• cümə axşamı, 18 aprel, 04:28
  • Baku Bakı 15°C

GUAM qayıdır

13.05.17 10:00 1699
GUAM qayıdır
2008-ci ildən bəri ilk dəfə olaraq Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Kiyevdə toplantı keçirməsi dünya mediasının diqqət mərkəzindədir. EurasiaNet nəşri yazır ki, "qurumun yaradılmasının 20 illiyinə həsr olunan sammit Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub. Sammitdə GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası geniş müzakirə olunub. Sammitdə GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri müzakirəyə çıxarılıb. GUAM-a üzv ölkələrin hökumət başçıları arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb”. Əlavə edilir ki, quruma üzv dövlətlərin yaxın dövr üçün məqsədlərinin nədən ibarət olduğu aydın deyil: bir sıra geosiyasi hadisələr onları birləşdirir, digərlərini isə əksinə, ayırır. Son tədbirdə üzv dövlətlər antirusiya mövqeyindən uzaqlaşaraq, daha çox iqtisadi məsələlər üzərində cəmləşiblər. Tədbirdə çıxış edən dövlətlərin nümayəndələri azad ticarət haqında regional razılaşma və nəqliyyat dəhlizinin yaradılması barədə razılıq əldə ediblər. Məlumata görə, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında bu ildən Azad Ticarət Zonası yaradıla bilər. Daha sonra
nəşr Ukraynanın baş naziri Vladimir Groismanın fikirlərini dərc edib. Baş nazir bu görüşü "mühüm” və təşkilat tarixində "yeni səhifə” adlandırıb. Baş nazir bəyan edib ki, Azad Ticarət Zonası bu il fəaliyyət göstərə bilər və imzalanan sənədləri "cəsarətli addım” adlandırıb. "Biz GUAM-ın tarixində yeni səhifə açırıq”, - deyə baş nazir bildirib.
Nəşrə müsahibəsində Qafqaz üzrə analitik Tomas Qolç hesab edir ki, "GUAM bir vaxtlar "yaxşı oğlanlar”ın, yeni ölkələrin yeni klubu idi və daha çox Rusiyaya postsovet şəraitində müqavimət göstərməyə çalışırdı. Bu istiqamətdə beynəlxalq dəstəkləri də var idi. Lakin sonradan təşkilat zəiflədi və bir çox üzvlər Rusiyaya qarşı daha az konfrantasiyaya getmək siyasətinə üstünlük verməyə başladılar. Moldova prezidenti GUAM-ın 2008-ci ildə Batumidə keçirilən tədbirinə qatılmadı və bunu səhhətində yaranan problemlə izah etdi. Amma sonralar WikiLeaks-də dərc edilən materiallarda başqa səbəb göstərilib. Qeyd edilib ki, Moldova GUAM-da iştirakını azaltmaqla Rusiyanın Dnestryanı münaqişənin həlində dəstəyini qazanmaq istəyir. Maydan hərəkatı nəticəsində hakimiyyətə gələn Ukrayna prezidenti Viktor Yuşşenko da tədricən Rusiyaya qarşı siyasətini yumşaltdı. Onun Kremlyönümlü sələfi Viktor Yanukoviç isə ümumiyyətlə GUAM-dan üz döndərərək bəyan etdi ki, qurum praqmatik deyil, romantik siyasət yürüdür. Avromaydan inqilabından sonra isə Ukraynanın xarici siyasəti yenidən antirusiya yönümü ilə seçilməyə başladı”, - deyə məqalədə vurğulanır.
Qeyd edilir ki, Gürcüstanla münasibətlər rəsmi Kiyevin eks-prezident Mixail Saakaşviliyə və onun tərəfdarlarına vəzifə verməsi ilə soyudu: "Bəlli olduğu kimi, yeni gürcü rəhbərliyi Saakaşvilini qəbul etmir. Lakin indi əməkdaşlığı bərpa etmək üçün əlverişli şərait yaranıb. Birincisi, Rusiyanın Krımı 2014-cü ildə işğal etməsindən sonra GUAM-ın dörd üzvünü bir problem birləşdirir – Rusiyanın bu və ya digər formada dəstəklədiyi separatçılar bu ölkələrin ərazilərinin bir hissəsinə nəzarət edir. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də bunu Kiyevdə keçirilən toplantıda bəyan edib. Qəbul edilən yekun bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib. GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edir, bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına maneə olduğunu vurğulayır”.
Nəşrə açıqlamasında "Ukrainskaya prizma” jurnalının baş redaktoru Marina Vorotnyuk hesab edir ki, "son vaxtlara qədər Ukrayna ilə Gürcüstan arasında münasibətlər o qədər də xoş deyildi, amma görünür, vəziyyət dəyişmək üzrədir və GUAM-ın dirçəlişinə ümidlər yaranıb. 2014-cü ildə GUAM-da rəsmi dili olan rus dilinin ingilis dili ilə əvəzlənib. Ukrayna xarici işlər naziri Pavel Klimkin bu yaxınlarda Tbilisidə olub və Avropa inteqrasiya istiqamətində səyləri gücləndirməyə çağırıb”.
Azərbaycana gəldikdə, rəsmi Bakı GUAM-ın iqtisadi və siyasi platforma kimi dirçəlişində maraqlıdır. "İlk növbədə GUAM ərazisində mövcud münaqişələrin nizamlanması istiqamətində səyləri gücləndirmək gərəkdir”, - deyə GUAM-ın baş katibi, azərbaycanlı diplomat Altay Əfəndiyev nəşrə bildirib. "GUAM regional təşkilat kimi siyasi platformaya malikdir və üzv-dövlətlər təşkilat çərçivəsində bir sıra məsələlər, konkret olaraq üzv-dövlətlərin digər dövlətlər tərəfindən işğalı faktları, təcavüz məsələləri ilə bağlı vahid mövqedən çıxış etməlidirlər”, - deyən azərbaycanlı diplomat bununla yanaşı, GUAM ölkələrini ticarət və nəqliyyat məsələlərinə diqqət yetirməyə çağırıb. O ki qaldı GUAM-ın Gürcüstan üçün əhəmiyyətinin azalmasına, bu, ölkə üçün təşkilatın fəaliyyətsizliyindən irəli gəlir. "Bu ölkənin baş nazirinin GUAM-la bağlı müsbət açıqlaması isə böyük ehtimalla onun Ukrayna ilə münasibətləri normallaşdırmasından irəli gəlir”, - deyə Tbilisi Dövlət Universitetində professoru Rorneli Kakaçiya bildirir. Onun qənaətincə, ABŞ və Avropa İttifaqının əvvəlki dəstəyinin olmaması, eləcə də, üzv dövlətlərin fikirlərinin parçalanması da GUAM-ın əhəmiyyətini azaldır. Beləliklə, gəlinən qənaət budur ki, yeni dönəmdə təşkilat əsas diqqəti iqtisadi məsələlərə yönəldəcək və əvvəlki illərdən fərqli olaraq iqtisadi siyasət prioritet olacaq.
Azər
banner

Oxşar Xəbərlər