• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

Gücsüzlüyümüzdən dalaşırıq

11.12.17 10:57 13911
Gücsüzlüyümüzdən dalaşırıq
Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan bir şəkil diqqətimi cəlb elədi. Üzü-gözü his içində, yorğun bir adam meşədə yanan ağacın şəklini paylaşmışdı. Elə belə də açıqlama yazmışdı: "Çölündən yanan ağac və içindən yanan mən”. O kəlmələrin arxasınca getməmək insafsızlıq olardı... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin meşəbərpa və meşəsalması sektorunun müdiri Söhrab Abbasovla Qaxda görüşdüm. Söhbətləşmək təklifi məndən, ağac əkmək üçün dəvət də ondan gəlmişdi. Getdim getməyinə də, Söhrab müəllim israrla müsahibə verməyəcəyini, onlarla yoldaşlıq edib gözümün gördüyünü yazmağımı istəmişdi.
- Nə var bu torpaqlarda?
– İnsan, görünür, yarandığı yerə can atmalıdır. Biz də təbiətdən yaranıb, təbiətin tərkib hissəsi olaraq yaşayırıqsa, günlərin bir günü təbiətə də qovuşacağıq.
- Elədirsə bu canatımların səbəbi nədir? Madam sonu bilirik, ömrümüzü yaşamaq əvəzinə, niyə ölümə tələsirik?
- İnsan, görünür, yarandığı yerə elə həmişə can atmalıdır.
- Belə torpaq sevəniksə, niyə kəndlərdən qaçırıq?
- Bəzən insanlar gedirlər, bəzən də taleyin hökmü ilə uzaqlaşırlar.
- Taleyin hökmümü qüvvətlidir, ya ayaqlarımız bərk qaçır?
– Ayaqlar da taleyin hökmü ilə hərəkət edir.
- Ağaclarla nə danışırsınız?
- Həm şirin, həm də acı xatirələr bölüşürük.
- Hansı dildə?
- Onun dilində. Yad dildə danışmağa başlasan, sonu təbii fəlakət olar.
- Ağac yananda nə olur?
– Çox adamlar ağaclara cansız əşya kimi baxırlar, əslində, elə deyil. Ağaclar bizim düşündüyümüzdən daha canlıdırlar. Onlar da ağrını duyurlar, acını hiss edirlər, göz yaşı axıdırlar. Qüssələnə, kədərlənə, hətta sevinə bilirlər.
- Mənə elə gəlir ki, ağacların bətni var...
– "Druit təqvimi” deyilən bir təqvimdə hər canlı insanın bir ağac bağlılığı var. Hər insanın həyatı bir ağacın simvoludur.
- Sizin həyatınız hansıdır?
– Bu gün əkdiyimiz ağaclar.
– Fındıqmı, narmı?
– Fındıq.
– Niyə?
– Anadan olduğum təqvim onu göstərir.
– Niyə ağaclar qırılanda, yandırılanda sizi günahkar bilirlər?
– Görünür, daşıdığımız vəzifə insanlara belə düşünmə haqqı verir.
– Öz sahənizdə yetərincə varsınızmı?
– Hər şeyin tamı olmaq mümkün deyil. Hər şeyin tamı olduğu anda artıq həyat bitmiş olacaq.
– Kəsir qalan nədir?
– Kəsirin yerdə qalan hissəsi.
– Nə vaxt tamamlanacaq?
– Zirvənin başında dayanan gün. Ordan o tərəfə tənəzzül başlayacaq. Ona görə də həmişə düşünmək lazımdır ki, bu hələ son deyil. İnsanı harasa getməyə vadar eləyən o maraq, o məram bizi yaşadır. Çatdığımız an hər şey bitmişdir.
– Zirvəyə çoxmu qalıb?
– Nə qədər çox qalsa, bir o qədər gözəldir.
– Ağaclar ayaqdamı ölür?
– Bəlkə də bizim dərdimizi çəkərək ölürlər.
– Belə çıxır, bizi hiss edirlər...
– Bəli.
– Biz niyə dirimizin də, ölümüzün də dərdini onlara yükləyirik? Tabutlarımız da onlardı...
– Bilirsiniz, insan deyilən bir varlıq ağacı kəsib kağız düzəldir, sonra da o kağızın üzərinə yazır ki, "təbiəti qorumaq lazımdır”. Yazıq ağac neyləsin?!
– İnsan, əslində, bir növ öz ölümünü hazırlayır, eləmi? Əvvəl ağacı əkir, sonra o əkdiyi ağacdan düzəldilən tabutda dünyadan köçür... Bəlkə bunu bildiyimizə görə ağacları yandırırıq?
- Yəni insan qisasmı alır?
– Bəlkə də...
– Axı beşiyində də böyüyüb. Deyirsiniz tabut acısı beşik şirinliyinə üstün gəlir?
– Nə olsun, kölgəsində sərinləyirik, sonra da bir baltaya sap eləmişik axı...
– Tək bir balta ilə olsaydı... Bəlkə də balta elə xilas yolu olardı. Müasir texnologiyalar baltadan daha qəddardır. Sadəcə olaraq, baltanın sapı var deyə ona şairanə don geydirmişik "sapı özümüzdən olan baltalar”. Bu, əslində bizim təsəllimizdi. Eynilə meşəyə gələn o dəhşətli silah kimi, sapı özümüzdəndi baltanın. Qorxmaq lazımdır.
– Siz çox gözəl ədəbiyyat adamı ola bilərdiniz. Bu sahə olmasaydı hansı sahəni seçərdiniz?
– Şeriyyatı çox sevirəm. Hansı sahədə olmağından asılı olmayaraq insan dövləti üçün, xalqı üçün çalışmalıdır. Sadəcə olaraq, bəzi yerlərdə bacarıqlı, başqa yerlərdə uğursuz ola, ya da sona qədər bacarıqlı olmaya bilər. Amma çoban da olsan, süpürgəçi də olsan, alim də, həkim də, meşəçi də olsan elinə, obana, xalqına bağlı olmalısan, Vətənini sevməlisən. Əsas budur.
– Dilinə, dininə, irqinəmi bağlılıq, yoxsa doğulduğu torpağamı?
– Torpağa bağlılıq daha müqəddəs anlayışdır. Yerdə qalanların hamısı sonradan qazanıla biləcək vərdişlərdir. Din də, dil də.
– İrqdəmi?
– Yer kürəsi elə də böyük bir planet deyil ki, insanları irqlərə bölək.
– Bölürük...
– Yanlışdır. Məncə, zalımı da, xeyirxahı da, gülərüzü də, qaşqabaqlısı da, acı dili, şirin dili də bu Yer kürəsinin çox azsaylı insanlarıdır. Mənə qalsa, heç sərhədlərin olmağını istəmirəm.
– Söhrab müəllim, işçiləriniz sizi niyə çox sevir?
– Çünki mən də onları sevirəm.
– Siz olmaq istədiyiniz rəhbərsinizmi?
– Məncə yox. Bəzən daşıdığın vəzifə sənə sona qədər sən olmağa imkan vermir. Amma bütün bunlara rəğmən, insanlara münasibətdə hər zaman düşünməlisən ki, gün gələr yerlər dəyişə bilər. Hər kəs qərar verdiyi dəqiqə özünü qarşıdakı şəxsin yerinə qoymağı bacarmalıdır. Əgər mən onun yerində olsaydım, bu göstərişi layiqli yerinə yetirə bilərdimmi? Bu sualın cavabı müsbətdirsə, deməli, doğru qərardır.
– Getdiyiniz bütün yolları yaşıllaşdırırsınız?
– Ən azından arzulayıram ki, mənim getdiyim bütün yollar yaşıl olsun. Bəlkə o əkdiyin ağaclar məndən uzaqdadır, bəhrəsini başqaları yeyir, amma buna səbəb olmaq belə böyük xoşbəxtlikdir.
– Mənə elə bir xatirənizi danışa bilərsinizmi ki, sizi silkələsin...
– Yaşadığımız hər gün bir xatirə deyilmi?!
– Hansı an idi ki, siz o anda qaldınız və ordan o tərəfə gedə bilmədiniz?
– Həyatda çox şeylər dəyişə bilir, insanın taleyində çox sərt döngələr yaranır. Mən və mənim kimi xeyli sayda insanın həyatında doğma elimizdən-obamızdan uzaqlaşmaq heç nə ilə əvəz edilə bilməyən acı izlər buraxıb. Çatdığımız yerlər, əldə etdiyimiz uğurlar, özümüz üçün yaratdığımız dəbdəbəli şəraitlərdən asılı olmayaraq...
– Nəyin həsrətini çəkirsiniz?
– Bir anlıq Laçına qayıtmaq həsrəti. Ondan sonra nə olacaqsa olsun, ya da heç nə olmasın. Hər şey qəbulumdur.
– Laçından nələr qalıb yadınızda?
– İnstitutu qurtarıb Laçına, Şamkənd deyilən əraziyə təyinat almışdım. Onda dostum Azərçin (Muradov) hələ təhsilini bitirməmişdi. Mən də atımın yüyənindən tutub bir çay dərəsi ilə üzüyuxarı gedirdim. Yaşıl meşə talası qarşıma çıxdı. Atı bağladım, bir az otlasın, özüm də bir qayaya dirsəklənib yaşıl talalı çayın qırağına uzandım. Və kağız-qələm götürüb Azərçin müəllimə bir məktub yazdım. Bilmirəm o məktubu saxlayıb, ya yox, mən o təbiətin qoynunda, çayın zümzüməsində, quşların cəh-cəhində öz aləmimdə olub, ona altı səhifəlik bir məktub yazdım. Məktub çatanda təəccüblənib ki, görəsən, Söhrab mənə nə yazıb bu qədər... Sonra yazmışdı, qardaş, sən harda yazmısan bu şeiri? Mən də dedim, elə o məktubda təsvir elədiyim yerdə. Sonralar onunla təbiətlə təmasda olanda füsunkar yerləri çox gördük, amma həmin o qayanın dibindəki çayın zümzüməsini əvəz edəcək yer tapammadım. Təbiətdə bənzərliklər çox olur, amma eyniliklər olmur.
– Yadınızdan çıxmayıbmı?
– Qətiyyən. Günəşin hansı ağacın arasından necə süzülə-süzülə keçdiyi belə yadımdadır. Təkcə o çay qıjovunun axdığı sular geri qayıtmır. Xatirələrin hamısı çözələnir. Sadəcə olaraq, kələfdə bəzi nöqtələr düyünlüdür, bəzi nöqtələr rahat açılır.
– Deyəsən, siz insanlara deyə bilmədiklərinizi bu dağa-daşa demək üçün qaçırsınız şəhərdən...
– Həmişə də deyirəm bunu, dağa-daşa, çiçəklərə. Mən adicə telefonla şəkil çəkəndə belə, bir gülə 20-25 dəqiqə baxıram. Çalışıram, o gül mənə poz versin, desin ki, şəklimi görmək istədiyin kimi çək. İncəlikləri telefonun yaddaşına köçürüb paylaşıram.
– Nə danışırlar sizinlə?
– Eh... hamısını demək mümkün olsaydı...
– Niyə bu qədər kövrəksiniz?
– ... Bilmirəm. Bəzən elə məqamlar olur ki, qəhər məni boğur. Hər nə qədər gizli saxlamağa çalışsam da, tək qalanda gözümdən qeyri-ixtiyari bir gilə yaş mütləq yanaqlarıma süzülür.
– Birlikdə ağladığınız bir kimsə varmı?
– İnsanlar bir yerdə gülsələr daha gözəl olardı. Ağlamaq üçün əsas odur, içində kövrək simlər olsun, ona toxunanda nalə çəksin, ah çəksin və sən ağlaya biləsən. Mənə elə gəlir, hər kəs sözün qüdrəti qarşısında baş əyməlidir.
– Bəs deyilməyənlər?
– Haçansa deyiləcək və yaxud da deyilib, sadəcə, indiyə qədər biz o sözə rast gəlməmişik.
– Bu günə qədər eşidilməyən sözünüz oldumu?
– Yaxşı sualdır. Bəzən insan emosiyalarına azadlıq vermək üçün tənhalığa qapılmaq istəyir, cəmiyyətdə bu, mümkün deyil. Çünki bəzən söz demək ixtiyarın, bəzən söz deyiləsi məqam olmur, bəzən də səni dinləyəcək insanların azlığı və yaxud da onların sənin kimi düşünmədiyini hiss edirsən. Bəzən də söz ünvanına düzgün deyilmir. Bir də ki, deyilməyən söz sənin, dediyin sözün isə sən qulusan. Sözün qüdrəti çox böyükdür. Belə olmasaydı, klassiklərə müraciət edəndə hər dəfə yeni söz tapa bilməzdik.
– Şairin biri deyir ki, əsl adamlar başa düşülməyəndə, içindən sınır....
– Nəsimini sındıra bilmədilər. Dərisini də soydular, amalından döndərə bilmədilər.
– Hamı Nəsimi deyil...
– Olmalıdır. Hər insanın içində bir Nəsimi olmalıdır.
– Adamın başına hava gələndə getməyə yeri olurmu?
– Əgər hava yer tapıb başa qədər gəlibsə, baş da yer tapıb havaya qədər gedər, inşallah. Yer üzündə bütün bağlar gözəldir.
– Elə bir şey olubmu ki, gücünüz çatmaya? Mənəvi gücünüz...
– Həyat güc meydanı deyil.
– Bəs niyə dalaşırıq?
– Gücsüzlüyümüzdən dalaşırıq.
– Kimə, nəyi isbat eləməyə çalışırıq?
– Düşünə biləcəklərimizdən daha az düşünürük. Amma malik olduqlarımızdan daha çoxunu əldə eləməyə çalışırıq. İnsanlar həyatda tapdıqlarına qane olmalıdır.
– Bizim sizinlə söhbətimiz qurtarmadı...
– Hələ çox ağacəkmə kampaniyalarımız olacaq. Niyə son olsun ki? Davamı var.
– Onda gələn söhbətimiz əkdiyimiz ağaclar pöhrə verənə qalsın...
Nigar İSFƏNDİYAR
banner

Oxşar Xəbərlər