AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Görünən dağın bələdçiyə ehtiyacı yoxdur...

Görünən dağın bələdçiyə ehtiyacı yoxdur...

26 Noyabr 2014, 09:31 1023
Vladimir Mayakovskiyə görə teatr əks etdirən güzgü yox, böyüdücü şüşədir. O, insan duyğularının, arzularının, təfəkkürünün bədii formada reallaşdığı məkandır. O, incəsənətin canlı, sintetik və kollektiv növü olaraq bədii yaradıcılığın başqa sahələri kimi gerçəkliyi, insanların gerçək aləmini və bir-birinə münasibətlərini əks etdirir...

Teatr incəsənətin mürəkkəb, lakin eyni zamanda olduqca təsirli və ən maraqlı növlərindən biridir. O, böyük dramaturq, пешякар rejissor və istedadlı aktyor triosunun özülü üzərində dayanaraq dialoq və monoloqlarla tamaşaçının görüşünə gəlir...

Teatr nəyin müsbət, nəyin mənfi olduğunu tamaşaçısına nümayiş etdirir və bu təzadın mübarizəsindən meydana gələn səbəbləri aydınlaşdıraraq insanın mədəni, mənəvi və estetik zövqünün formalaşması, fikir, fantaziya və təfəkkürünün tərəqqisində əhəmiyyətli rol oynayır. Teatrı incəsənətin digər növlərindən fərqləndirən əsas cəhət bədii obrazın iş, əməl, hadisə vasitəsilə yaranması, eləcə də bədii obrazların canlı aktyorların mənəvi və fiziki keyfiyyətlərindən qaynaqlanmasıdır.

Teatr cəmiyyətdə problemləri həll etmir, o problemin özünü və yaranma səbəbini araşdırıb göstərir.
Keçmişi və bugünü nəzərlərimizdə canlandıran teatr bizi həm də sabaha istiqamətləndirir...
142 illik şərəfli keçmişə malik teatrımız bu gününə çox böyük zəhmətlər hesabına gəlib. Azərbaycan teatrının son bir neçə ildə əldə etdiyi uğurları isə xüsusilə qeyd etmək lazımdır. Çünki son illər qazanılan müvəffəqiyyətlər Azərbaycan teatr tarixində əhəmiyyətli rol oynayıb. Bu da təsadüfi deyil. Ölkə prezidentinin bütün sahələrlə yanaşı, mədəniyyətimizə və teatrımıza göstərdiyi diqqət və qayğı əldə olunan uğurlarda özünü göstərir.

“Azərbaycan” qəzetinin 2 noyabr 2014-cü il tarixli sayında yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya bölməsinin rəhbəri Firuz Mustafanın “Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır” adlı məqaləsini oxuduqdan sonra əslində çox heyrətləndim. Qərara gəldim ki, əlimə qələm alıb fikirlərimi hörmətli Firuz bəyə və bütün oxuculara çatdırım.
142 yaşlı Azərbaycan Milli Peşəkar Dünyəvi teatrının inkişafında və dünya teatr arenasına inteqrasiyasında 87 yaşlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının xüsusi rolu və çəkisi vardır. 1928-ci ildə təşəkkül tapmış və günümüzədək böyük müvəfфəqiyətlər əldə edərək, mətin addımlarla gələn bu teatr Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq Teatrı rəsmi olaraq fəaliyyətə başlayıb. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olublar.

Yarandığı ilk illərdə müasirliyə meyl edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsil yetişmişdir. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdir.
Azərbaycan мilli teatr sənətinin ayrılmaz qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra müqtədir səhnə xadimləri yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirmişlər. Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Məmmədağa Dadaşov, Osman Hacıbəyov, Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoliy Dobronetskiy, Arnold Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə Ağayeva, Mübariz Paşayev estafeti özlərindən heç də az istedadlı olmayan Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Lətifə Əliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Rahib Əliyevə ötürmüşlər. Adları qeyd edilən sənətkarlarla bərabar hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Elşən Rüstəmov, Elşən Şirəliyev, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, Leyli Vəliyeva, Mehriban Abdullayeva, Nicat Kazımov, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev, Nəsibə Eldarova, Günel Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov və onlarla başqa istedadlı və perspektivli aktyor nəsli çalışır.

Xarici ölkələrdə keçirilən qastrol və festivallarda fəal iştirak edən teatr yazıçı-dramaturq Elçinin «Mahmud və Məryəm» romanı əsasında hazırlanan tamaşa ilə 2002-ci ildə Kazanда keçirilən turkdilli xalqların VII Beynəlxalq Novruz Festivalında, 2004-cü ildə «Ana qaz» tamaşası ilə Moskvada keçirilən Televiziya-Teatr Beynəlxalq Festivalında, İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» əsəri əsasında hazırlanmış tamaşa ilə Kuznetskdə keçirilən Beynəlxalq Teatr Festivalında, dahi Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettası ilə 2006-cı ilin dekabr ayında Moskva Vilayətinin Podolsk şəhərində keçirilən II Beynəlxalq Teatr Festivalının Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə Cцmhuriyyətinin Alanya şəhərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında N.Gəncəvinin «Xeyir və Şər», R.Rzanın «Ana Qaz» və İ.Coşqunun «Çal oyna» tamaşaları ilə, 2008-ci ilin aprel ayında ikinci dəfə Türkiyə Cцmhuriyyətinin Ankara və İqdır şəhərlərində 23 nisan Uşaq bayramı şənliklərində Ə.Orucoğlunun «Nənənin kələyi», mart ayının 27-dən aprelin 4-dək Minskdə R.Rzanın «Ana qaz» və S.Marşakın «Pişiyin evi», may ayında isə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində İ.Əfəndiyevin «Məhv olmuş gündəliklər» və S.Marşakın «Pişiyin evi» tamaşaları ilə uğurla çıxış etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdir. Elə həmin ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirmişdir.
Teatr 2009-cu il may ayının 26-dan iyunun 6-dək Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi 9-cu Beynəlxalq Teatr festivalında Ə.B.Haqverdiyevin «Pəri Cadu», 2010-cu il 4-11 iyun tarixlərində Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində keçirilən XII Beynəlxalq Antik İncəsənət Festivalında G.Fiqeyredonun “Ezop”, 2011-ci il 4-8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilmiş 32-cu Beynəlxalq “Fəcr” teatr festivalında “Otello”, 2011-ci ilin 10-20 noyabr tarixlərində Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli tamaşaların festivalında P.Züskindin “Kontrabas” monotamaşası, 2012-c il 19-28 yanvar tarixlərində teatr Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək, Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki...” adlı monotamaşası, yanvar ayının 28-dən – fevral ayının 2-dək İran İslam Respublikasında ənənəvi olaraq keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu”, sentyabr ayının 6-dan – 11-dək Belarus Respublikasının Brest şəhərində keçirilən XVII Beynəlxalq “Belaya Veja” adlı teatr festivalında yenə də “Don Rafaello tranbomçu” tamaşası ilə uğurla çıxış edərək bir sıra mükafat və diplomlarla Vətənə dönmüşdür.

2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi teatr sahəsində yaradıcılıq mübadiləsi və dünya teatr məkanına inteqrasiya baxımından olduqca əhəmiyyətli hadisə olmuşdur. Bir müddət sonra isə həmin beynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradılmışdır. 2011-ci ilin noyabr ayında Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilən ərəfədə ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə Milli Mərkəzin ilk toplantısını keçirilmişdir. 2012-ci ilin fevral ayında Beynəlxalq ASSİTEJ-in növbəti toplantısının da Bakıda keçirilmiş, ASSİTEJ-ə üzv olan 22 dövlətin teatr mütəxəssisləri Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə yaxından tanış olmuşlar. 2012-ci ilin noyabr ayında ASSİTEJ - Azərbaycan Milli Mərkəzi və Gənc Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq teatr konfransının işində yaxından iştirak edərək, gələn il üçün bir neçə beynəlxalq layihələrin reallaşması istiqamətində müqavilələr imzalanmışdır.

Yeni təmirli və hər növ avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edilib. Bu illər ərzində teatrda “Şeyx Sənan” (H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən yol” (C.Məmədquluzadə), “Albalı bağı” (A.P.Çexov), “Otello” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi” (Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı), “Axırıncı qatar və yaxud itlər” (İ.Fəhmi, O.Kazımi), “Şelkunçik” E.T.A.Hofman), “Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları” (Ç.Dikens), “Mənim ağ göyərçinim” (T.Vəliyeva), “Göyçək Fatma” (Azərbaycan Xalq nağılı), “Əcəl atı” (V.Əlixanlı), “Mən səni sevirəm – MSS” Ə.Əmirli, “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “Romeo və Cülyetta” (U.Şekspir), “Buzovna kəndinin əhvalatları” (Elçin), “Şahzadə Xəzərin nağılı” (K.Ağabalayev), “Pələng ili” (Firuz Mustafa), “Əlincə qalası” (Dilsuz), “Qarac qız” (S.S.Axundov A.Şaiq), “Dörd əkizin nağılı” (P.Pançev), “Mən gəldim, qızlar” («Müharibə» L.Nuren), “Buratinonun macəraları” (A.Tolstoy), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren), “İtalyansayağı xoşbəxtlik” (D.Fo, P.Filippo), “Danışan gəlincik” (A.Şaiq), “Hasarın o üzü” (Ə.Əmirli), “Qırmızı papaq” (Y.Şvarts), “Gözəllik kraliçası” (M.MakDonax), “Yalqız Qərb” (M.MakDonax), “Konnemarada bir kəllə” (M.Makdonax), “Sarıköynəklə Valehin nağılı” (İ.Əfəndiyev), “Qoğalın nağılı” (Xalq nağılı) kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirib.

Teatrlarımızı ölgünlük və passivlikdə günahlandıran Firuz Mustafanın da iki əsəri teatrımızda səhnəyə qoyulub. Bunlardan biri 2007-ci ildə teatrın rus bölməsində səhnələşdirilən “Adsız”, digəri isə 2012-ci ildə hazırlanan “Pələng ili” tamaşalarıdır. Deyə bilmərəm tamaşaların uğurunu yalnız müəllifin qələmi təmin edib. Burada heç şübhəsiz ki, uğurlu rejissor işi (Xalq Artisti Vaqif Əsədov, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu) və peşəkar aktyor oyununu diqqətə çatdırmaq lazımdır.
Bu illər ərzində dünya teatrları ilə qarşılıqlı yaradıcılıq əlaqələri uğurla davam etdirilmişdir. Belə ki, 2012-ci ilin noyabr ayında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, 2013-cü ilin mart ayında Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrı Bakıda qastrol səfərində olmuşlar. Teatr rəhbərlikləri arasında bağlanılmış qarşılıqlı qastrol səfəri haqqındakı müqaviləyə əsasən 2013-cü il sentyabr ayının 29-dan oktyabr ayının 7-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında qastrol səfərində olmuş və R.Rzanin “Ana qaz”, L.Nurenin “Müharibə”, P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış etmişdir.

Səfərdən sonra 27 mart Beynəlxalq teatr günü Kalmıkiya Respublikası Başçısının Sərəncamı ilə bu sətirlərin müəllifi (yüksək təşkilatçılıq və Azərbaycan – Rusiya teatr əlaqələrinin inkişafındakı xidmətlərinə görə), teatrın baş rejissoru Bəhram Osmanov (peşəkar səviyyəli quruluşa görə) həmin ölkənin Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif olunmuş, kollektivin digər üzvləri isə müxtəlif orden və medallara layiq görülmüşlər.

Bəs bu teatrın uğuru deyilmi? Bu mükafatlar, fəxri adlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında bütövlükdə Azərbaycan teatrına xarici respublika rəhbərliyinin və həmin ölkənin teatr mütəxəssislərinin verdiyi yüksək qiymət deyilmi?
Teatrın kollektivi 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo Beynəlxalq Monotamaşalar Festivalında iştirak edərək P.Züskindin “Kontrabas” tamaşasını nümayiş etdirmişdir. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda “Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140” və “Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxışlarım olmuşdur. Həmin ilin may ayının 12-dən – 19-dək kollektiv yenidən “Kontrabas” tamaşası ilə Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. Hər iki festivalda tamaşa böyük maraqla qarşılanaraq mükafatlara layiq görülmüşdür.
2013-cü ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı yenidən ölkəmizdə qastrol səfərində olmuş, 2014-cü ilin may ayında Kalmıkiya Milli Dram Teatrının ölkəmizdə qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunmuşdur. Aprel ayının ilk günlərinə təsadüf edəcək qastrol çərçivəsində kollektiv M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah», Y.Şvartsın «Qırmızı papaq» və R.Ağayevin «Bir gecənin nağılı» tamaşalarını nümayiş etdirmişdir.
2013-cü ilin dekabr ayında teatrın kiçik səhnəsinin açılış mərasimi keçirilmişdir. Mono və kiçik həcmli tamaşalar üçün nəzərdə tutulmuş səhnədə S.Bekketin “Sözsüz”, M.Vahidzadənin “Bir səbət tənhalıq”, R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarının premyeraları nümayiş etdirilmişdir.
Hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır.

Teatrda müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərindən Uilyam Şekspirin, Jan Batist Molyerin, Fridrix Şillerin, Karlo Qoldoninin, Aleksandr Ostrovskinin, Nikolay Qoqolun, Mirzə Fətəli Axundovun, Nəcəf Bəy Vəzirovun, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Süleyman Sani Axundovun, Abdulla Şaiqin və başqalarının əsərləri də öz əksini tapmışdır.
Uşaq və yeniyetmələrin, eləcə də gənc nəslin mənəvi-estetik zövqünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilib böyüməsində teatrda hazırlanan tamaşaların müstəsna rolu vardır. Bu gün teatrımızın repertuarı kiçik yaşlı uşaqlar, gənc və yeniyetmələr, böyüklər üçün maraqlı tamaşalarla zəngindir. Bir sözlə, 7-dən 77-yə qədər bütün yaş qrupunu əhatə edən tamaşaçıları teatrımızda hər zaman görməyə məmnunuq. Gənc Tamaşaçılar Teatrı eyni zamanda məktəb təmayüllüdür. Teatrda yeniyetmə və gənclərlə iş üzrə xüsusi pedaqoqlar çalışır. Onu da xüsusi qeyd etmək istərdik ki, teatr yarandığı gündən həm də yazıçı-dramaturq məktəbi də yetişdirərək Azərbaycan ədəbiyyatına bir sıra əvəzsiz insanlar qazandırıb. 1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olunmuş və elə həmin illərdən milli uşaq dramaturgiyasının əsası qoyulmuşdur. Abdulla Şaiqin «Xasay», «Eloğlu», «Fitnə», Mirmehdi Seyidzadənin «Qızılquş», «Nərgiz», Əyyub Abbasovun «Azad», «Məlikməmməd» və başqa yazarların tamaşaları da teatrın yaradıcılıq nailiyyəti idi.

Bu mədəniyyət ocağının daha bir funksiyası isə bütün digər teatrlar üçün tamaşaçı yetişdirməkdir. Gənc Tamaşaçılar Teatrının öz daimi tamaşaçısı, hər tamaşanın isə öz auditoriyası var. Nümayiş etdirilən bütün səhnə əsərlərində tamaşaçıya aşılanan müsbət keyfiyyətlər tamaşa qəhrəmanlarının dili, bədii təsvir vasitələri, dekorasiya, kostyum, işıq, musiqi effektləri ilə ötürülür. Bütün bu mərhələlərdən keçən, tamaşalarımızla mənən zənginləşən və maariflənən insan daha sonra bütün digər teatrlar üçün potensiallı tamaşaçıya çevrilir.

Gənc Tamaşaçılar Teatrı əhalinin, xüsusən gənc nəslin teatrlara daha fəal cəlb olunması, gənc və yeniyetmələrin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşlərinin formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz olan bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, teatr artıq neçə ildir ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə “Teatr, təhsil və mənəviyyatımız”, “Biz teatrı sevirik”, “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”, Azərbaycanın dahi şəxsiyyətlərini daim diqqətdə saxlayaraq “Zirvədəki şəxsiyyətlər”, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrini həyata keçirib. Teatr həmçinin, Səbail rayon orta ümumtəhsil müəssisələri ilə birgə “Azərbaycan Teatrı 2009-2019 illərdə” Dövlət Proqramı, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək məqsədləri ilə “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsini həyata keçirib. Bundan başqa, ötən ay AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə, “Hədəf” nəşrlərinin təsisçiliyi, Gənc Tamaşaçılar Teatrı və kitabevim.az kitab mağazalarının təşkilatçılığı ilə “Anamın Kitabı” pyes müsabiqəsi layihəsi öz işinə yekun vurdu. 50-dən artıq pyesin təqdim olunduğu müsabiqədə qalib gələn yazarın əsərinin teatrda səhnələşdirilməsi nəzərdə tutulur.
Bütün sözügedən tədbirlər Gənc Tamaşaçılar Teatrının azyaşlı tamaşaçıların, eləcə də gənclərin həyatında, onların dünygörüşlərinin formalaşmasında, gələcəyin intellektli və savadlı kadrları kimi yetişmələrində müstəsna əhəmiyyət kəsb etdiyini sərgiləyir.

Hazırladığı tamaşaları ilə zamanın nəbzini tutan, günümüzlə səsləşən aktual mövzulara toxunan, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərinə müraciət edən teatr daim bütün yaş kateqoriyasından olan insanların diqqət mərkəzindədir. Bu gün teatr gələcək 10 il üçün repertuar planına sahibdir. Bu isə aktyor nəslinin püxtələşməsi, gənclərin teatrlara cəlb olunması və dolayısı ilə gələcək perspektivlərdən xəbər verir.
Bundan başqa, il ərzində teatrlarımızın dövlət və daxili imkanları hesabına hazırladıqları tamaşalar, ayrı-ayrı teatrların qatıldıqları beynəlxalq qastrol və festivallar, xarici ölkələrdən dəvət olunan teatr mütəxəssisləri, dünya teatr təcrübəsindən hərtərəfli istifadə teatrlarımızın bugünkü inkişafı haqqında ətraflı təəssürat yaradır. Bu siyahını istənilən qədər uzatmaq olar. Lakin, bütün bu inkişafı görməmək, əldə olunan uğurları heçə saymaq, “bu gün Azərbaycan teatrının çox böyük problemləri var” demək heç bir məntiqə sığmır. Əgər bu gün hər hansısa bir dramaturq öz əsərini teatrlara təqdim edirsə və ölkənin aparıcı teatrları həmin əsəri səhnələşdirmirsə (halbuki, bir sıra bölgə teatrları həmin dramaturqların əsərlərindən yan keçməyiblər) burada problem teatrda yox, həmin dramaturqdadır. Bu problemin həlli isə öz üzərində çalışaraq təkmilləşmək və daha mükəmməl əsər ərsəyə gətirməkdir. Daha Azərbaycan teatrını fəaliyyətsizlikdə suçlamaq yox...

Məqaləni oxuduqca gözümün önünə Akademik Milli Dram Teatrındakı uğurlu fəaliyyəti ilə müştərək, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində prorektor vəzifəsində çalışmış sənətşünaslıq doktoru, professor, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan təmsilçisi İsrafil İsrafilov, gənclik illərini və bütün ömrünü Azərbaycan mədəniyyəti və teatrına həsr etmiş, bu yolda xüsusi xidmətləri olan Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, teatr cameəsində yeni olan, ancaq qazandığı uğurları ilə ölkəmizdə və onun hüdudlarından kənarda kifayət qədər tanınan, bir sıra maraqlı tamaşalara səhnə həyatı bəxş edən Dövlət Pantomim Teatrının baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, ömrünü yaradıcısı, bədii rəhbəri və direktoru olduğu Gənclər Teatrına həsr edən Hüseynağa Atakişiyev, dünyanın bir çox ölkəsində tamaşa hazırlayan, yaradıcısı olduğu YUĞ teatrında 90-a yaxın tamaşa hazırlayan Vaqif İbrahimoğlu və başqaları canlandı. Beynəlxalq arenada olduqca nüfuzlu, yürütdüyü uğurlu repertuar siyasəti, hazırlanan tamaşaları, iştirak edilən xarici səfərlər, qastrol və festivalları, həyata keçirilən layihələri ilə Azərbaycan teatrı və ayrı-ayrı teatr rəhbərləri, eləcə də onların gördüyü işlər də göz önündədir...
Bu gün Azərbaycan teatrı hətta uzaqdan görünən bir dağdır. Atalar demiş, görünən dağa isə bələdçi lazım deyil!!!

Bu sadalananlardan sonra deyiləcək bir söz qalır. Hörmətli filosof-dramaturq ya həqiqətən bu qədər müvəffəqiyyəti görmür, ya da görmək istəmir. Problem bu qədər müvəffəqiyyət qazanan teatrda yox, əldə olunmuş uğurları görə bilməyən “dramaturq”dadır. Teatr vəzifəsindən asılı olmayaraq hər bir insanın həyatında, cəmiyyətdə, dünəndə və bu gündə olan minimal və qlobal problemləri, o problemlərin yaranma səbəblərini göstərən zərrəbindir. Elə isə bu zərrəbinə diqqətlə baxın. Bəlkə nəsə görə bilərsiz. Ya da bəlkə “mus-mus” deyincə bir dəfəlik “mustafa” sözünü deyəsiz...

Mübariz Həmidov,
Əməkdar Artist,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru