Greencard lotereyası bu il sonuncu ola bilər
Yəqin ki, Amerikada yaşamaq bir çoxumuzun arzusudur. Dəbdəbənin, müasir həyat tərzinin vurğunu olan
hər kəs nə vaxtsa Amerikada yaşamağın xəyalını qurur. Düzdür, bu xəyal əlçatmaz
sayılmasa da, heç də asan deyil. Bu gün dünyanın bir çox ölkələrindən
milyonlarla insan ABŞ-a qeyri-qanuni miqrasiya edir. Amma Greencard vasitəsi ilə
sən bu ölkədə yaşamaq və işləmək hüququ qazana bilirsən. Qeyd edim ki, Greencard
vasitəsilə ABŞ-da bu hüququ qazananlar arasında həmvətənlərimiz də var. Belə
ki, ölkəmizdə də Greencard-a müraciət
edənlərin sayı kifayət qədərdir və bu rəqəm getdikcə artır. Ötən illərdə müraciət edib qalib gələn
həmyerlimizin bir neçəsi artıq
adıçəkilən ölkədə yaşamağa başlayıb. Məsələn, Cavid Bağırlı deyir ki, qalib olması ilə bağlı xəbəri 2016-cı ildə İstanbulda olarkən alıb:
"2013-cü ildən bəri müraciət edirdim və nəhayət qalib olmuşdum. 1 il müddətində
bütün sənədləşmə işlərindən sonra artıq 5 aydır ki, xəyallarımın şəhəri New
York-da yaşayıram.Şansa inanın, çünki o bir gün üzünüzə güləcək”.
Amma təəssüflər olsun ki, minlərlə insanın müraciət edib gözlədiyi bu
şans ləğv oluna bilər. Belə ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə
tezliklə Greencard lotereyasının ləğvi ilə bağlı Konqreslə işə başlanılacağını
bəyan edib. Greencard lotereyasını tənqid edən D.Tramp bildirib ki, rəsmi
Vaşinqton real xidmətlər əsasında immiqrasiyanın tərəfdarıdır. "Mən bunu çoxdan
etmək istəyirdim. Bu lotereyadan ən qısa müddətdə qurtulmaq lazımdır”, - deyə
D.Tramp bildirib.
Bəs
görəsən Trampın bu bəyanatı öz təsdiqini
tapa biləcəkmi? Sözügedən lotereyanın ləğvi nə qədər realdır?
Greencard.az şirkətinin mütəxəssisi Royal Cəfərov deyir
ki, sözügedən lotereya 1990-cı ildən bəri
fəaliyyətdədir: "Hər il 50 min insan bu xətlə ABŞ-da daimi yaşamaq və işləmək
hüququ qazanır. Proqrama müraciət ödənişsizdir və dil biliyi tələb olunmur.
Orta məktəbi bitirən hər kəs bu proqrama müraciət edə bilər. Hər il dünyada
milyonlarla insan müraciət edir. Hazırda Azərbaycandan 70 minə yaxın müraciət
olunub. Ötən il 400-500 nəfər qalib olub. Azərbaycan üzrə kvota isə 3500-dür.
Yəni bu rəqəm 7 dəfə çox yəni, 3500 ola bilər. Amma Azərbaycandan müraciət az
olduğu üçün qalib gələnlərin də sayı azdır. Güman edirik ki, bu il ümumilikdə
100 minə yaxın insan müraciət edəcək və minə yaxın qalib seçiləcək. Hazırda 70
minə yaxın müraciət edən var. Növbəti 20 gündə 30 minə yaxın müraciət ehtimal
olunur. Lotereyanın ləğvi istisna edilmir. İndiki vaxtda təhsil nəzərə alınmır
və qalib gələn şəxsin ixtisasına və peşəkarlığına fikir verilmir. Ona görə də
mövcud proqram bir növ ABŞ üçün faydalı hesab edilmir. ABŞ prezidenti daha
bacarıqlı və təhsilli şəxslərin ölkəyə gəlməsinin tərəfdarıdır. RAİSE-ACT adlı
alternativ bir proqram yaradılıb və düşünürük ki, bu proqram əvvəl-axır qüvvəyə
minəcək. Güman olunur ki, bu il sonuncudur”.
R.Cəfərov
bəzi məqamları da qeyd etdi: "Tramp hələ avqust ayında "Greencard” lotereyasının
ləğvi ilə bağlı təklif vermişdi: "İndi seçimlər tamamilə təsadüf əsasında
aparılır. Yəni burada qalib gəlmək üçün hər-hansı bir kriteriya tələb olunmur.
Rəsmi qaydada müraciət edirsən və seçilsən, qalib gəlirsən. Amma Tramp təklif
verdi ki, qaydalar dəyişilsin və seçimlər insanların təhsili, dil bilgisi və
maddi imkanları əsasında aparılsın. Bu günlərdə ABŞ-da baş verən terror aktı bu
məsələni bir qədər də sürətləndirdi. Tramp əsaslandırır ki, bu lotereyanın
ləğvi vacibdir”.
Ekspert Rəhman Quliyev bildirdi
ki, "Greencard”ın ləğviABŞ-ın
daxili siyasəti ilə bağlı olan bir məsələdir: "ABŞ rəhbərliyi digər ölkələrin
vətəndaşlarının bu siyasətdən sui-istifadə etdiyinin fərqindədir. Ona görə də
belə bir təklif irəli sürülüb. Hazırda bir çox insan bu proqrama müraciət üçün
can atır. Amma hesab edirəm ki, bu, o qədər də yaxşı hal deyil. Çünki Amerikada
yaşamaq o qədər də şişirdiləsi bir şey deyil. Orda yaşamaqla sırf sosial
rifahın yaxşılaşacağını düşünənlər yanılırlar. Greencard ola bilsin ki, bu,
birdəfəlik ləğv edilsin. Ümumiyyətlə, miqrasiya məsləsində dünya ölkələrinin
hər biri tamam fərqli siyasətlər aparır.
Hər ölkənin miqrasiya ilə bağlı öz siyasəti var. Yəni bu, sırf siyasi
motivlərdən asılı olan bir siyasətdir. Miqrasiya ölkənin xarici siyasətinin bir
qoludur. ABŞ hazırda Greencardın ləğvi ilə özünə baryer qurmaq istəyir. Ona
görə də müəyyən məhdudiyyətlər yaradır”.
Şəbnəm Mehdizadə