“Google”un açıq kodlu layihələr üçün təqaüdünü qazanan azərbaycanlı - Uğur hekayəsi

“Google”un açıq kodlu layihələr üçün təqaüdünü qazanan azərbaycanlı - Uğur hekayəsi

Gənclik qəzeti
11 Oktyabr 2019, 10:00 12686
3-cü kursda oxuyanda "Bakcell”dən iş təklifi alıb, tam ştatlı işə başlayır. Bakalavrı bitirəndə şirkətdə senior mühəndis olur, magistr oxuyanda qrup rəhbəri təyin edirlər. O, bu tempi karyerasının sonrakı mərhələsində də davam etdirir. Söhbət hazırda ABŞ-da "OpenGov” şirkətində çalışan həmyerlimiz Şəhriyar Məmmədovdan gedir. Şəhriyar həm də ABŞ-da magistr təhsili alır.

Qeyd edək ki, Ş.Məmmədov daha öncə Azərbaycanda "Bakcell”lə yanaşı, "Huawei”, Qazaxıstanda "ZTE corporation”, Fransada "SAP”, Almaniyada "Fraunhofer”, ABŞ-da "NGINX” kimi şirkətlərdə çalışıb.

- Şəhriyar bəy, ilk olaraq uşaqlıq illərinizdən danışaq. Necə bir ailədə böyümüsünüz, necə uşaq olmusunuz?
- Sadə bir ailə deyək, atam hərbçi, anam həkim olub. Uşaqlığımdan bağça dövrü yadımdadır. O illərdən danışanda, müharibəyə könüllü gedən atamın hərbi geyim forması, həmin müddətdə anamın göz yaşlarını da xatırlayıram. Həm də butulka, alüminium satmaqla məktəbdə məcbur yığılan bilet, süpürgə pulunu qarşılamaq, nisyə alınan yemək məmulatları, atamın aylarla gecikən əməkhaqqı, anamın gediş haqqını qarşılamağa imkanımız olmadığından işə piyada getməsi, evimizin təmirsiz olmağı ilə barışmamaq, mütəmadi olaraq əlimə düşən pulları gips, üzlük və s. almaqla ustalıq cəhdləri və s. göz önünə gəlir. Amma önəmli olan evə az-çox gələn ruzi və sevgi üzərində qurulan ailənin olması idi. Çörəyin növbə ilə alındığı bir dövrdə təbii ki çox az uşağa oyuncaq alınırdı. Mənə də həmçinin. Bu zaman artıq uşaq olaraq çıxış yolunu özüm tapırdım.

- Uşaq yaşlarında tapdığınız çıxış yolu nələr olurdu?
- Hansısa oyuncağım olmurdusa, ağlayıb-sızıldamaq əvəzinə əlimdəki resurslardan nə isə düzəltməyə çalışırdım. Oyuncaq düzəltmək yaradıcılıq qabiliyyətinin inkişafına çox kömək edirdi. Nəyəsə baxırdım və onun yeni bir formasını yaratmaq haqqında düşünürdüm, plastilindən, yaxud nələrdənsə, onu qururdum. Bəlkə də mühəndislik ordan başlayır ki, olmayan bir şeydən nə isə düzəldirsən. Problemin həll yolunu özüm tapanda bu, mənə zövq verirdi. Məktəblə bağlı da mənə heç vaxt "dərs oxu” filan deyən olmayıb. Birinci sinifdən özüm istədiyim üçün oxumuşam.
 


- Məktəb illərində aktiv şagirdlərdən olmusunuz, olimpiadalara qatılmısınız, iki dəfə "İlin şagirdi” seçilmisiniz. Deyirsiniz ki, sizə "dərs oxu” deyən də olmayıb. Özünü oxumağa həsr edən şagirdlərdən olmusunuz?
- Bütün gün kitab oxuduğumu desəm, yalan olar. Həm oxuyan şagird idim, həm də dalaşqan (Gülür). İçimdə hər yerdə birinci olmaq kimi bir istək var idi. Məsələn, bütün fənləri yaxşı oxuyurdum ki, burda birinci olum, idmana gələndə orda da öndə olmağı hədəfləyirdim. Amma nə etsəm də, həmişə dərslərə qulaq asırdım.
 
- Humanitar və ya texniki fənləri daha yaxşı oxuyanlar hansı qrupa vgedəcəklərini öncədən təxmin edirlər. Bütün fənləri yaxşı oxuyan biri olaraq ixtisas seçimi zamanı çətinliklə üzləşmədiniz?
- (Gülür) Hə, ona görə seçim məsələsi bir az qəliz oldu. Ailədə həkim var idi, ona görə uzun müddət "həkim olacam” deyirdim.  Lakin sonra hiss etdim ki, içimdə bununla bağlı güclü istək yoxdur. Bütün fənləri yaxşı oxuyurdum və bunu qiymət xatirinə etmirdim, marağım var idi. Ancaq riyaziyyat məndə həmişə güclü tərəf olub. Elə məsələlər olurdu ki, müəllim arada qoyub keçirdi, mən özüm onları həll edirdim. Elə məsələ olurdu ki, onu necə həll etməyi bir gün fikirləşirdim. Çətin məsələlərlə bağlı dərsdə müəllimlə diskussiyalar edirdim. Bircə tarix və ədəbiyyat kimi fənlərə digərləri qədər marağım yox idi. Yaxşı oxuyurdum, ancaq yenə də 3-cü qrup haqqında düşünmürdüm. Əvvəl 4-cü qrupa getməyi fikirləşirdim, sonra 2-ci qrupa yönəldim, 10-cu sinfin sonunda isə 1-ci qrupda qərarlaşdım.
 
- Qərarı gec vermisinizsə, repititor yanına hazırlığa da yəqin ki az müddət getmisiniz. Maraqlıdır, nə qədər bal yığmışdınız?
- Hazırlıq deyəndə ki, 10-cu sinifdə Azərbaycan dili proqramını özüm oxuyub, bitirdim. Bu fəndən 25 sualın hamısını doğru cavablandırmışdım. 10-cu sinifdə hazırlıq yox, ingilis dilini öyrənmək üçün kursa gedirdim. 11-ci sinifdə isə fizika, riyaziyyat, kimya fənlərindən hazırlaşırdım. Azərbaycan dilindən də hazırlığa qoymuşdular, amma o proqramı oxumuşdum deyə, dərsləri buraxırdım, futbola filan gedirdim. Ona görə arada dayandırırdım, evdə demirdim, iki ayın pulu yığışırdı, özümə velosiped alırdım, ya başqa nə isə (Gülür). Qəbul imtahanına bir-iki ay qalmış evimiz yandı, bütün kitab dəftər, oxumaq üçün əlimdə nə var idisə, yandı. Sonra bircə riyaziyyatla fizikaya getdim, qalanları özüm oxudum. Evimiz yandığı müddətdə məktəbimizin direktoru mənə böyük motivasiya və dəstək oldu. Məktəbi bitirəndə "Tərifnamə” ilə təltif edilən 2 şagirddən biri oldum.

607 bal toplamışdım. Düzü, mənim üçün hansısa balı yığmaq yox, seçdiyim ixtisasa qəbul olmaq hədəf idi. Qardaşım Neft və Sənaye Universitetinə "Tempus” proqramına kompüter mühəndisliyinə qəbul olmuşdu. Mən də onu hədəfləmişdim. O proqramın pullu və pulsuzunu yazmışdım. Dedim ki, istədiyim olacaqsa, olsun. Bu ixtisasa balım çatmasa, başqa ixtisası yazım kimi düşünmürdüm. Ona görə başqa heç nə yazmamışdım. İstədiyimə də qəbul oldum.
 


- Tələbə vaxtı necə, orta məktəbdəki kimi aktiv oldunuz?
- Aktivlik deyəndə ki, tələbə vaxtı sinif nümayəndəsi oldum. Ancaq universitetdə tədris edilən bəzi fənlərin effektsiz olduğunu əvvəldən başa düşmüşdüm. Ona görə 1-2-ci kurslarda özümü başqa tərəflərdə də inkişaf etdirməyə çalışdım. Onlardan biri ingilis dili idi, digərləri dizayn və şəbəkə proqramlarını öyrənmək. 2-ci kursda Vurğun Hacıyevin "Cisco” şirkətinin şəbəkə texnologiyaları üzrə bir illik təliminə qatılıb CCNA sertifikatını əldə etmişdim. O sertifikat o vaxt üçün çox az adamda var idi. Şəbəkə proqramını öyrənməyimin sayəsində 2-ci kursun yayında "Bakcell” şirkətindən iş təklifi aldım. Bu təklifdən öncə isə dayımın işlədiyi telekommunikasiya ilə bağlı şirkətdə təxmin 40 gün təcrübəçi kimi çalışmışdım.
 
- 3-cü kursda "Bakcell” kimi şirkətdə işləmək üçün hazır idiniz, yoxsa işi orda öyrəndiniz?
- Əslində, "Bakcell”də monitorinq üzrə işləməliydim. Çünki tələbələri bu cür işə götürürdülər. Məndə artıq tələbə vaxtı müəyyən sertifikatlar oldu və müsahibədən də uğurlu keçdim deyə, birbaşa mühəndis kimi götürdülər. Tam ştatlı işçi idim. Günorta saat birdə dərsdən çıxıb işə gedirdim, axşam doqquza qədər işləyirdim. Maraqlı tərəfi o idi ki, ikili həyat sürürdüm. Səhər tələbələr, universitet həyatı, sonra da professional iş mühiti. İşi görməyə gəlincə, təbii ki zamanla iş əsnasında çox şey öyrənirsən. İşlə yanaşı, treninqlərə filan göndərirdilər.
 
- Maliyyə cəhətdən böyük problem yaşamayan tələbələr adətən, iş saatı çox olanda "dərs saatımla uyğun gəlmir” deyib, işləmirlər. Sizi tələbə vaxtı bu rejimlə işləməyinizin səbəbi maddiyyat idi?
- Maddi cəhətdən o vaxt həmin gəlir mənim üçün çox yaxşı idi. Tələbə vaxtı aldığım maaşla camaat ailə saxlayırdı. Eyni zamanda, SOCAR-ın təqaüd proqramını qazanmışdım. Üstəlik, təhsilim ödənişsiz olduğu üçün tələbə təqaüdü də alırdım. 3-cü kursda özümə maşın da ala bildim. Amma işləməyinin səbəbi təkcə maliyyədə deyildi.
 

 
- 2012-yə qədər "Bakcell”də işləmisiniz, sonra Qazaxıstana getmisiniz. Bu ölkədə işləməyinizlə bağlı danışanda yaxşı təcrübə olduğunu demisiniz. Yaxşı təcrübə qazandıran nə idi?
- "Bakcell”də irəliləmək tempim yaxşı getdi, bakalavrı bitirəndə senior mühəndis idim, magistr oxuyanda qrup rəhbəri etmişdilər. Artıq komfort zonasına düşmüşdüm, ona görə paralel olaraq yenilik axtarışında idim. İnsan ancaq bir yerdə işləyəndə, "mən mühəndis kimi fərqli təcrübələrdən keçmişəm” deyəcək səviyyədə özünə güvəni olmur. Düzdür, "Bakcell” böyük şirkət idi, orda böyük sistemlər qurulurdu, amma nəticədə qurulmuş sistemin üzərində işləyirdik. Orda çox şey öyrəndim, amma eyni şirkətdə öyrənmə tempi zaman keçdikcə azala bilir. Bir işi görmək üçün kifayət qədər bilik və təcrübən olandan sonra, həmin iş yerində bir az rahatlaşırsan. Qazaxıstandakı şirkət bizi xarici mütəxəssis kimi dəvət etmişdi. Orda yerli işçilər də var idi, onlar bizə üst səviyyə mütəxəssis kimi baxırdılar. Özləri həll edə bilməyəndə düşünürdülər ki, biz mütləq edəcəyik. Sıfırdan şəbəkə qurulan bir yerdə bu cür rejimdə işləmək çox şey öyrətdi. Orda mühəndis kimi özümə güvənim artdı ki, mən bu işin sıfırdan qurulmasında iştirak etdim.
 
- Bəs Qazaxıstandan niyə tez qayıtdız?
- Çünki Qafqaz Universitetində İT menecment üzrə MBA təhsili alırdım. Ya universiteti buraxmalıydım, ya da işi. Yoxsa orda davam edəcəkdim.
 
- Qayıtdıqdan sonra da "Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinə keçdiniz?
- Qazaxıstanda olanda "Huawei”in İnsan Resursları mütəxəssisi mənə yazmışdı. Mən də qayıdanda orda işə başladım. Ümumiyyətlə, nədənsə məni indiyə qədər azərbaycanlı müdir işə götürməyib. Xaricilər potensialıma daha çox güvəniblər.
 
- Yəni yerli işəgötürənlər sizə "yox” deyiblər?
- Tam olaraq detallı yadımda deyil, amma alınmayıb. Mən iş müsahibələrinə getməyi sevirdim. Hətta dost-tanışlar zarafatla deyirlər ki, Şəhriyar bir işə başlayanda artıq növbəti işini axtarır. Bəlkə, görüntü olaraq da xarici müdirlər üçün daha uyğun biri olmuşam deyə, məni əsasən, onlar işə götürüblər.
 

 
- "Huawei”də çalışdığınız bir vaxtda xaricdə təhsil üçün ölkəni tərk etmək qərarı vermisiniz. Belə bir şirkətdə işlədiyiniz vaxtda magistr təhsili qərarı verməyinizin səbəbi nə oldu?
- Tam kökünə getsək, bir xanım o vaxt xaricdə təhsil qazanıb getmişdi. Bu da mənim üçün bir motivasiya kimi olmuşdu. Amma sonra xaricdə təhsil qərarı verməyimin səbəbi başqa oldu. Müştərilərlə görüşə gedəndə daha çox təhlükəsizlik problemləri ilə bağlı suallar olduğunu görürdüm. Bununla bağlı boşluğu şirkətlərdə hiss edirdim. Ona görə İT-də təhlükəsizlik istiqamətində magistr təhsili almaq qərarı verdim və Xaricdə Təhsil üzrə Dövlət Proqramına müraciət etdim. Birinci il kəsildim, ikinci il isə İngiltərədə 3, Fransada 1 universitetdə təhsil qazandım. Fransadakı "Eurecom” Universiteti idi, onların təklifində həm də 6 ay orda işləmək imkanı var idi, ona görə Fransanı seçdim.
 
- Təhsil önəmlidir, amma bəzən yaxşı bir şirkətdə hazır işi tərk etməyə risk etmirlər.
- O vaxt təhsil almaq üçün gedəndə işdən çıxmayım deyə "Huawei”in Türkiyə ofisində də iş təklif etdilər. Mənim ixtisaslaşdığım, üzərində 3 il çalışdığım məhsul data analitikası ilə bağlı platforma idi, onunla bağlı mütəxəssislər Azərbaycanda az idi. Ona görə "Azerfon” mənə ikiqat maaşla iş təklif etmişdi. Amma təhsil qərarımı vermişdim.

- Fransada tələbə olduğunuz dövrdə universitetdə işləyən xanım "Əgər Azərbaycanda hamı sənin kimidirsə, ölkənizə gedib orda ev tikib yaşayacağam” deyib. Universitetdə sizdən başqa azərbaycanlı yox idi?
- Dediklərinə görə, mənə qədərki 20-25 ildə o universitetdə təhsil alan azərbaycanlı olmayıb. O cür münasibətin olmasına gəlincə, mən bir az qeyri-rəsmi ünsiyyət qurmağı sevirəm. Hər millətə uyğun bir zarafat tapıb ünsiyyətdə istifadə edə bilərəm. İnsanlarla ünsiyyətdə, hadisələrə yanaşmada pozitiv olmağa çalışıram. Yəqin ki o fikrin formalaşmasında bunların rolu olub. Hansısa millətin nümayəndəsini birinci dəfə görəndə adama elə gələ bilir ki, həmin ölkədə hamı elədir. O universitetdə tək azərbaycanlı olduğum üçün ölkəmiz, insanlarımız haqqında yaxşı fikirdə olmaları üçün çalışırdım. O da mənim üzərimə əlavə məsuliyyət qoyurdu.
 
- Ölkə xaricində işə başlamağınız necə oldu?
- Fransada təhsili bitirib ölkəyə qayıtmışdım. Sonra Belçikaya iş müsahibəsinə getmişdim, orda uyğun olmadı, qayıtdım. Fransada olanda Almaniyadan da bir iş təklifi gəlmişdi. Qayıdandan sonra həm yerli, həm də xarici şirkətlərdə müsahibələrə qatılırdım. "Linkedin”də bir nəfər Amerikadan yazmışdı, "Early Career Talent” (ECTALENT) proqramı vasitəsilə Amerikada işləmək təklifi edirdi. O proqramla burda NGINX şirkətində işə başladım. 1 il işə qəbul edirdilər. Elə oldu ki, bir ilin tamamında layihə bitdi və Bakıya qayıtdım. Bu müddətdə International Technological Universitetində magistr təhsili imkanı qazandım və ABŞ-a geri döndüm. Paralel olaraq həm də indiki şirkətdə "OpenGov”da işə düzəldim. Bu, dövlət qurumlarına maliyyə həlləri verən lider şirkətdir.
 

 
- Startaplara da maraq göstərirsiniz.
- Qafqaz Universitetində oxuyanda dostlarla bir yerdə "Velorent”, "DNART” və "CycleBaku” kimi startapları yaratmışdıq. Ancaq sırf mənim sahəm olmadığı üçün o startaplarda çox da qalmadım. İndi "Google”da işləyən dostumla "JobHax” startapını yaratdıq. Kifayət qədər güclü komanda qurduğumuzu deyə bilərəm. Bunu universitetə sata bildik. Proqramın mahiyyəti ondan ibarətdir ki, tələbələr bir-birlərinin təcrübələrindən yararlana bilirlər. Bir də "GOUPAZ” layihəmiz var hansı ki, əsasən xaricdə yaşayan və IT sahəsində çalışan dostlarımızın yerli mütəxəssislərlə birgə təcrübə bölüşməsi və layihələr etməsi üçündür. Realda olmasa da, virtualda çox yaxşı dostluğumuz olan Rövşən Musayevlə bunu edirik. Cəlb olunduğum digər "Meshery” layihəsi də var. Bu ilin yayında "Google” şirkətinin açıq kodlu layihələr üçün olan təqaüdünü qazandım. Təəssüf ki statistikaya əsasən ötən 15 il ərzində Azərbaycanı təmsil edən olmamışdı. Amma, inanıram ki, növbəti illərdə, təcrübələrimizdən yararlanaraq bu təqaüdü qazanan dostlarımızın sayı artacaq.
 
 - Qafqaz Universitetində müəllim kimi də çalışmısınız. Bu, hansı dövrə təsadüf edir?
- Magistraturanı bitirəndən sonra "Huawei”də çalışdığım dövrdə paralel olaraq təxminən 2 il həmin universitetdə işlədim. Bu fəaliyyətin kökündə daha çox paylaşmaq istəyim dururdu. Tələbələrə praktiki bacarıqlar aşılayan nələrsə etməyə çalışırdım. Tələbələri böyük şirkətlərdə işləyən şəxslərlə görüşdürürdüm. Bu, tələbələr üçün maraqlı gəlirdi.

- Ənənəvi sualımız: sizə görə uğurun sirri nədir?
- Həmişə deyirəm ki, uğur mənim uğursuzluq kitabımın üz səhifəsidir.  Nəticə fokuslu, proqnoz edilə və ölçülə bilən hər gün atılan kiçik addımlar zamanla toplanaraq digərlərinə uğur kimi görünür. Karyerada uğurlu olmağı dadlı yemək bişirməklə müqayisə etsək, bilik və təcrübə yeməyə əlavə edilən inqridentlərdir. O məhsullara xərclənən pul isə sağlamlığımız, zamanımız və maddiyyatdır. Yeməyi dadlı edən doğru reseptdir. Amma burda inqridentlərin keyfiyyəti, hansı inqrideti nə vaxt əlavə etmək lazım olduğu, nə qədər əlavə edilməsi də önəmlidir. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, seçdiyiniz istiqamət üzrə uğurlu və təcrübəli hesab etdiyiniz mentorlarla karyera ilə bağlı yol xəritənizi hazırlayasınız. Əgər ən çox zaman keçirdiyiniz komanda, ətrafınızda olan dostlar öyrənməyə meyilli və həvəsli deyilsə, alternativləri dəyərləndirin.

Aygün Asimqızı