Görkəmli ədibin yubileyinə qiymətli töhfə
Onu
XX əsrin əvvəlləri kimi ziddiyyətli, lakin olduqca əhəmiyyətli ictimai dəyişiklərlə
səciyyələndiyi bir dövrün avanqard ziyalılarından biri kimi tanıyırlar. Bu görkəmli
şəxsiyyət, ədibin öz sözlərilə desək, "milli intibah vədələrində”, "dünyaların
titrədiyi, aləmlərin mayallaq aşdığı, fələklərin bir-birinə qarışdığı, millətlərin
oyanıb gözlərini açdığı, pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etdikləri, mənaların özgə təbir əxz
etdiyi, şeylərin əsl mənalarını tapdığı” olduqca əhəmiyyətli və ciddi bir dönəmin
öndəgedən, fəal, ideoloq ziyalılarından biri olaraq əbədiyaşarlıq qazanıb. O,
Azərbaycan ictimai və ədəbi fikrində tənqidi realizmin banisi, azərbaycançılıq
ideyalarının qüdrətli təbliğatçısı və ən güclü ideoloqu, kiçik hekayənin böyük
ustadı, yenitipli satirik şeirin, bədii nəsrin və dramaturgiyanın yaradıcısı,
dünyaşöhrətli "Molla Nəsrəddin” jurnalının baş redaktoru və naşiri, "Molla Nəsrəddin”
ədəbi məktəbinin ağsaqqalı, mollanəsrəddinçilik hərəkatı və təliminin başçısı, milli
istiqlal ədəbiyyatının sərkərdəsi, xalqın bədiiləşdirilmiş surəti olan "kiçik”
adamın böyük müdafiəçisi və ideoloqu kimi yaddaşlara yazılıb.
Məlum
olduğu kimi, yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə
Azərbaycan ictimai fikri, mədəni inkişafı, ədəbi düşüncəsinin ən görkəmli nümayəndələrindən
biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu görkəmli Azərbaycan
dühasının yaradıcılığını və ictimai-ədəbi fəaliyyətini çox yüksək qiymətləndirirdi.
"Cəlil Məmmədquluzadə öz
yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun
yüksəlməsində böyük rol oynamşdır”,
- deyən ulu öndər Heydər Əliyev də məhz
Cəlil Məmmədquluzdə irsinin milli oyanış missiyasını başlıca məziyyət olaraq dəyərləndirmişdir. Təsadüfi
deyil ki, Cəlil Məmmədquluzadənin şəxsiyyəti ölkəmizdə hər zaman əziz tutulub, əsərləri
ardıcıl olaraq nəşr edilib, tamaşaya qoyulub, yubileyləri yüksək təntənə ilə
qeyd edilib. Vaxtilə bu görkəmli söz ustadının 140 illik yubileyinin keçirilməsi
haqqında sərəncam verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev görkəmli söz ustadı, yazıçı, dramaturq,
şair, publisist, pedaqoq, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 150
illik yubileyinin keçirilməsi haqqında 17 yanvar 2019-cu il tarixli Sərəncam da imzalamışdır. Sərəncamda Cəlil Məmmədquluzadə
şəxsiyyəti və irsinə yüksək dəyər verilərək deyilir: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin
irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili
kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli
əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar
qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil
Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika
dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini
ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli
oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli
təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Bu
görkəmli söz və fikir adamının yorulmaz və nəhəng tədqiqatçılarından olan akademik İsa Həbibbəyli onun haqqında bəhs
edərək yazırdı: "Cəlil Məmmədquluzadə Azərbaycan
ədəbi-ictimai fikir tarixində, sözün geniş mənasında, milli istiqlal,
demokratiya və Vətən azadlığı uğrunda mübarizənin ön cərgəsində dayanır. Onun
yaradıcılığı gələn hər yeni nəsil üçün müstəqillik, azərbaycançılıq, millilik və
vətəndaşlıq tərbiyəsi məktəbidir”. Mənsub olduğu xalqının inkişafı, oyanışı
və istiqlaliyyəti yolunda misilsiz xidmətlər göstərmiş bu görkəmli qələm
sahibi, ictimai xadim və bənzərsiz milli ziyalının anadan olmasının 150 illik
yubileyinin keçirilməsi istiqamətində çoxsaylı tədbirlər silsiləsinə aid ən
qiymətli hadisələrdən biri olaraq böyük ədibin xatirəsini əbədiləşdirmək məqsədilə
çap edilən "Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər”
(Bakı, 2019, "Ecoprint”, 2019, 720 s.) kitabını yüksək razılıqla qiymətləndirmək
olar. Qeyd edildiyi kimi, kitab Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqındakı
17 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun
olaraq çap edilmişdir. Elə kitabın ilk səhifələrində də məhz bu qiymətli dövlət
sənədi öz yerini tapıb. Kitab əsas hissəyə məhz Cəlil Məmmədquluzadə şəxsiyyəti
və Azərbaycan xalqının milli sərvətinə yüksək dəyər verən bu dövlət sənədinin
xeyir-duası ilə açılır. Kitabın baş redaktoru, görkəmli elm adamı, Cəlil Məmmədquluzadənin
yorulmaz və cəfakeş tədqiqatçısı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,
elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, məsul
redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, tərtibçisi isə gənc
tədqiqatçı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfovdur.
Kitabın əsas hissəsi akdemik İsa Həbibbəylinin "Ön söz”ü ilə başlayır. Burada
kitabın çap olunma məqsədi və əhəmiyyətindən başlayaraq çapa vəsilə olan dövlət
sənədinə münasibət, görkəmli ədibin şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı
izahat, xidmətləri barədə obyektiv qiymətləndirmə öz əksini tapıb.
Kitaba, qeyd edildiyi kimi, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
həyatı, şəxsiyyəti və irsini əhatə edən məqalələr, esselər, müsahibələr və ona
həsr edilmiş şeirlər daxil edilib. Kitabın birinci bölməsi olan "Məqalələr” adlı
hissəsi görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadə irsinin ən böyük himayəçisi,
qayğıkeşi, dəyər və qiymət verəni Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi istiqamətində
təntənəli mərasim zamanı Respublika sarayında etdiyi olduqca məzmunlu çıxışı ilə
başlayır.
Çox yaxşı haldır ki, kitaba Cəlil Məmmədquluzadə haqqında ən qiymətli
məqalələr, bu görkəmli ustadın nəhəng tədqiqatçılarının əsərləri daxil edilib.
Cəlil Məmmədquluzadə ənənələrinin həm davamçısı, həm də ən sanballı tədqiqatçısı
professor Mir Cəlalın, Cəlil Məmmədquluzadə irsinin kamil bilicisi, Xalq
yazıçısı Anarın, Sabit Rəhmanın, Sabir Rüstəmxanlının, mirzəcəlilşünaslığın
sütunu olmaq haqqını çoxdan qazanmış akademik İsa Həbibbəylinin, akademik Tofiq
Hacıyevin, AMEA-nın müxbir üzvləri Muxtar Kazımoğlunun, Kamran Əliyevin, Tehran
Əlişanoğlunun, hörmətli professorlardan Qorxmaz Quliyevin, Buludxan Xəlilovun,
Kamil Vəli Nərimanoğlunun, İslam Ağayevin, Asif Rüstəmlinin, Təyyar
Salamoğlunun və çoxsaylı digər alim və tədqiqatçıların
məqalələri toplanmışdır. Burada həmçinin "Xarici müəlliflər və xarici dildə məqalələr”
başlıqlı hissədə Çingiz Aytmatov, Yavuz Akpınar, Halina Kobetskayte, Həmidulla Baltabayev
və başqa xarici müəlliflərin, eləcə də Elmira Axundova, Nazim Muradov, Ataxan
Paşayev və digər yerli alimlərin xarici dillərdə nəşr olunmuş məqalələrinin yer
alması adıgedən kitaba əlavə dəyər qatıb. Buraya daxil edilən müxtəlif esselər,
müsahibələr dövrünün "Molla Nəsrəddin”i kimi tanınan böyük ədib Cəlil Məmmədquluzadə
irsinin dərk olunmasına geniş imkanlar yaradıb. Bu qiymətli kitabda həmçinin Rəsul
Rzadan başlayaraq bizim günlərədək Cəlil Məmmədquluzadə irsinə münasibətlə
yazılmış müxtəlif qiymətli şeir və poemalar, o cümlədən Xalq şairi Məmməd
Arazın, akademik İsa Həbibbəylinin, Arif Abdullazadənin, Rüstəm Behrudinin, Məhərrəm
Qasımlının, Hüseyn Bağırlının, Zeynal Vəfanın əsərləri yer alıb.
Kitab hər şeydən əvvəl mirzəcəlilşünaslıq və mollanəsrəddinşünaslıq
üçün olduqca qiymətli bir töhfədir. Çünki məşhur bir kəlamda deyildiyi kimi,
"biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”. Bu mənada
haqqında bəhs etdiyimiz kitab Cəlil Məmmədquluzadə kimi ölməz və əbədiyaşar bir
görkəmli ədibin irsinə qoyulan mənəvi abidə, ölməz yadigar olaraq düşünülə bilər.
Bunu da əlavə etmək yerinə düşər ki, "Cəlil Məmmədquluzadə: məqalələr, xatirələr”
adlı kitab böyük ədibin yubileyinə töhfə olaraq 1967-ci ildə vaxtilə nəşr edilmişdi (Bakı, Azərbaycan SSR
Elmlər Akademiyası nəşriyyatı, 1967, 460 s.). Burada Cəlil Məmmədquluzadə ilə
bağlı yazılmış 60-cı illərə qədərki məqalə və xatirələr yer almışdı. Düz 52 il
sonra bu məsələyə qayıtmaq zərurətini hiss edən görkəmli elm adamı akademik İsa
Həbibbəylinin tövsiyəsi ilə adıgedən kitabın davamı olan "Cəlil
Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı böyük ədibin
anadan olması yubileyinə əvəzsiz töhfə olaraq qiymətləndirilə bilər. Həmçinin bu
kitab daha çox 60-cı illərdən üzü bəri mirzəcəlilşünaslığa və mollanəsrəddinşünaslığa
dair yazılan əsərləri özündə cəmləşdirib. Burda toplanan əsərlər daha çox müstəqillik
dönəmini əhatə etməklə azad milli təfəkkür müstəvisində Azərbaycan Molla Nəsrəddini
Cəlil Məmmədquluzadə haqqındakı ictimai-elmi fikri özündə əks etdirir. Kitab həm
də mirzəcəlilşünaslıq üçün əhəmiyyətli mənbə olması etibarilə də qiymətlidir. Tədqiqatçılar,
xüsusilə ədəbiyyatşünaslar, müəllimlər, tələbələr, habelə Cəlil Məmmədquluzadə
irsinə maraq duyan bütün oxucu kütləsi üçün bu kitab mühüm əhəmiyyət kəsb edir.
Çox uzun bir zaman ərzində Cəlil Məmmədquluzadəyə həsr edilmiş çoxsaylı əsərləri
özündə cəmləşdirən bu mükəmməl kitab etibarlı mənbə olaraq yüksək dəyər qazanır.
Ümumiyyətlə, "Cəlil Məmmədquluzadə 150
il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabını mirzəcəlilşünaslığa dair
mükəmməl mənbə olaraq qiymətləndirmək haqq olar. Bu vəsilə ilə də bəhs olunan
kitabın bundan sonrakı tədqiqatçıların stolüstü kitabı olacağını qətiyyətlə demək
mümkündür. Bütün sahələrə dair məqalə və müxtəlif materialları özündə toplayan
kitab Cəlil Məmmədquluzadə kimi görkəmli bir ədəbi simanın tədqiq və öyrənilməsi
tarixini əlçatan etmək baxımından olduqca təqdirəlayiqdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,
filologiya üzrə
fəlsəfə doktoru, dosent