“Görülən işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”
Azərbaycanın ictimai-siyasi, mədəni, humanitar,
sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan
Prezidenti İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla ölkənin Birinci
vitse-prezidenti təyin olunub. O, bu təyinatdan bir qədər sonra xarici media
qurumuna müsahibəsində qeyd edib ki, Birinci vitse-prezident kimi bundan
sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin
həlli üzərində qurmaq niyyətindədir. Mehriban xanım mərhəmətsizlik və
laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai
xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu
vurğulayıb. Beləliklə də Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının
(YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun sədri, millət vəkili kimi Azərbaycan üçün gördüyü işləri, o cümlədən təhsil,
mədəniyyət, səhiyyə və sosial sahədəki fəaliyyətini dövlət idarəçiliyində daha
sistemli şəkildə, uğurla həyata keçirəcəyini bəyan edib.
Qəzalı
binalarda yaşayan məcburi köçkünlərin problemləri
Bu hadisədən az müddət sonra Birinci
vitse-prezidentin sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında
müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr
olunmuş müşavirə keçirilib. Müşavirədə Azərbaycanın bir nömrəli probleminin
Dağlıq Qarabağ məsələsi olduğunu xatırladan Mehriban Əliyeva münaqişə nəticəsində
qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların sosial şəraitinin
yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, indiyə qədər bu sahədə dövlət səviyyəsində
həyata keçirilən tədbirlərdən də söhbət açıb. Bununla yanaşı, qeyd edib ki,
Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək
üçün mənzillər alınmalıdır. Birinci vitse-prezident hazırda qarşıda duran əsas
məqsədin qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində
yeni mənzillərlə təmin etmək olduğunu da diqqətə çatdırıb.
250
mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması
Mehriban xanım Əliyevanın bu günlərdə Qaradağ
rayonunda məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma
mərasimində iştirak etməsi bir daha sübut edir ki, o, vətəndaşların sosial
problemlərinin, ailə-məişət qayğılarının həllinə son dərəcə həssaslıqla
yanaşır. Həmin mərasimdə çıxışı zamanı Birinci vitse-prezident öz doğma
torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin
yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün
2004-cü ildə Dövlət Proqramı qəbul olunduğunu, 2007-ci və 2011-ci illərdə bu
proqrama əlavələr təsdiqləndiyini söyləyib. Qeyd edib ki, ümumiyyətlə, bu
istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait
ayrılıb: "Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı vədlərində
bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün çadır şəhərcikləri 5 il ərzində
ləğv ediləcək və biz buna nail olduq. Hətta 5 il yox, 4 il ərzində nail olduq. Son
çadır şəhərciyi 2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində ağır şəraitdə
yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək
müasir yaşayış qəsəbəsinə köçürüldülər. Ümumilikdə, bu, 50 min ailənin, 250
mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin
olunması demək idi”.
4
min ailə yeni mənzillərə köçürüləcək
Birinci vitse-prezident Mehriban Əliyeva son 13 ildə
400 mindən çox qaçqın və məcburi köçkünün yeni iş yeri ilə təmin olunduğunu da
diqqətə çatdırıb. O, cari ilin mart ayında qaçqın və məcburi köçkün ailələrinin
Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş
müşavirə keçirildiyini, bu problemin aradan qaldırılması üçün lazımi
tapşırıqlar verildiyini söyləyib. Bildirib ki, birinci mərhələdə ən qəzalı
binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb: "Hazırda
bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu
rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi
köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın
inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla
yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalardan həmin
məqsəd üçün dövlət tərəfindən mənzillər alınır. Qaradağ rayonunda təməli
qoyulan müasir yaşayış kompleksi də Azərbaycanın özəl sektorunun bu nəcib işə
töhfəsidir. Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni yaşayış
kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 binainşa
olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq
bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Əminəm ki, çox yaxın gələcəkdə
- 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq”.
Özəl
sektorun vətənpərvərlik, xeyriyyəçilik nümunəsi
Sevindirici məqamlardan biri də bundan ibarətdir
ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların mənzil şəraitinin
yaxşılaşdırılmasında dövlətin müvafiq qurumları ilə bərabər, özəl sektor da
yaxından iştirak edir. Bir növ xeyriyyəçilik, vətənpərvərlik nümunəsi kimi qəbul
edilən bu addım Mehriban xanım Əliyeva tərəfindən xüsusi vurğulanıb. O, dövlətlə
yanaşı, biznes strukturlarının, sahibkarların da ölkəmiz üçün çox vacib olan bu
məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmadıqlarını,
öz dəstəyini verməyə hazır olduqlarını söyləyib: "Çox şadam ki, bu təşəbbüsə
artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim
– "Kristal Abşeron” 5 mənzil təmin edib, "Azercell Telekom” - 2 mənzil, "Kontakt
Home” mağazalar şəbəkəsi - 1 mənzil, "Sədərək” ticarət mərkəzi - 1 mənzil,
"Retro Holdinq” - 164 mənzil, "Askorp” - 1 mənzil, "Azinşaat N” - 3 mənzil, "Dərhal”
MTK - 50 mənzil, "Xəzər” MTK - 2 mənzil, "Araz-2011 A” - 3 mənzil, "Vesta
Konstrakşn” - 2 mənzil, "Paşa İnşaat” şirkəti təməlini qoyduğumuz yaşayış
kompleksində inşa olunan - 1022 mənzil. Soydaşlarımızın problemlərinə biganə
qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı
çatdırıram”.
Hər
bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaq
Yekun olaraq qeyd edək ki, Mehriban xanım
Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin yüz günü onun bu vəzifəyə
təyin olunarkən verdiyi vədləri yerinə yetirməsi ilə yadda qalmaqdadır. Görünən
budur ki, çox böyük təşkilatçılıq qabiliyyətinə malik olan Mehriban xanım
Əliyeva qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə nəinki
dövlət qurumlarını səfərbər edib, eyni zamanda özəl sektorun da bu sahəyə cəlb
edilməsinə nail olub. Artıq özəl sektor,
sahibkarlıq subyektləri, o cümlədən tikinti şirkətləri də çox yüksək qiymətə
layiq olan bu təşəbbüsə qoşulublar. Təbii ki, bu, Azərbaycan xalqına xas olan
xeyriyyəçilik ənənələrinin davamı, eyni zamanda, xalqımızın həmrəyliyi, dövlətimizin
gücü və inkişafı kimi də qiymətləndirilməlidir. Ən nəhayət, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bütün bu işlərin mərkəzində,
təməlində Azərbaycan vətəndaşı durur. Görülən işlərdə, həyata keçirilən tədbirlərdə
başlıca məqsəd daha güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının
rahat yaşamasına nail olmaqdır.
Rufik
İSMAYILOV