Görmə məhdudiyyətli insanların yeni “Əsa”sı - Startap
20 yaşı var. Hədəfi görmə məhdudiyyətli insanların
işini rahatlaşdırmaq, onların problemlərinə sadə həllər tapmaqdır. Deyir ki,
texnologiyanın sürətlə inkişaf etdiyi, bütün həyatımızı idarə etdiyi bir vaxtda,
görmə əngəllilərin bu fürsətlərdən istifadə edə bilməməsi onu düşündürüb. 20
yaşlı gəncimizin ixtirası nəticəsində, artıq ölkəmizdə görmə əngəlli insanlar
da onlara gələn mesajları rahatlıqla oxuyub, cavab yaza biləcəklər.
Əvvəlcə
müsahibimizi tanıyaq…
Həmsöhbətimiz gənc startapçı Sayad İbrahimovdur. Azərbaycan Dövlət Neft və
Sənaye Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil alır. Hazırda
4-cü kurs tələbəsi olan Sayad, bir çox yerlərdə könüllü kimi fəaliyyət göstərir.
Eyni zamanda, səfir kimi "Microsoft” Azərbaycan şirkətini təhsil aldığı
universitetdə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təmsil
edir. "BrailleX” şirkətində təsisçi və rəhbər, "Braille Watch” və "Braille Pad”
layihələrində CEO kimi çalışır.
İlk
startapım…
Sayad deyir ki, İT sahəsinə marağı kiçik
yaşlarından yaranıb. Onun sözlərinə görə, startap ekosisteminə daxil olmadan
öncə bir çox yerlərdə bu sahələr üzrə fəaliyyətləri olub: "Əvvəllər "Allrepair”
adlı onlayn xidmət yaratmışdım. Bu xidmət kompüterlərin təmiri ilə bağlı idi.
Daha sonra "Microsoft” Azərbaycan şirkətini könüllü olaraq təhsil aldığım
universitetdə təmsil etməyə başladım. Artıq 3-cü kursda oxuyanda Bakı Amerika Mərkəzində
yerləşən "Maker Space” bölməsində fəaliyyətə başladım. Burada 12 - 35 yaş arası
insanlara Robototexnika , Electonic Basic, 3D modellərin hazırlanması və çap
olunması sahələrindən praktiki dərslər keçirdim. Eləcə də, Bakı Amerika Mərkəzində
təşkil olunmuş treninqlərdə proqramlaşdırma sahəsindən müəyyən biliklər
verirdim. Startap sahəsinə gəldikdə isə, ilk startap layihəmiz Bakı Amerika Mərkəzində
birlikdə çalışdığım iş yoldaşlarımla hazırladığımız "Octobot” layihəsi idi. Bu layihədə vəzifəm
proqramist olub”.
"Ağıllı saat
Əsa rolunu oynayacaq”
Hazırda CEO kimi fəaliyyət göstərdiyi şirkətə gəldikdə
isə həmsöhbətimiz deyir ki, "BrailleX” şirkəti görmə qabiliyyətini tamamilə
itirmiş insanların ən son texnologiyalardan istifadə etməsini təmin etmək məqsədilə
yaradılıb: "Şirkətin tərkibində iki startap layihəsi mövcuddur. Bunlar "Braille
Watch” və "Braille Pad” layihələridir. Günümüzdə istifadə olunan və inkişafda
olan ən son texnologiyalar insanların istifadə rahatlığına və daha artıq
imkanlara yönəlib. Elə ilk ideya seçimi də buna uyğun həyata keçirildi”.
Şirkətin ilk məhsulu "Braille Watch” haqqında məlumat
verən müsahibimiz deyir ki, yaratdıqları ağıllı saat vasitəsilə görmə məhdudiyyətli
insanların işlərini rahatlaşdıracaqlar: "Bu saatın ilkin versiyası ( protatipi)
artıq hazırdır. "Braille Watch” ağıllı saatdır. Bu saat taktil displeyə
malikdir. Məhz bu taktil displey vasitəsi ilə görmə məhdudiyyətli insanlar istədikləri
vaxt saatı asanlıqla öyrənə, telefonlarına gələn istənilən bildirişləri oxuya və
gələn zəngləri qəbul edə biləcəklər. Eyni zamanda, onlar oxuduqları mesajlara səs
vasitəsi ilə cavab verə, yerləşdirdiyimiz LiDAR qurğusu vasitəsi ilə
qarşılaşdıqları maneədən əvvəlcədən xəbərdar ola biləcəklər (bu, bir növ
onların əllərində gəzdirdikləri əsa rolunu oynayacaq).Eyni zamanda tətbiq
etdiyimiz SOS GPS funksiyası vasitəsi ilə istifadəçinin fövqəladə hallarla
qarşılaşdığı zaman bir toxunuşla seçdiyi 5 insana istifadəçinin harada olması
barədə məlumat veriləcək”.
"Planşet mətni
braille əlifbasına çevirə bilir”
"Braille Pad” isə müsahibimizin görmə əngəllilərin
istifadə etməsi üçün yaratdığı planleştlərdir: "Bu məhsulumuz görmə məhdudiyyəti
olan insanlar üçün hazırladığımız digər cihaz kimi taktil displeyə malik planşetdir.
Bu insanlar hazırladığımız planşet vasitəsi ilə internetə daxil ola və istədikləri
məlumatları əldə edib oxuya biləcəklər. Həmçinin yaddaş kartı vasitəsi ilə hər
hansı mətni yükləyib planşetə taxdığınız zaman, planşet bunu braille əlifbasına
çevirə bilir”.
Qiymət məsələsinə gəldikdə isə, müsahibimiz deyir
ki, "Braille Watch” saatının təxminən 250 - 350 dollara satışa buraxılması gözlənilir.
"İdeyanı
bazarda araşdırmaq lazımdır”
Müsahibimiz ideyaların yaranma sirlərindən də
danışdı. Deyir ki, hər insan ağlında müəyyən ideyalar formalaşdırır, lakin
bunların bir çoxu ideya olaraq qalır: "İdeya müəyyən səbəblərdən bazarda olan
problemlərə əsaslanaraq yaranır. Hər hansı problemi görüb onun həlli üçün çözüm
axtarmaq lazımdır. Bu prosesin son nəticəsi yaxşı bir ideyanı ortaya çıxarır.
İdeya əsaslı şəkildə problemi həll etməlidir. Və ideyanın gələcək üçün biznes
modeli də əvvəlcədən hazırlanmalıdır. Kommersiya məqsədi olmayan ideyalar ancaq
sosial yönümlü olur və bunu da startap hesab etmək olmaz. İdeyanı həyata keçirməzdən
əvvəl həmin ideyanın yaşadığımız mühit və dövrdə nə dərəcə lazım olmasını
araşdırmaq və düşünmək lazımdır. Eyni zamanda, bu ideyanın bazarda mövcudluğu
ilə bağlı da müəyyən məlumatlar əldə edilməlidir. Əgər yoxdursa, hansı xüsusiyyətlərə
görə yoxdur, varsa, hansı xüsusiyyətlərə malik olması araşdırılmalıdır”.
"Məqsədimiz
yeni layihə ərsəyə gətirməkdir”
Həmsöhbətimizin startapları beynəlxalq müsabiqələrdə
iştirak edib: "Braille Watch” layihəmizlə "Golden Bayt” və "Microsoft Imagine
Cup 2017” müsabiqəsində iştirak etmişik. Gələcək planlarımız bu layihələrlə ölkə
xaricində beynəlxalq səviyyədə bir sıra müsabiqələrdə iştirak etmək, maliyyə məbləği
ayrıldığı təqdirdə, bu məhsulların istehsalını təşkil etmək və yeni bir layihə ərsəyə
gətirməkdir”.
Aygün ƏZİZ