə lazım ola bilər.
- Heç maraqlanıbsınız ki, Azərbaycanda qrim sənəti ilə məşğul olan kimlər var?
- Səmimi desəm, yaşlı qrim ustalarından heç kimi tanımıram. Ancaq bilirəm ki, bir neçə belə insan var.
- Onlardan dərs almaq istəmirsiniz?
- Özümü onlardan daha yaxşı qrimçi kimi görürəm. Onların etdikləri qrimlərə baxandan sonra özlüyümdə deyirəm ki, mən onlardan yaxşısını edərdim.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər