• çərşənbə, 24 Aprel, 17:45
  • Baku Bakı 27°C

“Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər”

16.01.20 09:30 1129
“Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər”
İslahatların davam etdirilməsi həm sahibkarlığın inkişafına, həm də dövlət büdcəsinə daha da çox əlavə vəsaitin daxil olmasına gətirib çıxaracaq


"Onlayn bizneslə məşğulam. Xaricdən müxtəlif məhsullar gətirib burada satıram. Əvvəllər xarici ölkələrdən adi bir məhsul gətirmək belə çox çətin məsələ idi. Bir çox hallarda bunun üçün xeyli müddət gözləməli olurduq. Bu isə müştərilərimin narazılığına səbəb olurdu. Belə olan təqdirdə, müştəri itkisi ilə üzləşirdim ki, bu da mənim kimi kiçik sahibkarlar üçün ciddi məsələ idi. Son dövrlərdə vəziyyət nisbətən yaxşılaşsa da, bəzi problemlər hələ də qalmaqdadır”. Bu sözləri bizimlə söhbətində biznesmen Aydın Kərimov söylədi. Əslində, bu çox kiçik bir nümunədir. Belə ki, bir çox sahibkarlar fəaliyyətlərinin müxtəlif dövrlərində belə problemlərlə rastlaşırlar.
Bu günlərdə ötən ilin yekunlarına dair keçirilən müşavirədə Prezident İlham Əliyev bəzi vacib məqamlara toxunub. Dövlət başçısı müşavirədə vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edildiyini bildirib. Prezident İlham Əliyev bu il də gömrük sahəsində aparılan islahatların davam etdiriləcəyini vurğulayıb: "Bu, bizə imkan verəcək ki, yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra olunur. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq on ildən çox vaxt keçib. Ona görə də orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır. Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm də xarici vətəndaşlara kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir”.
Dövlət başçısının qeyd etdiyi məqamlar həqiqətən də günün reallığıdır. Son illər gömrük sahəsində ciddi islahatlar aparılıb. Amma qeyd edildiyi kimi, müəyyən problemlər hələ də qalmaqdadır. Bu problemlər ən çox da biznes fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətində ciddi maneələrə çevrilir. Bəs görəsən tərəflər arasında münasibətlər necə tənzimlənməlidir? Problemlər nələrdir və bu sahədə hansı işlərin görülməsinə ehtiyac var?

Gömrük sahəsində islahatlar günün reallığıdır

İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, sahibkarların fəaliyyətində gömrük sisteminin böyük rolu var. Çünki idxal-ixrac əməliyyatının həyata keçirilməsində əsas rol oynayan qurum Dövlət Gömrük Xidmətidir: "Sahibkarların istehsal etdiyi məhsulların ixrac edilməsində şəffaflığın təmin olunması və müasir metodların tətbiqi ən mühüm məqamlardandır. Bu günə kimi gömrük sahəsində bir sıra köklü islahatlar aparılıb. "Yaşıl dəhliz”in yaradılması, sahibkarlara elektron bəyannamələrin verilməsi və gömrükdə keçirilən vaxtın minimuma endirilməsi istiqamətində müəyyən işlər görülüb. Bu islahatlar gömrükdən keçən yüklərin kifayət qədər artmasına gətirib çıxarıb. Amma bəzi boşluqlar hələ də qalmaqdadır və bu sahələr üzrə islahatların aparılmasına ehtiyac var. Gömrük-sahibkar münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması istiqamətində bəzi işlərin görülməlidir. Sahibkarların istehsal etdikləri məhsulların xarici bazarlara çıxarılması üçün prosedurlar sadələşdirilməlidir. Düşünürəm ki, biznes strukturlarının imkanlarının daha da genişləndirilməsinə ehtiyac var. Bu da idxal-ixrac əməliyyatlarının daha da sürətlənməsinə gətirib çıxaracaq. Bu gün qarşıya qoyulan əsas prioritetlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. İxrac yönümlü məhsulların ixracının təşviqi əsas hədəflərdən biridir. Bu həm də idxal olunan məhsulların çeşidinin azalmasına gətirib çıxaracaq. Ölkə ərazisində istehsal olunan elə məhsullar var ki, əvvəllər biz onların idxalından asılı idik. Görülən işlər bu məhsulların idxalının azalmasında böyük rol oynaya bilər. Ona görə də düşünürəm ki, idxal-ixrac əməliyyatları daha səmərəli formada həyata keçirilməlidir. Bütün bunlar gömrük sahəsində mütəmadi olaraq islahatların aparılmasını günün reallığına çevirir”.
İqtisadçı alim Vüqar Bayramov hesab edir ki, "Yaşıl dəhliz” mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: "Gömrük sistemi sahibkarlıq fəaliyyətinin inkişafı üçün ən vacib sektorlardan biridir. Azərbaycanda gömrük xidmətinin keyfiyyətinin artırılması qarşıda duran əsas prioritetlərdən biridir. 2019-cu ildə gömrük və vergi sistemində aparılmış islahatların daha da dərinləşdirilməsi əsas hədəflər arasındadır. Bu kontekstdən yanaşdıqda, gömrük xidmətlərinin yüksək səviyyəyə çatdırılması indiki halda çox vacibdir. "Yaşıl dəhliz” mexanizminin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu gün Azərbaycanda "Yaşıl dəhliz”dən istifadə edilsə də, təəssüf ki, heç də bütün sahibkarlar sözügedən imkandan faydalana bilmir. Xüsusən də, sahibkarların böyük bir qisminin bu mexanizmdən yararlanması üçün şərait yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu mexanizmin istifadəsinin təmin edilməsinə ehtiyac var. Vətəndaş məmnunluğu ən vacib məsələlərdən biridir. Ölkə haqqında təəssürat yaradan əsas qurumlardan biri də gömrük xidmətidir. Gömrük xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması həm də turizmin inkişafı baxımından vacibdir. Bu isə ümumilikdə qeyri-neft sektorunun inkişaf dinamikasına müsbət təsir göstərir. Qeyd olunan istiqamətdə gömrük xidmətlərinin artırılması sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə və son nəticədə qeyri-neft sektorunun inkişafına təkan vermiş olacaq”.
Bir tərəfin diktəsi əsasında hazırlanan konsepsiyalar effektiv deyil

İdxal və ixrac əməliyyatları iqtisadi subyektlərin fəaliyyətinin əsas parametrlərindən biri olduğunu söyləyən iqtisadçı-ekspert Rəşad Həsənov söyləyir ki, sahibkarların böyük əksəriyyəti öz fəaliyyətlərinin müxtəlif dövrlərində gömrük orqanları və onların əməkdaşları ilə ünsiyyətdə olurlar: "Gömrük və sahibkar arasındakı münasibətlərin şəffaf və qarşılıqlı inam əsasında, o cümlədən daha çevik şəkildə qurulması ölkədə iqtisadi mühitə müsbət təsir göstərir. İqtisadi kontekstdən qiymətləndirmə aparsaq, tariflər və digər məsələlər nəzərə alınmalıdır. Hazırda gömrük xidməti əməkdaşlarının biznes subyektləri ilə əməkdaşlığının iqtisadi dinamikaya təsiri böyükdür. Burada əsas məsələ problemlərə qarşılıqlı birgə maraq əsasında yanaşmanın tətbiq edilməsidir. Məsələn, gömrük keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi və gömrük xidmətlərinin sadələşdirilməsi istiqamətində təşəbbüs ortaya qoyulub. Sahibkarlar da bu prosesə cəlb edilməlidir. Yalnız bu halda mükəmməl nəticə əldə etmək mümkündür. Bir tərəfin diktəsi əsasında hazırlanan konsepsiyalar, islahat proqramları o qədər də effektiv həll qaydası deyil. Düşünürəm ki, növbəti dövrlərdə Dövlət Gömrük Komitəsi sahibkarların fikirlərini öz inkişaf planlarında nəzərə alacaq. İnsanların incidilməməsi, şəffaflığın təmin edilməsi, eyni zamanda, subyektiv qiymətləndirmələrin aparılması çox mühümdür. Gömrük orqanları ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı inam təmin edilərsə, bütün problemlər öz həllini tapa bilər. Əlbəttə ki, hazırda bu sahədə müəyyən boşluqlar var. Xüsusilə də texniki problemləri qeyd etmək yerinə düşər”.
İqtisadçı bildirdi ki, Dövlət Gömrük Komitəsi gömrük ərazisinə daxil olan mal və xidmətlərin zamanında qiymətləndirilməsi, müvafiq prosedurların həlli imkanlarını müəyyən qədər məhdudlaşdırır: "Bu, gecikmələrə, gecikmələr isə narazılığa gətirib çıxarır. Digər məsələ mal və nomenklatura ilə bağlı olan məsələdir. Bir çox məhsul növləri var ki, onlar Gömrük Komitəsinin ərazisinə daxil olduqdan sonra hansı kateqoriyaya aid olduğunu müəyyənləşdirərkən bəzi çətinliklər ortaya çıxır. Belə olan təqdirdə, məsələ vətəndaşın xeyrinə həll olunmalıdır. Təəssüf ki, bəzi hallarda məsələ vətəndaşın xeyrinə həll olunmur. Yaxud da bəzən subyektiv mövqe ortalığa qoyulur. Bu da vətəndaşlarda narazılığa gətirib çıxaran əsas məqamlardandır. Bu gün insanları narahat edən digər bir məsələ isə rüsumların səviyyəsidir. Bir çox hallarda Azərbaycanda istehsal olunmayan məhsullara və yaxud da istehsal məqsədilə ölkəyə idxal olunan məhsullara yüksək rüsumlar tətbiq olunur. Təbii ki, bu, Nazirlər Kabinetininsəlahiyyətləri çərçivəsində həll olunan bir məsələdir, amma biznesdə çətinlik yaradan əsas nüanslardan biridir. Bəzən hər hansı hesablamalar zamanı texniki səhvlərə yol verilir ki, bu zaman gömrük əməkdaşları radikal mövqe sərgiləyir. Bu da sahibkarlarda müəyyən narazılığa səbəb olur. Düşünürəm ki, münasibətlər qarşılıqlı inam əsasında qurulmalıdır ki, belə problemlər daha çevik formada öz həllini tapsın. Yalnız bu halda tərəflər arasında inam optimal formada təmin oluna bilər”.

Bu sahədə real imkanlar xeyli genişdir

İqtisadçı Pərviz Heydərov bildirir ki, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində ölkədə sahibkarlıq sahəsi inkişaf edir: "Sahibkarlıq sahəsində mövcud imkanların daha da yaxşılaşdırılması gömrük və vergi xidmətlərinin sadələşdirilməsini tələb edir. Bütün bunlar isə qısa müddətdə həyata keçirilə bilməz. Bunun üçün ciddi iradə və səy ortaya qoyulmalıdır. Elə prosedurlar var ki, birdən-birə radikal dəyişikliklərin aparılması faydadan çox ziyan vura bilər. Sevindirici haldır ki, ölkəmizdə gömrük sahəsində müasir çağırışlara yer verilir. Sahibkarların idxal və ixrac əməliyyatları zamanı vaxt itkisinin qarşısını alınıb. Gözləmələr və rüsum ödənişləri istiqamətində irəliləyişlər əldə olunub. 2019-cu ilin mühüm nailiyyətlərindən biri də budur ki, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində büdcəyə hər iki istiqamət üzrə proqnozlaşdırıldığından bir milyard əlavə vəsait daxil olub. Bir il ərzində bir milyard əlavə vəsaitin əldə olunması bu sahədə real olaraq daha böyük imkanlarımızın olduğunu diktə edir. Bu islahatlar davam etdirilərsə, bu məbləğin daha da artacağına şübhə yoxdur. Sahibkarlar üçün əlverişli şəraitin yaradılması ən vacib şərtlərdən biridir. Bu mənada, rüsum səviyyəsinin əlverişliliyi təmin edilə bilər. İdxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması bu islahatların əsas məğzini təşkil etməlidir”.
Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.
banner

Oxşar Xəbərlər