AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Güclü liderin olmasının üstünlüyü

Güclü liderin olmasının üstünlüyü

Siyasət
02 Oktyabr 2020, 14:10 1843
Və ya avantüra ilə ağıllı, təmkinli siyasətin fərqi 
 
Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı kütləvi qətliamlar, soyqırımı törədən erməni ideoloqları, onların idarə etdiyi silahlı quldurlar imperializmin hamiliyi altında tarixi Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlı dövlət yaradıblar. Sovet hakimiyyəti illərində 1948-53, 1988-ci illərdə bu siyasət soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası ilə nəticələnib. Dənizdən-dənizə böyük Ermənistan xülyasına qapılan ermənilər SSRİ-nin parçalanmağa doğru getdiyi dövrdə qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər. Dünya ictimaiyyətini yalan məlumatlarla aldadan, beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağı bacaran erməni diaspor təşkilatları Cənubi Qafqazda daim erməni separatizmini körükləyiblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi də məhz həmin dövrlərə - 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı əsrin faciəsi – Xocalı soyqırımı törədilib, minlərlə dinc insan etnik mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qoyulub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Qəbul olunan, amma əməl edilməyən qətnamələr 
 
Ermənistan qoşunlarının işğal etdiyi Dağlıq Qarabağdan və ətraf 7 rayondan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qısa fasilələrlə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Bununla bərabər, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT, həmçinin digər təşkilat və qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğalçılıq siyasətinin yolverilməz olduğunu bəyan edən, münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edən qətnamələr qəbul ediblər. Lakin əfsus ki, Ermənistan bu tələblərə məhəl qoymadan, beynəlxalq prinsipləri pozaraq işğalçılıq siyasətini indiyə qədər davam etdirib. Acınacaqlı haldır ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupu, xüsusən də Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu ötən 26 ildə səmərəli fəaliyyət göstərməyib, işğalçı dövlətə beynəlxalq hüququn prinsiplərinə riayət etməsi üçün hər hansı təsir göstərməyiblər. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan münaqişənin həllini yubatmaqla status-kvonu qoruyub saxlamağa çalışıb, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparıb. Son dövrlərdə isə işğalçı dövlət Suriya, İraq və İran üzərindən Dağlıq Qarabağ və ətraf rayonlara terrorçuları cəmləyib, regionda müharibənin yenidən alovlanması üçün təxribatçı hərəkətlərə yol verib.
 
Problemlərdən çıxış yolu tapa bilməyən işğalçı dövlət
 
Təbii ki, bütün bunlar barədə Azərbaycanın aidiyyəti dövlət qurumları sivil, diplomatik yollarla beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırıb. Prezident İlham Əliyev Ermənistanın niyyətini ən yüksək tribunalardan səsləndirib. Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa edib, dünyanın aparıcı beynəlxalq qurumlarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməyə səsləyib. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısında, Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi iclasında da dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldib. Nəticədə Ermənistan dövləti və hakimiyyəti ciddi problemlər qarşısında qalıb. Bu problemlərdən çıxış yolu tapa bilməyən işğalçı dövlət və Nikol Paşinyan hakimiyyəti sələflərinin yolu ilə gedərək, daxili auditoriyanı sakitləşdirmək üçün cəbhə xəttində, sərhəd ərazilərdə müxtəlif təxribata əl atmağa, hakimiyyətinin ömrünü uzatmaq üçün Dağlıq Qarabağ münaqişəsindən yararlanmağa çalışıb.
 
Xəbərdarlıq etdik, amma... 
 
Cari il iyulun 12-də Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribata əl atması da məhz bundan qaynaqlanıb. Həmin vaxt Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub. Bir neçə gün davam edən şiddətli döyüşlər nəticəsində sarsıdıcı zərbə alan Ermənistan yüzə yaxın hərbi qulluqçusunu, çoxlu sayda zirehli texnikasını itirib. Azərbaycan isə 12 hərbi qulluqçu və bir mülki şəxs olmaqla, ümumilikdə 13 şəhid verib. Mülki şəxsin həlak olmasına səbəb, döyüşdə məğlub olan düşmənin sərhədə yaxın Azərbaycan yaşayış məntəqələrini artilleriyadan atəşə tutması, mülki şəxsləri, onların əmlaklarını hədəfə alması olub. Bu hadisədən sonra rəsmi Bakı diplomatik və siyasi yollarla, həmçinin dünyada yaşayan azərbaycanlılar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini, davamlı təxribatlara əl atmasını, silahlandırılmasını, bütünlükdə Cənubi Qafqaz üçün təhlükə mənbəyi olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
 
Vətəndaşlara qarşı terror aktları
 
Amma bu xəbərdarlıq da beynəlxalq təşkilatları, dünyada söz sahibi olan dövlətləri narahat etməyib. Belə olan halda Ermənistan bir qədər də irəli gedərək, avqustun ilk günlərində Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib. Ardınca Dağlıq Qarabağdakı qondarma rejim Şuşa şəhərini özlərinə paytaxt seçmək, Azərbaycanın Gəncə şəhərini vurmaq kimi sərsəm bəyanatlarla çıxış edib. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər erməni qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində döyüş və atıcılıq təlim kurslarında iştirak edib. Ən nəhayət, avqustun 23-də erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edərkən, həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanıb. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf edib.
 
Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirəcək
 
Bütün bu baş verənlər barədə Azərbaycan dövlət başçısı İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, həmçinin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən də dünya ictimaiyyətini bir daha məlumatlandırıb. O, işğalçı dövlətə qarşı təzyiq və təsir göstərilməsinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Böyük səbir və təmkin nümayiş etdirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini davamlı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın səbrinin tükənməz olmadığını, sülh danışıqları nəticəsiz olduğu halda, Ermənistanın təxribatlara son qoymayacağı təqdirdə Azərbaycan Ordusunun öz üzərinə düşən vəzifəni yerinə yetirəcəyini dəfələrlə bəyan edib. 
 
Dünən sülhə gəlmirdi, bu gün yalvarır 
 
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması Azərbaycanı alternativ tədbirlər görməyə məcbur edib. Həmin gündən etibarən cəbhəboyu zonada ciddi döyüşlər başlayıb və hələ də davam edir. İşğal altındakı bir neçə yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən azad edilib. Aldığı cavab zərbələrindən özünü itirən, sarsıntı keçirən Nikol Paşinyan Rusiya, Fransa, Almaniya dövlət başçıları ilə telefon əlaqəsi yaradaraq, onlara yalvarıb, Azərbaycanı dayandırmağı xahiş edib. Lakin Azərbaycan öz ərazisindən işğalçıları, terrorçuları təmizlədiyindən, ərazi bütövlüyünü təmin etdiyindən hər hansı dövlətin, eləcə də beynəlxalq təşkilatın ölkəmizin daxili işinə qarışması, bizə təzyiq göstərməsi, əks-hücum əməliyyatlarının dayandırılmasını xahiş etməsi mənasızdır. Çünki, beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedən zaman Prezident İlham Əliyev cəbhə xəttində yaşananlara tam aydınlıq gətirib. Ermənistan baş naziri Nikol Paşinyanın qorxu və həyəcan dolu gözlərindən, uydurduğu yalanları efirdə səsləndirərkən topuq vuran dilindən fərqli olaraq, Azərbaycan Prezidenti aparıcıların suallarını obyektiv cavablandırıb, real mənzərəni ortaya qoyub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın törətdiyi davamlı təxribatlar qarşılığında Azərbaycan təcavüzkara adekvat cavab verməyə, xalqı qorumağa, torpağı müdafiə etməyə məcbur olub. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozduğunu dilə gətirən dövlətimizin başçısı rəsmi Bakının danışıqlarda həmişə konstruktivlik nümayiş etdirdiyini söyləyib. Qeyd edib ki, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra rəsmi Yerevan danışıqlar formatını dəyişməyə çalışıb, bununla da bilərəkdən danışıqlar prosesini pozub, qəbuledilməz tələblər irəli sürüb, cəbhə xəttində, sərhəddə təxribatlar törədib. Prezident İlham Əliyev deyib ki, bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri münaqişəyə cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilib, status-kvonu saxlamaq niyyəti güdülüb.
 
Münaqişəyə və cavab hərəkətlərinə təhrik etmək
 
Prezident İlham Əliyev vurğulayıb ki, baş verən hadisələrə Ermənistan artıq bir neçə ay hazırlaşıb: "Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz, aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. ...Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda, bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi”.
 
Güclü liderin idarə etdiyi dövlətin üstünlükləri

Məhz Prezident İlham Əliyevin bu qətiyyəti, prinsipiallığı, milli-dövlətçilik maraqlarına, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi Nikol Paşinyan hakimiyyətinin və dünya ermənilərinin indiyə qədər uydurduğu yalanları darmadağın edir, döyüş meydanında məğlubiyyətlə üz-üzə qalan işğalçı Ermənistanı müttəfiqsiz qoyur. Heç bir dövlət son proseslərdə Ermənistanın yanında yer ala, işğalçı ölkəyə açıq dəstək verə bilmir. Bütün beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyini ifadə edir, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını zəruri sayır. Budur avantürizmlə ağıllı, ədalətli və təmkinli siyasətin fərqi, güclü liderin idarə etdiyi dövlətin üstünlükləri.
 
Alpər TURAN