• cümə, 19 Aprel, 15:00
  • Baku Bakı 25°C

“Goldsmiths” mükafatı “Xoşbəxt”-ə verildi

05.12.17 10:23 14606
“Goldsmiths” mükafatı “Xoşbəxt”-ə verildi
"Goldsmiths” ədəbi mükafatının builki qalibi Nikola Barker oldu. Mükafat uğrunda son mərhələdə Uil Self və Con Mak Qreqor kimi iki nəhəng imza ilə mübarizə aparan xanım Barkerin "Xoşbəxt”-i ona sözün əsl mənasında xoşbəxtlik bəxş edib. Fondun hər il qalib müəllif üçün ayırdığı 10000 funt sterlinqin builki sahibi Barker olub. Nikola Barker müxtəlif romanları ilə dəfələrlə "Man Booker”, "Pulitzer”, "Kafka”, "PEN Hemingway” kimi mükafatların qısa siyahısına daxil ola bilmiş yazıçıdır.
Qalib romanın süjeti isə çox yaxın gələcəkdə dünyanın kasıblığın və xəstəliklərin olmadığı bir yerə çevrildiyi utopik zamana həsr olunmuş hekayə üzərində qurulub. Goldsmiths Universitetinin mühazirəçi professoru və müsabiqənin builki münsiflər heyətinin sədri Naomi Vud: "İnsanın beynində və əllərində mərmər kimi daşlaşıb qalan bir hekayədir. Kütləvi elektronlaşdırmanın qurbanı olan, özünü dünyanın mərkəzi kimi hiss edən insanların, Yer kürəsindəki aclıqdan, susuzluqdan, çarəsiz xəstəliklərdən bixəbər olanların dünyası üçün yazılmış mükəmməlin fövqündə bir romandır. Bu əsəri fəxrlə müsabiqənin qalibi elan etdim. Heç bir tərəddüd yaşamadan”.
Barker qalibiyyəti ilə bağlı verdiyi açıqlamada özünü həqiqətən də "xoşbəxt” hiss etdiyini deyib: "Bu romana ad seçəndə çox tərəddüd keçirmişdim. Amma mənə bu qədər uğur qazandıracağı ağlıma gəlməzdi. Sona qalan əsərlərin dördünü oxumuşam. Tam səmimi deyirəm ki, iki əsərin müsabiqənin sonuna qalması məni həyəcanlandırmışdı. Adlarını çəkmək istəmirəm. Yaradıcılığını izlədiyim, heyran olduğum yazarlarla artıq eyni meydanlarda rəqabət aparmaq möhtəşəm duyğudur. Bu mükafat kiminsə kimdənsə daha yaxşı yazması demək deyil. Mən hekayəmə güvəndiyim üçün qatılmışdım. Və hisslərim məni yanıltmadı”.
Onu da xatırladaq ki, "Goldsmiths” Böyük Britaniya krallığına daxil ölkələrin yazarları üçün nəzərdə tutulmuş mükafatdır.
banner

Oxşar Xəbərlər